Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2884/2025 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (mülkiyyət hüququnun qeydiyyata alınması, inzibati aktın etibarsızlığı) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, **** saylı Sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 300 kv m torpaq sahəsi Qarabağ müharibəsi veteranı olduğuna görə iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) verilmişdir, lakin həmin vaxt şəxsiyyət vəsiqəsi olmadığına görə X1 Qurbanoviçin adına sənədləşdirilmişdir. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 300 kv.m. torpaq sahəsinə adına çıxarış verilməsindən ötrü cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət etmiş, lakin cavabdehin ##.##.2022-ci il tarixli cavab məktubu ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Bundan sonra iddiaçı AR ƏN-nin * saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisinə ərizə ilə müraciət edərək ##.##.2016-cı il tarixdə vəfat etmiş alası – X6mış miras əmlaka (Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 300 kvm torpaq sahəsi) dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, həmin notariat ofisi cavabdehə müraciət edərək miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarış verilməsini xahiş etmiş, lakin cavabdehin ##.##.2022-ci il tarixli cavabı ilə notariat ofisinin rəsmi müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdehn * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 300 kv m torpaq sahəsinin adına şəxsi mülk kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən və hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olan 300 kv metr torpaq sahəsinin iddiaçının X1 Qurbanoviçə mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2023-cü il tarixli qərardadı ilə, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2024-cü il tarixli qərardadı ilə, apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, **** saylı Sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 300 kv m torpaq sahəsi Qarabağ müharibəsi veteranı olduğuna görə iddiaçıya verilmişdir, lakin həmin vaxt şəxsiyyət vəsiqəsi olmadığına görə X1 Qurbanoviçin adına sənədləşdirilmişdir. X1 Qurbanoviç ##.##.2016-cı il tarixdə vəfat etmişdir, o, hələ sağlığında ##.##.2010-cu il tarixdə qeyd edilən torpaq sahəsini Bakı şəhər ** saylı Dövlət Notariat Kontorunda iddiaçıya vəsiyyət etmişdir.Torpaqların alqı-satqısına dair akta əsasən Səbail Bələdiyyəsinə qeyd etdiyi torpaq sahəsinə görə pul köçürülmüş və həmin qəbz Bələdiyyəyə təqdim edilmişdir. Torpaq sahəsinin çizgisi tərtib edilmiş və Bələdiyyə sədri tərəfindən təsdiq edilmişdir. Lakin qeyd etdiyi alqı-satqıya dair aktda tarix, bələdiyyənin adı və köçürdüyü pulun məbləği və qəbz qeyd edilməmişdir. Bununla əlaqədar iddiaçı həmin bələdiyyəyə şifahi qaydada müraciət etmiş, bələdiyyədən isə bildirilmişdir ki, 2004-cü ilə aid Bələdiyyədə olan arxiv sənədləri məhv edilmiş, əvvəlki Bələdiyyə sədri isə cinayət məsuliyyətinə cəlb edilmişdir.İddiaçı qeyd etdiyi ünvandakı torpaq sahəsinə adına çıxarış verilməsindən ötrü cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdehin ##.##.2022-ci il tarixli cavabı ilə ərizəsi təmin edilməmişdir.Bundan sonra iddiaçı AR ƏN-nin * saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisinə ərizə ilə müraciət edərək ##.##.2016-cı il tarixdə vəfat etmiş alası - X6mış miras əmlaka (Bakı şəhəri,Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 300 kvm torpaq sahəsi) dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, həmin notariat ofisi cavabdehə müraciət edərək miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarış verilməsini xahiş etmiş, lakin cavabdehin ##.##.2022-ci il tarixli cavabı ilə notariat ofisinin rəsmi müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. İddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına daxil olmaqla dövlət mülkiyyətindədir. Həmçinin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair bələdiyyə qərarı deyil, sərəncam təqdim edilmişdir. Bundan əlavə təqdim olunan “Torpaqların alqısatqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir, eyni zamanda təqdim edilmiş cizgidə istinadlar, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən mövqeyi mqəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim edilməmişdir. Həmçinin göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat təqdim edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Həmid Ağalarov) iddia tələbi rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, həmin sahə verildikdən sonra tərəflərindən orada tikinti işləri aparılaraq sahədən təyinatı üzrə istifadə edilməsini (şəkillər və video görüntü əlavə edilir), qanunla qorunan mənafelərini, işin hallarını birinci instansiya məhkəməsi nəzərə almamış, işin nəticəsi ilə maraqlı olan şəxsin rəyi üzrə qərar qəbul edərək maddi və prosesual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh idarə tərəfindən “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 58, 61 və 67-ci maddələrinin tələblərinə tam əməl olunmayaraq inzibati ictaatın qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, qərarda mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatlar öz əksini tapmamışdır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il # ####### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 7.3. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın *-* nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada): 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyin alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli Fərmanı: Bənd. 2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada):
7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il ## ### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nın 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının 2009-cu il ## ###### tarixli, ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin 3.4.5-ci bəndinə əsasən bələdiyyələrin hüdudlarındakı torpaqların torpaq sahəsi kimi dövlət torpaq kadastrı məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır (bənd 7.1). Bələdiyyələrin Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin xəritələrində onların ərazisi (o cümlədən, sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar dövlət torpaq kadastrının aparılması üçün əsas götürülür (bənd 7.2).
“İnzibati icraat haqqında” Qanun: Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt...
İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 300 kv. metr torpaq sahəsinin X1 Qurbanoviçə mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmamışdır. Çünki işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, sözügedən torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Mübahisəli torpaq sahəsinin Səbail bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən aydın olur ki, onun müvafiq torpaq ayrıma səlahiyyəti olmamışdır. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırkı halda iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Cavabdeh ## ###### 2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, vahid elektron kadastr bazasında torpaq sahəsinin bitişik hasar qonşuluğunda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, "Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Səbail rayonu, Səbail bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahələrinin eskiz cizgisini nəzərə alaraq, iddiaçı İddiaçı faktiki istifadəsində olan 300 kv.metr torpaq sahəsi, ayrılan zaman və hal-hazırda Səbail bələdiyyəsinə ayrılmış ərazinin hüdudları daxilində yerləşməklə, Səbail bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Səbail Bələdiyyəsinin **** saylı, ##.##.2004-cü il tarixli qərarı əsasında İddiaçı istifadəsinə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Səbail Bələdiyyəsi ərazisində yerləşən 300 kv.metr torpaq sahəsinin yaşayış massivində yerləşdiyini, o cümlədən mülki iş materiallarında olan məlumatları nəzərə alaraq, həmin torpaq sahəsinin kateqoriyasının “Yaşayış məntəqələri” torpaq kateqoriyasına aid olduğu müəyyən edilmişdir. Təqdim olunan torpaq sahələrinin baxış zamanı əldə olunan texniki parametrləri ilə Bakı şəhəri, Səbail bələdiyyəsi tərəfindən tərtib olunmuş cizginin göstəriciləri müqayisə edilərkən, həmin torpaq sahəsinin cizgiyə uyğun olaraq 300 kv.metr torpaq sahəsi olduğu müəyyən edilmişdir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, rəyin nəticə hissəsinin ikinci abzasında qeyd olunmuşdur ki, “Bakı şəhəri, Səbail rayonu, Səbail Bələdiyyəsi ərazisində yerləşən 300 kv.metr torpaq sahəsinin yaşayış massivində yerləşdiyini, o cümlədən mülki iş materiallarında olan məlumatları nəzərə alaraq, həmin torpaq sahəsinin kateqoriyasının “Yaşayış məntəqələri” torpaq kateqoriyasına aid olduğu müəyyən edilmişdir.” Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında mübahisəli torpaq sahəsinin kateqoriyasının “Yaşayış məntəqələri” torpaq kateqoriyasına aid edilməsinə dair məlumatlar yoxdur. Əksinə, ##.##.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, sözügedən torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Nəzərə almaq lazımdır ki, prosessual hüquq normalarının tələbləri baxımından ekspert rəyi əsaslandırılmalı, rəydə ekspertin apardığı tədqiqatların müfəssəl təsviri öz əksini tapmalı və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Ancaq ## ### 2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyinin məzmunundan mübahisəli ərazinin Səbail Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi nəticəsinə necə gəlinməsi ilə bağlı hər hansı əsaslandırma aparılmamışdır. Eyni zamanda torpağın Səbail Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşməsinə dair iş materiallarında hər hansı təsdiqedici sənəd yoxdur. Bundan başqa, nəzərə almaq lazımdır ki, "Dövlət torpaq kadastrı, torpaqların moitorinqi və yerquruluşu haqqında” Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Bu baxımdan məhkəmə tərkibi hazırkı işdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli mütəxəssis rəyini mötəbər sübit kimi qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə tərkibi belə qənaətə gəlir ki, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən edildiyindən hazırkı halda Səbail Bələdiyyəsinin müvafiq torpaq sahəsi üzərində qərar qəbul etmək səlahiyyəti olmamışdır. “İnzibati icraat haqqında” Qanunun sistemli təhlilindən, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli Qərardadından müəyyən olunur ki, inzibati aktlar əsasən səlahiyyət, forma, səbəb, məzmun və məqsəd ünsürlərinin vəhdətindən ibarət olur. Ali Məhkəmənin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli Qərardadında da qeyd olunduğu kimi, səlahiyyət — inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. İnzibati hüququn nəzəri əsaslarına görə, inzibati orqanın səlahiyyətinin zaman, məkan, subyekt və predmet baxımından sərhədləri müəyyən edilmişdir. Bu baxımdan inzibati məhkəmə icraatında inzibati aktın səlahiyyət ünsürü qiymətləndirilərkən zaman, məkan, subyekt və predmet baxımından müəyyən olunmuş sərhədlərin aşılıb-aşılmadığı araşdırılmalıdır. Elmi ədəbiyyatda qeyd edilir ki, inzibati orqanlar yalnız qanunla müəyyən edilmiş sərhədlər daxilində fəaliyyət göstərə bilər. Başqa sözlə desək, inzibati orqanların səlahiyyətləri dar təfsir (potestas stricte interpretatur) olunmalı və şübhə halında “səlahiyyət əleyhinə prezumpsiya” (in dubiis, non praesumitur pro potentia) işə düşür. Yəni inzibati orqanın hansısa məsələyə dair səlahiyyətli olub-olmaması ilə bağlı tərəddüd olarsa, bu zaman belə prezumpsiya edilir ki, inzibati orqan həmin məsələni həll etməkdə (inzibati akt qəbul etməkdə) səlahiyyətli deyil. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi belə qanaətə gəlir ki, Səbail Rayon Badamdar Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **** nömrəli qərarı müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş etibarsız inzibati akt kimi qiymətləndirilməlidir (İİQ-nin 65.1.2-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.