Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2872/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X6 oğlunun iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(112)-6961/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona 19.02.2014-cü il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, ona 52 yaşdan, yəni 19.02.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin 19.02.2014-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1985-ci il tarixdən etibarən əmək fəaliyyətinə başlamışdır ki, onun 52 yaşı tamam olduğu vaxta ümumi iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən çox təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, inzibati orqan tərəfindən iddiaçının iş yerində dəqiqləşmə aparılması zamanı su altında iş müddətini müəyyən edən, iddiaçıya dair 47 nömrəli dalğıcın şəxsi kitabçasında 1998-2001-ci illərində aparılmış qeydlərin hansı sənədlər əsasında yazılmasını təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. Həmçinin, təqdim edilən xilasetmə stansiyasının jurnalının rəhbər şəxsin imzası ilə təsdiq edilmədiyi və möhürsüz olması müəyyən edilmişdir. Qeyd edilən faktlar “Nardaran-2” sularında xilasetmə məntəqəsi tərəfindən 17 sentyabr 2020-ci il tarixli aktla təsdiq edilmiş və məhz bu səbəbdən də iddiaçının güzəştli iş stajı olmamışdır. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(112)-6961/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı 52 yaşdan, yəni 19.02.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə 09.05.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. O, 05.05.1981-ci il tarixdən 03.06.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. O, 17.05.1984-cü il tarixdən 22.10.1984-cü il tarixədək sürücü vəzifəsində (05 ay 07 gün), 10.01.1985-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sularda Xilasetmə Xidmətinin “Nardaran-2” sularda xilasetmə məntəqəsində matros-xilasedici vəzifəsinə qəbul olunmuş, 10.01.1990-ci il tarixdə dalğıc vəzifəsinə keçirilmiş və 31.05.1990-cı il tarixdə işdən azad olmuş (05 il 04 ay 22 gün), 01.03.1991-ci il tarixdən 07.12.1992-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sularda Xilasetmə Xidmətinin “Nardaran-2” sularda xilasetmə məntəqəsində dalğıc kimi (01 il 09 ay 07 gün), 07.12.1992-ci il tarixdən 12.06.2017-ci il tarixədək həmin məntəqənin rəisi kimi (24 il 06 ay 07 gün), 05.07.2017-ci il tarixdən 16.09.2019-cu il tarixinə kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və X3 Xidmətinin “Nardaran-2” sularda xilasetmə məntəqəsinin rəisi vəzifəsində işləmişdir (02 il 02 ay 13 gün). İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletindən görünür ki, iddiaçı 05.05.1981-ci il tarixdən 03.06.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. 2 il 01 ay təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X7) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Göründüyü kimi, iddiaçıya məxsus hərbi bilet və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda 12100000 Ümumi peşələr bölməsində 12100000—11465 kod altında sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar zərəli iş kimi nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35 Ümumi peşələr bölməsində sualtı işlərdə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. İddiaçının işlədiyi dalğıc vəzifəsi həm “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda, həmçinin də “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur ki, burada ən mühim arqument dalğıcın dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2.750 saatdan və ya ay ərzində 25 saatdan çox olsun. Dalğıc təcrübəsi dövründə iddiaçı dalğıc enmələrini həyata keçirmişdir ki, həmin müddət 6.199 saat 20 dəqiqə təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq qeyd edilmişdir ki, iddiaçının güzəştli stajını müəyyən edilməsi ilə bağlı araşdırılmalı olan məsələ iddiaçının 01.01.2006cı il tarixədək 6.199 saat 20 dəqiqədən ən azı 2.750 saatının tamamlanıbtamamlanmamasıdır. Bununla bağlı, araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, əmək kitabçasına əsasən iddiaçı 1986-cı ildə - 22 saat, 1989-cu ildə - 500 saat, 1996-cı ildə - 2000 saat, 2000-ci ildə - 326 gün, 2001-ci ildə - 330 saat, 2002-ci ildə - 340 saat, 2003-cü ildə - 335 saat, 2004-cü ildə - 399 saat, 2005-ci ildə - 312 saat enmə həyata keçirmişdir. Məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd olunmayan tarixlərdə enmənin neçə saat təşkil etməsi ilə bağlı əlavə araşdırmanın aparılmasına zərurət müəyyən edilməmişdir. Belə ki, dalğıc kitabından da görünür ki, iddiaçının su altında qalma saatlarının hesabatına əsasən, 1999-cu ilə qədər (1999-cu il daxil olmaqla) su altında enmə saatları ümumilikdə 3.995 saat təşkil etmişdir ki, qeyd olunan hal 2.750 saat ilə bağlı minimum şərtin ödənildiyini təsdiq edir. Əlavə olaraq, 2006-cı ildən sonrakı tarixlərdə iddiaçının su altına enmə saatlarına dair hesabatdan görünür ki, həmin tarixdən sonra enmə saatları əhəmiyyətli dərəcədə (12 saat – 20 saat aralığında) azalmışdır ki, qeyd olunan halda, iddiaçının 6.199 saat 20 dəqiqədən su altına enmə saatının əksər hissəsinin, ən azı 2.750 saatının 01.01.2006-cı il tarixədək olduğunu təsdiq edir. Nəzərə alınmalıdır ki, iddiaçının su altında işlədiyi müddət məhz 47 №-li şəxsi dalğıc kitabçası əsasında müəyyən olunmuş, bununla yanaşı həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və X3 Xidməti tərəfindən verilmiş arayışda əks olunmuşdur. Həmin arayış özündə iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun müəyyən olunmasında mötəbər dəlil hesab olunur. İddiaçının dalğıc kimi işlədiyi dövrün güzəştli iş stajına daxil edilməsi üçün zəruri məlumatları ehtiva edən güzəştli arayış mövcud olmuş, bundan başqa həmin vəzifə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulmuş, o cümlədən də iddiaçının 2.750 saat çox işlədiyi faktı dalğıc kitabçasında və güzəştli arayışda nəzərdə tutulduğu halda bunun əksini təsdiq edən hər hansı bir mötəbər dəlil cavabdeh tərəfindən təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasının dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin imtina məktubunda dalğıc kitabçasında iddiaçının 1989-2001-ci illərə aid aparılmış qeydlərin hansı sənədlər əsasında yazılması və xilasetmə stansiyasının jurnallarının rəhbər şəxsin imzası və möhürü ilə təsdiq edilməməsinə dair irəli sürülmüş mülahizələr formal xarakter daşıyır və hər hansı bir fundamental əsasa söykənmir. Başqa sözlə desək, xilasetmə stansiyasının jurnalında imza və möhürün olmaması iddiaçının dalğıc kimi su altında işlədiyini təkzib edən fakt kimi qiymətləndirilmir. Bundan başqa, təqdim olunmuş dalğıc kitabçasında olan məlumatların həqiqiliyi şübhə doğurmur, əksinə bu qeydlər Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş arayış ilə təsdiq olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 yanvar 1999-cu il tarixli 1-2 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 15 fevral 1999-cu ü tarixdə 144 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası neft sənayesinə aid olan qulluqçu vəzifələrinin Vahid X1”na (hissə 6) əlavəsinə nəzər yetirdikdə məlum olur ki, dalğıc mütəxəssisi İdarənin bütün növ sualtı-texniki dalğıc işlərinə, X2 (DDK) işinə metodiki və texniki rəhbərlik edir, sualtı-texniki vasitələrin istismara buraxılmasında idarədə müəyyən edilmiş qaydaya və istismar təlimatına riayət edilməsini təmin edir, sualtı-texniki vasitələrin və texniki sənədlərin (təlimatların) respublikada qüvvədə olan qanunvericiliyə, dünya standartlarına uyğun olaraq hazırlanması, istehsalatda tətbiqi və yoxlanmasını təşkil edir. Sualtı işlərin aparılması zamanı baş verən qəzaların, bədbəxt hadisələrin, peşə xəstəliklərinin araşdırılmasında iştirak edərək, onların səbəblərinin təhlili və aşkar olunmuş nöqsanların ləğvi üzrə operativ tədbirlərin həyata keçirilməsini təmin edir. Hətta, həmin vəzifə “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin” Siyahısında da nəzərdə tutulmuşdur. Beləliklə də, iş materiallarında mövcud olan sübutlarla iddiaçının 10 ildən artıq güzəştli və 20 ildən artıq ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 19 fevral 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən çox ümumi iş stajına, o cümlədən 10 ildən çox “əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən onun 52 yaşdan (19.02.2014-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” hissəsində iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsinin birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 09.05.2020-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya pensiya hüququ yarandığı tarixdən deyil, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 09.05.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 19.02.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(112)-6961/2021 saylı qərarı mübahisələndirilən hissədə-iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2872/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2872/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver