Məhkəmə qərarları › İş №2-1(103)-2879/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2879/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2879/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X27 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və X17 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9542/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş real zərərin məbləği - 116576 manat, bank faizinin uçot dərəcəsinin məbləği - 34937,50 manat, mənəvi zərərin məbləği - 10000 manat, hüquqi yardıma görə ödənilən xərclər - 500 manat, ekspertiza xərcləri - 200 manat, cəmi - 162213,50 (yüz altmış iki min iki yüz on üç manat əlli qəpik) manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdehlərin dövlət büdcəsi hesabından tutulub onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 78, mənzil 178 ünvanda yerləşən ev xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 544 nömrəli reyestr kitabının 50131 nömrəli vərəqində xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınmışdır. 28 ildən artıq müddətdir ki, Laçın rayonundan məcburi köçkün olan X23 və onun ailə üzvləri onun mülkiyyətində olan mənzili zəbt edib bu günə kimi orada yaşayırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.1998-ci il, xx.xx.2008-ci il və 27 aprel 2015-ci il tarixli qətnamələri ilə iddiaçılar T.A.Mehdiyev, S.S.Quliyev və İddiaçı cavabdehlər A.M.Həsənova və digərlərinə qarşı mənzildən çıxarılmasına dair iddiası təmin edilmiş, Asif Həsənovun və onun ailə üzvlərinin Bakı şəhəri, Babək prospekti, 78 saylı evin 178 saylı mənzilindən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsində qeyd olunur ki, hazırki qətnamə Laçın rayonundan məcburi köçkün olan X7 və onun ailə üzvlərinin Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsasdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə icra sənədi üzrə tələbkar İddiaçı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi” ərizəsi təmin edilmiş və Xətai rayon İcra şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında verilən icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə Xətai rayon İcra şöbəsi tərəfindən verilmiş şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Borcluların mübahisəli mənzildən çıxarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin üç qanuni qüvvəyə minmiş qətnaməsi olsa da, 23 ildən artıq bir müddətdir (1998-ci ilin yanvar ayından bu günə kimi) həmin məhkəmə qətnamələri icra olunmur, borclular ona məxsus mənzili zəbt edərək uzun müddətdir ki, orada qanunsuz olaraq yaşayır və bununla da onun mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar. Xətai rayon İcra Şöbəsi məhkəmə aktı əsasında verilən icra sənədini 23 ildən artıq müddət ərzində icra etməmiş və bunun üçün hər hansı konkret hərəkət keçirməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən də, bu 23 il ərzində 3 qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icra edilməsi üçün heç bir tədbir görülməmiş, Laçın rayonundan məcburi köçkün olan A.M.Həsənovun ailəsinə hər hansı yaşayış sahəsi ayrılmamış və onlar bugünə kimi mənzillə təmin edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 213 nömrəli ekspertizanın mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 78 saylı evin 178 saylı mənzilinin hazırkı Respublikadaxili orta bazar qiyməti 86000 (səksən altı min) manat, bir aylıq kirayə haqqının orta bazar qiyməti isə 392 (üç yüz doxsan iki) manat müəyyən edilir. Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin və Xətai rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində o, əmlakdan məhrum olduğuna (86 min manat) və bu 6 il 6 ay ərzində məcburiyət qarşısında qalaraq ailəsi ilə birlikdə (özü, həyat yoldaşı və azyaşlı uşaq) kirayədə yaşadığına görə (78 ay × 392 manat = 30576 manat) ailələrinə 116576 (yüz on altı min beş yüz yetmiş altı) manat məbləğində maddi ziyan (real zərər) dəymişdir. Digər tərəfdən, cavabdehlərin bu 6 il 6 ay ərzində məhkəmə qətnaməsinin icra edilməsini gecikdirdiyinə görə ona məxsus əmlakın dəyərinin məbləğindən fazilər ödənilməlidir. xx.xx.2021-ci il tarixinə Azərbaycan Respublikasının Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi 6,25% təşkil edir. Cavabdeh 2015-ci ilin aprel ayından 2021-ci ilin noyabr ayına kimi ona məxsus dəyəri 86.000 manat olan mənzilin qaytarılmasını gecikdirdiyinə və məhkəmə qətnaməsini vaxtında icra edilməməsinə görə, həmin əmlakın dəyərinin 6,25 % məbləğində - hər il üçün 5375 manat, 6 il 6 ay üçün 34937,50 manat məbləğində pul cavabdehdən tutulub onun xeyrimə ödənilməlidir. Eyni zamanda, Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin və Xətai rayon İcra şöbəsinin qanunsuz hərəkətlər nəticəsində ona və yaxınlarına mənəvi zərər dəymişdir, çünki bu müddət ərzində ailəsi mənəvi sarsıntı və iztirab keçirmişdir. Qaçqınların və X16 üzrə Dövlət Komitəsi və Xətai rayon İcra şöbəsi tərəfindən ailəsinə vurduğu mənəvi zərəri o, 10.000 manat məbləğində qiymətləndirir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-3850/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1515/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin işə üçüncü şəxs qismində cəlb edilməsi ləğv olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1515/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3850/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1386/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)- 1515/2022 nömrəli qərardadı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə münasibətdə ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)- 1515/2022 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-813/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3850/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərardadı qismən - cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə münasibətdə ləğv edilmiş, həmin hissədə iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində dəymiş real zərərin məbləği - 39592 manat, bank faizinin uçot dərəcəsinin məbləği - 65145 manat, mənəvi zərərin məbləği - 10000 manat, hüquqi yardıma görə ödənilən xərclər - 500 manat, ekspertiza xərcləri - 200 manat, cəmi - 115437 manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdeh Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin dövlət büdcəsi hesabından tutulub onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-9542/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin olunmamışdır. Hazırda həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin qərarı qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə qərarında göstərilən müddəalar, guya ki cavabdeh məhkəmə qərarının icrasını təmin etmək üçün icra haqqında qanunvericiliklə zəruri olan hərəkətləri yerinə yetirmiş, onun bu hərəkətlərinin (hərəkətsizliyinin) hüquqa zidd və təqsirli olması müəyyən edilməmiş, çünki məhkəmə qətnaməsinin icrası üçün tələb olunan şərt cavabdehin səlahiyyətində olmamışdır, onun qanunvericiliyə əsasən məcburi köçkünlərin mənzillə təmin etmək kimi bir vəzifəsi müəyyən edilməmişdir və buna görə də məhkəmə hesab edir ki, işin araşdırılan halları ilə cavabdeh inzibati orqanın hərəkətində təqsirli davranış nəticəsində törədilmiş hüquq pozuntusu müəyyən edilmədiyindən iddia təmin oluna bilməz, tamamilə əsassızdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə icra sənədi üzrə tələbkar İddiaçı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi” ərizəsi təmin edilmiş və Xətai rayon İcra şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında verilən icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə Xətai rayon İcra şöbəsi tərəfindən verilmiş şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, yalnız 25 ildən sonra Azərbaycan Respublikasının Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 78 ünvanda yerləşən 178 saylı mənzildə məskunlaşmış Laçın rayonundan məcburi köçkün olan şəxslərin digər mənzilə küçürülməsi nəticəsində mənzilin mülkiyyətçisinə təhvil verilməsi mümkün olmuşdur. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində o, 8 il 5 ay ərzində məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə (özü, həyat yoldaşı və ağır xəstə olan azyaşlı uşaq) kirayədə yaşadığına görə ailəsinə 39592 manat məbləğində real maddi ziyan dəymişdir (101 ay x 392 manat = 39592 manat). Digər tərəfdən cavabdehin bu 8 il 5 ay ərzində məhkəmə qətnaməsinin icra edilməsini gecikdirdiyinə görə, ona məxsus əmlakın dəyərinin məbləğindən faizlər ödənilməlidir. Belə ki, cavabdehin 2015-ci ilin aprel ayından 2023-cü ilin oktyabr ayına kimi ona məxsus dəyəri 86000 manat olan mənzilin qaytarılmasını gecikdirdiyinə və məhkəmə qətnaməsinin vaxtında icra edilməməsinə görə, həmin əmlakın dəyərinin 9 % məbləğində - hər il üçün 7740 manat, 8 il 5 ay üçün 65145 manat məbləğində pul cavabdehdən tutulub onun xeyrinə əlavə ödənilməlidir (bank faizinin uçot dərəcəsinin məbləği). Qeyd edilən faktlar onu göstərir ki, 2015-ci ilin aprel ayından 2023-cü ilin oktyabr ayına kimi Bakı şəhəri Xətai rayon İcra şöbəsinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində məhkəmə qətnaməsi vaxtında icra edilmədiyinə görə dəymiş real zərərin məbləği - 39592 manat, bank faizinin uçot dərəcəsinin məbləği - 65145 manat, mənəvi zərərin məbləği - 10000 manat, hüquqi yardıma görə ödənilən xərclər - 500 manat, ekspertiza xərcləri - 200 manat, ümumilikdə isə ailəsinə vurulmuş zərərin məbləği - 115437 manat təşkil etmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən 25 il ərzində məhkəmə qətnamələrin icra edilməməsi və borcluların ona məxsus mənzili zəbt edərək uzun müddət orada qanunsuz olaraq yaşaması iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Bakı İnzibati Məhkəməsinin qərarı qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamış, bu da məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 78 saylı evin 178 saylı mənzilinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2276/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi təmin edilmiş, X23, X12, X32, X24, X18, X29, X25, X30, X26, X19, X8, X2 Bakı şəhəri Xətai rayonu Babək prospekti 78 saylı evin 178 saylı mənzilindən çıxarılması qət edilmişdir, hazırkı qətnamə Laçın rayonundan məcburi köçkün olan X7, X3, X20, X9, X4, X13, X10, X14, X11, X5, X1, X2 Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsasdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1509/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadının surətindən görünür ki, ərizə təmin edilmiş, Xətai rayon İcra və Probasiya şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-2276/2015 saylı qətnaməsi əsasında verilən icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 8(103)-820/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş şikayət təmin olunmamış və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 8(011)-1509/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanda Laçın rayonundan məcburi köçkün X23 və onun ailə üzvləri məskunlaşmışlar. Məhkəmə qətnaməsində həmin şəxslərin qeyd olunan mənzildən çıxarılması onların əvvəl Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi, daha sonra mübahisəli mənzildən köçürülməsi şərti ilə qət edilmişdir və qətnamənin icrası X23 və onun ailə üzvlərinin Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsindən asılı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Laçın şəhərindən məcburi köçkünlər - Xətai rayonu üzrə müvəqqəti qeydiyyatda olan X23 həyat yoldaşı X12, övladı X32, gəlini X6, nəvəsi X24 və X21 ilə birgə 1993-cü ildən Bakı şəhəri, Babək prospekti, 78 saylı evin 178 nömrəli mənzilində məskunlaşmışlar. X23 vəfat etmişdir. Ərazilər işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirilmişdir. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə nəticəsində məcburi köçkünlərlə iş sahəsində yeni bir mərhələ başlamışdır. İşğaldan azad olunmuş ərazilərin bərpası, eləcə də orada yaşayış üçün təhlükəsizlik şəraitinin yaradılması, infrastrukturun və daimi yaşayış yerlərinin inşa etməklə məcburi köçkün ailələrinin mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilərək, yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürülməsi nəzərlə tutulmuşdur. Odur ki, bölgələrdə, Bakı şəhəri və ətraf rayonlarda məcburi köçkünlər üçün mənzil tikintisi dayandırılmışdır. Hazırda Komitə tərəfindən işğaldan azad edilmiş əriazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahısı üzrə işlər aparılmaqdadır və həmin siyahı üzrə X3 adı da ailə üzvləri ilə birgə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş bütün ərazilərində, eləcə də erməni təcavüzü nəticəsində zərər dəymiş Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır və bu istiqamətdə artıq bir çox işlər görülübdür. Odur ki, Böyük Qayıdışla bağlı Laçın rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin özlərinə məxsus evlər dövlət tərəfindən bərpa olunaraq mərhələli şəkildə öz doğma yurdlarına köçürülməsi həyata keçiriləcək. X3 ailə üzvlərinə məxsus fərdi yaşayış evinin bərpa işləri tam başa çatdıqdan sonra 2023-cü ilin sonuna qədər köçürülməsi nəzərdə tutulub. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, aktı imza edənlər - Xətai rayon məhkəməsinin iş icraçısı X22, Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Xətai rayonu üzrə sektorun məsləhətçisi X15, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 78 ünvanında yerləşən 178 saylı mənzilin sahibi İddiaçı, Həmin mənzildə məskunlaşmış Laçın rayonundan məcburi köçkün X32 bu aktı tərtib etmişlər ondan ötrü ki, Həsənov Natiq zəbt etdiyi yuxarıda qeyd olunan 178 saylı mənzili öz sahibi İddiaçı təhvil vermişdir. Görünüdüyü kimi, həmin ünvanda məskunlaşmış şəxslərin Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən digər mənzilə köçürülməsi nəticəsində mənzilin mülkiyyətçisinə təhvil verilməsi mümkün olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh məhkəmə qərarının icrasını təmin etmək üçün icra haqqında qanunvericiliklə zəruri olan hərəkətləri yerinə yetirmişdir, onun bu hərəkətlərinin (hərəkətsizliyinin) hüquqa zidd və təqsirli olması müəyyən edilmir. Çünki məhkəmə qətnaməsinin icrası üçün tələb olunan şərt cavabdehin səlahiyyətində olmamış, onun qanunvericiliyə əsasən məcburi köçkünləri mənzillə təmin etmək kimi bir vəzifəsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə qərarının icrası təmin edilmədikdə həyata keçirilməli məcburi icra hərəkətləri “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş, cavabdehin yalnız həmin icra tədbirlərini həyata keçirmək vəzifəsi olmuşdur. İşin araşdırılan halları ilə cavabdeh inzibati orqanın hərəkətində təqsirli davranış nəticəsində törədilmiş hüquq pozuntusu müəyyən edilmir. Beləliklə, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetirilmir. İddiaçının cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyinə görə hüququnun pozulması öz təsdiqini tapmır. İddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi və mənəvi zərərin dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. İddiaçının cavabdehin qanunsuz hərəkətinə (hərəkətsizliyinə) görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Belə olan halda zərərin əvəzinin tələb edilməsi iddiası əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9542/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar