Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2883/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «qərarın ləğv edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3423/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi, daha sonra, xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2023-cü il tarixli 3-17/3-3- 8066/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.1959- cu ildə doğulmuşdur. İddiaçı xx.xx.1976-cı ildə 120 adam günü, 1977-ci ildə 223 adam günü olmaqla Balakən rayonu Xalatala kənd sovetliyinə məxsus Kirov kolxozunda kolxozçu kimi işləmiş, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra xx.xx.1980-ci ildən hazırkı vaxta qədər “Xəzərdənizgəmitəmiri” zavodunda rəngsaz vəzifəsində çalışır. 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən DSMF-nin Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2023-cü ildə hazırkı cavabdeh tərəfindən aparılmış yoxlama zamanı iddiaçıya 50 yaşdan deyil, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması bildirilmiş və ona 50 yaşdan təyin edilmiş pensiya dayandırılaraq 52 yaşdan pensiya təyin edilmişdir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” AR Qanununun 39.1-ci maddəsinə əsasən hazırda aldığı əmək pensiyasından son üç il ərzində artıq ödənilmiş 18481.07 manat pul vəsaiti hər ay 63.73 manat olmaqla tutulmağa başlanılmışdır. Cavabdeh inzibati orqanın istər təyin edilmiş pensiyanın dəyişdirilməsi, istərsə də, artıq ödənilmiş məbləğin tutulması üzrə mövqeyi əsassızdır. Belə ki, inzibati orqan ilk növbədə iddiaçının pensiya hüququnun 52 yaşdan yarandığını iddia edir. İddia ərizəsinə əlavə olunmuş sənədlər və eləcə də iddiaçıya ilkin təyinat aparan orqanın tərtib etdiyi pensiya işinə baxış zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.1997-ci ilə qədər azı 20 il ümumi iş stajını və azı 10 il 1 №-li Siyahı ilə təsdiq edilmiş zərərli iş stajına malikdir. Cavabdeh inzibati orqan pensiya təyinat yaşını dəyişdirərkən hesab etmişdir ki, iddiaçıya 52 yaşdan güzşətli şərtlərlə yaşa görə pensiya təyin olunmalıdır. Lakin bu mövqenin əksini sübut edən cavabdeh inzibati orqanın vaxtilə təsdiq etdiyi Qaydalarda misallar mövcuddur. Belə ki, hazırda əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və bu kimi halları tənzimləyən norma Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Qaydalar”dır…” Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3423/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-8066/2023 saylı qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 28 il 7 ay 14 gün təşkil edir. Bununla əlaqədar 01.01 2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyaaının sığorta hissəsi 33,79 manat (28,62 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 55,35 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6920,64 manat sığorta kapitalına uyğun 48,06 (6920,64:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixinə 188,41 (55,35+48,06+85,00) manat məbləğində əmək pensiyası (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 637,39 manat) təyin edilməli olduğu halda, ona orta aylıq əmək haqqına uyğun olaraq 01,05.2009-cu il tarixindən 397,37 manat məbləğində əmək pensiyası təyin edilib (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 1253,38 manat). “Əmək pensiyaları haqqında” 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınaraq, iddiaçıya 18481,07 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 18481,07 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 63,73 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. “İnzibati icraat haqqında” Qanunun 21.3.4- cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktiarın qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçının tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin cavabdehin xx.xx.2023-cü il tarixli 3-17/3-3-8066/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansya məhkəməsi iddiaçının tələbini təmin edərkən hesab etmişdir ki, “...iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin «a» bəndinin xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya təyin edilməsi barədə qərarı qanuni əliverişli inzibati akt olmuşdur. Cavabdehin iddiaçıya 50 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək pensiya yaşının, pensiya hüququnun yarandığı tarixi 52 yaşa çəkməsi barədə xx.xx.2023-cü il tarixli qərarı qanunsuz, əliverişsiz inzibati aktdır. Qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticəsi aradan qaldırılmalıdır...” Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. İnzibati icraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İş materiallarından görünür ki, iddiaçıya 397,37 manat məbləğində ilkin pensiya təyinatı, onun xx.xx.2009-cu il tarixli ərizəsi əsasında DSMF-nin Xətai rayon şöbəsinin 17/2023 saylı 23 oktyabr 2009-cu il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və Vətəndaşların pensiya təminatı haqqında Qanunun 13-cü maddəsinin «a» bəndinin xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş redaksiyasına müvafiq olaraq aparılmışdır. Lakin cavabdeh orqan həmin pensiya təyinatından 14 il keçdikdən sonra, onun pensiya hüququnun 50 yaşdan deyil, 52 yaşdan yarandığını əsas tutaraq mübahisələndirilən qərarı ilə pensiya yaşını 50 yaşdan 52 yaşına çəkərək, ödənilmiş pensiyaısnda yaranmış 18481,07 manat məbləğində fərqi, “artıq ödənilmiş pul vəsaiti” adı altında 2023-cü ilin mart ayından etibarən pensiyasından hissə-hissə (hər ay 63,73 manat) tutmağa başlamışdır. Halbuki, ən azından, cavabdehin özünün də istinad etdiyi, “Əmək pensiyaları haqqında” Qanununun 39.1 -ci maddəsinin imperativ tələbinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İşin 85-ci vərəqində olan mübahisələndirilən qərardan isə görünür ki, iddiaçıya təyin edilmiş pensiya məbləğinin hansı əsasla azaldıldığı göstərilməmişdir. Yəni, qərarın əsaslandırıldığı müəyyən olunmur. Belə çıxır ki, cavabdeh orqan «Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələblərindən yan keçərək, iddiaçının ərizəsi əsasında qəbul etdiyi ilkin əlverişli inzibati aktı ilə müəyyən olunan onun yaş həddini «Əmək pesiyasının yenidən hesablanması haqqında» qərar qəbul etməklə, onun razılığı olmadan, məsələni özbaşına və qanunun tələblərinə məhəl qoymadan, çox rahat şəkildə məsələni öz istəyinə uyğun həll etmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 64.1-ci maddəsinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Eyni zamanda, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin” bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)… Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17/3-3- 8066/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının maddi və inzibati icraat haqqında hüquq normalarına zidd olduğu sübuta yetiriilir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qərarın maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun qəbul edildiyini vurğulamaqla, əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3423/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3423/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2883/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2883/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver