Məhkəmə qərarları › İş №2-1(103)-2876/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2876/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2876/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı Nuridin oğlunun iştirakı ilə, İddiaçı Nuridin oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X19, X18) qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1975/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Nuridin oğlu iddia ərizəsi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəməyə müraciət edərək 16 may 2007-ci il tarixindən əvvəlki tarixlərdə bu torpaq sahəsi ilə bağlı mövcud sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən alınmasını, başqa şəxsin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyatın aparılmasının hüquqi əsası olmuş inzibati aktı ləğv edilməsini və torpaq sahəsi üzərində olan hüquqlarım bərpa edilərək, torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 16 may 2007-ci ci il tarixində İddiaçı Nuridin oğlu Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi arasında birliyin 22 may 1992-ci il 24 saylı Protokolu əsasında 10 il müddətinə Ləhiş ərazisindəki 0, 12 ha torpaq sahəsi olan 2376 a nömərli bağın istifadəmə verilməsi haqqında 24336 saylı müqavilə rəsmiləşdirilmişdir. Torpaq sahəsi mərhum atası X6 1960-cı ildən 0,25 ha torpaq sahəsi istifadəsində olmuşdur. Bakı Şəhər İcraiyə Komitəsinin 14 iyun 1988-cı il tarixli 3\333 №li Qərarına əsasən bir şəxsin adına 0, 12 ha artiq torpaq sahəsinin olmasına icazə verilmədiyi üçün həmin torpaq sahəsi bölünərək anası X7 və onun adına 0,12 sot olmaqla rəsmiləşdirildi. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Prezidentin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti, o cümlədən Bakı şəhəri İcra hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinə (hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) verilməsi qərara alındı. Bunu 2014-cü ildə öyrəndi və 06 avqust 2014-cü il tarixində yuxarıda qeyd etdiyi torpaq sahəsinin sxematik bölgüsünün aparılması və həmin ərazinin adına rəsmiləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq həmin bağ sahəsinin **********91 olan özəl bağ sahəsi ilə üst- üstə düşdüyü qeyd edildi. Beyin, qan-damarla və ürəyi ilə bağlı səhhətində çox ciddi problemlər yaşadığı üçün bu məsələ ilə məşğul ola bilməmişdir. Səhhəti ilə bağlı problemləri müəyyən qədər yoluna qoyduqdan sonra 23 iyun 2021-ci ildə yenidən Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti 1 saylı Ərazi dairəsinə həmin bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün müraciət etmişdir. İkinci müraciətə də cavab olaraq bildirildi ki, həmin bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınmışdır. Həmçinin qeyd olunan bağ sahəsi mübahisəlidir. Bunu da qeyd edim ki, hər dəfə təzə müqavilə bağlandıqca əlində olan köhnə sənədlərin hüquqi mahiyyəti olmadığını düşünərək özlərində saxlamamışdırlar. Qeyd olunan məsələ ilə bağlı cəhdləri uğursuz olduğunu gördükdən sonra xx.xx.2022 tarixində Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir (İş №2-1(112)-4765/2022). Uzun müddət davam edən məhkəmə prosesindən sonra hakim ona təkrar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyi tövsiyyə etdi. Bu səbəbdən iddia ərizəsini geri götürmüş və təkrar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti yenə nəticəsiz qaldı. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “X9 adına olan 2375A saylı bağ sahəsinin koordinatlarının ləğv edilməsi və həmin torpaq sahəsi üzərində 2376A saylı bağ sahəsi kimi hüquqların qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardad ilə X18 zəruri cəlbetmə qaydasında üçüncü şəxs, xx.xx.2024-cü il tarixli qərardad ilə X19 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-596/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxslər X19 və X18) qarşı “xx.xx.2007-ci il tarixindən öncə torpaq sahəsi ilə bağlı sənədlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən alınması, həmin torpaq sahəsi ilə bağlı çıxarışın etibarsız sayılması, torpaq sahəsi üzərində olan hüquqların bərpa edilərək dövlət reyestrində qeydiyyata alınması” haqqında iddia tələbi geri götürülmüş sayılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1975/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1975/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən tərəfinizdən göstərilən bağ sahəsi reyestr nömrəsi **********91 olan özəl bağ sahəsi ilə üstüstə düşür. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən “2376A” nömrəli bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin qeyd olunan bağ sahəsi mübahisəlidir. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla edilmiş tələblərə uyğun olmalıdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli **********81 nömrəli məktubla cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli məktubunda bildirilişdir ki, **********91 reyestr nömrəsi ilə qeydiyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 211 saylı BTK-nın 2375a saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X2 İnkişafı və X16 bağlar sahəsindəki 211 saylı kooperativ 9 saylı order ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 7/386 saylı qərarına əsasən bağlar sahəsində 211 saylı BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 2375a saylı bağ X15 ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa (Seriya MH № 0206241) əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 211 saylı BTK-nın 2375a saylı bağ sahəsi xx.xx.2009-cu il tarixində X12 adına qeydiyyata alınmışdır. (Reyestr nömrəsi-**********91) xx.xx.2010-cu il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən (AN – İ №0223871) X19 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 211 saylı BTK-nın 2375a saylı bağ sahəsi ünvaında yerləşən 0,117 ha torpaq sahəsini X13 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən (Seriya MA № 0124237) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 211 saylı BTK-nın 2375a saylı bağ sahəsi xx.xx.2010-cu il tarixində X13 adına qeydiyyata alınmışdır. (Reyestr nömrəsi**********91) xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən (AN – İ №0389209) X20 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 211 saylı BTK-nın 2375a saylı bağ sahəsi ünvaında yerləşən 0,117 ha torpaq sahəsini X9 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən (Seriya RX № 0310215) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 211 saylı BTK-nın 2375a saylı bağ sahəsi xx.xx.2014-cü il tarixində X9 adına qeydiyyata alınmışdır. (Reyestr nömrəsi**********91) - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli torpaq sahəsinə dair məlumat və sənəd surətlərinin verilməsi barədə məktubunda bildirilişdir ki, iddiaçı tərəfindən kənardan göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanıb, sahədə natamam tikili inşa olunub. Əlavə olaraq bildirilmişdir ki, iddia olunan mübahisəli sahə digər fiziki şəxsin adına qeydiyyata alınıb. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan ərazi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü əsasında 2375a saylı bağ kimi qeydiyyata alınmışdır. Həmçinin arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 2376a saylı bağın ərazisinə uyğun gəlir. - 2376 № bağın icarəyə verilməsi haqqında xx.xx.1990-cı il tarixli 11165 №-li müqavilə ilə Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın xx.xx.1990-ci il tarixli qərarı əsasında sahəsi 0,25 ha olmaqla X4 icarəsinə verilmişdir. - X14 bağlar trestinə ərizə ünvalayaraq sahəsi 0,25 ha olan 2376 nömrəli bağın bölünərək oğlu İddiaçı adına müqavilə bağlanmasını xahiş etmişdir. - 2376 № bağın icarəyə verilməsi haqqında xx.xx.1992-ci il tarixli 11165 №-li müqavilə ilə Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın xx.xx.1990-ci il tarixli qərarı əsasında sahəsi 0,12 ha olmaqla X4 icarəsinə verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və X25 ərazisindəki 2376 nömrəli bağın istifadəyə verilməsi haqqında 11165 saylı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Sabunçu rayonunun, Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 2376 №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaçlarla X11 istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən (Seriya MA № 0114071) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2376 saylı bağ sahəsi xx.xx.2010-cu il tarixində X17 adına qeydiyyata alınmışdır. (Reyestr nömrəsi-**********48-11301) - xx.xx.2010-cu il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən (AN – İ №0223896) X17 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən ümumi sahəsi 33 kv.m, yaşayış sahəsi 22 kv.m və yardımçı sahəsi 11 kv.m olan bir otaqdan ibarət 2376 saylı bağ evini və yerləşdiyi 0.12 ha-dan ibarət olan bağ sahəsini X1 mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən (Seriya MA № 0143422) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2376 saylı bağ sahəsi xx.xx.2010-cu il tarixində X1 adına qeydiyyata alınmışdır. (Reyestr nömrəsi**********48-11301) - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və X25 ərazisindəki 2376a nömrəli bağın istifadəyə verilməsi haqqında 24336 saylı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Sabunçu rayonunun, Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 2376a №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaçlarla İddiaçı istifadəsinə verilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. AR Mülki Məcəllənin: 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia predmetini X9 adına olan 2375A saylı bağ sahəsinin koordinatlarının ləğv edilməsi və həmin torpaq sahəsinin 2376A saylı bağ sahəsi kimi iddiaçı X8 adına qeydiyyata alınması təşkil edir. İlk növbədə qeyd edilməlidir ki, mütəxəssis rəyinə və ortofoto çıxarışına əsasən iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi 2376A saylı bağ sahəsi faktiki olaraq 2375A saylı bağ sahəsinin ərazisində yerləşməklə digər şəxsin adına qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin həlli üçün 2375A (iddiaçı tərəfindən 2376A kimi qeyd edilən) saylı bağın ərazisinə uyğun gələn sahə üzərində sahibliyin kimin tərəfindən həyata keçirilməsi müəyyən edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı tələbin əsası kimi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismar Birliyi ilə bağlanmış “Ləhiş ərazisindəki 2376a nömrəli bağın istifadəyə verilməsi haqqında” 24336 saylı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən torpaq sahəsinin ona verildiyini bildirir. Belə ki, “Ləhiş ərazisindəki 2376a nömrəli bağın istifadəyə verilməsi haqqında” 24336 saylı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Sabunçu rayonunun, Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 2376a №-li bağ müqavilədə göstərilən tikintilər, qurğular və ağaçlarla İddiaçı istifadəsinə verilmişdir. Nəzərə alınmalıdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 7/386 saylı qərarına və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X2 İnkişafı və X16 bağlar sahəsindəki 211 saylı kooperativ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 9 saylı orderə əsasən 2375A saylı bağ sahəsi (iddiaçı tərəfindən iddia olunan 2376A bağ sahəsinin ərazisində yerləşir) X15 ayrılmışdır. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə bağlı qeyd edir ki, İddiaçı münasibətdə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və X25 ərazisindəki 2376A nömrəli bağın istifadəyə verilməsi haqqında 24336 saylı xx.xx.2007-ci il tarixli müqavilə bağlanarkən torpağın faktiki yerləşdiyi ərazi 2375A saylı bağ sahəsi kimi X12 istifadəsində olmuşdur. Mübahisələndirilən bağ sahəsi ilkin olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən X12 adına qeydiyyata alınmış, daha sonra isə özgəninkiləşdirilmişdir, torpaq sahəsinin yerləşdiyi ərazi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsində olmamışdır (hazırda da deyil). Belə ki, 2376 saylı bağın ərazisi vaxtilə 0,25 ha olmaqla iddiaçının atasına ayrılmış, sonuncu 1992-ci ildə həmin bağın bölünərək bir hissəsinin oğlunun (iddiaçının) adına rəsmiləşdirilməsinə dair bağlar trestinə ərizə vermiş və həmin 1992-ci ildə 2376 nömrəli bağa dair sahəsi 0,12 olmaqla iddiaçının atası X10 adına müqavilə bağlanmışdır. 2376a olmaqla İddiaçı Nuridin oğlunun adına müqavilə 25 il sonra 2007-ci il tarixdə bağlanmışdır. İddiaçının məhkəmə iclasında verdiyi izahatında bağ sahəsindən 1990-cı illərin sonu, 2000ci illərin əvvələrinə dair istifadə edildiyi bildirilir. Beləliklə, artıq xx.xx.2007-ci ildə İddiaçı Nuridin oğlunun adına 2376a saylı bağ sahəsinə dair müqavilə bağlanarkən həmin bağ sahəsinin faktiki ərazisi 2375a saylı bağın ərazisi olmaqla iddiaçının sahibliyində olmamışdır. Beləliklə, xx.xx.1990-cı il tarixli müqavilə ilə 2376 saylı bağın ərazisinin 0,25 ha olması, xx.xx.1992- ci il tarixdə icarəçinin ərizəsinə əsasən bölünərək xx.xx.1992-ci il tarixli müqavilə ilə 2376 saylı bağın ərazisinin 0,12 ha olması, həmin vaxtdan xx.xx.2007-ci il tarixədək bölünmüş digər 0,12 ha sahəyə dair müqavilə bağlanmaması işin mübahisəsiz halıdır. Göründüyü kimi Ləhiş bağ massivində 211 №-li BTK nəzdindəki 2376A (faktiki olaraq 2375A) saylı bağ sahəsi nəinki iddiaçının qanuni istifadəsində deyil, həmin bağ sahəsinə dair müqavilə bağlanan vaxt da istifadəsində olmamışdır. Həmin bağ sahəsinə mülkiyyət hüququ ilkin olaraq X12 adına xx.xx.2009-cu il tarixdə qeydə alınmış (Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1990-cı il tarixli qərarı əsasında) və daha sonra digər şəxslərin (X13, X9) adına özgəninkiləşdirilmişdir və hazırda bağ sahəsinə X18 tərəfindən faktiki sahiblik həyata keçirilir. Reyestrin məzmununun qeyri-dəqiqliyi ilə bağlı şübhələr yoxdur, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, qanunverici vətəndaşların qanuni istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini müəyyən etdiyindən və Ləhiş bağ massivindəki 2376A (faktiki 2375A) saylı bağ sahəsi iddiaçının qanuni sahibliyində və istifadəsində olmadığından iddiaçının Ləhiş bağ massivindəki 211 №-li BTK nəzdindəki həmin 2376A (faktiki 2375A) bağ sahəsinə mülkiyyət hüququnun tanınmasına qanuni gözləntisi yoxdur. X22 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans- Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda“qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, eyni yanaşma inzibati məhkəmə icraatı qaydasında çıxarılan məhkəmə aktına da şamil edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1975/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1975/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar