Məhkəmə qərarları › İş №2-1(103)-2879/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2879/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2879/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-895/2022 saylı, 25 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 04 iyul 2017-ci il tarixdən başlayaraq təyin olunub ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 57 yaşı 04 iyul 2017-ci ildə tamam olmuşdur. Əmək kitabçası, diplom və hərbi biletlə təsdiq olunur ki, 01 sentyabr 1977-ci il tarixdən 14 iyul 1978-ci il tarixinədək (10 ay 13 gün) 12 №-li Bakı şəhər Texniki-Peşə Məktəbində təhsil almış, 14 avqust 1978-ci il tarixdən 15 yanvar 1979-cu il tarixinədək (5 ay 1 gün) Bakı Soyuducular zavodunda nəzarətçi, 15 yanvar 1979-cu il tarixdən 16 aprel 1979-cu il tarixinədək (3 ay 1 gün) həmin zavodda yığıcı-çilingər peşələrində işləmiş, 24 aprel 1979-cu il tarixdən 01 iyun 1981-ci il tarixinədək (2 il 1 ay 8 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 17 iyul 1981-ci il tarixdən 14 sentyabr 1982-ci il tarixinədək (1 il 1 ay 27 gün) “Azərneftmaştəmir” İstehsalat Birliyinin Bakı Polad Kanatlar zavodunda dolayıcı (sarıyıcı) köməkçisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: 2160000a15034 qeyd edilən peşə), 16 noyabr 1982-ci il tarixdən 01 sentyabr 1983-cü il tarixinədək (10 ay 15 gün) “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində atıcı, 09 sentyabr 1983-cü il tarixdən 07 yanvar 1985-ci il tarixinədək (1 il 3 ay 28 gün) “Azərneftmaştəmir” İstehsalat Birliyinin Bakı Polad Kanatlar zavodunda dolayıcı (sarıyıcı) (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: 2160000a-15034 qeyd edilən peşə), 17 yanvar 1985-ci il tarixdən 07 sentyabr 2000-ci il tarixinədək (15 il 7 ay 20 gün) “Azərelektromaş” İstehsalat Birliyinin Bakı “Elektromaşın” zavodunda elektrik maşınlarının elementlərinin sarıyıcı (dolayıcı) (Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: 2160000a-15034 qeyd edilən peşə), 27 sentyabr 2000-ci il tarixdən 01 iyun 2001-ci il tarixinə (8 ay 4 gün) və 02 iyul 2001-ci il tarixdən 22 noyabr 2001-ci il tarixinədək (4 ay 20 gün) “LTB” firmasında dolayıcı (sarıyıcı), 23 noyabr 2001-ci il tarixdən 17 may 2005-ci il tarixinədək (3 il 5 ay 14 gün) "xxxx" ASC-də 7№-li Elektrik mühərriklərinin təmiri sahəsində dolayıcı (sarıyıcı) (Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: 2160000a- 15034 qeyd edilən peşə), 23 may 2005-ci il tarixdən 18 may 2007-ci il tarixinədək (1 il 11 ay 25 gün) "xxxx" ASC-nin 1 saylı sexində dolayıcı (sarıyıcı) (Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: 2160000a- 15034 qeyd edilən peşə), 01 fevral 2008-ci il tarixdən 22 oktyabr 2012-ci il tarixinədək (4 il 8 ay 21 gün) "xxxx" ASC-də dolayıcı (sarıyıcı) işləmişdir. 23 noyabr 2012-ci il tarixdən bu günə kimi isə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Zuğulba” İqamətgahında (şöbə statusunda) mühəndis kommunikasiyaları şəbəkəsinin mütəxəssisi işləyir. Beləliklə də, 01 yanvar 2006-cı il tarixinə kimi ümumi iş stajı 27 il 9 ay 9 gün, "xxxx" ASC-də elektrik mühərriklərinin təmiri sahəsində dolayıcı işlədiyi 3 il 5 ay 14 gün müddətdən əmək haqqı almadığı 2 il 3 ay 14 gün müddət çıxılmaq şərti ilə isə 25 il 5 ay 25 gün təşkil etmişdir. 01 yanvar 2006-cı il tarixinə kimi yığılmış 25 il 5 ay 25 gün ümumi iş stajının 19 il 10 ay 23 gününü “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əlvə edilmiş 2 nömrəli Siyahının Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri sahəsinə aid XV fəslində 2160000a-15034 kodla nəzərdə tutulmuş xüsusi ilə zərərli və ağır peşə hesab olunan məftil və tros dolayan (sarıyıcı) işləməklə qazanmışdır. Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan sənədləri təqdim etməklə cavabdehə 02 fevral 2021-ci il tarixli müraciətinə 17 mart 2021-ci il tarixli **********4 saylı məktubla güzəştli iş stajının olmaması bəhanəsi ilə imtina edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16 mart 2020-ci tarixli 10 saylı genişləndirmə arayışı ilə elektrik maşınlarının elementlərinin sarıyıcısı (dolayıcısı) çalışarkən mikalent, corab şəkilli qaytan, izoləedici yapışqan lent (tərkibinə aviasiya yağı və kükürd daxildir), şüşə lent, şüşə tekstolit, parafin, əyiltkən şüşə mikanit və şüşə tekstolit kimi zərərli materiallarla işləməyi təsdiq olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16 mart 2020-ci tarixli 10 saylı genişləndirmə arayışına əlavə olan 07 aprel 2021-ci il tarixli 09 saylı arayışı ilə elektrik maşınlarının elementlərinin sarıyıcısı peşəsinin Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əlavənin 2 nömrəli Siyahısının Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri sahəsinə aid XV fəslində 2160000a-15034 kodla müəyyən edilmiş məftil və tros dolayanlar peşəsinə uyğun olması bir daha öz təsdiqini tapmışdır. Bakı İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(112)-895/2022 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rəff edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti imtinaya və iddiaya etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, İddiaçının xx.xx.1978-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1985-xx.xx.2000-ci il tarixləri ərzində "xxxx" ASC-də elektrik maşınlarının elementlərinin sarıyıcısı, xx.xx.2001xx.xx.2005-ci il tarixləri ərzində "xxxx" ASC-nin elektrik mühərriklərinin təmiri sahəsində sarıyıcı vəzifəsində işləmişdir. Filialın aidiyyəti mütəxəssisləri tərəfindən xx.xx.2001-xx.xx.2005-ci illər üzrə iddiaçının qeyd olunan iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı sarıyıcı vəzifəsinin ağır və zərərli vəzifə hesab edilmədiyi üçün güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olmadığı müəyyən edilmişdir. Bundan başqa iddiaçıya yalnız 2002-ci il üzrə əmək haqqı hesablandığı aşkar edilmişdir. Qeyd edilən faktlar "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Həmçinin, xx.xx.1985-xx.xx.2000-ci illər ərzində iddiaçının "xxxx" ASC-də elektrik maşınlarının elementlərinin sarıyıcısı vəzifəsi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıdakı peşələr ilə üst-üstə düşmür. Belə olan halda, iddiaçı “ƏPQ” ilə tələb edilən 12 il 6 ay güzəştli iş stajı müddətini tamamlamamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini dəqiqləşdirərək, ona uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx xxxx 1960-cı il təvəllüdlü olmaqla, 57 yaşı tamam olduğu 04 iyul 2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində isə "xxxx" ASC-nin elektrik mühərriklərinin təmiri sahəsində işlədiyi sarıyıcı vəzifəsinin ağır və zərərli vəzifə hesab edilmədiyi üçün güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olmaması və xx.xx.1985-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi elektrik maşınlarının elementlərinin sarıyıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması əsası ilə pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 17 mart 2021-ci il tarixli, **********4 nömrəli imtina məktubu almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” AR Qanununun: - 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. - “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. - 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. - Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. İddiaçının müəyyən olunmuş yaş həddinə (57 yaş) çatması və 25 ildən artıq ümumi iş stajına malik olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqanın mövqeyi iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1985-xx.xx.2000-ci il tarixləri ərzində "xxxx" ASC-də işlədiyi elektrik maşınlarının elementlərinin sarıyıcısı, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri ərzində "xxxx" ASC-nin elektrik mühərriklərinin təmiri sahəsində sarıyıcı vəzifəsinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıdakı peşələr ilə üst-üstə düşməməsi ilə bağlıdır. Məhkəmə Kollegiyası iddianın əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün güzəştli iş stajı ilə bağlı aşağıdakı sübutlara nəzər yetirir: - İddiaçıya məxsus ИТ-İ № ******* saylı xx.xx.1978-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənərək tərcümə edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1978ci il tarixdən Bakı Soyuducular Zavodunda texniki nəzarət şöbəsinə 2-ci dərəcəli nəzarətçi təyin edilmiş (Əmr №176/k xx.xx.1978), xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixə qədər quraşdırma sexində 1-ci dərəcəli quraşdırıcı-çilingər işləmiş (Əmr №12/k xx.xx.1979), xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixə qədər Qala filialının buraz sahəsində iplik əyirənin köməkçisi (əmr 12/əmr xx.xx.1981-ci il), xx.xx.1982-ci il tarixdən xx.xx.1983cü il tarixə qədər “Xəzər dəniz neft-qaz sənayesi” Ümumittifaq sənaye birliyinin neft və qaz çıxarma üzrə idarəsinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində atıcı (Əmr №96, xx.xx.1982), xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixə qədər Qala filialının buraz sexində iplik əyirənin köməkçisi (əmr №70, xx.xx.1983), xx.xx.1985-ci ildən “Elektromaşına” Bakı zavodunda 1 saylı sexdə elektrik maşınlarının elementlərinin sarıyıcısı (dolayıcı) şagirdi (əmr № 8/k xx.xx.1985), xx.xx.1985-ci ildən həmin sexdə elektrik maşınlarının elementlərinin 1-ci dərəcəli sarıyıcısı (dolayıcı) (əmr №24/k xx.xx.1985), xx.xx.1988-ci ildən elektrik maşınlarının elementlərinin 2-ci dərəcəli sarıyıcı (dolayıcı) (əmr №017/pr, xx.xx.1988), xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 3-cü dərəcəli sarıyıcı (əmr №86\ist. xx.xx.1994), xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək ATB firmasında elektrik mühərrikləri təmir sexində sarıyıcı (əmr №7, xx.xx.2001), xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək ATB firmasında elektrik mühərrikləri təmir sexində sarıyıcı (əmr №8, xx.xx.2001), xx.xx.2001-ci il tarixdən 17 may 2005-ci il tarixədək "xxxx" (Bakı Elektrik Maşınları Zavodu) Acıq Səhmdar Cəmiyyətinin 7 nömrəli elektrik mühərriklərinin təmiri sahəsində 3-cü dərəcəli sarıyıcı (əmr №45, xx.xx.2001), xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC-də 1 saylı sexdə 3-cü dərəcəli elektrik maşınları elementlərinin sarıyıcısı vəzifəsində (əmr № 21k, xx.xx.2005) işləmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC-nin 19 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı Bakı Elektik Təmiri zavoduna xx.xx.1985-ci ildə 1 saylı sexə elektrik maşınlarının elementlərinin sarıyıcısı şagirdi kimi işə qəbul edilmişdir (əmr № 8/k xx.xx.1985-ci il). xx.xx.1983-cü ildə həmin sexdə, elektrik maşınlarının elementlərinin sarıyıcısı uzrə 1-ci dərəcəni almışdır (əmr № 24/k xx.xx.1985). xx.xx.1988-ci ildə elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 2-ci dərəcəni almışdır (protokol № 017/ist. xx.xx.1988), xx.xx.1994-cü ildə elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 3-cü dərəcəni almışdır (əmr № 86\ist. xx.xx.1994), xx.xx.2000-ci ildə işdən azad edilmişdir (əmr №109/k xx.xx.2000-ci il). Hal-hazırda “Bakı Elektromaşın” zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlanır. xx.xx.1985-ci ildən xx.xx.2000-ci illər ərzində işin gedişatında aşağıda adları çəkilən materiallarla işləmişdir. 1.Mikalent - 174 LFS-TT QOST 4268-79. 2. Corab şəkilli qaytan AS-4 (b)TY17 RSFSR-44,5873-79. 3. İzoləedici yapışqan lent- LSEPLO,17-2 OTY;TY-16-503,01674 (kompaundun tərkibinə aviasiya yağı və kükürd daxildir). 4. Şüşə lent LES,01820 QOST5937-81. 5. Şüşə tekstolit ST-L-QOST126552-74. 6. Parafin QOST- 23683-79. 7. Əyiltkən şüşə Mikanit - Q2FKP-20 - 0,25,8727-78. 8. Şüşə tekstolit STER-2 QOST-126552-74. Yüksək gərginlikli izolyasiyaçıların elektrik maşınlarının elementlərinin sarıyıcılarının əməyi işəmuzd qiymətləndirilmişdir. - "xxxx" ASC-nin 125/020 saylı xx.xx.2002-ci il tarixli məktubu ilə məhkəmənin sorğusu üzrə bildirilmişdir ki, iddiaçı 23 noyabr 2001-ci il tarixdən (əmr №45, 26 noyabr 2001-ci il) 17 may 2005-ci il tarixindək (əmr №25 , 18 may 2005-ci il) "xxxx" (Bakı Elektrik Maşınları Zavodu) Acıq Səhmdar Cəmiyyətinin 7 nömrəli elektrik mühərriklərinin təmiri sahəsində 3-cü dərəcəli sarıyıcı vəzifəsində işləmişdir. Əmək haqqı cədvəlinə əsasən işlədiyi müddət ərzində 2001-ci ilin noyabr- dekabr aylarında və 2002-ci ilin 12 ayı ərzində əmək haqqı almış və bu məbləğdən Dövlət Sosial Müdafiə Fonduna müvafiq ödənişlər köçürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki ümumi iş stajı 3 il 5 ay 6 gün, əmək haqqı ödənilən iş stajı isə 1 il 2 ay olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li əlavə 2 №-li siyahısı üzrə XV fəsildə Elektrotexnika istehsalat və elektrotexniki avadanlıqların təmiri sahəsində kod: 2160000a - 15034 - lə qeyd edilmiş məftil və tros dolayanlar peşəsi güzəştli iş stajı hesab edilir. - "xxxx" ASC-nin 125/34 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 2001-ci ilin noyabr-dekabr aylarında, 2002-ci ildə həmin müəssisədə əmək haqqı almışdır. - Azərbaycan Respublikası "xxxx" ASC-nin məhkəmənin sorğusu üzrə verilmiş 33 saylı xx.xx.2021-ci il tarixli məktubundan və əmək haqqı barədə arayışdan görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək elektrik maşınlarının elementlərinin (elektrik mühərriklərinin məftillərinin dolaqlarının) sarıyıcısı işləmiş və işlədiyi dövr ərzində əmək haqqı almışdır. - "xxxx" ASC-nin məhkəmənin sorğusu üzrə verilmiş 15 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC 1961-ci ildən 1 kvt dan-1000 kvt-a qədər elektrik mühərriklərinin istehsalı və təmiri ilə məşqul olmuşdur. İddiaçı da Azəıelektromaşın EİB nəzdində Bakı Elektik Təmiri zavoduna xx.xx.1985-ci ildə 1 saylı sexə elektrik maşınlarının elementlərinin sarıyıcısı şagirdi kimi qəbul edilmiş (əmr №8/k xx.xx.1985-ci il), xx.xx.1985cü ildə həmin sexdə elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 1-ci dərəcəni almış (əmr №24/k xx.xx.1985) xx.xx.1988-ci ildə elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 2-ci dərəcəni almış (protokol № 017/ist. xx.xx.1988), xx.xx.1994-cü ildə elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 3-cü dərəcəni almış (əmr № 86\ist. xx.xx.1994), xx.xx.2000-ci ildə Azərb. Resp.ƏM-nin 75-cı maddəsinin “a” bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə işdən azad edilmişdir (əmr№109/k xx.xx.2000- ci il). Hal-hazırda “Bakı Elektromaşın” zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlanır. Müəssisədə işləyən sarıyıcılar (dolayıçılar, izolyasiyaşılar) aşağıdakı işləri yerinə yetirmişdir. Gücü 100 kvt dan yuxarı olan elektrik mühərriklərinin dolanması, sarınması və izolə edilməsi texnoloji prosesinə əsasən sarıyıcı və dolayıcı xüsusi texnoloji qaydalarla izolyasiya materiallarının konstruktor sənədlərinə uyğun kəsir, izolyasiya materiallarını və dolaq naqillərini stator nüvəsi içliyinin yuvalarına yerləşdirir, sarğı qruplarının alın hissələrini fazalar arası izolə edir və dolağın alın hissəsini şüşə lilli iplə banda) edir. Bu işlərin yerinə yetirilməsində aşağıdakı material və avadanlıqlardan istifadə edilir. 1.Mikalent - 174 LFS-TT QOST 4268-

79. 2. Corab şəkilli qaytan AS-4 (b)TY-17 RSFSR-44,5873-79. 3. İzoləedici yapışqan lent- LSEPLO,17-2 OTY;TY-16-503,01674 (kompaundun tərkibinə aviasiya yağı və kükürd daxildir). 4. Şüşə lent LES,01820 QOST-5937-81. 5. Şüşə tekstolit ST-L-QOST126552-74.

6. Parafin QOST-23683-79. 7. Əyiltkən şüşə Mikanit - Q2FKP-20 - 0,25,8727-78. 8. Şüşə tekstolit STER-2 QOST-126552-74. Yüksək gərginlikli elekrik mühərriklərinin elementlərinin sarıyıcılarınin (dolayıcılarının və izolyasiyaçıların) zərərli əməyi mükafatlı və işəmuzd qiymətləndirilmiş, zərərli iş şəraitinə görə əlavə məzuniyyət verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XV. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsində 2160000a a) fəhlələr yarımbölməsində 2160000a—15034 kod ilə məftil və tros dolayanlar peşəsi təsbit olunmuşdur. İşin araşdırılmış hallarından göründüyü kimi müəssisədə işləyən sarıyıcılar (dolayıçılar, izolyasiyaşılar) eyni işləri yerinə yetirir, yəni gücü 100 kvt-dan yuxarı olan elektrik mühərriklərinin dolanması, sarınması və izolə edilməsi texnoloji prosesinə əsasən sarıyıcı və dolayıcı xüsusi texnoloji qaydalarla izolyasiya materiallarının konstruktor sənədlərinə uyğun kəsir, izolyasiya materiallarını və dolaq naqillərini stator nüvəsi içliyinin yuvalarına yerləşdirir, sarğı qruplarının alın hissələrini fazalar arası izolə edir və dolağın alın hissəsini şüşə lilli iplə banda) edir, yüksək gərginlikli elekrik mühərriklərinin elementlərinin sarıyıcılarınin (dolayıcılarının və izolyasiyaçıların) zərərli əməyi mükafatlı və işəmuzd qiymətləndirilmiş, zərərli iş şəraitinə görə əlavə məzuniyyət verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının çalışdıgı elektrik maşınlarının elementlərinin sarıyıcı peşəsi 2 nömrəli Siyahının XV. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsində 2160000a a) fəhlələr yarımbölməsində 2160000a—15034 kod ilə məftil və tros dolayanlar peşəsi ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Bakı Elektik Təmiri zavodunun 1 saylı sexində elektrik maşınlarının elementlərinin sarıyıcısı (15 il 05 ay 26 gün), xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" (Bakı Elektrik Maşınları Zavodu) ASC-nin 7 nömrəli elektrik mühərriklərinin təmiri sexində sarıyıcı (3 il 05 ay 25 gün), xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də 1 saylı sexdə 3-cü dərəcəli elektrik maşınları elementlərinin sarıyıcısı (7 ay 9 gün) vəzifələrində işləməklə xx.xx.2006-cı il tarixədək 19 il 08 ay 25 gün əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışmaqla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajını toplamışdır. Eyni zamanda, iddiaçının "xxxx" ASC-dəki ümumi iş stajı 3 il 5 ay 6 gün, əmək haqqı ödənilən iş stajı isə 1 il 2 ay olmuşdur. Belə ki, "xxxx" ASC-nin 125/34 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışı ilə müəyyən edilmişdir ki, iddiaçı 2001-ci ilin noyabr – dekabr aylarında, 2002ci ildə həmin müəssisədə əmək haqqı almışdır. Belə olan halda iddiaçının güzəştli iş stajı 19 il 08 ay 25 gün – (3 il 05 ay 25 gün – 1 il 2 ay) = 17 il 05 ay hesablanmalıdır. Bununla da, Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli stajla bağlı təqdim etdiyi arayış mötəbər sənəd hesab edilir, cavabdeh hər hansı bir əsas olmadan sadəcə formal olaraq ad (söz) uyğunsuzluğu baxımından həmin arayışı qəbul etməyərək iddiaçının hüquqlarının pozulmasına yol vermişdir. Həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində iddiaçıya məxsus əmək kitabçası, iş yerlərindən güzəştli arayışlar və hərbi biletdən müəyyən olunur ki, iddiaçı tələb olunan tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin formal xarakterli dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-895/2022 saylı, 25 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar