Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2878/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24.09.2021ci il tarixli, 2-1(112)-9120/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına 31.07.2008-ci il tarixdə ilkin qeydiyyata alınmış ünvan 1 ünvanına dair verilmiş MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2-1(112)-9120/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2-1(112)-9120/2021 saylı qərardadının ləğv olunmasını, işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsibə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçının fikrini öyrənmədən bu qənaətə gəlməsi düzgün deyil. Çünki sorğuya cavab verən idarə iş üzrə cavabdehdir. Onun düzgün məlumat verməmək ehtimalı var. İddia tələbində göstərilənlərlə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Lakin, müraciət etməməsinin səbəbi Ali Məhkəmənin qərarında yazılanlardır. Çünki o qərarda yazılıb ki, iddiaçı bu iddia ilə bağlı inzibati məhkəməyə müraciət etməlidir. Qanunvericilikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hər hansı çıxarışı ləğv etmək kimi bir səlahiyyəti yoxdur. O idarə sadəcə hüquqların qeydiyyata alınması və qeydiyyata alınmasından imtina edilməsi ilə bağlı fəaliyyət göstərir. Hüququ qeydiyyta alanda isə qanuni əsasın olub-olmamasını yoxlayır. Hüququ qeydiyyata alarkən imtina etməmişdirsə qeydiyata alınmış hüququ öz mülahizəsinə əsasən ləğv edə bilməz. Səlahiyyəti olmayan bir məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməyi düzgün hesab etməmişdir. Ona görə də birbaşa məhkəməyə müraciət etmişdir. İddiaçı eyni iddia tələbi ilə bağlı əvvəllər ümumi məhkəməyə müraciət etmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh kimi həmin məhkəmələrdə dəfələrlə çıxış etmişdir. Bu isə o deməkdir ki, inzibati orqanla iddiaçı arasında mübahisə mövcuddur. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2-1(112)-9120/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarının 9-cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında olan (səh. 11) 17.08.2021-ci tarixli məktuba əsasən müəyyən olunmuşdur ki, məhkəmə tərəfindən iddiaçıya cavabdeh inzibati orqana ünvanlanmış müraciətin və müraciətə verilmiş cavab məktubunun məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Məhkəmənin məktubu iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana göndərilsə də qapı bağlı olduğundan rabitə orqanı tərəfindən iddiaçıya çatdırılmamışdır. Eyni zamanda, iş materiallarında olan (səh. 13) 17.08.2021-ci tarixli məktuba əsasən müəyyən olunmuşdur ki, məhkəmə tərəfindən cavabdehə iddiaçı tərəfindən “çıxarışın ləğv edilməsi”na dair müraciətin olub-olmaması ilə bağlı məlumatın təsdiqedici sənədlərlə birlikdə 5 gün müddətində məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 21.09.2021-ci il tarixli, **********04 nömrəli məktuba (səh. 15) əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən “çıxarışın ləğv edilməsi” tələbinə dair Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə hər hansı müraciəti daxil olmamışdır. Belə olan halda iddiaçı iddia tələbi ilə bağlı cavabdehə müraciət etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmamasına dair qərara gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2-1(112)-9120/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2878/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2878/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver