Məhkəmə qərarları › İş №2-1(103)-2878/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2878/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2878/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2151/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-ci il tarixdən istehsalatın müxtəlif sahələrində uzun müddətdir ki, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdır. 2022-ci il tarixdə 60 yaşı tamam olmuş və pensiya hüququ yaranmışdır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh orqana təqdim olunan "xxxx" ASC-nin 6 aprel 2022-ci il tarixli güzəştli arayışında iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək olan dövr ərzində Qaradağ sement zavodunda sement avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995- ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlər ərzində isə buldozer maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının Qaradağ sement zavodunda işlədiyi sement avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsi texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər vəzifəsinə, iddiaçının işlədiyi Qaradağ sement zavodu isə dağ-mədən işləri sahəsinə aid deyil. Əlavə olaraq, xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin 11 aprel 2022-ci il tarixli 08 nömrəli iddiaçıya dair güzştli arayışında qeyd olunan məlumatlardan göründüyü kimi, sözügedən müəssisə dağ-mədən işləri sahəsi üzrə fəaliyyət göstərmir. Buna görə də, iddiaçının həmin müəssisədə işlədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan iş stajı güzəştli sosial sığorta stajına aid edilməsi mümkün olmamışdır. Cavabdeh daha sonra etiraza əlavə təqdim edərək, qeyd etmişdir ki, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalının məbləği 45600,00 manat olduğu halda iddiaçının cəmi 42840,67 manat pensiya kapitalı mövcuddur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2151/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya onunla əsaslandırılmışdır ki, cavabdeh orqana təqdim olunan "xxxx" ASC-nin 6 aprel 2022-ci il tarixli güzəştli arayışında iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək olan dövr ərzində Qaradağ sement zavodunda sement avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995- ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlər ərzində isə buldozer maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının Qaradağ sement zavodunda işlədiyi sement avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsi texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər vəzifəsinə, iddiaçının işlədiyi Qaradağ sement zavodu isə dağ-mədən işləri sahəsinə aid deyil. Əlavə olaraq, xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin 11 aprel 2022-ci il tarixli 08 nömrəli iddiaçıya dair güzştli arayışında qeyd olunan məlumatlardan göründüyü kimi, sözügedən müəssisə dağ-mədən işləri sahəsi üzrə fəaliyyət göstərmir. Buna görə də, iddiaçının həmin müəssisədə işlədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan iş stajı güzəştli sosial sığorta stajına aid edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin vermiş olduğu sorğu sözügedən uyğunsuzluğun azalmasına deyil, artmasına səbəb olmuş və iddiaçının iddia tələbinin təmin edilməməsi üçün daha əlverişli şərait yaranmışdır. Belə ki, uyğunsuzluğun gözlənilməsi üçün ilk növbədə sahələrarası, daha sonra isə vəzifələrarası uyğunluğun olduğu sübuta yetirilmişdir. İddiaçının Qaradağ sement zavodunda və "xxxx" MMC-də olan fəaliyyət dövrü dağ-mədənlə əlaqəli olmağına baxmayaraq, qeyd edilən dövrlərdəki vəzfələrin ad oxşarlığı səbəbindən iddia təmin edilmişdir. Vəzifə uyğunluğunun adekvat olması üçün istinad edilən sahənin iddiaçının işlədiyi sahəyə uyğunluğunu göstərmək məcburidir. Məhkəmə qərarında bu uyğunluq göstərilə bilinmədiyindən müəssisənin hansı işlərlə məşğul olduğu göstərilərək həmin dövrlər güzəştli staja daxil edilmişdir. Məsələn, "xxxx" MMC ilə bağlı xx.xx.2022-ci il tarixli 18 nömrəli arayışda bildirilmişdir ki, müəssisə daş karxanasından götürülmüş daş qırıntılarından xırdalayaraq və gil yatağından götürülmüş gili əzərək sement istehsalı üçün xammal istehsal etməklə məşğuldur. Bundan başqa, müəssisənin ərazisində öz maşınlarına qulluq etmək üçün yanacaq doldurma məntəqəsi və maşınlara texniki xidmət sahəsi vardır, yəni maşınların dayanma meydançası, avtotəmir və avtoyuyum sahələri fəaliyyət göstərir. Karxana qırıntılarının xırdalanması işində əhəng daşı qırıntıları 1 ədəd UDSİ-02 markalı qurğuda və 1 ədəd başqa qurğuda xırdalanır, sonra şadaralanaraq çeşidlənir və tam lazımi vəziyyətə gətirilir. Göründüyü kimi iddiaçının çalışdığı sahənin dağ-mədən işləri ilə əlaqəsi sübuta yetirilə bilinməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının işlədiyi vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına əsas vermədiyini, eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı ona xx.xx.2022-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2cimaddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. İddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsi təşkil edir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.) Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: İddiaçının xx.xx.2022-ci ilə qədər azı 25 il ümumi iş stajının və azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının ümumi stajının 25 ildən çox olması işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, işin mübahisəli halı iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 aydan az olması ilə bağlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş: - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı, keçmiş Qaradağ sement zavodunda (hazırki Holcim(Azərbaycan) ASC) aşağıdakı vəzifələrdə çalışmışdır: 1.Sement avadanlığının təmiri üzrə çilingər (Yandırma 1sexi) -xx.xx.1984 - 1.04.1987(əmr 70K - xx.xx.1984-cü il). 2.Buldozer maşınisti - xx.xx.1993 - xx.xx.1994 (əmr 15K-2.02.1993-CÜ il, xx.xx.1994 -xx.xx.1995 (əmr 79K - xx.xx.1994-cü il) və xx.xx.2000 xx.xx.2002 (əmr 404K-1.09.2000-ci il). Yandırma -1 sexi zavodun əsas sexlərindən biri olaraq sement istehsalı üçün əsas yarım fabrikat olan klinker istehsal edir və sexdə fəaliyyət göstərən fırlanan soba sement istehsalının əsas texnologi avadanlığı hesab edilir. İddiaçı də həmin və digər texnoloji prosesdə istifadə olunan avadanlıqlara çilingər qismində xidmət göstərmiş və təmiri proseslərində iştirak etmişdir. Sement məhsulunun əsas tərkib hissəsi (85-90%) əhəng daşı və gil xammalı təşkil edir. Səhmdar Cəmiyyətdən 15 km aralıda şirkətə məxsus əhəng daşı və gil karxanası fəaliyyət göstərir və həmin xammalın dəmiryol vasitəsi ilə zavoda daşınması təmin edilir. Əvvəlcə İddiaçı Karxana sexində, sonra da karxana ərazisində yaradılmış Şahqaya avtoqarajında buldozer maşınisti vəzifəsində işləmişdir. Buldozer maşınistlərinin əsas funksiyası əhəng daşı və gilin müəyyən bir əraziyə toplanması prosesinin həyata keçirilməsi olmuşdur. Həmin funksiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarı ilə təsdiq olunmuş siyahıda aşağıdakı kimi öz əksini tapmışdır: 2010100a-13583 bulldozer maşinistləri; 2180100a-18559 - texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə təsdiq olunmuş siyahıda aşağıdakı kimi öz əksini tapmışdır: 1.Dağ-mədən işləri maddəsi; 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işləri bəndi; a) fəhlələr bölməsi; 10-cu abzas: buldozer maşinisti; 14. Tikinti materialları istehsalı maddəsi; 14.1. Sement istehsalı bəndi; a) fəhlələr bölməsi; 29-cu abzas: texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər. Hər iki peşə güzəştli şərtlərlə pensiyaya gedir və ümumilikdə güzəştli stajın müddəti 6 il, 8 ay və 27 gündür. Həmçinin məlumat üçün qeyd edilmişdir ki, 1951 -ci ildən fəaliyyət göstərən Qaradağ sement zavodunda çalışmış təmirçi çilingər və buldozer maşınisti vəzifəsini tutan bütün işçilər (müvafiq zərərli iş stajına malik olanlar) güzəştli şərtlərlə pensiya getmişlər; -"xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" MMC Qaradağ inzibati rayonu ərazisində fəaliyyət göstərir. Müəssisə daş karxanasından götürülmüş daş qırıntılarından xırdalayaraq və gil yatağından götürülmüş gili əzərək sement istehsalı üçün xammal istehsal etməklə məşğuldur. Bundan başqa, müəssisənin ərazisində öz maşınlarına qulluq etmək üçün yanacaq doldurma məntəqəsi və maşınlara texniki xidmət sahəsi vardır, yəni maşınların dayanma meydançası, avtotəmir və avtoyuyum sahələri fəaliyyət göstərir. Karxana qırıntılarının xırdalanması işində əhəng daşı qırıntıları (ölçüləri 400 mm qədər, nəmliyi 6%-ə qədər) 1 ədəd UDSİ-02 markalı qurğuda və 1 ədəd başqa qurğuda xırdalanır, sonra şadaralanaraq çeşidlənir və tam lazımi vəziyyətə gətirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Belə ki, iddiaçının ümumilikdə 21 il 10 ay 16 gün işlədiyi “buldozer maşınisti” və “sement avadanlığının təmiri üzrə çilingər” vəzifələrinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə “2010100a-13583” kod ilə nəzərdə tutulan “buldozer maşınistləri”, “2180100a-18559” kod ilə nəzərdə tutulan “texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər” bəndlər ilə uyğunluq təşkil etməsi "xxxx" ASCnin və "xxxx" MMC-nin arayışları ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin arayışlarda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, faktiki olaraq gördüyü işlər sadalanmış, həmçinin işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması göstərilmişdir. Həmçinin həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə 1.1.2 və 14.1-ci bəndləri ilə uyğunluq təşkil etdiyi də məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur. Apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının işlədiyi iş yerinin fəaliyyət istiqaməti, sahəsi ilə bağlı, həmin sahənin dağ-mədən sənayesi, sement istehsalı ilə bağlı olub-olmamasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı işin obyektiv araşdırılması məqsədilə Holcim ASC-yə sorğu ünvanlanaraq ASC-nin fəaliyyət istiqaməti barədə müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya əsasən Holcim ASC-nin nizamnaməsi məhkəməyə təqdim edilmişdir, nizamnamənin “Cəmiyyətin məqsədi, hədəfləri və fəaliyyəti” adlanan 3-cü maddəsinin 1-ci bəndinə əsasən Cəmiyyətin fəaliyyətinin əsas məqsədi sement və sement məhsullarının istehsalından, satışından və mənfəət əldə etməkdən ibarətdir. Bundan başqa "xxxx" MMC-nin məhkəməyə ünvanlanmış arayışlarında müəssisənın daş karxanasından götürülmüş daş qırıntılarından xırdalayaraq və gil yatağından götürülmüş gili əzərək sement istehsalı üçün xammal istehsal etməklə məşğul olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2151/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2151/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar