Məhkəmə qərarları › İş №2-1(103)-2874/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2874/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2874/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərovdan və X8 ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (qızı) X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: "xxxx" MMC) “qeyri-yaşayış sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4303/2025 saylı 10 aprel 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 30 ünvanda yerləşən 48.4 kv.metr qeyri-yaşayış sahəsinə dair mərhumə X4 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 sentyabr 2020-ci il tarixli 2(005)-268/2020 nömrəli məhkəmə qətnaməsi ilə ilkin iddianın təmin edilərək, Xalimə Məmişovaya hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməklə və gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əİizadə küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasında yarımzirzəmi formasında 105,72 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi ilə təmin edilməsi şərti ilə ona məxsus ünvan 3 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində 39,7 kv.m və 48,4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində (ümumilikdə 88,1 kv.m) mülkiyyət hüququ saxlanılmaqla, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və "xxxx" MMC-yə təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində Xalimə Məmişovaya məxsus 39,7 kv.metr və 48,4 kv.metr olmaqla ümumilikdə - 88.1 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülərək onun yerində tikiləcək yeni binanın yarımzirzəmi formasında 105,72 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin Xalimə Məmişovaya təhvil verilməsi, "xxxx" MMC tərəfindən həmin 105,72 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin Xalimə Məmişovaya təhvil verilənədək hər ay 450 manat məbləğində kirayə haqqının ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4248/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, 09 sentyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmiş, Xalimə Məmişovaya verilməli olan qeyri-yaşayış sahəsinin ölçüsü 132 kv.metr və hər bir qeyri-yaşayış sahəsi üçün ona ödənilməli aylıq kirayə haqqı 350 manat olmaqla, cəmi 700 manat müəyyən edilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6320/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X9 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və o, AR ƏN-nin 1 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət edərək qızı X3 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin veriməsini xahiş etmiş, notariat ofisində vərəsəlik işi açılmış və ünvan 4 ünvanda yerləşən (4 mərtəbəli bunanın zirzəmisi) qeyri-yaşayış sahəsinə dair mərhumə Xalimə Məmişovanın adına hüququn ölmüş şəxsə məxsus olması barədə elektron arayış (çıxarış) verilməsini cavabdehdən xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli rəsmi cavabı ilə arayış verilməsindən imtina edilmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Xalimə Məmişovaya vermiş olduğu şəhadətnamədən görünür ki, o, həqiqətən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 30 ünvanda yerləşən 48.4 kv.metr qeyri-yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC 3-cü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4303/2025 saylı 10 aprel 2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Xalimə Məmişovaya verilmiş şəhadətnamədən də görünür ki, o, həqiqətən də Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 30 ünvanda yerləşən sahəsi 48.4 kv.metr olan qeyri yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada almışdır. Digər tərəfdən məhkəmənin nəzərinə çatdırır ki, X9 cavabdeh "xxxx" MMC-yə qarşı "kirayə haqqının, yeni qeyri- yaşayış sahəsinin verilməsi və maddi və mənəvi zərərin ödənilməsinə dair" qarşılıqlı iddia tələbi üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər- İkram Şirinov- sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanrıverdiyev) 2(103)- 4248/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 268/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsinin qismən dəyişdirilməsi, cavabdeh X10ma verilməsi nəzərdə tutulan qeyri yaşayış sahəsinin ölçüsü və ona ödəniləcək kirayə haqqının dəyişdirilməsi, cavabdehə verilməli olan qeyri-yaşayış sahəsinin ölçüsü 132 kv.m. və hər bir qeyri-yaşayış sahəsi üçün ona ödənilməli aylıq kirayə haqqı 350 manat olmaqla, cəmi 700 manat müəyyən edilməsi qət edilmiş və həmin tələb üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6320/21 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4248/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki inzibati iş üzrə müvafiq iddia tələbini irəli sürmək hüququ mövcud olduğundan hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən mümkün sayılmalıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamaması hüquqlarının və qanunla qorunan maraqlarının pozulması ilə nəticələnmişdir. Bu hal isə ona vərəsəlik işinin rəsmiləşdirilməsində böyük problemlər yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmalıdır. Nəzərə çatdırır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-l(112]-4303/2025 saylı qərardadı xx.xx.2025-ci ildə ona təqdim edilmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, hazırkı məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olduğundan, iddiası mümkün iddiadır və mahiyyəti üzrə baxılmalıdır. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (qızı) X7 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 5 ünvanda yerləşən 48.4 kv.metr qeyriyaşayış sahəsinə dair mərhumə X4 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” barədədir. Birinci instansiya məhkəməsi “iddiaçının artıq mövcud olmayan bir daşınmaz əmlak üzərində hüquqların qeydə alınması barədə iddia qaldırmasına və bununla da düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməməsi”nə istinad edərək iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İş materialları ilə müəyyən edilir ki, hazırkı mübahisəli qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən iddiaçının qızı Xalimə Məmişovaya xx.xx.2006-cı il tarixli, 000324 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. 2021-ci ildə Xalimə Məmişova ilə "xxxx" MMC arasında məhkəmə mübahisəsi mövcud olmuş, həmin məhkəmə mübahisəsi nəticəsində Xalimə Məmişovaya məxsus qeyri-yaşayış sahəsinin müqabilində ona inşa ediləcək binada yaşayış sahəsi verilməsi qət edilmişdir. Xalimə Məmişova 16 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının X6 məxsus olması haqqında arayışın verilməsini tələb etdiyi qeyri-yaşayış sahəsi artıq sökülüb, yəni mövcud deyil. Ona görə də iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair mərhumə X4 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini tələb etməkdə hüquqi marağının mövcud olmadığı müəyyən olunur. İnzibati prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan və hüquqi marağı olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İşin araşdırılan halları onu deməyə əsas verir ki, iddiaçı istədiyi məqsədə nail olmaq üçün yuxarıda göstərilən məhkəmə qətnaməsinin icrasını tələb etməlidir. Adı çəkilən məhkəmə qətnaməsi icra olunduğu zaman hazırki iş üzrə iddiaçının qaldırdığı iddiaya lüzum qalmayacaq. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı mövcud olmadığı üçün birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər əsassızdır və iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4303/2025 saylı 10 aprel 2025-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4303/2025 saylı 10 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Kamran Əkbərov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar