Məhkəmə qərarları › İş №2-1(103)-2876/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2876/2025

21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2876/2025 21.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “kompensasiyanın ödənilməsi; subyektiv hüquq”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1099/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ

1. AN-İ seriyalı ******* nömrəli xx.xx.2008-ci il tarixli X4 və X12 arasında bağlanmış qarajın alqısatqı müqaviləsindən görünür ki, X4 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsinin 11/30228 №-li xx.xx.2008-ci il tarixli 1 №-li Arayışına və 30/846 №-li xx.xx.2001-ci il tarixli texniki pasporta əsasən ona məxsus olan, Bakı şəhəri, 9 mkr, 45 saylı evin qarşısında yerləşən, tikinti sahəsi-18,0 kv.m olan qarajı X6 mülkiyyətinə vemişdir. Satılan qaraj Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsinin 11/30228 №-li xx.xx.2008-ci il tarixli 1№-li Arayışına əsasən X3 məxsusdur. Müqavilə bağlananadək satılan qaraj ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. X1 qarajı 4700 /dörd min yeddi yüz/ manata satmış, X12 isə həmin qiymətə almışdır.

2. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-52/2-C-97-151/2023 saylı məktubundan görünür ki, qeyd olunan müraciət araşdırılıb müvafiq tədbirlər görülməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilmişdir.

3. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli 1123 nömrəli məktubdan görünür ki, əməkdaşların yerində apardığı araşdırmalar zamanı M.Cəlal 43,45,47,49,51,53,55 saylı binaların həyətində “İDEA” İctimai Birliyinin sifarişi əsasında abad məhəllə salınaraq, sakinlərin istifadəsinə verildiyi məlum olmuşdur. Abadlaşdırma zamanı ərazidə olan bütün tikililər sökülmüş və layihədə söküntü üçün heç bir kompensasiya verilməsi nəzərdə tutulmamışdır.

4. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2850/2024 saylı qərardadından görünür ki, İddiaçı Maarifovnanın (bundan sonra – iddiaçı) cavabdeh Baki şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı X7 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, 45 saylı evin qarşısında yerləşən sahəsi 18,0 kv.m. qarajın sökülməsi ilə əlaqədar ümumilikdə 18444 manat pulun cavabdeh Baki şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən tutulması tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Bakı Şəhəri 6 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 1228 nömrəli məktubundan görünür ki, 2014-cü ilə qədər olan sənədlər notariat arxivinə təhvil verilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli **********08 saylı məktubla İddiaçı müraciəti ilə bağlı aparılmış inzibati icraat materialları təqdim olunmuşdur.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 3-16-5/6-11-1037/24 saylı məktubla Bakı şəhəri 6 saylı dövlət notariat ofisində 03 noyabr 2008-ci il tarixdə 4Ə-874 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti göndərilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı X9 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, 45 saylı evin qarşısında yerləşən sahəsi 18,0 kv.m qarajın sökülməsi ilə əlaqədar 18000 manat (on səkkiz min) pul məbləğinin və tərəfindən ödənilmiş 300 manat (üç yüz) vəkilə ödədiyi məbləğin, cəmi 18300 manat (on səkkiz min üç yüz) kompensasiyanın İddiaçı Marifnaya ödənilməsi vəzifəsinin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X12, 03 noyabr 2008-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, 45 saylı evin qarşısında yerləşən sahəsi 18,0 kv.m qarajı X2 almışdır. Bu barədə tərəflər arasında AN-İ N ******* saylı, 03 noyabr 2008-ci il tarixli "Qarajın alqı-satqısı Müqaviləsi" bağlanmış və həmin Müqavilə Bakı şəhəri 6 saylı Notariat kontorunda təsdiq edilmişdir. Həmin Müqavilənin 4-cü bəndindən görünür ki, tərəflər arasında qarajın qiyməti 4700 manat razılaşdırıılmışdır. Hazırda həmin yerdə həmin qarajın qiyməti 18000 manat təşkil edir. Son vaxtlar Bakı şəhərində həyata keçirilən "Abad həyət" layihəsinə uyğun olaraq həmin qaraj sökülmüşdür. Lakin buna görə həmin şəxsə nə başqa yer verilmiş, nə də hər hansı kompensasiya ödənilməmişdir. Dəfələrlə sökülmüş qaraja görə kompensasiyanın ödənilməsi barədə bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edilib. Lakin cavabdeh orqan tərəfindən heç bir tədbir görülməyib. Axırıncı dəfə Binəqədi rayon İcra Hakimiyyətinə göndərdiyim məktub tədbir görülməsi üçün Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilib. Həmin orqandan göndərilən cavab məktubunda göstərilir ki, aparılan araşdırmalar zamanı M.Cəlal 43,45, 47, 49, 51, 53, 55 saylı binaların həyətində "İDEA" İctimai Birliyinin sifarişi əsasında abad məhəllə salınaraq, sakinlərin istifadəsinə verildiyi məlum olmuşdur. Abadlaşdırma zamanı ərazidə oan bütün tikililər sökülmüş və layihədə söküntü üçün heç bir kompensasiya verilməsi nəzərədə tutulmamışdır.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1099/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmişdir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı kompensasiya tələbi ilə bağlı subyektiv hüquqlarını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının söküntüsü ilə bağlı kompensasiya tələb etdiyi qaraj iddiaçının atası X7 məxsus olmuş əmlakdır. Bununla yanaşı, iddiaçının həmin əmlaka münasibətdə hazırki iddianı qaldırmaq üçün hüquqi marağını müəyyən etmək mümkün deyil. Belə ki, əmlakın qanunvericilikdə nəzərdə tutulmuş hər hansı qaydada iddiaçının mülkiyyətinə keçməsini və ya iddiaçının digər qanuni gözləntisinin olmasını (notariusun arayışının) təsdiq edən hər hansı bir sənəd nə məhkəməyəqədər dövrdə cavabdeh quruma, nə də məhkəmə icraatı zamanı məhkəməyə təqdim edilməmişdir. Belə bir sənədin mövcudluğu məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, belə olan halda iddiaçı hazırda həmin əmlakın mülkiyyətçisi olmadığından və ya vərəsəlik işinin açılaması ilə əlaqədar vərəsələr dairəsində olan şəxs olmasını təsdiq edən notariusun məktubu olmadığından iddiaçının həmin əmlakın sökülməsi ilə əlaqədar kompensasiya tələb etmək hüququları da yoxdur.

14. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1099/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, məhkəmənin toxunduğu xırda nüans – tərəfin məhkəmənin ona verdiyi vaxtda nöqsanları aradan qaldırma öhdəliyini icra etməməsinə gəldikdə isə, aydındır ki, burada söhbət bilavasitə iddiaçının özünndən aslı olan (məsələn: iddianın dəqiqləşdirilməməsi, forma tələblərinə riayət edilməməsi və.s) nöqsanların aradan qaldırılmasından gedir. Məhkəmənin gəlmiş olduğu nəticənin – şəxsin özünün səlahiyyətini təsdiq edən sənədləri təqdim etmə öhdəliyinin mövcud olmasına, həmin mövqeyin qəbul edilməsi yuxarıda qeyd edilən məhkəmənin araşdırma borcunun istisna edilməsi deməkdir ki, bu da qanunverciliyin tələblərinin pozulması hesab olunmalıdır. Digər məsələ,mübahisənin mahiyyətindən də aydın olur ki, vərəsəlik predmeti olan daşınmaz əmlak faktiki olaraq mövcud deyil və maddi hüquqi baxımdan mövcud olmayan əmlak miras əmlakı hesab oluna bilməz. Bununla belə həmin əmlaka vurulan ziyanla bağlı tələb hüququ miras əmlakı hesab edilir və bu hüquq üzrə subyektiv hüquqa malik şəxsi məhkəmə aidiyyəti üzrə sorğu verməklə müəyyən edə bilərdi. Çünki iddiaçıatasının yeganə vərəsəsidir və bu hall aidiyyəti quruma məlumdur. Digər bir məsələ - hüquqi maraqla bağlı, məlumdur ki, hüquqi maraq şəxsin qanunla qorunan maraqlarının pozulması ilə yaranır ki, tərəfin iddianı qaldırması arzuolunan məhkəmə qərarının qəbulu ilə məhz həmin maraqların bərpa edilməsinə hesablanır. İndiki halda da bu maraq açıqdır, kontitusion hüquqla qorunan mülkiyyətə dəymiş ziyanın ödənilməsi tələbi. Qeyd edilənlərdəndə aydın olur ki, məhkəmənin sözügedən qərardadı qanunsuz və əsassızdır və buna görə də ləğv edilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən, yəni birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi hissəsində əsaslıdır. İş üzrə əlavə araşdırmanın və onun nəticəsində asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də, iş təkrar birinci instansiya məhkəməsinə göndərilməlidir.

24. İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır.

25. İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

26. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir.

27. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.

28. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

29. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

30. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.

31. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır.

33. Həmçinin sözügedən qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”.

34. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından görünür ki, məhkəmə iddianın mümkün sayılmaması nəticəsinə gələrkən – əmlakın qanunvericilikdə nəzərdə tutulmuş hər hansı qaydada iddiaçının mülkiyyətinə keçməsini və ya iddiaçının digər qanuni gözləntisinin olmasını (notariusun arayışının) təsdiq edən hər hansı bir sənədin nə məhkəməyəqədər dövrdə cavabdeh quruma, nə də məhkəmə icraatı zamanı məhkəməyə təqdim edilməməsinə, belə bir sənədin mövcudluğunun isə məhkəmə araşdırması zamanı müəyyən edilməməsinə əsaslanmışdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələni tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

36. Belə ki, iş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında Şəhadətnamələrə əsasən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi İddiaçıdır.

37. Hazırkı mübahisənin predmeti olan qarajın Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 45 nömrəli evin qarşısında yerləşməklə, “İDEA” İctimai Birliyinin sifarişi əsasında abad məhəllə salınaraq, sakinlərin istifadəsinə verilməsi məqsədilə qarajın sökülməsi işin mübahisələndirilməyən halıdır.

38. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə mübahisə predmeti olan qaraj Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 45 nömrəli evin qarşısında yerləşməklə “İDEA” İctimai Birliyinin sifarişi əsasında abad məhəllə salınaraq, sakinlərin istifadəsinə verilməsi məqsədilə söküldüyündən və İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi olduğundan iddiaçının subyektiv hüququ olması əsasından irəli gələrk iddianı mümkün hesab etməmişdir.

39. Göründüyü kimi, hazırkı mübahisə üzrə iddiaçı X8 vərəsəsi olmaqla maraqlı şəxsdir və onun maraqlı şəxs kimi müvafiq iddia tələbini irəli sürmək hüququ mövcuddur. İş materiallarında da göründüyü kimi, qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi İddiaçıdır və həmin Şəhadətnamənin mövcudluğu iddiaçının subyektiv hüquqununun olmaması əsasından irəli gələrək onun tələbinin mümkünsüzlüyünü istisna edir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).

41. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanunla qorunan mənafeyin müdafiəsi yaxud təsdiq edilməsi məqsədilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan onun hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun.

42. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

43. Prosessual qanunvericiliyin tələblərinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin təkrar baxılmaq üçün birinci instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

44. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

45. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

46. Avropa İnsan Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarında qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: - qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; - məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; - müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması.

47. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir».

48. İPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda (inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə) apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

49. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, hər bir inzibati iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddiaların yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Lakin, qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin göstərilən halları tam və ətraflı araşdırmadan iddianın mümkün sayılmaması nəticəsinə gəlməsi əsaslı sayıla bilməz. Buna baxmayaraq, işə yenidən baxılarkən, sonradan iddianın mümkünlüyünə (bu hal dəyişdirilmiş iddiaya münasibətdə də qüvvədədir) təsir edə biləcək, qanunvericilikdə nəzərdə tutulmuş halların (əsasların) müəyyən olunması mümkünlük əsaslarının yoxlanılmasını istisna etmir.

50. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları tam və ətraflı araşdırmadan, onlara düzgün hüquqi qiymət vermədən iddianı mümkün saymamaqda haqlı olmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən də şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-1099/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1099/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar