Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2882/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X6 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və diplomun akademik tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 667/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 oktyabr 2012-ci il tarixli xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyin (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərarın ləğv olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Həsənzadə X2 Avropa Tədrisi Universitetində 2009-cu ildən 2015-ci ilə qədər 6 il müddətində stomatologiya ixtisası üzrə bakalavr təhsili almışdır. Təhsil aldığı müddətdə, Gürcüstan səhiyyə sisteminin strukturu haqqında müasir təsəvvürlər; tipik vəziyyətlərə uyğun səhiyyə ilə əlaqədar normalarının tətbiqinin xüsusiyyətləri; vətəndaşların səhiyyə ilə bağlı birliklərinin fəaliyyətinin hüquqi təminatına dair əsas təsəvvürlər; Gürcüstanın səhiyyə sistemi haqqında əsas biliklər əldə etmişdir. O, X7 Universitetini yaxşı qiymətlərlə müvəffəqiyyətlə bitirmişdir. X7 Universitetini yaxşı qiymətlərlə başa vurub, xx.xx.2015-ci il tarixli EUTU N 000020 nömrəli stomatoloq ixtisası üzrə diplom almışdır. Təhsil aldığı illər ərzində təhsil ilə əlaqədar daimi olaraq Gürcüstan dövlətinə getmişdir. Təhsildə Keyfiyyət Təminat Agentliyinin 17 oktyabr 2012-ci il tarixli Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifıkasiyasımn) müəyyən edilməsi barədə Qərarına əsasən, ekspertiza zamanı tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Təhsil aldığı müddət ərzində daimi olaraq Gürcüstana getmiş, orada günlərlə qalmış və dərslərdə iştirak etmiş, X7 Universiteti tərəfindən tədrisini başa vurmasına dair diplom verilmişdirsə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması qeyri-mümkündür. Bu isə nə hüquqi cəhətdən, nə də faktiki olaraq onun diplomun tanınmasından imtina üçün qanuni əsas sayıla bilməz. Gürcüstan dövlətinin səlahiyyətli orqanı tərəfindən 2015-ci il 21 sentyabr tarixdə apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Apostil Direktor qismində fəaliyyət göstərən X4 tərəfindən imzalanmış, X7 Universitetinin möhürü/ştampına malik olmaqla təsdiq edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən bildirişə əsasən, xx.xx.2019-cu il tarixli elektron müraciətin nəticəsi barədə xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” elektron xidməti vasitəsilə əlavədə qeyd olunmuş məlumat verilmişdir. Diplomu aldıqdan sonra Azərbaycan Respublikasında hərbi xidmət keçmişdir. xx.xx.2015-ci ildən xx.xx.2016-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim olunmuş, məhkəmə iclasının qərardadı ilə iddiaçının iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçıya verilmiş EUTU 000020 nömrəli diplomun akademik tanınması öhdəliyinin cavabdehin üzərinə qoyyulması” kimi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-667/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı “cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və diplomun akademik tanınması öhdəliyinin cavabdehin üzərinə qoyyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı işin hallarından görünür ki, iddiaçının hazırkı tələbi ilə bağlı cavabdehə ünvanlıdığı sonuncu müraciətə cavabdeh tərəfindən son olaraq xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə verilmiş sonuncu imtina cavabında ona qarşı mümkün hüquqi müdafiə vasitələri qeyd edilməmiş, iddiaçı isə hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia müddəti ötürülməmiş və iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmayaraq iddianın mümkünsüzlüyü qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyasl apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-667/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-667/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Təhsildə X1rşı “cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və diplomun akademik tanınması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-2882/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2882/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver