Məhkəmə qərarları › İş №2-1(103)-2881/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2881/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2881/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X3 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və qeyriləri ) “öhdəliklərinin yerinə yetirilməməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8931/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 28.07.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş Notariat və Qeydiyyat İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, X7 oglu üçüncü şəxs qismində göstərilməklə “öz öhdəliklərinin yerinə yetirilməməsi, istintaq aparılmasına qərar verilməsi və s.” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vəzifəli şəxslər - Nəsimi rayon İcra Hakimiyyəti başçısı, 52 saylı MKİS-in rəisi, 13 saylı notariat kontorunun notariusu X4, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Daxili İşlər Nazirliyi, X7 oglu barəsində cavabdehə etdiyi şikayətlərinə baxılmır, paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildəki otagına özbaşına daxil olması, əmlakının məhv olunması, zədələnməsi, əmlakı məhv olduguna görə ona maddi ziyanın vurulmasına görə vəzifəli şəxslər barəsində istintaq aparılması və cinayət işinin başlanması barədə qərar qəbul etməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8931/2021 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8931/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual normaların kobud şəkildə pozulması ilə çıxarılmışdır, qərardad ləğv edilməli və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 06.10.2017-ci il tarixli məktubundan göründüyü kimi iddiaçının şifahi sorğusuna əsasən ona izah edilmişdir ki, mülki hüquqlarının pozulması və Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşlarının və qeyrilərinin qanunsuz əməllərinə dair çoxsaylı şikayətlərı aidiyyəti üzrə Nəsimi rayon İcra Hakimiyyətinə göndərilmiş və müvafiq araşdırma aparılmışdır. Nəsimi rayon İcra Hakimiyyətindən daxil olmuş 09.08.2017-ci il tarixli məktubdan və əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının müraciətlərində qonşusu Suriddin Rəhimov tərəfindən aparılmış təmir işləri səbəbindən ümumi dəhlizdən girişin bağlandığını bildirmiş və yerində baxış keçirilərkən S.Rəhimov tərəfindən mənzildə təmir işləri aparılan zaman ümumi dəhlizdən iddiaçının otağına girişin bağlandığı müəyyənləşərək Rayon İcra Hakimiyyəti və 52 saylı MKİS-in əməkdaşlarının iştirakı ilə giriş hissə bərpa edilmişdir. Lakin sonradan iddiaçı qonşu S.Rəhimovun mənzilinin texniki pasporta uyğun olmadığını bildirərək, sonuncunun mənzilində digər söküntü işlərinin aparılması tələbi ilə müraciətlərini davamı etdirmiş və ona dəfələrlə vətəndaşlara məxsus əmlakın yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə yolu ilə sökülməsinin mümkünlüyü barədə müfəssəl izahlar verilərək, həmin şikayətləri ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd olunanlara əsasən, nəzərinə çatdırılmışdır ki, qeyd edilən kateqoriyalı işlər Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında həll edildiyindən, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək hüququ vardır. - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 30.10.2019-cu il tarixli məktubundan göründüyü kimi Bakı şəhərində yerləşən 13 saylı notariat kontorunun notariusu X1 qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun “Çağrı mərkəzinə” daxil olmuş iddiaçının müraciətinə Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılmışdır. Bildirilmişdir ki, iddiaçının eyni məzmunlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə etdiyi müraciət “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq nəzarətdə saxlanılmaqla aidiyyəti üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin mahiyyətini cavabdeh Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən öz öhdəliklərinin yerinə yetirilməməsi, yəni onun hərəkətsizliyi təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı dəfələrlə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətlərinə qanunamüvafiq qaydada cavab verilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh orqan iş üzrə iddiaçının şikayət ərizələrinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxaraq cavab verdiyindən, cavabdeh tərəfindən iddiaçının hansı subyektiv hüquqlarının pozulması müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan qərardadın maddi və prosessual normaların kobud şəkildə pozularaq çıxarılması ilə bağlı qeyd edir ki, iddiaçı bu pozuntuların nədən ibarət olmasını əsaslandırmamışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8931/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar