Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2885/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5031/2022 saylı, 19 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı Cavabdeh artıq ödənilmiş 1244,06 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayonu, Kəngərli kəndində qeydiyyat olan, Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, 43 korpus ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət edərək mərhum həyat yoldaşı X2 xx.xx.2021-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinə əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi gündən sonrakı ayın 1-dən dayanır. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh həyat yoldaşının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına xx.xx.2021-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 1844,06 (bir min səkkiz yüz qırx dörd manat altı qəpik) manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X8 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Cavabdeh ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1844,06 manat məbləğindən çıxılmış qalan 1244,06 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Tərəflərindən Cavabdeh yaranmış 1244,06 manat borcu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməsi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2021-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin hazıradək cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala daxil olmamışdır. Bu səbəbdən də tərəflərindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə uyğun qaydada “Artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********5 nömrəli Qərar tərtib olunaraq cavabdehin ünvanına göndərilmişdir. Lakin SS761291487AZ nömrəli poçt xəbərnaməsinə əsasən cavabdehin həmin ünvanda yaşamaması səbəbindən sözügedən X6 geri qaytarılmışdır. Sözügedən Qanunun 39.4-cü maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası üzrə borc ödənilib qurtarmamış əmək pensiyasının ödənişi dayandırılırsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən “əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (mərhum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qanuni əsas və ya müqavilə əsas olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir”. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5031/2022 saylı, 19 may 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5031/2022 saylı, 19 may 2022-ci il tarixli qərarı əsassızdır və ləğv edilməlidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinə əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi gündən sonrakı ayın 1-dən dayanır. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh həyat yoldaşının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına xx.xx.2021-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 1844,06 (bir min səkkiz yüz qırx dörd manat altı qəpik) manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X8 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Cavabdeh ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1844,06 manat məbləğindən çıxılmış, qalan 1244,06 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Cavabdeh yaranmış 1244,06 manat borcu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməsi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2021-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin hazıradək cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala daxil olmamışdır. Bu səbəbdən də tərəflərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə uyğun qaydada "artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması haqqında" xx.xx.2021-ci il tarixli **********5 nömrəli Qərar tərtib olunaraq cavabdehin ünvanına göndərilmişdir. Lakin SS761291487AZ nömrəli poçt xəbərnaməsinə əsasən cavabdehin həmin ünvanda yaşamaması səbəbindən sözügedən X6 geri qaytarılmışdır Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********85 saylı qərarından görünür ki, xx.xx.1970-ci il tarixində anadan olmuş, Tərtər rayonu, Kəngərli kəndində qeydiyyat olan, Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən 43 korpus ünvanında faktiki yaşayan borclu Cavabdeh xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində qalıq 1244,06 manat məbləğində artıq alınmış pul vəsaiti tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərar alınmışdır. İnzibati orqanın vətəndaşa ünvanlanmış xx.xx.2021-ci il tarixli **********9 saylı məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinə əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi gündən sonraki ayın 1-dən dayanır. X4 25 yanvar 2021-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına cari ilin fevral ayı üzrə əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Bu səbəbdən də mərhum Ramin Musayevə 1844,06 manat artıq pul vəsait ödənilmişdir. Ramin Musayevin vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya ölkə üzrə minimum əmək pensiyasının (200,00 manat) üç misli məbləğində 600,00 manat dəfn müavinəti hesablanmışdır. X5 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1844,06 manat vəsaitdən 600,00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 1244,06 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekv.izrtləri əlavə olunur) qaytarılması xahiş edilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X5 aldığı 922,03 manat məbləğində pensiya xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İlk növbədə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi Dövlət Sosial Müdafiə Fondu orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, Dövlət Sosial Müdafiə Fondu orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı məlum olur ki, cavabdeh ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, “ödənilmiş pensiya məbləğinin qaytarılması barədə” qərarın qəbulu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə iddiaçı artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılmasını tələb etmişdir. Qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, maraqlı şəxsi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, mərhumun kartına ödənilmiş pensiya məbləğinin onun tərəfindən geri qaytarılmalı olması nəticəsinə gəlmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5031/2022 saylı, 19 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5031/2022 saylı, 19 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2885/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2885/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver