Məhkəmə qərarları › İş №2-1(103)-2873/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2873/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2873/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1111/2022 saylı, 19 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək fəaliyyətini nəzərə alaraq 29 sentyabr 2015-ci il tarixdən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən 06 aprel 2021-ci il tarixindən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Belə ki, iddiaçı 05 may 1976-cı il tarixdən bu günə qədər müxtəlif peşələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi vəzifələr bütünlüklə ağır şəraitdə olmuş və 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli 12 nömrəli qərarına əsasən iddiaçının 12 il 6 aydan çox güzəştli sahələrdə əmək stajı və 25 ildən çox ümumi əmək stajı vardır. Bu səbəbdən də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək stajına malik olduğuna görə ona 57 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı ərizə ilə 06 aprel 2021-ci il tarixdə cavabdehə müraciət etmiş və **********8 saylı, 14 aprel 2021-ci il tarixli məktubla bildirilmişdir ki, əmək kitabçasında 01 oktyabr 2001-01 oktyabr 2003-cü illəri əhatə edən dövrdə "xxxx" MMC-də işlədiyi dövrlərdə müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sığorta haqları ödənilmədiyi müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçının xahişini təmin etməkdən imtina etməsi qanunsuzdur. Çünki işlədiyi illərin hər biri onun əmək fəaliyyətini təsdiq edən əmək kitabçasında öz əksini tapmışdır. Onun ümumilikdə 25 ildən artıq əmək stajı mövcuddur ki, onunda 13 ildən artıq bir müddətini zərərli əmək şəraitində çalışmışdır. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 21 iyun 1976-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında 01 oktyabr 2001-01 oktyabr 2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 1 ay 11 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2-1(112)-1111/2022 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğu 29 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 02 dekabr 2017-ci il tarixdən bu günədək yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 21 iyun 1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2001-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 1 ay 11 gün) təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia qismən təmin edilsə də, iddianın təmin edilməyən hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh inzibati orqan yalnız iddianın təmin olunan hissəsindən şikayət vermişdir. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx xxxxxxxx 1958-cı il təvəllüdlü olmaqla, hazırda pensiyaçı deyildir. O, 57 yaşı tamam olduğu 29 sentyabr 2015-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMC-də işlədiyi dövr üzrə həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi, bununla da qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi əsası ilə ümumi və güzəştli iş stajına hesablanmadığı, bununla da güzəştli iş stajının 12 il 6 aydan az (12 il 1 ay 11 gün) təşkil etdiyi əsası ilə pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 14 aprel 2021-ci il tarixli, **********8 nömrəli imtina məktubu almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” AR Qanununun: - 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. - “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. - “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının müəyyən olunmuş yaş həddinə (57 yaş) çatması və 25 ildən artıq ümumi iş stajına malik olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi ilə bağlıdır. İnzibati orqan iddiaçının işlədiyi xx.xx.1982- xx.xx.1991-ci il, xx.xx.1992xx.xx.1994-cü il və xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrləri üzrə (12 il 1 ay 11 gün) güzəştli iş stajına malik olduğunu qəbul edir. Mübahisələndirilən dövr tələb olunan staj normasının tamamlanmasına görə çatışmayan 4 ay 19 günlə bağlıdır. Belə ki, cavabdeh inzibati orqanın mövqeyi iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMC-də elektrik qaynaqçısı peşəsində işlədiyi dövrün onun sığorta stajına hesablanmaması ilə bağlıdır. Məhkəmə Kollegiyası iddianın əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün güzəştli iş stajı ilə bağlı aşağıdakı sübutlara nəzər yetirir: - İddiaçıya məxsus 21 iyun 1976-cı il tarixdə doldurulmuş, ИТ-İ № ******* saylı əmək kitabçasının tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1973-cü ildən 1976-cı ilə qədər PTM-də təhsil almışdır. xx.xx.1976-cı il tarixdən Bakı şəhəri Leyt.Şmidt adına Zavodun İnstrumental sexinə istehsalat təcrübəsi keçmək üçün 2-ci dərəcəli tornaçı qəbul edilmiş, 02 avqust 1976-cı il tarixdə peşə məktəbini bitirməsi ilə əlaqədar 3-cü dərəcəli tornaçı keçirilmiş və xx.xx.1976-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək Sovet ordusunda xidmət etmişdir. xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Bakı şəhəri Leyt.Şmidt adına Zavod İnstrumental sexdə 3-cü dərəcəli tornaçı, xx.xx.1979-cu ildən xx.xx.1991-ci ilədək Bakı Yüksək Gərginlikli Avadanlıqlar Zavodu 1 nömrəli sexində 2-ci dərəcəli elektrik quraşdırıcı-çilingər, 3-cü dərəcəli elektrik quraşdırıcı-çilingər, 2-ci dərəcəli əl qaynağının elektrik qaynaqçısı, 3cü dərəcəli əl qaynağının elektrik qaynaqçısı, əl qaynağının 4-cü dərəcəli qaynaqçısı işləmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək briqadir qaynaqçı işləmişdir. xx.xx.1991-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Təch. İd. “Azərmetal” Birliyi Təmir qrupuna 5-ci dərəcəli çilingər-təmirçi qəbul edilmiş, TKİ Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının 29 noyabr 1991- ci il tarixli 2 nömrəli Qərarına əsasən “Azərmetal” birliyi TKİ SC "xxxx" Kommersiya Şirkəti adlandırılmışdır. xx.xx.1992-ci il tarixdən təmir qrupuna 4- cü dərəcəli elektrik qaynaqçı vəzifəsinə təyin edilmişdir. Maddi Sərvətlər Nazirliyinin xx.xx.1992-ci il tarixli 49 nömrəli əmrinə və struktur bölünməsinə əsasən "xxxx" Kommersiya şirkəti yenidən qurularaq, “Azərmetal” İdarəsi adlandırılmışdır. xx.xx.1992-ci il tarixdən 5-ci dərəcəli elektrik qaynaqçı təyin edilmiş, xx.xx.1994-cü il tarixdən işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixdən Neft Daşları İdarəsinin Qaz-kompressor sexinə qazmotor kompressorlarının 4-cü dərəcəli çilingər-təmirçisi qəbul edilmiş, xx.xx.1995-ci il tarixdən qaz-motor kompressorlarının 5-ci dərəcəli çilingər-təmirçisi peşəsi verilmiş, xx.xx.1996-cı il tarixdən işdən azad edilmişdir. xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azərmetal” Birliyinin təmir qrupunda elektrik qaynaqçısı vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMC-də elektrik qaynaqçısı vəzifəsində işləmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC-də boru quraşdırıcı vəzifəsində işləmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 23 noyabr 2020-ci il tarixli, 05-1346-EA saylı arayışdan görünür ki, İddiaçı "xxxx" ASCdə 18 yanvar 1979-cu il tarixdən (7/k saylı, 18 yanvar 1979-cu il tarixli əmr) 2-ci dərəcəli çilingər-elektromontajçı vəzifəsinə qəbul edilmiş, 20 mart 1980-ci il tarixdən (57 saylı, 18 mart 1980-ci il tarixli əmr) 3-cü dərəcəli çilingərelektromontajçı vəzifəsinə keçirilmişdir. 05 aprel 1982-ci il tarixdən (77 saylı, 29 aprel 1982-ci il tarixli) ikinci peşə verilmiş və zərərli peşə sayılan 2-ci dərəcəli əl ilə elektro qaynaqçı peşəsinə keçirilmiş, 01 oktyabr 1985-ci il tarixində (185 saylı, 27 sentyabr 1985ci il tarixli əmr) 3-cü dərəcə verilmişdir. 01 oktyabr 1988-ci il tarixdən (92 saylı, 01 avqust 1988-ci il tarixli əmr) əməyin ödənilməsinin yeni şərtlərlərinin tətbiqi ilə əlaqədar 3-cü dərəcəli əl ilə elektro qaynaqçı peşəsində hesab edilmişdir. 01 iyul 1989-cu il tarixində (200 saylı, 14 iyul 1989-cu il tarixli əmr) 4-cü dərəcə verilmişdir. 21 fevral 1991-ci il tarixində (8/k saylı, 20 fevral 1991-ci il tarixli əmr) Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən ümumi işləri 35-ci bəndi üzrə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verilir. -Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti “Azərmetal” Topdansatış Ticarət Birliyi tərəfindən verilmiş 2016/06-09 saylı, 09 iyun 2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı “Azərmetal” Topdansatış Ticarət Birliyində 11 iyul 1991-ci il tarixdən (47 saylı, 17 iyul 1991-ci il tarxli əmr) 5-ci dərəcəli çilingər təmirçi qəbul edilmiş, xx.xx.1992-ci il tarixdən (10 saylı, 18 yanvar 1992-ci il tarixli əmr) 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmişdir. 24 avqust 1992-ci il tarixdən (93 saylı, 25 avqust 1992-ci il tarixli) 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, 06 may 1993-cü il tarixdən (29/k saylı, 13 may 1993-cü il tarixli əmr) 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmişdir. 04 yanvar 1994-cü il tarixdən (1/k saylı, 04 yanvar 1994-cü il tarixli əmr) öz xahişi ilə işdən azad edilmişdir. 16 sentyabr 1997-ci il tarixdən (45/k, 19 sentyabr 1997-ci il tarixli əmr) təkrar elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş və 09 dekabr 1998-ci il tarixində (09 dekabr 1998-ci il tarixli, 111/k saylı əmr) öz xahişi ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 35-ci bəndi üzrə (ümumi peşələr) yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verilir. - SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli, AR 01-ink/4bə saylı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1996-cı il tarixədək “Neft Daşları” NQÇİ-nin Qaz kompressoru sahəsində Qaz mühərrikli kompressorların təmiri üzrə çilingər peşəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarındakı 1 saylı Siyahısının X bölməsinin 2-ci yarımbölməsinin “a” bəndinə (1100000a- 18547) əsasən dəniz şəraitində güzəştli şərtlərlə iş stajına aiddir. Dəniz şəraitində güzəştli şərtlərlə iş stajı 01 il 11 ay 27 gün təşkil edir. - "xxxx" MMC tərəfindən verilmiş 3201 saylı, 02 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək 6-cı dərəcəli boru quraşdırıcısı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 27-ci bölməsinin “polad və dəmir beton konstruksiya quraşdırılması üzrə quraşdırıcı” sətrinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasından, həmçinin güzəştli iş stajı ilə bağlı təqdim edilən arayışlardan görünür ki, iddiaçının tələb olunan güzəştli iş stajı 12 il 6 aydan artıqdır. Belə ki, mübahisələndirilməyən dövrlər- - "xxxx" ASC-də 05 aprel 1982-ci il tarixdən 2-ci dərəcəli əl ilə elektro qaynaqçı peşəsinə keçirilmiş, 01 oktyabr 1985-ci il tarixində 3-cü dərəcə verilmişdir. 01 oktyabr 1988-ci il tarixdən əməyin ödənilməsinin yeni şərtlərlərinin tətbiqi ilə əlaqədar 3-cü dərəcəli əl ilə elektro qaynaqçı peşəsində hesab edilmişdir. 01 iyul 1989-cu il tarixində 4-cü dərəcə verilmişdir. 21 fevral 1991-ci il tarixində işdən azad edilmişdir. - “Azərmetal” Topdansatış Ticarət Birliyində xx.xx.1992-ci il tarixdən 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmişdir. 24 avqust 1992-ci il tarixdən 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, 06 may 1993-cü il tarixdən 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmişdir. 04 yanvar 1994-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. 16 sentyabr 1997-ci il tarixdən təkrar elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş və 09 dekabr 1998-ci il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. Mübahisələndirilən dövrlə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr üzrə sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqlarını ödəmədiyini qeyd etsə də, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli, **********598300 saylı məktubdan görünür ki, vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən "xxxx" MMC xx.xx.2001-ci il tarixində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMC-də elektrik qaynaqçısı peşəsində işləməsi ona məxsus əmək kitabçası ilə təsdiq olunduğundan, həmin əmək kitabçasında olan qeydin mötəbərliyinə şübhələr mövcud olmadığından həmin dövr iddiaçının sosial sığorta stajına aid edilməlidir. Həmçinin, Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının eyni vəzifədə yəni elektrik qaynaqçı kimi işlədiyi digər mübahisələndirilməyən dövrlər üzrə güzəştli arayış mövcuddur. Bundan başqa, Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMCdə işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXXİİİ Ümumi peşələr adlı bölməsinin (kod ********) 23200000—19906 kodu altında müəyyən edilmiş əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur və həmin peşə üzrə iddiaçının güzəştli iş stajı 02 il təşkil edir. Bundan əlavə, Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı əmək kitabçasına və güzəştli arayışlara əsasən xx.xx.1994-cü ildən xx.xx.1996-cı il tarixədək “Neft Daşları” NQÇİ-nin Qaz kompressoru sahəsində Qaz mühərrikli kompressorların təmiri üzrə çilingər peşəsində və "xxxx" MMC-də xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək 6-cı dərəcəli boru quraşdırıcısı vəzifələrində işləmişdir. Cavabdeh inzibati orqan iddiaçının qeyd edilən vəzifələrdə işlədiyi dövrlərlə bağlı münasibət bildirməsə də, güzəştli arayışlardan aydın göründüyü kimi, qaz mühərrikli kompressorların təmiri üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarındakı 1 saylı Siyahısının X Neft qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 2-ci yarımbölməsinin “a” bəndinə 1100000a-18547 kodu altında müəyyən edilmiş texnoloji qurğuların təmiri üzrə çilingərlər peşəsinə uyğundur. Boru quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlı bölməsinin 2290000a—14612 kodu altında müəyyən edilmiş “polad və dəmir beton konstruksiya quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğundur. Həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində iddiaçıya məxsus əmək kitabçası, iş yerlərindən güzəştli arayışlar və hərbi biletdən müəyyən olunur ki, iddiaçı tələb olunan tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1111/2022 saylı, 19 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar