Məhkəmə qərarları › İş №2-1(103)-2873/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2873/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2873/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) qarşı “diplomun tanınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2055/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixində X3 Adnan Menderes Universiteti tərəfindən verilmiş 2022/403- 59513 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, 2017-2021-ci illərdə X3 Adnan Menderes Universitetində əyani təhsil almışdır. Həmin Universitetin adı Azərbaycanda tanınan Türkiyə Universitetlərinin siahısında vardır. xx.xx.2022-ci il tarixində həmin Universiteti “sağlıq bilimləri” fakültəsi və Bəslənmə və Dietetik proqramı üzrə bitirməyinə dair 2022/403-59513 nömrəli rəsmi diplom Apostillə verilmişdir. Qanunvericliyin tələblərinə uyğun şəkildə ona verilmiş diplomun tanınması məqsədilə 2022-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçüncü şəxs qısmində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2055/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2055/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan X3 Adnan Menderes Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2022/403-59513 nömrəli Diplomdan görünür ki, İddiaçı bakalavr dərəcəsi üzrə “Sağlıq Bilimləri” fakültəsinin Bəslənmə və Diyetetik ixtisası üzrə 4 illik proqram kursunu müvəffəqiyyətlə tamamlamışdır, diplom xx.xx.2022-ci il tarixdə 4774 nömrəsi ilə Efeler Kaymakamlığı tərəfindən apostil edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “iddiaçının təhsil aldığı ixtisas Azərbaycan Respublikasında ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə müəyyən edilən ixtisaslar (proqramlar) arasında mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında ali təhsil müəssisələrində tədris olunmayan, yəni mövcud olmayan ixtisasın ölkə ərazisində tanınması, yəni həmin ixtisas üzrə xarici dövlətdə təhsil almış şəxsə Azərbaycan Respublikasında ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək, ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun verilməsi, aldığı diplom üzrə ixtisasının zəruri bilik, bacarıq, səriştə və təcrübəyə malik olmasının tanıması mümkünsüzdür.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın: - 1.1-ci bəndinə əsasən həmin Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 saylı Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydalar məhz “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun və onun icrası məqsədilə hazırlanmışdır. - 1.2-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. -3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. - 3.4-cü bəndə görə ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. - 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-cı bəndə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Eyni zamanda hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: - 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. - 1.5.8. tanınma şəhadətnaməsi – “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəd; 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; - 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). - 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. - 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. - bənd 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. Göründüyü kimi tanınma dedikdə, o nəzərdə tutulur ki, xarici dövlət tərəfindən verilən diplom əsasında şəxs Azərbaycan Respublikasında ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək hüququ qazanır, yəni həmin diplomun sahibi kimi həmin ixtisas üzrə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahibləri ilə eyni hüquqa malik olur, ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edir, aldığı diplom üzrə ixtisasının zəruri bilik, bacarıq, səriştə və təcrübəyə malik olması dövlət tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasında Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Təsnifatda 8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə -Bədən tərbiyəsi və idmanda reabilitasiya; Əczaçılıq; Fizioterapiya və tibbi reabilitasiya; İdman menecmenti və kommunikasiya; Məşqçilik; Nəqliyyatda servis (nəqliyyat növləri üzrə); Sosial iş; Tibb bacısı işi; Turizm bələdçiliyi; Turizm işinin təşkili; Ümumi fiziki hazırlıq; Kütləvisağlamlaşdırıcı idman; Adaptiv bədən tərbiyəsi ixtisaları, 9. Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu üzrə isə - Hərbi tibb; İctimai səhiyyə; Stomatologiya və Tibb ixtisasları nəzərdə tutulmuşdur. Yuxarıda sadalananlardan müəyyən edilir ki, iddiaçının təhsil aldığı ixtisas Azərbaycan Respublikasında ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə müəyyən edilən ixtisaslar (proqramlar) arasında mövcud olmamışdır. Həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda da göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nda “Qidalanma və Pəhriz’’ ixtisasına uyğun ixtisas mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan haqlı olaraq Azərbaycan Respublikasında ali təhsil müəssisələrində tədris olunmayan, yəni mövcud olmayan ixtisasın ölkə ərazisində tanınmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2055/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2055/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar