Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2871/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Səadət Rəşid qızı Səlimovadan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-533/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********086800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarından görünür ki, iddiaçının təqdim etdiyi bəyannamə, hesabat üzrə hesabladığı vergi və ya sığorta haqqı -7000,92 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı -2986,46 manat müəyyən edilmiş, nəticədə cavabdeh tərəfindən iddiaçıya 2021-ci ilin iyun ayı üzrə 4014,46 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020 –ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 90773.46 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 86234.81 manat olması, təqdim edilən bəyannamələr üzrə ümumilikdə - 4538.65 manat ƏDVnin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.
2. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli məkublarda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə E-Qaimə ilə (qaimə EBAK N:151866) 26704.69 man +ədv 4806.84 man =31511.53 manat mal satılmışdır. Həmin ayda mal alan 4806.84 manat ədv-ni iddiaçının ədv depozit hesabına ödəmişdir. Lakin əsas malın dəyəri bu günə kimi ödənilməmiş, debitor borc kimi qalmışdır. Həmin ilin may ayı ədv bəyannaməsi tərtib olunan zaman 26704.69 manat ədv bəyanaməsinin 301 sətrində təqdim edilmiş mal kimi birinci qrafada göstərilmiş, lakin malın dəyəri ödənilmədiyi üçün ödənilən ədv məbləğini 301 sətrin - ədv məbləği qrafasında göstərə bilməmişdir. Malın dəyəri ödənildikdə bu əməliyyat həmin ayda öz əksini tapacaqdır.
3. İddiaçının müraciətlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktublarda isə bildirilmişdir ki, 2021-ci ilin may ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 4691,21 manat yaranmış fərq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aparılan bütün əməliyyatlar üzrə artan yekunla müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDVnin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarının 1.1-ci bəndində vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən təqdim edilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) dəyərinin əsas məbləği ödənilmədən ƏDV məbləğinin ödənilməsi qaydalarda nəzərdə tutulmadığından, ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV məbləğinin alıcının sub-uçot hesabına geri qaytarılması tövsiyə olunmuşdur.
İİ. Tərəflərin əsaslandırması
İddiaçının əsaslandırması:
4. İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya 4014.46 manat pulun artıq hesablanmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi, artıq hesablanaraq silinmiş 4014.46 manat pulun geri qaytarılması, cəmiyyətin sahibkarlıq fəaliyyətinə maneə olan qərəzli, qanunazidd hərəkətləri etməkdən çəkinmələrinə dair, inzibati akt sayılmayan əlverişsiz hərəkətlər etməmələrinə, belə hərəkətlərin dayandırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı daha sonra tələbin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********086800 saylı 23 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
6. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı vasitəsilə ölkəyə qida məhsulları idxal edirilir. Cavabdeh iddiaçının hesabından 4014.46 manat pulunu özbaşınalıq edərək silmişdir. Belə ki, cavabdehin cəmiyyətə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********716100 saylı məktubunda xx.xx.2020-ci il tarixindən xx.xx.2021-cil tarixinə qədər, ƏDV-nin büdcəyə hesablanmasında 4691.21 manat vergidən yayınma halı olduğu bəyan edilmişdir. Yəni, göstərilən dövr ərzində ƏDV bəyannamələrində hesablanan məbləğ 83836.81 manat olduğu halda, cavabdehin hesablamasına əsəsən bu məbləğ 88528.02 manat olmuşdur. xx.xx.2021-ci il tarixində cavabdehə məktub yazaraq, kənarlaşmanın olmadığını, əks halda kənarlaşmanın məhz hansı ayda olduğunun göstərməsi tələb olunmuşdur. Bununla yanaşı, hesablamalarda 4806.84 manat fərq müəyyən edilmiş və bu barədə xx.xx.2021-ci il tarixində cavabdeh idarəyə məktub yazılmışdır. Bundan sonra, xx.xx.2021-ci tarixində cavabdeh **********5378700 saylı məktub ünvanlayaraq, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövr ərzində, 4538.65 manat vergidən yayınma halı olduğunu bəyan etmişdir. İddiaçı 2020-ci ilin may ayında 26704.69 manat dəyərində mal satılmışdır ki, sözügedən malın ƏDV 4806.84 manat təşkil edir. Həmin ay ərzində ƏDV cəmiyyətə ödənilmiş, malın dəyəri isə ödənilməmişdir. Bu hal, 2020-ci ilin may ayı ƏDV bəyannaməsində öz əksini tapmışdır. xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məktubla müraciət edərək, xx.xx.2021-xx.xx.2021-ci il tarixinə qədər ƏDV depozitinin surətini və ƏDV Bəyannamələrində hesablanan vergi barədə cədvəli əlavə etmiş, bundan sonra, xx.xx.2021-ci il tarixində malın dəyərinin ödənilmədiyini sübut etmək üçün, cəmiyyətin bank hesabları olan ”Accsesbank” ASC-nin və Bank BTB-nin 2020-ci ilin may ayı üzrə bank çıxarışlarının surətini məktuba qoşaraq, Dövlət Vergi Xidmətinə göndərmişlər. Ancaq bütün bunlara baxmayaraq, cəmiyyətə qanunsuz olaraq hesablanıb silinmiş 4014.46 manat pulu geri qaytarmamışlar.
Cavabdehin etirazı:
7. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, vergi ödəyicisi tərəfindən 2021-ci ilin iyun ayı üzrə təqdim edilmiş bəyannamədə qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 90 773,46 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 86 234,81 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 4 538,65 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********378700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən vergi ödəyicisinin 2021-cu ilin iyun ayı ƏDV bəyannaməsi üzrə 4 014,46 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********086800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-533/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********086800 saylı 23 avqust 2021-ci il tarixli qərarı ləğv edilməsi qərara alınmışdır.
9. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-533/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh olaraq məhkəmənin qərar qəbul edərkən göstərdiyi istinadla bağlı aşağıdakıları bildirirlər:məhkəmənin özünün də vurğuladığı kimi, iddiaçının qarşılıqlı əməliyyat apardığı “Tural İ-91 ” şirkəti ilə bağladığı müqavilə baş tutmadığından, əsas məbləğin ödənilməsi baş tutmamışdır. İndiki halda, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021- ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarına müvafiq olaraq, müqavilə ləğv edilməli, alğı-satqıların ləğvi ilə bağlı tərəflər arasında müvafiq elektron qaimələrin ləğvi ilə bağlı sənəd(lər) tərtib edilməli olduğu halda, bunlar edilməmiş, müfvafiq olaraq, əsas məbləğ daxil olmadığı, ƏDV hesalanmalı olan dövriyyənin az göstərilməsi səbəbi ilə iddiaçıya xx.xx.2021-ci il tarixli **********378700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, lakin iddiaçı tərəfindən cavab verilmədiyindən 2021cu ilin iyun ayı ƏDV bəyannaməsi üzrə 4 014,46 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021- ci il tarixli **********086800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin, məhkəmə əfsuslar olsun ki, qoşma kimi diskdə iddiaçının ƏDV depozit, onlayn kassa, ləğv edilmiş elektron qaimə fakturaları ilə bağlı cədvəllər təqdim edilsə də, məhkəmə bunlara öz qərarında yer verməmiş, ədalətli, bitərəf məhkəmə baxış prinsiplərini pozaraq, nəticədə ədalətsiz və qanunsuz qərar çıxarmışdır.Vergi Məcəlləsinin:16.1 3-1-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
11. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
12. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı (nümayəndəsi) iclasda iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmənin mövqeyi
13. Məhkəmə kolegiyası iş üzrə materialları, iddiaçının apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-533/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.
14. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
15. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)
16. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi, pulun geri qaytarılması və əlverişsiz hərəkətlərin dayandırılması” tələbinə dair inzibati iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.
17. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
18. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********086800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarından görünür ki, iddiaçının təqdim etdiyi bəyannamə, hesabat üzrə hesabladığı vergi və ya sığorta haqqı -7000,92 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı -2986,46 manat müəyyən edilmiş, nəticədə cavabdeh tərəfindən iddiaçıya 2021-ci ilin iyun ayı üzrə 4014,46 manat əlavə dəyər vergisi hesablanmışdır.
19. Qərar bununla əsaslandırılmışdır ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020 –ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 90773.46 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 86234.81 manat olması, təqdim edilən bəyannamələr üzrə ümumilikdə - 4538.65 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.
20. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli məkublarda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə E-Qaimə ilə (qaimə EBAK N:151866) 26704.69 man +ədv 4806.84 man =31511.53 manat mal satılmışdır. Həmin ayda mal alan 4806.84 manat ədv-ni iddiaçının ədv depozit hesabına ödəmişdir. Lakin əsas malın dəyəri bu günə kimi ödənilməmiş, debitor borc kimi qalmışdır. Həmin ilin may ayı ədv bəyannaməsi tərtib olunan zaman 26704.69 manat ədv bəyanaməsinin 301 sətrində təqdim edilmiş mal kimi birinci qrafada göstərilmiş, lakin malın dəyəri ödənilmədiyi üçün ödənilən ədv məbləğini 301 sətrin - ədv məbləği qrafasında göstərə bilməmişdir. Malın dəyəri ödənildikdə bu əməliyyat həmin ayda öz əksini tapacaqdır.
21. İddiaçının müraciətlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktublarda isə bildirilmişdir ki, 2021-ci ilin may ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 4691,21 manat yaranmış fərq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aparılan bütün əməliyyatlar üzrə artan yekunla müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDVnin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarının 1.1-ci bəndində vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən təqdim edilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) dəyərinin əsas məbləği ödənilmədən ƏDV məbləğinin ödənilməsi qaydalarda nəzərdə tutulmadığından, ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV məbləğinin alıcının sub-uçot hesabına geri qaytarılması tövsiyə olunmuşdur.
22. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda da göstərilmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci ilin iyun ayı üzrə təqdim edilmiş bəyannamədə qarşılıqlı əlaqələrin təhlili nəticəsində 01,01.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 90 249,27 manat (müvafiq tarixlər üzrə geri qayatarılan ödənişlər nəzərə alınmaqla ƏDV depozit hesabına daxil olmuş 19 030,84 manat və onlayn kassa üzrə 71 218,43(395657,97x18%) manat) olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 86 234,81 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 4 014,46 manat ƏDVnin büdcəyə hesablanmadığı müəyyən edilmiş və hesablama aparılmışdır.
23. Beləliklə, işin istinad olunan halları ilə müəyyən olunur ki, iddiaçıya hesablanmış əlavə vergi iddiaçının “Tural İ-91” şirkəti ilə bağladığı müqavilə əsasında təqdim etdiyi malın ƏDV məbləğinin (4806,84 manat) depozit hesabına ödənilməsinə baxmayaraq əsas dəyərinin iddiaçının bank hesabına ödənilməməsi olmuşdur. İddiaçı həmin məbləği bəynannamədə qeyd etmədiyindən cavabdeh kənarlaşma yaranmasına istinad edərək iddiaçıya əlavə vergi hesablamışdır (əlavə verginin başqa əsasla hesablanması barədə cavabdeh heç bir sübut təqdim etməmişdir).
24. Belə olan halda məhkəmə məsələ ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həlli üçün müəyyən edilməli olan hallar aşağıdakılardır: -Təqdim edilmiş malların (işlər, xidmətlər) əsas məbləği ödənilmədən ƏDV məbləği ödənilə bilərmi; -ƏDV məbləğinin əsas məbləğdən əvvəl və ya sonra ödənilməsi vergi məsuliyyəti yaradırmı; -Təqvim ayı üzrə ƏDV məbləği ödənildiyi halda əsas məbləğ ödənilməyibsə ƏDV vergisi bəyan edilməlidirmi.
25. Hesabat dövründə qüvvədə olan Vergi Məcəlləsinin: -153.1-ci maddəsinə görə əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. -159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. -166.1-ci maddəsinə görə bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. -166.7-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. -175.1-ci maddəsinə görə bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. -177.1-ci maddəsinə əsasən vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. -177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. -177.6-cı maddəsinə görə ƏDV dövlət büdcəsinə ödənilir. -178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. -58.6-cı maddəsinə görə bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
26. Göründüyü kimi Vergi Məcəlləsinin 159-cu maddəsi ƏDV üzrə vergitutma obyektini, 166-cı maddəsi ƏDV üzrə vergi tutulan əməliyyatların aparıldığı vaxtı, 175-ci maddəsi isə ƏDV əvəzləşdirilməsini, ƏDV üzrə hesabat dövrünü tənzimləyir.
27. Həmin normaların əlaqəli təhlilindən görünür ki, vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec olmayaraq ƏDV-nin məbləği ödənilməlidir. Vergi ödəyicisinə malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Malların dəyəri ödənilmədən ƏDV məbləği ödənildiyi halda əvəzləşdirməyə yol verilmir.
28. Beləliklə, əsas məbləğlə ƏDV məbləğinin ayrı-ayrı dövrlərdə ödənilməsi mümkündür. ƏDV məbləğinin əsas məbləğlə eyni vaxtda (gec olmadan) ödənilməsi vergi ödəyicisini maliyyə sanksiyasından azad edir, lakin qanunvericilik əsas məbləğ ödənilmədən ƏDV-nin ödənilməsinə hər hansı məhdudiyyət də qoymur. ƏDV məbləğinin əsas məbləğdən əvvəl ödənilməsi verg ödəyicisinə yalnız əvəzləşdirməyə imkan vermir.
29. Qeyd edilməlidir ki, ƏDV bəyannaməsi aylıqdır. Yəni təqvim ayında olan əməliyyatları vergi ödəyicisi ƏDV hesabatında bəyan etməlidir. Büdcə qarşısında yaranan ƏDV vergisi isə daxil olan əsas məbləğ əsasında formalaşır.
30. Belə ki, VM-in 166-cı maddəsinə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə isə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin, yəni əsas məbləğin ödənilməsi vaxtıdır. Başqa sözlə, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlər və xidmətlər) görə ƏDV-nin hesablanması həmin malların (işlər və xidmətlər) ƏDVsiz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir.
31. Sadalanan normaları hazırkı işə tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının 01 yanvar 2024-cü il tarixədək vergi tutulan əməliyyatlara görə əsas məbləğ ödənilmədiyində təqvim ayında ƏDV vergisini bəyan etməmək hüququ mövcud olmuşdur.
32. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi qərar əsassız olmaqla iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur.
33. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
34. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
35. Məhkəmə Kollegiyası iddia tələbinə etirazın dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və iddiaçının apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.
36. Bununla belə məhkəmə Kollegiyası apellyasiya şikayətinin məhkəmənin qoşma kimi diskdə iddiaçının ƏDV depozit, onlayn kassa, ləğv edilmiş elektron qaimə fakturaları ilə bağlı cədvəllər təqdim edilsə də, məhkəmə bunlara öz qərarında yer verməmiş, ədalətli, bitərəf məhkəmə baxış prinsiplərini pozaraq, nəticədə ədalətsiz və qanunsuz qərar çıxarması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, nə iş materiallarında cavabdehin qeyd etdiyi diski təqdim etməsinə dair sübut, nə disk mövcud deyildir, nə də belə disk apellyasiya şikayətinə əlavə olunmamış və məhkəmə baxışı zamanı təqdim olunmamışdır.
37. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
38. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən apellyasiya şikayətində qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.
39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-533/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-533/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.