Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2877/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə; X8 qızının katibliyi, İddiaçı cavabdeh Binəqədi rayon İcra hakimiyyətinə qarşı (üçüncü şəxslər: X2, X4 qızı və X3) kirayə müqaviləsinin bağlanılması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2021 saylı iş üzrə qəbul etdiyi 23 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X2, X4 qızı və X3) qarşı “kirayə müqaviləsinin addan-ada keçirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2021 saylı 23 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, 190919 nömrəli 27 noyabr 1980-ci il tarixli orderin X1 adından İddiaçı adına keçirilməsi və İddiaçı ilə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanılması öhdəliyi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin ilkin kirayəçisi ilə yəni X2 ilə İddiaçı arasında nikah məhkəmə qaydasında pozulduğundan o qanunvericiliyə əsasən N.Q.Daşdəmirovun ailə üzvü hesab edilmir. Təqdim olunmuş sənədlərdən və vətəndaşla aparılan söhbət zamanı məlum olmuşdur ki, mənzilin icarədarı X2 vətəndaş İddiaçı ilə aralarında nikah pozulduqdan sonra sözügedən ünvanda onunla birgə yaşamır və 2016cı il tarixdən həmin mənzildən qeydiyyatdan çıxmışdır. İcarədarın hal-hazırda sözügedən ünvanda yaşamaması səbəbindən 08.07.1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-cü maddənin 4-cü bəndini rəhbər tutub mənzilin icarə müqaviləsinin vətəndaş İddiaçı adına keçirilməsi mümkün deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətlərinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin hallarından aydındır ki, iddiaçı və övladları hazırkı iş üzrə üçüncü şəxslər F.Daşdəmirov və L.Daşdəmirova (Sultanzadə) mənzildə qeydiyyatdadırlar. İddiaçı mənzildə orderin verildiyi 1980-ci il tarixdən qeydiyyatda olmaqla yaşayır. Üçüncü şəxslər L.Sultanzadə və F.Daşdəmirov notariat qaydada təsdiq edilmiş ərizələrlə mənzilin addan-ada keçirilməsinə etiraz etməmişdir. Üçüncü şəxs N.Daşdəmirov isə 2015-ci il tarixdən həmin yaşayış yeri üzrə qeydiyyatdan çıxmışdır. Məhkəmədə əslinə baxış keçirilərək surəti əlavə edilmiş ərizədən də göründüyü kimi üçüncü şəxs N.Daşdəmirov da mənzilə dair müqavilənin iddiaçının adına keçirilməsinə öz razılığını bildirmişdir. İddiaçının mənzillə bağlı müraciətinə dair cavabdeh müraciətin təmin edilməsindən imtina etmiş və imtina onunla əsaslandırılmışdır ki, adları orderdə qeyd edilmiş şəxsləri notariat qaydada təsdiq olunmuş razılıq ərizələri təqdim edilməmişdir. Növbəti imtina onunla əsaslandırılmışdır ki, N.Daşdəmirovla iddiaçı arasında bağlanılmış nikah məhkəmə qaydasında pozulduğundan o, ailə üzvü hesab edilmir. 13 fevral 2020-ci il tarixli imtina məktubu isə onunla əsaslandırılmışdır ki, mənzilin icarədarı N.Daşdəmirov 2016-cı il tarixdən mənzildən qeydiyyatdan çıxmış və nikah pozulduqdan sonra sözügedən ünvanda yaşamışdır. İcarədar həmin mənzildə yaşamadığından icarə müqaviləsinin sizin addan-ada keçirilməsi mümkün hesab edilmir. 08 fevral 2021-ci il tarixli imtina məktubu isə onunla əsaslandırılmışdır ki, icarədarla birlikdə yaşamadığından və icarədarın razılığı olmadan müqavilənin addan-ada keçirilməsi mümkün deyildir. İcarədar tərəfindən notariat qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edildikdən sonra məzələ yenidən baxılacaqdır. Cavabdehin müvafiq imtinasından sonra, iddiaçı eyni tələbə dair iddia ərizəsilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsilə razılaşaraq, hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. AR İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi işin hallarını təhlil edərkən haqlı olaraq o qənaətə gəlmişdir ki, iddiaçı sözügedən mənzildə 01 oktyabr 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Mübahisəli hüquq münasibətinin yarandığı vaxtda qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 36-cı maddəsinə əsasən mənzilə ehtiyacı olan vətəndaşlar iş və yaxud yaşayış yeri üzrə növbəlilik əsasında mənzillə təmin olunurlar. 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərara müvafiq olaraq rayon, şəhər icra hakimiyyəti orqanları vətəndaşlara order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Hazırki işin hallarına əsasən, mübahisəli mənzil ... ildən ... order əsasında üçüncü şəxs X1 icarəsinə verilmişdir. İddiaçı üçüncü şəxslə nikahda olduğundan onun ailə üzvü kimi həmin mənzildə yaşamaq hüququ əldə etmişdir. ... ildən iddiaçı həmin mənzildə qeydiyyatdadır. ... də nikahlarına xitam verilsə də bugünə qədər 2 övladı ilə həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. İddiaçı hazırda mübahisəli mənzilə dair orderin Daşdəmirov Nizaminin adından onun adına keçirilməsini və öz adına mənzilə dair müvafiq kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 61-ci maddəsinin birinci hissəsinə əsasən icarədarı müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin icarə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar. 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Cavabdeh apelyasiya şikayətini əsaslandırarkən qeyd etmişdir ki, Daşdəmirov Nizami həmin mənzildə yaşamır və 2016-cı ildən qeydiyyatdan çıxmışdır. Və onunla İddiaçı arasında bağlanmış nikah pozulmuş olduğundan iddiaçı adına order verilmiş şəxsin ailə üzvü sayılmır. Birinci instansiya məhkəməsi yekun qərarının əsalandırarkən qeyd etmişdir ki, “...iddiaçı əvvəlki icarədarla birlikdə təsərrüfat aparmış şəxs kimi, nikah pozulsa belə, mənzildə qeydiyyatda olan və iddiaçının övladları olan digər şəxslərin, o cümlədən icarədarın da notarial qaydada təsdiq edilmiş razılığı ilə mənzilin balans saxlayıcısı olan orqan rayon icra hakimiyyətindən onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır. ... nikahın pozulubpozulmamasından asılı olmayaraq icarədar eyni şəxs olduğundan onun iddiaçının ailə üzvü hesab edilib edilməməsi inzibati məhkəmə mübahisəsinin həlli baxımından əhəmiyyət daşımır. Bu zaman iddiaçının order verildiyi 1980-ci il tarixdən mənzildə yaşaması, iki övladı ilə birgə icarədarla birgə təsərrüfat aparması da nəzərə alınmalıdır. Belə ki, burada icarədarın hüququndan xeyrinə imtina etdiyi şəxs mənzillə heç bir bağlılığı olmayan üçüncü şəxs hesab edilməməli, həmin mənzilə öz hüquqlarının təminatında maraqlı olan icarədarla birgə təsərrüfat aparmış iddiaçının olması nəzərə alınmalıdır. ” Kollegiya məhkəmənin mövqeyilə razılaşaraq apelyasiya şikayətinin dəlilinə münasibətdə əlavə olaraq qeyd edir ki, yuxarıda qeyd edilən Məcəllənin 53-cü maddəsində qeyd edilmişdir ki, icarədarın ailə üzvləri kateqoriyasına aid olan şəxslər həmin kateqoriyadan çıxıb, icarədarın yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə malik olaraq qalırlar. Belə ki, İddiaçı nikahın pozulmasının ardından həmin mənzildə faktiki yaşamağa davam etmiş və qeydiyyatda qalmışdır. Məcəllənin qeyd edilən normasının məzmununa əsasən, iddiaçı nikahın pozulmasının ardından birbaşa icarədarın ailə üzvü kateqoriyasından çıxmış olsa da, mənzilə dair hüquq və vəzifələri ailə üzvünün hüquq və vəzifələrinə bərabər həcmdə qalmışdır. Buna görə də, məhkəmə kollegiyası cavabdehin yuxarıda qeyd edilən dəlililə razılaşmayaraq hesab edir ki, hazırki iş üzrə, iddiaçı ilə icarədar arasında nikahın pozulmuş olması, icarədarın mənzildə yaşamaması və qeydiyyatda olmaması cavabdeh orqanın mənzilə dair kirayə müqaviləsinin iddiaçının adına bağlanmasından imtina etməsinə əsas deyildir. Eyni zamanda kollegiya qeyd edir ki, iş materiallarında olan sənədlərdən aydındır ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin 85-ci maddəsinin tələblərinə əsasən, icarədar Daşdəmirov Nizami, həmçinin mübahisəli mənzildə hazırda qeydiyyatda olan X4 qızı və X3 da mənzilə dair orderin iddiaçının adına keçirilməsinə və kirayə müqaviləsinin bağlanmasına etiraz etmirlər. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosesual normaların tətbiqi baxımından qanuni və əsaslı olduğundan dəyşdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayətinin dəlilləri isə məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından əsassız hesab olunaraq şikayət təmin olunmamalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin təzələnmiş iş üzrə 2-1(112)-5507/2021 saylı 23 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Elşən Kazımov Hakim: Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2-1(103)-2877/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2877/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver