Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2879/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun ekvivalentliyinin müəyyyən edilməsi və ixtisasın tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6625/2023 saylı, 19 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilə kimi Cəbrayıl Rayon Məhkəməsində tərcüməçi, xx.xx.1994-cü ildən xx.xx.2007-ci ilə kimi Cəbrayıl Rayon Məhkəməsində iclas katibi vəzifəsində işləyib. Cəbrayıl Rayon Məhkəməsinin 01 noyabr 2007-ci il tarixli 10 saylı əmri ilə ali təhsilli hüquqşünas kimi məsləhətçi (iclas katibi) vəzifəsindən böyük məsləhətçi vəzifəsinə keçirilib və hal-hazırda da Cəbrayıl Rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində işləyir. İddiaçıya xx.xx.2003-cü ildə 3-cü dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2014-cü il tarixdə isə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. İddiaçı 2001-ci ildə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialında hüquq fakültəsinə hüquqşünaslıq ixtisası üzrə qiyabi şöbəyə qəbul olub və 2007-ci ildə “hüquqşünaslıq” ixtisası üzrə hüquqşünas dərəcəsi alıb. Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən Dövlət Attestasiya Komissiyasının 06 iyun 2007-ci il tarixli qərarı ilə xx.xx.2007-ci il tarixdə 591 qeydiyyat nömrəsi ilə qeydə alınmış ДИС ******* seriyalı diplom ilə ona “hüquqşünaslıq” ixtisası üzrə hüquqşünas dərəcəsi verilmişdir. İddiaçının diplomu Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən xx.xx.2008-ci il tarixli 90410 nömrəli Apostilə əsasən təsdiq edilmişdir. Apostil xx.xx.2008ci il tarixli ДИС ******* saylı ali təhsil barədə diploma əlavəyə vurulmuşdur. İddiaçı həmin diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – cavabdeh) müraciət edib və cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ДИС ******* saylı diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi Ekspert qrupu tərəfindən müəyyən olunmuş və müvafiq şəhadətnamənin verilməsinin məqsədəuyğun sayılmaması haqqında qərar qəbul etmişdir”. Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialında hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə qiyabi şöbədə oxuduğu vaxtı Dağıstan Dövlət Universitetinin çağırış arayışı əsasında Cəbrayıl Rayon Məhkəməsinin sədrinin daxili əmrləri ilə imtahan sessiyalarında iştirak etmək üçün ona ödənişli əlavə məzuniyyət verilmiş və imtahan sessiyalarında iştirak edib. Cavabdehin verdiyi imtina əsassızdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı müraciət edən zaman ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında olmadığı məlum olmuşdur. Bundan başqa, sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən - qanunsuz olaraq fəaliyyət göstərmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6625/2023 saylı, 19 may 2023-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilərək, İddiaçı məxsus Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən Dövlət Attestasiya Komissiyasının 06 iyun 2007-ci il tarixli qərarı ilə xx.xx.2007-ci il tarixdə verilmiş və 591 qeydiyyat nömrəsi ilə qeydə alınmış ДИС ******* seriyalı diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Qərar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7 və 73.3-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İ hissəsinə əsasən, ali təhsil müəssisəsi - ali təhsil verən və tərəfin səlahiyyətli qurumu tərəfindən tanınan müəssisədir. Məhkəmə bu müddəanı nəzərə almadan ərizəçinin təhsil aldığı müəssisənin müvafiq lisenziya əldə etməməsinə və akkreditasiyadan keçməməsinə baxmayaraq, iddia tələbini təmin etmişdir. Ərizəçinin təhsil aldığı müddətdə qüvvədə olan “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növünə aid edilmişdir. Lakin ərizəçinin təhsil aldığı müəssisənin təhsil fəaliyyəti göstərməsi üçün müvafiq lisenziya əldə etmədiyi müəyyən edilmişdir. Ərizəçinin təhsil aldığı illərdə qüvvədə olmuş həmin qaydalara edilmiş 2 nömrəli əlavənin 17.3-cü bəndinə əsasən ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Məhkəmə iddiaçının təhsil aldığı ali təhsil müəssisənin müvafiq qaydada qanunauyğun fəaliyyət göstərməməsi barədə cavabdehin mövqeyini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Belə ki, ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı 2001-ci ildə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialında hüquq fakültəsinə hüquqşünaslıq ixtisası üzrə qiyabi şöbəyə qəbul olub və 2007-ci ildə “hüquqşünaslıq” ixtisası üzrə hüquqşünas dərəcəsi alıb. Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən Dövlət Attestasiya Komissiyasının 06 iyun 2007-ci il tarixli qərarı ilə xx.xx.2007-ci il tarixdə 591 qeydiyyat nömrəsi ilə qeydə alınmış ДИС ******* seriyalı diplom ilə ona “hüquqşünaslıq” ixtisası üzrə hüquqşünas dərəcəsi verilmişdir. Diplomun tanınması barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının diplomunda və heç bir sənədində Universitetin Bakı filialında təhsil almasının göstərilməməsi, həmin Universitetin Bakı filialının lisenziyasının olmaması, filialın qanunsuz fəaliyyət göstərməsi əsası ilə diplomun tanınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh tərəfindən verilən apelyasiya şikayətinin dəlilləri də, iddiaçıya verilən imtinanın və iddiaya qarşı verilən etirazın dəlilləri ilə eyni məzmunludur. İşdə olan xx.xx.2006-cı il tarixli məzuniyyət əmrindən görünür ki, iddiaçıya Dağıstan Dövlət Universitetinin Bakı filialında qış imtahan sessiyalarında iştirak etmək üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək haqqı ödənilən məzuniyyət verilmişdir. Bundan başqa, cavabdehin iddia ərizəsinə yazılı etirazına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Dağıstan Dövlət Universitetindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2010-cu il tarixli 18-22/428 №-li məktubda bildirilmişdir ki, iddiaçı 2001-2007-ci illərdə Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsil almış, ona hüquqşünaslıq ixtisası üzrə 591 reyestr nömrəli, ДИС ******* saylı, xx.xx.2007-ci il tarixli diplom verilmişdir. Qeyd olunan iş materiallarına əsasən iddiaçının Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsil alması öz təsdiqini tapır. Digər tərəfdən, Universitetin Bakı filialının lisenziyasının olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına”nın 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; - 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İstinad edilən normaya görə mənfi rəyin verilməsi üçün üç əsasdan biri olmalıdır: 1) alınmış təhsilin normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; 2) alınmış təhsilə görə diplomda verilən hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda; 3) alınmış təhsilin forması ilə bağlı Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iş materialları ilə istinad olunan hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Belə ki, iddiaçı qısaldılmış müddət üzrə qiyabi ali təhsil almış və bununla bağlı ona diplom verilmişdir. Cavabdeh iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil müddəti və təhsil formasının Azərbaycan Respublikasında yol verilməməsini mübahisələndirməmiş, həmçinin iddiaçıya məxsus diplomda verilən hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması mübahisə doğurmamışdır. Cavabdeh inzibati orqan yalnız iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin Bakı filialının qanunsuz fəaliyyət göstərdiyini, yəni Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən fəaliyyət göstərdiyini bildirməklə imtina cavabı vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iddiaçıya verilən imtinanın və iddiaya qarşı verilən etirazın dəlilləri ilə tamamilə üst-üstə düşür. Bu səbəbdən də, kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6625/2023 saylı, 19 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6625/2023 saylı, 19 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2879/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2879/2023
26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver