Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2873/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X21 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X14 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2, İddiaçının nümayəndəsi X19 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı (üçüncü şəxs X4) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8635/2025 saylı, 29 aprel 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Cavabdehnə, X2 və "xxxx" MTK-ya qarşı (üçüncü şəxs Yasamal rayon MKTB-nin tabeliyində 60 nömrəli MKİS göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı evin 28 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı mənzilə dair Bakı şəhəri, Cavabdeh Başçısının “Kirayə müqaviləsinin dəyişdirilməsi” haqqında xx.xx.1999-cu il tarixli sərəncamının və X1 adına onlara miras qismində məxsus olan 4 otaqlı mənzilin 2 otağına qeyri-qanuni olaraq Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli çıxarışın ləğv edilməsi haqqında qərar çıxarılması, Azərbaycan Respublikası MPM-nin 265.4-ci maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən hazırkı inzibati məhkəmə icraatı üzrə cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, X4 və "xxxx" MTK cavabdehlər sırasından çıxarılaraq iddia tələbi “Cavabdeh tərəfindən onun “Kirayə müqaviləsinin dəyişdirilməsi” haqqında xx.xx.1999-cu il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. X4 isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 4 otaqdan ibarət olan yaşayış evi mərhum valideynlərinə məxsus olmuşdur. X27 1996-cı ildə, anası Ayşə Qafarova 1997-ci ildə vəfat etmişdir. Bundan sonra, mərhum bacısı Svetlana İskəndərovanın gəlini X3 qanunazidd yolla ata və anası vəfat edəndən sonra Bakı şəhər Cavabdeh Başçısının 2 otaqlı, 28 kv.m. evə dair xx.xx.1999-cu il tarixli 953 saylı sərəncamını almış və həmin sərəncam əsasında 2001-ci ilin 24 avqust tarixində OM seriyalı, 082996 nömrəli mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Bu fakt ona məlum olduqdan sonra, qeyd edilən qeyri-qanuni sərəncamın və çıxarışın ləğv edilməsi xahişi ilə Cavabdehnə və Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. Həmin qurumların imtina məktublarını aldıqdan sonra Bakı şəhər Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Məhkəmə iddia tələbinin rədd edilməsi barədə 2(004)-359/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnamə çıxarmışdır. Qətnaməni onunla əsaslandırmışdır ki, Bakı şəhər Cavabdeh Başçısının sərəncamının və evə dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş çıxarışın ləğvinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və ona görə də həmin hissədə iddia tələbinə xitam verilmişdir. Bu səbəbdən qanuni həlli məqsədilə aidiyyəti üzrə məhkəməyə müraciət edir. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ünvan 2 ünvanında valideynləri, atası X15, X9na məxsus evdə yaşamışlar. Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi mənzillərin nömrələri olmayan ümumi həyətdə 15-ə yaxın fərdi evlərdə qonşular yaşayırdı. Həmin həyətdə Ayşə Qafarovaya məxsus iki ev var idi. Bunlardan birincisi dörd otaqlı 65 kv.m.dir. Həmin evdə ailəsi yaşayırdı. Həmin həyətdə 5 metr aralıda anası Ayşə Qafarovaya məxsus iki otaqlı 28 kv.m. ev var idi. Bu evdə isə bacısı İddiaçı1 və onun ailəsi yaşayırdı. 1978-ci ildə bacısı Svetlana vəfat etdi. Svetlananın oğlu İskəndərov Bəxtiyar və Məmmədağa Qafarovun bacısı Meyvə adlı qadının qızı Fazilə ilə ailə quraraq onu analarına məxsus Fuad İbrahimbəyov küçəsi 29/31 ünvanında yerləşən 2 otaqlı 28 kv.m olan evə gəlin gətirmişdir. X4 1986-cı ildən 2003-cü ilə kimi Fuad İbrahimbəyov küçəsi 29/31 ünvanında iki otaqlı 28 kv.m. olan evdə yaşamışdır. Bacısı Svetlananın oğlu evləndikdən 10 il sonra gözlənilmədən xx.xx.1996-cı il tarixində münaqişə zəmnində ataları X8 bıçaqlayaraq qətlə yetirmişdir. Ona görə də Bəxtiyar İskəndərov 1996-cı ildə tutularaq Yasamal rayon Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdir. X9 xx.xx.1997-ci il tarixində uzun çəkən xəstəlikdən sonra vəfat etmişdir. Ona məxsus 4 otaqlı 65 kv.m olan evdə İddiaçı2 3 uşağı ilə birlikdə pasport qeydiyyatında olaraq yaşamış və həmin evdə uşaqlarından əlavə yaxın ailə tanışları, əslən Sabirabad rayonundan olan Abbasov Hicran Kərim oğlu ailəsi ilə birlikdə yaşamışdır. Abbasov Hicran Kərim oğlu iddiaçının razılığı ilə 1997-ci ildən 2003-cü ilə kimi anası Ayşə Qafarovaya məxsus 4 otaqlı 65 kv.m evdə yaşamışdır. X18 isə bu müddət ərzində həmin ünvanda, yəni ünvan 3metrlik evdə qızları Svetlana və Aysel ilə birgə yaşayıblar. X28 1997-ci ildə vəfat etdikdən sonra Fərziyyə İskəndərova Bakı şəhəri Cavabdehnə müraciət etmiş, Bakı şəhər Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli 953 saylı sərəncamına əsasən Fuad İbrahimbəyov küçəsi 29/31 saylı, sahəsi 28 kv.m təşkil edən 2 otaqlı mənzilin kirayə müqaviləsi mərhumun gəlini X4 ilə bağlanmışdır. İddiaçıların bundan xəbəri olmayıb. Ona görə ki, qanunla götürdükdə hər iki evin vərəsələri onlar hesab olunur. Onlar bugünə kimi də xəbərsiz olmuşlar. Fərziyyə İskəndərovanın həyat yoldaşı, Svetlananın oğlu Bəxtiyar İskəndərov 8 il azadlıqdan məhrum edilməsi ilə əlaqədar 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman xx.xx.2001-ci il tarixində həyat yoldaşı X1 adına Fuad İbrahimbəyov küçəsi 29/31 də yerləşən mənzilin özəlləşməsinə etiraz etmədiyi haqqında razılıq ərizəsi vermişdir. Belə bir nəticəyə gəlmək olur ki, xx.xx.2001-ci il tarixində razılıq ərizəsi Bəxtiyar İskəndərov tərəfindən verildiyi halda Yasamal rayonu İcra Başçısı tərəfindən xx.xx.1999-cu il tarixində 953 saylı kirayə müqaviləsinin dəyişdirilməsi haqqında sərəncamı verilmişdir. Göründüyü kimi razılıq ərizəsi ilə sərəncam arasında tarix pozğunluğu aşkar olunur. Fərziyyə İskəndərovaya verilmiş qanunsuz Cavabdeh başçısı tərəfindən xx.xx.1999-cu il tarixli 953 saylı kirayə müqaviləsinin dəyişdirilməsi haqqında sərəncama əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi Seriya OM № 082996 nömrəli, Fuad İbrahimbəyov küçəsi 29/31 saylı evin 28,0 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı evə X2 xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsi və xx.xx.2001-ci il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş evin texniki pasportu verilmişdir. Sonra 2003-cü il tarixində iddiaçıların xəbəri olmadan Yasamal rayonu 60 saylı Mənzil-Kommunal İstismar sahəsinin rəisi X16 MKİS-in işçiləri ilə birgə Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi 29/31 ünvana gələrək X9na məxsus 2 otaqlı 28 kv.metrlik evdə yaşayan gəlinləri X4 ilə qeyri-qanuni danışığa gedərək 2 otaqlı 28 kv.metrlik evdən çıxararaq anası Ayşə Qafarovaya məxsus 4 otaqlı 65 kv.m-lik evə iddiaçıların razılığı olmadan köçürmüşlər. Fərziyyə İskəndərova yaşadığı 2 otaqlı 28 kv.m-lik evə isə İmran adlı və həyat yoldaşı Hədiyyə adlı şəxləri köçürüblər. Bu baş verən hallara onların heç bir razılığı olmayıb və onlara Cavabdeh və 60 saylı MKİS tərəfindən heç bir məlumat verilməyib. Bacısı oğlu X5 2004-cü ildə cəzasını çəkib yaşadığı Fuad İbrahimbəyov küçəsi 29/31 saylı ünvana gəlmiş və görmüşdür ki, həyat yoldaşı X22 İbrahimbəyov küçəsi 29/31 ünvanında olan 2 otaqlı 28 kvm-lik evdə yox, mərhum nənəsi Ayşə Qafarovaya məxsus 4 otaqlı 65 kv.m-lik evə köçmüşdür. Cəzaçəkmə müəssisəsindən gəldiyi gün X12 İskəndərova arasında ciddi səbəbdən narazıçılıq yaranmış və onlar nikahda olmaqlarına baxmayaraq, qanunsuz olaraq Fuad İbrahimbəyov küçəsi, 29/31 ünvanında yerləşən 4 otaqlı evin 2 otağında Bəxtiyar İskəndərov, 2 otağında isə Fərziyyə İskəndərova heç bir səlahiyyətləri olmadan yaşamışlar. 2013-cü ilin iyun ayının 18-də X5 həyat yoldaşı X4 ilə birgə Yasamal rayon qeydiyyat şöbəsinə müraciət edərək nikahın pozulması haqqında 294 saylı şəhadətnamə almışlar. 2013-cü il ərəfəsində X6 Bəxtiyar qızı İskəndərovanı Türkiyə Respublikası vətəndaşı olan şəxslə ailə qurması ilə əlaqədar Türkiyəyə köçdüyü üçün cavabdeh Fərziyyə İskəndərova da onlarla birgə köçmüşdür. Fərziyyə İskəndərova 1999-cu ildə Cavabdeh tərəfindən aldığı sərəncama əsasən Bakı şəhər Texniki İnvertarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən qeydiyyat vəsiqəsi və texniki pasport razılıq olmadan alması ilə əlaqədar və 60 saylı MKİS-nin rəisi X16 və əməkdaşları tərəfindən həmin qanunsuz sənədi rəhbər tutaraq bir daha qanunsuzluğa yol verərək 65 kv.m-lik 4 otaqlı mənzilə köçərək, həmin 2 otaqlı 28 kv.m evə aldığı sənədləri təhvil vermədən 4 otaqlı 65 kv.m evdən istifadə etmişdir. Bu hallar və sənədlər qanuna tam ziddir. Bunlara baxmayaraq, X17 Respublikasına köçərək qanunsuz özünə saxladığı və iddiaçılara məxsus 4 otaqlı evin 2 otağını bağlamışdır. X13 köçdükdən sonra Bəxtiyar İskəndərov tanış olduğu bir qadınla nikahsız, həmin evdə yaşamışdır. 2022-ci il pandemiya dönəmində bacısı oğlu X5 COVİD- 19-a yoluxaraq vəfat etmişdir. Onun dəfn xərclərini iddiaçılar ödəyib. Bundan sonra, X7 gəlmiş, dəfnə görə dövlət tərəfindən 800 manat pulu qızı Aysel İskəndərova almış, atasının qəbrini tikdirəcəyinə söz verərək getmişdir. Sonra 2024-cü ildə "xxxx" MMC şirkəti Yasamal rayonu, Fuad İbrahimbəyov 29/31 ünvanında və digər yaxın küçələrdə layihəyə uyğun söküntü işlərinin aparıldığı üçün Fərziyyə İskəndərova ilə əlaqə saxlayaraq onu Türkiyə Respublikasından Bakı şəhərinə "xxxx" şirkətinə dəvət etmiş və onunla danışıq apardıqdan sonra xx.xx.2024-cü il tarixli K-171 saylı əvəzləşmə müqaviləsi bağlamışlar. Müqavilə bağlanarkən Yasamal rayon İcra başçısının xx.xx.1999-cu il tarixli 953 saylı “kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” sərəncamı, 12 saylı cəzaçəkmə müəssisəsində o zaman cəza çəkən Bəxtiyar İskəndərovun xx.xx.2001-ci il tarixli razılıq ərizəsi, Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportu əsas götürülmüş, Fərziyyə İskəndərovaya 2 otaq, 28 kv.m ev sahəsinə görə ona "xxxx" MMC şirkəti tərəfindən əlavə evin qarşısında olan asfalt sahəsinə görə 25 kv.m hesablayaraq, 53 kv.m çatdırılmış, sonra da həmin şirkət tərəfindən 10 kv.m pay kimi əlavə olunaraq, 63 kv.m əvəzləşmə müqaviləsi şirkət ilə Fərziyyə İskəndərova arasında bağlanılmışdır. Bu səbəbdən də belə hesab edirlər ki, həmin sərəncam qeyri-qanuni və əsassız olduğu üçün ləğv edilməlidir. Eyni zamanda, Fərziyyə İskəndərovanın onların mərhum valideynlərinə məxsus 4 otaqlı mənzilə heç bir aidiyyəti yoxdur. O, çıxarış aldığı 2 otaqlı, sahəsi 28 kv.m olan evi sataraq, 4 otaqlı evin 2 otağına aidiyyəti olmayan saxta çıxarış təqdim etməklə, cinayət yolu ilə istəyinə nail olmuş və digər Bəxtiyar İskəndərova yaşadığı 2 otağı hansı səbəbdən hara etdiyi barədə İskəndərova və "xxxx" şirkəti məhkəməyə bildirməli və məsuliyyət daşımalıdırlar. Ona görə də iddiaçılar belə hesab edirlər ki, məhkəmə işə baxarkən bu barədə xüsusi qərardad çıxarmalı və aidiyyəti üzrə prokurora xəbər verməlidir. Həm də hesab edirilər ki, qeyd etdiyi məlum qərarın ləğv edilməsi haqqında məhkəmə qərarı çıxarılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8635/2025 saylı, 29 aprel 2025-ci il tarixli qərardadı ilə (hakim L.Musayeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8635/2025 saylı, 29 aprel 2025-ci il tarixli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdilər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının müddəalarında nəzərdə tutulmuş qanun və məhkəmə qarşısında bərabərlik, mülkiyyət hüququnun qanunla qorunmasını, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur prinsipini, konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olması prinsipini və hakimlərin işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyi faktlarına əsasən və qanunamüvafiq baxma prinsipini qərardad çıxararkən ciddi surətdə pozmuşdur. Qanunvericiliyə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Birinci instansiya məhkəməsi müqavilədə göstərilənlərə diqqət etməmiş, miras aktivinə və passivə qiymət verməmişdir. Qanunvericiliyə əsasən əgər səlahiyyətsiz şəxs mirasa daxil olan əşya üzərində həqiqi vərəsəyə münasibətdə etibarlı olan sərəncam vermişsə, o bunun nəticəsində əldə etdiyini həqiqi vərəsəyə verməyə borcludur. Cavabdeh İskəndərova Fərziyyə səlahiyyətsiz şəxs olmasına baxmayaraq, miras əmlaka daxil olan əmlakları özündə qanunsuz saxlayaraq mirasçılara vermir. İnzibati Məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi məhkəmə tərəfindən ona qarşı münasibətdə tam pozulmuşdur. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarının hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Eyni zamanda, İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən sübutetmə vəzifəsi birbaşa olaraq cavabdehin üzərinə düşür. Onların dəfələrlə xahişlərinə baxmayaraq, məhkəmə prosesinə cavabdeh tərəf cəlb edilməmiş, məhkəmə qərar qəbul edərkən yalnız cavabdeh tərəfin ona ünvanlandığı imtina məktubuna istinad etmişdir. İPM ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Ancaq məhkəmə qeyd etdikləri maddənin tələblərinə diqqət yetirmədi və bu səbəbdən işin mahiyyətinə uyğun olmayan qərar qəbul etdi. Onlar istinad etdikləri halları və faktları sübuta yetirdilər. Tərəflərindən təqdim edilmiş sübutlara məhkəmə hüquqi qiymət vermədi və bu səbəbdən əsaslandırılmamış qərar çıxartdı. Onların qeyd etdikləri kimi cavabdeh tərəfin heç bir əsaslı sübut təqdim etməməsini məhkəmə qərardad çıxararkən nəzərə almamışdır. Məhkəmə tərəfindən tərəflərin mövqeləri nəzərə alınmamış, sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam qiymət verilməmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X26 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilməmiş, üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8635/2025 saylı, 29 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçıların mübahisə açdığı inzibati akt 1999-cu ildə qəbul edilmişdir. Həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçıların mübahisə predmeti olan inzibati aktdan məlumatlı olduqları vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüquqları yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamışlar. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçılar hazırda mübahisələndirdikləri qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşlər. İddiaçılar qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüquqlarını həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar göstərilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, Kollegiya hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda qeyd olunan səbəblərdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq mümkün sayılmamışdır. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8635/2025 saylı, 29 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2873/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2873/2025
22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver