Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2870/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3083/2023 saylı, 19 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı və X1i nümayəndəsi X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 04 avqust 2004-cü il doğum tarixli İddiaçı barəsində 26 avqust 2022-ci il tarixli ******* saylı və 17 iyul 2013-cü il doğum tarixli X8 barəsində 26 avqust 2022-ci il tarixli ******* saylı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərarlarının ləğv edilməsi, İddiaçı və X4 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşı X5 1998-ci ildə Rusiya Respublikası vətəndaşı Yəhyayeva (Peleşkova) Tatyana Viktorovna ilə rəsmi nikaha girmişdir. Nikahları sonradan yəni, 12 mart 2022-ci il tarixində Yəhyayeva (Peraşkova) Tatyana Viktorovnanın ərizəsi əsasında Krasnoyarsk diyarı Suxobuzimsk rayonunda 124 saylı məhkəmə sahəsinin barışdırıcı hakiminin 17 yanvar 2022-ci il tarixli qərarı əsasında pozulmuş, Krasnoyarsk diyarı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı agentliyinin Suxobuzimsk ərazi idarəsi tərəfindən 15 mart 2022-ci il tarixində nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Birgə nikahdan iki uşaqları - 04 avqust 2004cü il təvəllüdlü İddiaçı və 17 iyul 2013-cü il təvəllüdlü X9 anadan olmuşdur. X5 18 dekabr 1978-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində doğulmuş, qəsəbənin Malik Musayev küçəsində yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. Qızı İddiaçı 2006-cı il tarixindən, yəni 2 yaşından, digər qızı X9 isə 2015-ci il tarixindən, yəni o da 2 yaşından hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla X3 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsində yerləşən fərdi yaşayış evində onun himayəsində bu günə kimi yaşayırlar. Qızı İddiaçı Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Hatəm İsgəndərov adına 206 saylı tam orta məktəbində orta təhsilini almış, bu məktəbi 2021-ci il tarixində bitirmiş, digər qızı X9 isə həmin məktəbin 4-cü sinfində hazırda təhsil alır. İddiaçı isə hazırda Bakı şəhəri 2 saylı Tibb Kollecinin 2-ci kursunda təhsil alır. Qızların anası X7, (hazırda soyadı Dostovalova) notarial qaydasında 30 sentyabr 2022-ci il tarixində razılıq ərizəsi verərək bildirir ki, yetkinlik yaşına çatmayan övladları: 04 avqust 2004-cü il təvəllüdlü İddiaçı və 17 iyul 2013-cü il təvəllüdlü X4 Azərbaycan Respublikası vətəndaşlığının əldə etməsinə və Azərbaycan Respublikası pasportunu almasına razılıq verir. Hazırda İddiaçı yetkinlik yaşı tamam olmuş, lakin onun vətədaşlıq mənsubiyyəti məsələsi həll edilmədiyindən onun işə girmək və işləmək problemi ilə üzləşmişdir. 24 avqust 2022-ci il tarixində İddiaçı və X9 tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, onların Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müyyənləşdirilməsi xahiş edilmiş, Xidmət özünün 26 avqust 2022-ci il tarixli ******* və ******* saylı qərarları ilə İddiaçı və X4 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxslər Rusiya Federasiyasında anadan olmuşlar və həmin ölkənin vətəndaşlığını əldə etmişlər. Bu səbəbdən şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır (inzibati icraat zamanı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.10-cu bəndində nəzərdə tutulan sənədi (-bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti) təqdim olunmamışdır). Qeyd olunmalıdır ki, sözügedən şəxslər Rusiya Federasiyasına məxsus pasportla (ayrı-ayrı tarixlərdə) ölkə ərazisinə gəlmişlər və əcnəbi kimi olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət etmişlər (həmçinin şəxslər xx.xx.2022-ci il tarixdə müvəqqəti yaşamaq üçün icazənin əldə edilməsi ilə bağlı müraciət etmiş, müraciətləri təmin edilmişdir. Qeyd olunmalıdır ki, şəxslər vətəndaşsızlıq halında olmamışlar və ölkə ərazisində qanuni əsaslarla beş il daimi yaşadıqdan sonra şəxslər vətəndaşlıq əldə etməklə bağlı DMX-ya müraciət edə bilərlər (bunun üçün sözügedən şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı ASAN Xidmətin miqrasiya şöbəsinə müraciət edir, müvafiq sənədlərin siyahısını həmin Xidmətdən və ya migration.gov.az vebsaytından əldə edə bilər). Şəxslər DMX-nin araşdırmasına qədər RFnin vətəndaşı olmuşlar (şəxslər vətəndaşsızlıq halında olmamışlar). Bu da onu deməyə əsas verir ki, şəxslərin AR vətəndaşlığına mənsubiyyəti tanınması məsələsi Vətəndaşsızlıq hallarının azaldılması haqqında Konvensiyanın tələblərinə ziddir (Konvensiyanın 4-1-ci hissəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə, həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa verir). Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı, X4 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair 2-1(112)-3083/2023 nömrəli inzibati işindən iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbi üzrə icraat ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3083/2023 saylı, 19 aprel 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Konstitusiyası müəyyən edir ki, valideynlərindən biri AR vətəndaşı olan şəxs AR vətəndaşıdır, konstitusiya burada vətəndaşın-uşağın digər ölkənin vətəndaşlığına mənsub olub-olmaması, ona xarici dövlətin vətəndaşı pasportunun verilib-verilməməsi barədə hər hansı şərtlərdən asılılığını müəyyən etməmişdir, maddənin məzmunundan göründüyü kimi “valideynlərindən biri AR vətəndaşı olan şəxs AR vətəndaşıdır” ifadəsindən başa düşülür ki, uşağın digər valideyni xarici dövlətin vətəndaşı da ola bilər. İddiaçı 04 avqust 2004-cü ildə doğulduğu anda və hazırda valideynlərindən biri-X5 AR vətəndaşı olmuş və hazırda da AR vətəndaşıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. İddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da yanaşı, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Konstitusiyanın 53-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Həmin Qanunun 5-ci maddəsinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na (bundan sonra – Qayda) əsasən: - 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. - 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir. -2.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. - 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa. - 3.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının (bundan sonra – dövlət orqanları) sorğusu (bundan sonra – sorğu) əsasında başlanılır. -3.4.10. bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti. -4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun əsasən: “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; ........ Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Kollegiya ilk növbədə qeyd edir ki, qanunvericilikdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması əsasları konkret müəyyən edilmiş və AR vətəndaşlığına mənsubiyyətin tanınması məsələsinə baxarkən inzibati orqana mülahizə sərbəstliyi verməmişdir. İş materiallarından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı atası xx.xx.1978-ci təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı X5, anası xx.xx.1982-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı X2. 23. İddiaçı xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyası, Krasnoyarsk diyarı, Krasnoyarsk şəhərində doğulmuş və ona Rusiya Federasiyasının vətəndaşının pasportu verilmişdir. İddiaçı Rusiya Federasiyasında doğulmuş və onun doğulması qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir. Cavabdeh inzibati orqan iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğuna istinad edərək onun AR vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina etmişdir. Kollegiya cavabdeh inzibati orqanın imtinasını və müvafiq olaraq iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”-na əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadıqda və ya belə sənədləri qanunsuz əldə etməsinə əsaslı şübhələr olduqda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılır. Qeyd edilən icraat çərçivəsində barəsində icraat aparılan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surətini təqdim edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Rusiya Federasiyasında anadan olmuş və həmin dövlətin vətəndaşlığını əldə etmişdir. İnzibati icraat zamanı iddiaçı tərəfindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.10-cu bəndində nəzərdə tutulan sənəd (bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti) təqdim olunmamışdır. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi “Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Beləliklə, vətəndaşlıq mənsubiyyəti müəyyən edilən şəxs öz seçimi ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün müraciət etdikdə həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədi təqdim etməlidir, yəni norma yetkinlik yaşına çatmış şəxsə öz mənsubiyyətini öz iradəsinə əsasən müəyyənləşdirilməsinə hüquq verir. Bu isə mahiyyət etibarilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin (digər dövlətin vətəndaşlığının könüllü əldə edilməsi) icrasını təmin etməyə yönəlib. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-296/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır: “33. Məhkəmə kollegiyası işin hallarına göstərilən normaların işığında münasibət bildirərək qeyd edir ki, iddiaçı 15 fevral 1991-ci ildən etibarən daimi əsaslarla Rusiya Federasiyası, Xabarovsk vilayəti, Amursk şəhəri, Komsomolska küçəsi, ev 67, mənzil 179 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməklə bağlı hər hansı müraciəti olmamış, digər dövlətin vətəndaşlığını könüllü əldə etməklə hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Belə olan halda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Başqa sözlə iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən miqrasiya və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və qanunsuz sayıla bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3083/2023 saylı, 19 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2870/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2870/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver