Məhkəmə qərarları › İş №2-1(103)-2882/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2882/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2882/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1 iştirakı ilə İddiaçı-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “sərəncamların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati-Məhkəməsinin 2- 1(112)-7037/2021 saylı 06.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, "xxxx" MMC üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 01.06.2001-ci il tarixli 403 nömrəli sərəncamının “2.3” bəndi və İddiaçı-nin istifadəsində olmuş 2,8 ha torpaq sahəsinin "xxxx" MMC-yə ayrılması haqqında 24.05.2012-ci il tarixli 209 nömrəli sərancamının ləğv edilməsi, İddiaçı-yə məxsus 2,8 ha torpaq sahəsinin "xxxx" MMC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı-nin istifadəsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27.03.1991-ci il tarixli 3/104 nömrəli sərəncamı ilə Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizkənarı sahədə 2,53 ha və 2,8 ha torpaq sahəsi təsisçisi olduğu İddiaçı-nin istifadəsinə ayrılmışdır. 2,53 ha torpaq sahəsində inşaat-abadlıq islərinə başlanmış, tikililər sonradan İddiaçı-nin mülkiyyəti kimi qeydə alınaraq çıxarış verilmişdir. 2,8 ha torpaq sahəsində zəruri avandanlıqlar quraşdırılaraq təyinatı üzrə çimərlik qismində istifadə edilmiş, lakin lakin bir müddət xarici ölkədə müalicədə olmasından sui-istifadə edilərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının adından 01.06.2001-ci il tarixli 403 nömrəli saxta sərəncam tərtib və təsdiq edilməklə 2,8 ha torpaq sahəsinin İddiaçı-yə ayrılmasına dair 27.03.1991-ci il tarixli 3/104 nömrəli sərancamın 2.3-cü bəndinin ləğv edilmişdir. Bundan xeyli sonra iddiaçının hüquqlarımın bərpası məqsədilə dəfələrlə müvafiq dövlət qurumlarına, o cümlədən cavabdehə etdiyi müraciətlər nəticəsiz qalmışdır. Sonradan məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24.05.2012-ci il tarixli 209 nömrəli sərancamı ilə iddiaçının istifadəsindəki 2,8 ha torpaq sahəsi "xxxx" MMC-yə ayrılmışdır. Bununla əlaqədar hər iki sərəncamın ləğvi barədə 2015-ci ildə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən məhkəmənin müvafiq qərardadı ilə ekspertiza təyin edilmiş və müvafiq rəy alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının adından 01.06.2001-ci il tarixli 403 nömrəli sərəncamın tərtib və təsdiq edilməsinin saxta olduğu məhkəmə ekspertiza mərkəzinin rəyi ilə təsdiq edilmişdir. İşə məhkəmə baxışı zamanı cavabdeh və üçüncü şəxs barışıq sazişinin bağlanmasını təklif etmişdir. Bu təkliflə razılaşıb, iddia ərizəsinin qaytarılması barədə məhkəməyə müraciət etmiş və məhkəmənin 2015-ci il 04 sentyabr tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdehlər uzun müddət müxtəlif vədlər versələr də, öz vədlərinə əməl etməmişldir. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-7037/2021 saylı 06.09.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilərək mahiyyəti üzrə baxılması üçün işi birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «…qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddianını mümkünsüzlüyü barədə səhvə yol vermiş, iddia tələbini mübahisələndirmə kimi qiymətləndirmiş və İPM-in 38.1-ci maddəsinə əsasən hesab etmişdir ki, iddia müddəti ötürülmüşdür. Halbuki, iddia ərizəsinin mahiyyətindən və sonuncu cümləsindən göründüyü kimi iddia tələbi mübahisələndirmə deyil, məcburetmə haqqındadadır. Odur ki, məhkəmə İPMin 39.1-ci maddəsinə müvafiq iddianın mümükünlüyünü həll etməli idi. Çünki, o, saxta sərəncamın ləğv edilməsi barədə İPM-in 33.1 maddəsinə müvafiq 2021-ji ilin aprelin 12-də cavabdehə müraciət etmiş, sonuncu həmin müraciətə cavab vermədiyi üçün həmin Məcəllənin 39.1-ci maddəsinə müvafiq olaraq 35 gün keçdikdən sonra məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra cavabdeh müraciətə imtina cavab vermiş və imtinanın səbəbini əsaslandırmadan məhkəməyə müraciət etməyi tövsiyə etmişdir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil F.Hüseynli şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri, habelə məhkəməyə gəlmədiyi təqdirdə iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçının cavabdeh inzibati orqana qarşı yönələn iddia tələbləri iki hissədən ibarətdir:

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 01.06.2001-ci il tarixli 403 nömrəli sərəncamının “2.3” bəndinin və İddiaçı-nin istifadəsində olmuş 2,8 ha torpaq sahəsinin "xxxx" MMC-yə ayrılması haqqında 24.05.2012-ci il tarixli 209 nömrəli sərancamının ləğv edilməsi;

2. İddiaçı-yə məxsus 2,8 ha torpaq sahəsinin "xxxx" MMC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı-nin istifadəsinə qaytarılması. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 32.1-ci maddəsinə asasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məcəllənin qeyd olunan normasından da göründüyü kimi, iki hissədən ibarətdir: 1. inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinin tələb olunması; 2. mübahisə edilən aktın hüquq nətilərinin aradan qaldırılmasının tələb edilməsi.

1. İddiaçının da məhz iddia ərizəsində irəli sürdüyü tələbinin: birinci hissəsi İPM-in 32.1-ci maddəsinin 1-ci cümləsi; 2-ci hissəsi isə Məcəllənin 2-ci cümləsi ilə üst-üstə düşür. Göründüyü kimi, iddia tələblərini məcburetmə haqqında iddiaya aid etməsi düzgün təfsir hsab oluna bilməz. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 73.1-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmayıbsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbləri baxımından, mübahisələndirilən inzibati aktların ləğvinə dair məhkəməyə qədər iddiaçının cavabdehə ünvanladığı müraciətinin sonuncunun şikayət instansiyası tərəfindən təmin edilməməsi və ya ümumiyyətlə, həmin müraciətinə cavab verilməməsi, öz-özlüyündə həmin iddia tələblərinin məcburetmə haqqında iddia növünə dəyişdirmir, mübahisələndirmə haqqında iddia tələbləri olaraq qalır və hər bir halda, iddiaçının cavabdehin əlverişsiz ( hüquqlarından məhrum edən) inzibati aktlarının (birinə münasibətdə hissəvi, digərinə münasibətdə isə tam) ləğv edilməsi və onların hüquqi nəticələrinin aradan qaldırılması ilə bağlı iddia tələbləri mübahisələndirmə haqqında iddiapnın predmetini təşkil edir. İddiaçı tərəfindən isə cavabdehin inzibati aktlarından qanunvericiliyin qeyd olunan normaları ilə təsbit olunan iddia müddəti ötürılmüşdür. Belə ki, ən azından, onun apellyasiya şikayətindən göründüyü kimi, cavabdehin sərəncamları barədə 2015-ci ildə məlumatı olmuş, hətta hər iki sərəncamın ləğvi barədə 2015-ci ildə məhkəmədə iddia qaldırmış, hətta onlarla bağlı məhkəmə ekspertiza da təyin edilmiş və müvafiq rəy alınmış, sonunda isə barışıq sazişi bağlanmışdır. «İnzibati icraat haqqında» Qanunun 67.12-ci maddəsinin tələbinə görə qanunsuz inzibati akt. Həmin aktın ləğv olunmasını şərtləndirilən hallar məlum oldutğu gündən 1 il ərzində ləğv edilə bilər. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, İPM-in 24.4-cü maddəsinin tələbi baxımından, müddətin buraxılmasından 1 il keçdikdən sonra , onun bərpasına dair ərizə də verilməsinə yol verilmir. Beləliklə də iddia, müddətin ötürülməsi ilə verildüyündən, onun əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna edilir. İPM-in 35.1-ci maddəsinin tələbindən isə nəzərdə tutulur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, iddia mümkün sayılır. Əks təqdirdə, Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin həmin qərardadın əsassız və qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-7037/2021 saylı 06.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA A L D İ:

İddiaçı-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-7037/2021 saylı 06.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov

Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar