Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-288/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2767/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07-10 fevral 2023-cü il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 02 iyul 2021-ci il tarixli (№ **********4) cavabını qanunsuz hesab edərək, ona güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsillidir. Hazırda 66 yaşın içindədir. 07 may 1976-cı ildən 02 iyun 1978-ci ilə kimi (22 ay 23 gün) hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra əmək fəaliyyətinə başlamışdır. Yaşı ilə əlaqədar olaraq pensiya üçün müraciət etdikdə, əmək stajının kifayət qədər olmadığı bildirmişdir. Lakin onun 13 aylıq iş stajı əmək kitabçasına yazılmamışdır. Çünki əvvəlki əmək kitabçası itmişdir, hazırki əmək kitabçası sonradan yazıldıqda həmin 13 aylıq iş stajı təzə əmək kitabçasına yazılmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda göstərilir ki, Bakı Baş Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında 1956-cı il təvəllüdlü vətəndaş İddiaçı xx.xx.1972-ci il tarixli, 222/ş saylı əmrlə Texniki peşə məktəbini bitirdikdən sonra 3-cü dərəcəli suvaqçı-rəngsaz vəzifəsinə işə qəbul olunması, xx.xx.1974cü il tarixli, 45 saylı əmrlə xx.xx.1974-cü il tarixdən işdən azad olunması və 1972, 1973, 1974-cü illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunmuşdur. Ona xx.xx.2021-ci il tarixində əmək pensiyası təyin olunması barədə cavabdehə müraciət etmiş, müraciətinə xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir ki, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslərə istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim edilmiş xx.xx.1979-cu il tarixində tərtib edilmiş NT-İ № ******* saylı əmək kitabçasına, 16 №-li texniki peşə məktəbinin № 419 saylı attestatının və hərbi biletinin surətinə əsasən xx.xx.2006-cı il tarixlinədək sığorta stajı 23 il 3 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli cavabı qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalar”ının 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Vətəndaşın təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı qanunla tələb olunan müddətdən, yəni 25 ildən azdır. İddiaçının Bakı Baş Tikinti İdarəsi 5 saylı Tikinti İdarəsində işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır. İşin mübahisələndirilməyən halı iddiaçının xx.xx.1976 - xx.xx.1978-ci illərdə hərbi xidmətdə olduğu və əmək kitabçasında qeyd olunan dövrlərdir. İşin mübahisələndirilən halı iddiaçının 1972, 1973 və 1974-cü illərdə Bakı Baş Tikinti İdarəsində işlədiyi dövrlərdir. İlk növbədə iddiaçının təqdim etdiyi xx.xx.1979-cu il tarixli, ИT-İ № ******* saylı əmək kitabçasına, 16 №li texniki peşə məktəbinin № 419 saylı attestatının və hərbi biletinin surətlərinə əsasən xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı 23 il 3 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İş materiallarında olan Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci il tarixli, 43 nömrəli arxiv arayışında Bakı Baş Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında İddiaçı xx.xx.1972ci il tarixli, 222/s saylı əmrlə Texniki peşə xx.xx.1974-cü il tarixli, 45 saylı əmrlə xx.xx.1974cü il tarixdə işdən azad olunması və 1972, 1973, 1974-cü illərə dair hesabat cədvəllərində əməkhaqqı hesablanması barədə məlumatlar qeyd edilmişdir. Lakin 1972-ci ilin oktyabr ayında, 1973-cü ilin yanvar - avqust və oktyabr - dekabr aylarında, 1974-cü ilin yanvar ayında İddiaçı əməkhaqqı ödənilmişdir. Qalan aylarda əməkhaqqı ödənilməmişdir. Beləliklə iddiaçıya bəzi aylarda əməkhaqqı ödənilməməsi onun həmin müəssisədə işləməsi faktını şübhə altına aldığı üçün həmin illərin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq iddiaçının tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2767/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: F.Mədətli) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Elektron Məhkəmə Sisteminin şəxsiyyət vəsiqəsi məlumatlarına baxış nəticəsində əldə edilmiş məlumatdan görünür ki, İddiaçı xx xxx 1956-cı il təvəllüdlü olmaqla Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən 07 oktyabr 1972-ci il tarixdə verilmiş 419 saylı attestatın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 16 noyabr 1970-cı il tarixdən 07 oktyabr 1972-ci il tarixədək 16 №-li texniki peşə məktəbində suvaqçı-rəngsaz peşəsi üzrə təhsil almış və ona 3-cü dərəcəli suvaqçı-rəngsaz ixtisası verilmişdir. İş materiallarında olan İT-İ № ******* saylı əmək kitabçasının dublikatının notarial qaydada təsdiq olunmaqla tərcümə olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdə Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyi XTİ-85 trestinə 2-ci dərəcəli suvaqçı qəbul edilmiş, xx.xx.1979-cu il tarixdən 3-cü dərəcəli suvaqçı keçirilmiş, xx.xx.1980-ci il tarixdən 4cü dərəcəli suvaqçı təyin edilmiş, xx.xx.1981-ci il tarixdən 5-ci dərəcəli suvaqçı təyin edilmiş, xx.xx.1982-ci il tarixdən suvaqçıların briqadiri keçirilmiş, xx.xx.1983-cü il tarixdən işdən azad edilmişdir. xx.xx.1983-cü il tarixdən Elmi-bərpa İstehsalat müəssisəsinə 5-ci dərəcəli rəngsaz-suvaqçı qəbul edilmiş, xx.xx.1989-cu il tarixdən 4-cü dərəcəli daşyonan ixtisası verilmiş, xx.xx.1990-cı il tarixdən 5-ci dərəcəli daşyonan ixtisası verilmiş, xx.xx.1990cı il tarixdən “Antik” Xüsusi Elmi-bərpa İstehsalat İdarəsinə keçməsi ilə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə “Antik” Xüsusi Elmi-bərpa İstehsalat İdarəsinə 1 saylı sahəyə 5-ci dərəcəli daşyonan qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə 22 saylı EBİİ-nə keçirilməsi ilə işdən azad edilmişdir.xx.xx.1993-cü il tarixdən 22 saylı EBİİ-də 5-ci dərəcəli daşyonan vəzifəsində, xx.xx.1994-cü il tarixdən 14 saylı EBİİ-də 5-ci dərəcəli daşyonan vəzifəsində işləmiş, xx.xx.1996-cı il tarixdə idarənin ləğvi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1996-cı il xx.xx.1999-cu il tarixədək 5-ci dərəcəli daşyonan vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 28 yanvar 2020-ci il tarixli, Ş-43 saylı məktubdan görünür ki, Bakı Baş Tikinti İdarəsi 5 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında 1956-cı il təvəllüdlü İddiaçı xx.xx.1972-ci il tarixli, 222/s saylı əmrlə Texniki peşə məktəbini bitirdikdən sonra 3-cü dərəcəli suvaqçı-rəngsaz peşəsinə işə qəbul olunması, xx.xx.1974-cü il tarixli, 45 saylı əmrlə xx.xx.1974-cü il tarixdən işdən azad olunması və 1972, 1973, 1974-cü illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar Dövlət Arxivinin Bakı filialında mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunmuşdur. Həmin cədvəldən görünür ki, İddiaçı 1972-ci ilin oktyabr ayı üzrə, 1973-cü ildə sentyabr ayı istisna olmaqla yanvar ayında-dekabr ayınadək bütün aylar üzrə, 1974-cü ilin yanvar ayı üzrə əmək haqqı ödənilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 02 iyul 2021-ci il tarixli, **********4 saylı məktubdan görünür ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmış və cavab olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə istinad olunaraq bildirilmişdir ki, hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim edilən xx.xx.1979-cu il tarixində tərtib edilmiş ИT-İ № ******* saylı əmək kitabçası, 16 №-li texniki peşə məktəbinin № 419 saylı attestatının və hərbi biletinin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək sığorta stajı 23 il 3 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda xx.xx.2006-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir İşdən görünür ki, iddiaçı ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının tələbi əsaslıdır və iddiaçının həqiqi hərbi xidmətdə olduğu, texniki peşə məktəbində təhsil aldığı və əmək kitabçasında qeyd edilmiş bütün dövrlərdən başqa Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş arxiv məlumatları əsasında xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Bakı Baş Tikinti İdarəsi 5 saylı Tikinti İdarəsində işlədiyi dövr də sosial sığorta stajına hesablanmaqla, pensiya təyin edilməsi üçün əsas götürülməlidir. Hazırki mübahisə üzrə iddiaçının həqiqi hərbi xidmətdə olduğu, texniki peşə məktəbində təhsil aldığı və ona məxsus əmək kitabçasında qeyd olunan dövrlər cavabdeh tərəfindən mübahisələndirilməmiş, cavabdeh tərəfindən iddiaçının 1972, 1973 və 1974-cü il tarixində Bakı Baş Tikinti İdarəsində işlədiyi dövrün əmək kitabçasında qeyd edilmədiyi əsası ilə həmin dövrün onun sosial sığorta stajına hesablanmasından imtina edilmişdir. Lakin iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Bakı Baş Tikinti İdarəsi 5 saylı Tikinti İdarəsində 3-cü dərəcəli suvaqçı-rəngsaz vəzifəsində işlədiyi dövrlərin əmək kitabçasını itirdiyi səbəbindən əmək kitabçasının dublikatına qeyd edilmədiyini iddia edir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, işdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş məktublardan görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixli, 222/s saylı əmrlə Texniki peşə məktəbini bitirdikdən sonra Bakı Baş Tikinti İdarəsi 5 saylı Tikinti İdarəsinə 3-cü dərəcəli suvaqçı-rəngsaz vəzifəsinə işə qəbul olunmuş və xx.xx.1974-cü il tarixli, 45 saylı əmrlə xx.xx.1974-cü il tarixdən işdən azad olunmuşdur. 1972, 1973, 1974-cü illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar Dövlət Arxivinin Bakı filialında mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunmuş və həmin cədvəl əsasında iddiaçıya həmin illərin bir neçə ayları üzrə əmək haqqı ödənilməsi müəyyən edilmişdir. Cavabdeh iddiaya dair verilmiş yazılı etirazında iddiaçıya 1972-ci ilin oktyabr ayında, 1973-cü ilin yanvar - avqust və oktyabr - dekabr aylarında, 1974-cü ilin yanvar ayında əməkhaqqı ödənildiyini, qalan aylarda əməkhaqqı ödənilmədiyini, beləliklə iddiaçıya bəzi aylarda əməkhaqqı ödənilməməsi onun həmin müəssisədə işləməsi faktını şübhə altına aldığı üçün həmin illərin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmadığını göstərmişdir. Məhkəmə cavabdehin göstərilən dəlilinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş cavab məktublarında Bakı Baş Tikini İdarəsi 5 saylı Tikinti İdarəsinin arxivə təqdim edilmiş sənədlərinin natamam olduğu qeyd edilmişdir. Bu da müəyyən aylar üzrə əmək haqqı ödənişləri ilə bağlı sənədlərin natamam olmasını istisna etmir. Digər tərəfdən arxiv sənədlərində olan məlumatlarda (işə qəbul olma və işdən azad olma barədə əmrlər üzrə) mübahisələndirilən dövr üzrə iddiaçının həmin idarədə işlədiyi təsdiq olunsa da, lakin iddiaçının əmək kitabçası dublikat olduğundan, yəni yenidən doldurulduğundan, həmin dövrün işəgötürən tərəfindən əmək kitabçasının dublikatına qeyd edilmədiyi qənaətinə gəlmək üçün əsas yaradır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X3 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Bakı Baş Tikinti İdarəsi 5 saylı Tikinti İdarəsində 3-cü dərəcəli suvaqçı-rəngsaz vəzifəsində işlədiyi dövrlər onun sosial sığorta stajına hesablanmaması barədə cavabdehin mövqeyi əsassız olmuşdur və həmin dövr ümumi iş stajına hesablanmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2020-cu ilin iyul ayının 1-dən 2021-ci ilin iyul ayının 1-dək kişilərin yaş həddi 65 yaş olmuşdur. «Həmin Qanununun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla, pensiya yaşı (65 yaşı) xx.xx.2021-ci ildə tamam olmuşdur. İddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Bakı Baş Tikinti İdarəsi 5 saylı Tikinti İdarəsində 3-cü dərəcəli suvaqçı-rəngsaz vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla, onun texniki peşə məktəbində təhsil aldığı və həqiqi hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla ümumi sosial sığorta stajı 25 ildən artıq müddəti təşkil edir. Bu da iddiaçının qanunla tələb olunan minimum 25 il sosial sığorta stajından artıq staja malik olduğunu, onun yaşa görə əmək pensiyası hüququnun yarandığını göstərir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinası iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulnıuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Bakı Baş Tikinti İdarəsi 5 saylı Tikinti İdarəsində 3-cü dərəcəli suvaqçı-rəngsaz vəzifəsində işlədiyi dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 65 yaş tam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri imtinanın, eləcə də etirazın dəlilləri eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2767/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-288/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-288/2023
10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver