Məhkəmə qərarları › İş №2-1(103)-2875/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2875/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2875/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Seyid-zadə Rauf Nağı oğlu) “texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-241/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Seyid-zadə Rauf Nağı oğlu) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərdəkan qəsəbəsi, 2198 saylı bağ evinin həyətyanı torpaq sahəsinə verilmiş xx.xx.2010-cu il tarixli texniki pasportun və 490722 nömrəli plan və ölçü sənədinin etibarsız sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs Seyid-zadə Rauf Nağı oğlunun hazırda mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna Plyaj, Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin onun atası Seyid-zadə X2 adına verilmiş xx.xx.2010-cu tarixli texniki pasportun və çıxarışının 1970-ci ildə Seyid-zadə X2 adına verilmiş plan ölçüyə uyğunlaşdırılınası (xx.xx.2010-cu tarixli texniki pasportun və çıxarışının koordinatlarının 1970-ci il tarixdə verilmiş plan ölçü üzrə vurulması) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-241/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hazırda İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbindən imtina etdiyini bildirmiş, iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbindən imtina barədə ərizəsini müdafiə edərək təmin edilməsini, iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs Seyid-zadə Rauf Nağı oğlu iddia tələbindən imtina barədə ərizənin təmin edilməsinə, iddiadan imtinanın qəbul edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 55.1-cü maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-241/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçıya izah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar