Məhkəmə qərarları › İş №2-1(103)-288/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-288/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-288/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “ona hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “ona hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-692/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. 3194603 saylı Hərbi Biletdən görünür ki, İddiaçı 03.11.1975-ci il tarixdən 04.11.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus 11.08.1973-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 01.01.1972-ci il tarixdən 11.07.1973-cü il tarixədək Dilijansk mühafizə şöbəsində gözətçi, 18.09.1973-cü il tarixdən 15.10.1975-ci il tarixədək M. Əzizbəyov adma Sumqayıt xlor-üzvi məhsullar zavodunda kəsici-hazırlayıcı, elektrik sexində elektrik çilingəri, 20.01.1978-ci il tarixdən 01.12.1995-ci il tarixədək Əzizbəyov adına Sumqayıt xlor-üzvi məhsullar zavodunda elektrik sexinə elektrik-montyoru (quraşdırıcısı) – kabelçi, Elektrik təmiri sexinə texnoloji sexlərdə elektrik maşınlarının təmiri üzrə 6-cı dərəcə ilə elektrik maşınlarının təmiri üzrə elektrik- montyoru sarıyıcısı və izolyasiya edici, texnoloji sexlərdə elektrik maşınlarının təmiri üzrə usta, 04.12.1995-ci il tarixdən 19.09.1997-ci il tarixədək “Azərkimyatikinti” Trestinin Mexanizasiya İdarəsində 6-cı dərəcəli elektrik maşınlarının təmiri üzrə çilingər; 20.09.1997-ci il tarixdən 21.09.1999-cu il tarixədək "xxxx" Kiçik Müəssisəsində direktor; 22.09.1999-cu il tarixdən 06.08.2008-ci il tarixədək “Üzvü Sintez” Zavodunun elektrik təchizatı sexinin elektrik avadanlığının istismarı üzrə sahə rəisi, sonra elektrik təchizatı və rabitə sexinin elektrik avadanlığının istismarı üzrə sahə rəisi, sonra həmin sexdə elektrik avadanlığının istismarı üzrə sahə rəisinin müavini, sonra isə elektrik təchizatı sexində sex rəisinin müavini; 02.11.2009-cu il tarixdən 31.03.2015-ci il tarixədək “BisMak X3” MMC-nin elektrik sexində 6-cı dərəcəli elektrik mantyoru; 01.04.2015-ci il tarixdən 31.10.2018-ci il tarixədək "xxxx" MMC-nin Texniki İşlər və ƏMTT Departamentinin Energetika Şöbəsində mühəndis sarğıçı peşəsində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********7 saylı 07.11.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün olmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda xəstədir, iş qabiliyyətini itirib. Əmək pensiyası alması üçün cavabdeh orqana müraciət etsə də, sonuncu onun tələbini təmin etməmişdir. Cavabdehin imtinası əsassızdır və həqiqətə uyğun deyil. Təqdim etdiyi sənədlərdən də görünür ki, tələb olunan 12 il 06 ay əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə sosial sığorta stajına qarşı 17 il 10 ay 11 gün staja malik olması ilə əlaqədar ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tam qanunauyğundur. Cavabdehin etirazları: İş üzrə cavabdehin iddiaya dair yazılı etirazı verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq plunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il siğorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya rəminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşiarın pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-İi siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının İdarəyə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin kollegiyasinın 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: - əmək kitabçası; - əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, İ hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; - mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); - Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədiiyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; - İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); İ - sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Bu səbəbdən də idarənin iddiaçıya ünvanladığı 07.11.2019-cu il tarixli **********7 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubu tamamilə qanunauyğun hesab edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-692/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı hüququnun yarandığı vaxtdan (57 yaşdan) ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair etirazın məmunu ilə eynilik təşkil edir. Əlavə olaraq iddianın “pensiyanın birdəfəlik ödənilməsi hissəsi” ilə bağlı qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyanın ödənilməmiş hissəsinin birdəfəlik ödənilməsi müddəası mövcud deyildir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialın nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 07.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı tələbi “ona hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun güzəştli iş stajının 12 il 6 aydan ildən az olmasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan 12 il 6 aydan artıq yəni, 17 il 10 ay 11 gün xüsusi iş stajının mövcud olmasının iş materialları ilə öz təsdiqini tapmasına istinad edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən aydın olur ki, o, 03.11.1975-ci il tarixdən 04.11.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 01.01.1972-ci il tarixdən 11.07.1973-cü il tarixədək, 18.09.1973-cü il tarixdən 15.10.1975-ci il tarixədək, 20.01.1978-ci il tarixdən 01.12.1995-ci il tarixədək , 04.12.1995-ci il tarixdən 19.09.1997-ci il tarixədək; 20.09.1997-ci il tarixdən 21.09.1999-cu il tarixədək; 22.09.1999-cu il tarixdən 06.08.2008-ci il tarixədək; 02.11.2009-cu il tarixdən 31.03.2015-ci il tarixədək; 01.04.2015-ci il tarixdən 31.10.2018-ci il tarixədək müxtəlif müəssisələrdə müxtəlif peşələrdə işləmiş və onun ümumi iş stajı 25 ildən artıqdır. Nəzərə alınmalıdır ki, ümumi stajla bağlı məsələ cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının güzəştli şərtlərlə iş stajının kifayət qədər olmaması təşkil edir. İş üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş “SOCAR” “Azərkimya” İB “Etilen-Polietilen” zavodunun Əmrlərindən görünür ki, İddiaçı 20.01.1978-ci il tarixdən M.Əzizbəyov adına Sumqayıt xlor üzvü məhsullar kombinatı "Sumqayıtkimya sənayesi" Birliyində elektrik montyoru – kabelçi, 24.05.1982- ci il tarixdən M.Əzizbəyov adına Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyində texnoloji sexlərdə elektrik maşınlarının təmiri üzrə 6-cı dərəcə ilə elektrik maşınlarının təmiri üzrə elektrik- montyoru sarıyıcısı və izolyasiya edici işləmişdir. “Etilen-Polietilen”zavodunun 61 saylı 09.06.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 20.01.1978-ci il tarixdən 31.05.1982-ci il tarixədək “Azərkimya” İB keçmiş “X5” zavodunun elektrik təchizatı sexində elektrik montyoru – kabelçi peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXİX bölməsinin 23100000—12624 şifrinə əsasən güzəştli pensiya təyin etmək hüququ verir. Birinci instansiya məhkəməsi iddiaçının qanunla tələb olunan 12 il 6 aydan artıq, yəni 17 il 10 ay 11 gün güzəştli şərtlərlə iş stajının olduğuna istinad etmişdir. Lakin həmin stajın mövcud olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirildiyi üçün apellyasiya baxışı zamanı bu barədə əlavə araşdırma aparılmışdır. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Bu baxımdan apellyasiya baxışı zamanı İddiaçı güzəştli iş stajının olmasını əsaslandırdığı peşələrlə bağlı onun çalışdığı müəssisələrə sorğu məktubları göndərilmişdir. Həmin sorğu məktublarına cavab olaraq SOCAR “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən 19.03.2021-cui il tarixdə məhkəməyə daxil olmuş məktubda bildirmişdir ki, İddiaçı “Azərkimya” İB keçmiş Sumqayıt “X5” zavodunda işlədiyi illər ərzində 20.01.1978-ci il tarixdən 31.05.1982-ci il elektrik sexində elektrik montyoru–kabelçi peşəsində çalışdığı dövr üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən (bölmə 35) 04 il 04 ay 12 gün güzəştli şərtlərlə əmək pensiyası hüququ verən staja malikdir. Lakin onun 01.06.1982-ci il tarixdən 01.12.1995-ci il tarixinə kimi elektrik təmiri sexində texnoloji sexlərdə elektrik maşınlarının təmiri sahəsində elektrik maşınlarının sarğılarının təmiri və izolə edilməsi üzrə elektrik mantyoru peşəsində və böyük usta vəzifəsində çalışdığı dövrdə onu texnoloji sexlərdə işləməsini təsdiq edən qeydiyyat jurnalı olmadığına görə həmin dövr üçün güzəştli arayışın verilməsi mümkün deyildir. “Etilen-Polietilen”zavodunun 189 saylı 19.05.2021-ci il və 296 saylı 02.08.2021-ci il tarixli arayışlarından görünür ki, İddiaçı 20.01.1978-ci il tarixdən 31.05.1982-ci il tarixədək tam iş günü olmaqla “Azərkimya” İstehsalat Birliyinin “X5” zavodunun elektrik təchizatı sexində elektrik montyoru–kabelçi peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş Siyahının (35-ci bölməsi) qurğulaşdırılmış kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə məşğul olan elektrik mantyoru vəzifəsinə aiddir ki, bu da istehsalatda güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Digər arayışda “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXİX bölməsinin 23100000—12624 şifrinə əsasən bu peşənin gözəştli pensiya təyin etmək hüququ verdiyi qeyd olunmuşdur. Həmçinin “Etilen-Polietilen” zavodunun 01.08.2021-ci il tarixli arayışının məzmununda əlavə olaraq göstərilmişdi ki, vətəndaş İddiaçı 01.06.1982-ci il tarixdən 01.12.1995-ci il tarixinə kimi elektrik təmiri sexində texnoloji sexlərdə elektrik maşınlarının təmiri sahəsində elektrik maşınlarının sarğılarının təmiri və izolə edilməsi üzrə elektrik mantyoru peşəsində və böyük usta vəzifəsində çalışdığı dövr üçün güzəştli arayışın verilməsi mümkün deyildir. Arayışda o da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən tam iş günü istehsalatda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində məşğul olan fəhlələr, ustalar və böyük ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər (bölmə Vİİİ), İddiaçı texnoloji sexlərdə tam iş günü ərzində işləməsini təsdiq edən sənəd (qeydiyyat jurnalı) mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Hazırki işdə iddiaçının istinad etdiyi 01.06.1982-ci il tarixdən 01.12.1995-ci il tarixinə kimi ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə- texnoloji sexlərdə elektrik maşınlarının təmiri sahəsində elektrik maşınlarının sarğılarının təmiri və izolə edilməsi üzrə elektrik mantyoru və böyük usta vəzifəsində qanunvericiliyin tələb etdiyi tam iş günü ərzində işləməsi faktı işəgötürən tərəfindən təsdiq edilmədi. Buna görə də həmin dövrün onun xüsusi stajına daxil edilməsi qeyri-mümkündür. Beləliklə, apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olundu ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunda nəzərdə tutulan şərtlərdən birincisi, yəni onun “25 il ümumi stajının olması” şərti təmin olunsa da, digər- 12 il 6 ay xüsusi (güzəştli) stajının olması şərti tamamlanmadığı üçün birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiasının təmin edilməsi ilə bağlı səhv nəticəyə gəlmişdir. Bununla belə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi qənaətinə gələn məhkəmə qərarının nəticəvi hissəsində iddiaçının pensiya təyinatının aparılmalı olduğu tarixi, yəni 08.01.2013-cü il tarixi də dəqiq göstərməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin qərarından görünür ki, iddiaçının “pensiyasının birdəfəlik ödənilməsi” ilə bağlı tələbi də tam təmin edilmişdir. Halbuki bu tələbin təmin edilmə əsasını məhkəmə iddiaçıya pensiyanın 57 yaşının tamam olduğu- 08.01.2013-cü il tarixdən təyin edildiyini və ötən illərin pensiya məbləğinin hesablanıb ödənilməsinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla yoxlamalı idi. Hazırda məhkəmə kollegiyası sözügedən tələbin əsas tələbə əlavə tələb olduğunu və əsas tələbin təmin olunmadığını nəzərə alaraq hesab edir ki, bu tələbin də təmin olunması üçün hər hansı əsas yoxdur. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, buna görə də cavabdeh inzibati orqan apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-692/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-692/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar