Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2885/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2885/2023 (Açar sözlər: “hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı şəhəri 17 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5976/2023 saylı, 03 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı Niyətula oğlu xx.xx.2004-cü il tarixdə 12 saylı hüquq məsləhətxanasında vəkil, xx.xx.2005-ci-xx.xx.2008-ci il tarixədək 12 saylı hüquq məsləhətxanasının müdiri, xx.xx.2008-xx.xx.2011-ci il tarixədək Ağır Cinayətlərə dair işlər üzrə Azrbaycan Respublikası Məhkəməsində hakim, xx.xx.2013-cü ilədək Bakı Ağır Cinayətlər Məhkəməsində hakim, xx.xx.2018xx.xx.2022-ci il tarixədək Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini vəzifələrində işləmişdir.
3. Məhkəmə sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3- 16- 8/2-322/2023 nömrəli arayışından görünür ki, İddiaçı Niyətula oğlunun xx.xx.2020xx.xx.2022-ci illər üzrə aldığı əmək haqqının məbləği vəzifə maaşı, əmək stajına görə əlavə, vəzifə maaşına əlavə, təmsilçilik, müalicə üçün müavinət, müavinət, məzuniyyət haqqı, kompensasiya da daxil olmaqla cəmi 155124,35 manat təşkil etmişdir.
4. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi yaşa görə əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı iş stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin hakim kimi iş stajınız 15 ildən az (13 il 9 ay 17 gün (xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də sizə hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının hakim kimi stajının 15 ildən az, yəni 13 il 9 ay 17 gün (xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr) olmasına istinad edərək hakim kimi yaşa görə əmək pensiyasıyasının təyin edilməsindən imtina etmişdir.
6. İddiaçının 65 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş, 13 il 09 ay 17 gün hakim kimi iş stajı olmuşdur.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçının işlədiyi son 2 ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxması və müalicə olunması üçün müavinətlər daxil olmuş və həmin ödənişlərdən məcburi sosial sığorta haqları tutulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hakimlərə hər ay ödənililən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı, yəni 23 may 2020 - 23 may 2022-ci illər ərzindəki əmək haqqının orta aylıq miqdarının 75 faizi miqdarında əlavənin hesablanması vəzifəsinin cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsini bitirmişdir. 1974-cü ildə əmək fəaliyyətinə başlayaraq 1982-ci ilə kimi müxtəlif istehsalat sahələrində, 1982-ci ildən 2008-ci ilə kimi isə Azərbaycan Respublikası Vəkillər Kolegiyasında işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Sərəncamı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə hakim vəzifəsinə, xx.xx.2011-ci il tarixli Sərəncamı ilə Bakı Ağır Cinayətlər məhkəməsinə hakim vəzifəsinə, xx.xx.2018-ci il tarixli Sərəncamı ilə Bakı Ağır Cinayətlər məhkəməsi sədrinin müavini vəzifəsinə təyin olunmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli əmri ilə xx.xx.2022-ci il tarixdən hakim vəzifəsində olmağın son həddinə çatdığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini səlahiyyətlərinə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif olunmuşdur. 2022-ci ilin dekabr ayında müvafiq sənədləri təqdim etməklə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən 20.7.1-20.7.3-cü maddəsinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, sədr müavini kimi mənə ödənilən əlavə haqq, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, o cümlədən, ödənilmiş məzuniyyət haqqı və əmək haqqına ödənilmiş digər əlavələr nəzərə alımaqla əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh **********9 N°-li, 23 dekabr 2022-ci il tarixli məktubla iddiaçıya hakim kimi əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdehin məktubunda imtinanın əsası kimi “Əmək pensiyaları haqqında’’ Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 20.7.1-ci, 20.7.2-ci maddəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə əsasən hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxslərə münasibətdə təyin edildiyi, hakim kimi iş stajının 15 ildən az (xx.xx.2008 - xx.xx.2022 ci il tarixləri arasındakı dövr) 13 il 9 ay 17 gün olduğundan ona hakim kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi göstərilmişdir. Cavabdeh ona hakim kimi pensiya təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır, cavabdehin imtinası iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinin tələbləri və qorunan hüquqlarımın pozulması ilə nəticələnmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaya etirazında bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq, cavabdeh tərəfindən İddiaçı təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun hakim kimi iş stajının 15 ildən az (13 il 9 ay 17 gün (xx.xx.2008xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) olması, bu səbəbdən də ona hakim kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmadığı bildirilmişdir. Cavabdehin imtinası qanunidir yə iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yasına çatmış və ya bu yasa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1.-15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2.-15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 96-cı maddəsinə əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır.“Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin (əmək pensiyası yaşına çatmış sabiq hakimlər) əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxan hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İş materiallarında olan İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə (66 yaş) xx.xx.2023-ci il tarixdə çatmışdır. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və işin faktiki hallarından məlum olur ki, iddiaçı artıq xx.xx.2012-ci ildə hakim kimi yaşa görə pensiya hüququnun yarandığını iddia etsə də, 2012-ci ildə hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmadığına görə ona “Əmək pensiyaları haqqında” Qanunun 2017- ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün olmamaqla yanaşı qanunsuz hesab edilməlidir. Beləliklə, iddiaçı Ə.Haeıyevin iddia ərizəsində də qeyd etdiyi kimi, “Əmək pensiyaları haqqında" Qanuna 2017-ci il 1 iyul tarixli dəyişiklik edilənədək 9 il hakimlik stajı olsa da, hakim vəzifəsində olmanın son yaş həddinə yəni 66 yaşa çatmadığına görə Qanunun 20.1.4-cü maddəsinin tələbləri yerinə yetirilmədiyindən əvvəlki redaksiyaya əsasən hakim kimi yaşa görə əmək pensiyasıyasının təyin edilməsi iddiası əsassızdır. Həmçinin, "Əmək pensiyaları haggında” Qanunun qüvvədə olan redaksiyasına əsasən ona pensiya təyin edilməsi üçün azı 15 il hakim işləməsi tələb olunsa da, iddiaçının hakim kimi stajı 15 ildən az (13 il 9 ay 17 gün (xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyindən cavabdeh tərəfindən verilmiş imtina qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
11. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona sabiq hakim kimi xx.xx.2020-xx.xx.2022-ci illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla, 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən hakim kimi əmək pensiyasının təyin edilməsi, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə hesablanmaqla xx.xx.2022-ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin əsial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi ırtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5976/2023 saylı, 03 may 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı sabiq hakim kimi xx.xx.2020-xx.xx.2022-ci illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla, 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən hakim kimi əmək pensiyasının təyin edilməsi, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə hesablanmaqla xx.xx.2022ci il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq, cavabdeh tərəfindən İddiaçı təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun hakim kimi iş stajının 15 ildən az (13 il 9 ay 17 gün (xx.xx.2008xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) olması, bu səbəbdən də ona hakim kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmadığı bildirilmişdir.
14. Müəyyən olunur ki, iddiaçı xx.xx.2008-ci il tarixdə hakim təyin edildiyindən onun hakim kimi son yaş həddi 65 yaşdır. Odur ki, cavabdehin yaş həddi ilə bağlı gətirdiyi dəlil əsassızdır. İddiaçının hakim kimi pensiya almaq hüququ 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaranmışdır və ona həmin tarixdən hakim kimi pensiya təyin edilməklə hesablanıb ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi «Hakimlərin Statusuna dair Avropa Xartiyasının» 6.1-ci, 6.4-cü maddəsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci, 32.1-ci, 32.1-1-ci maddəsinə, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 20.1-ci, 20.1.4.-ci, 20.1.4-1.-ci, 20.7-ci, 20.7.1.-ci, 20.7.2.-ci, 20.7.3.-cü maddələrinə əsasən istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e2- 1(112)-5976/2023 saylı, 03 may 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
e) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. «Hakimlərin Statusuna dair Avropa Xartiyasının» 6.1-ci maddəsində göstərilir: - «Hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər». H - 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
23. 1.07.2017-ci il tarixdən qüvvəyə minən həmin dəyişiklərə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasının - 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: - 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; - 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; - -20.7-ci maddəsinə görə bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: - 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; - 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
28. İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq, cavabdeh tərəfindən İddiaçı təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun hakim kimi iş stajının 15 ildən az (13 il 9 ay 17 gün (xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) olması, bu səbəbdən də ona hakim kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmadığı bildirilmişdir.
29. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir.
30. Beləliklə, hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiya-hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin – ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa malik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyinin fərqli yanaşmasını tələb edir.
31. Qanunvericilik hakimiyyəti orqanı özünün diskresiya səlahiyyətlərindən istifadə edərkən hər hansı şəxslərin, o cümlədən hakimlərin pensiya təminatı hüququnun həyata keçirilməsinin şərtlərini müəyyənləşdirərək bunun üçün müvafiq hüquqi tənzimləmə qaydalarını qəbul edə bilər. Lakin dövlət hakimiyyəti orqanlarında çalışan və müxtəlif vəzifələri həyata keçirən şəxslərin, o cümlədən hakimlərin inkişaf prosesində olan pensiya təminatına dair qanunvericilik tənzimləmələri yalnız konkret və obyektiv hüquqi meyarlara söykənməklə həyata keçirilməlidir.
32. Hakimlərə münasibətdə isə nəzərə alınmalıdır ki, məhkəmənin istənilən təsirə dayanıqlığı yalnız hakimlərin etikası, nüfuzu, ixtisası, ləyaqəti və məsuliyyətilə deyil, həmçinin onların müstəqilliyinin bir hissəsi kimi qəbul olunan yüksək maddi-sosial təminatları ilə də birbaşa bağlıdır. Konstitusiyanın 127-ci maddəsində göstərilmiş hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri məhz yuxarıda qeyd edilən hakimlərin real maddi və sosial təminatlarından asılıdır. Bu mənada, pensiya təminatı hakimlər üçün müəyyənləşdirilmiş maddi-sosial imtiyaz kimi deyil, əksinə hakimlərin müstəqilliyinin təminatının bir vasitəsi kimi dəyərləndirilməlidir.
33. Məhz qanunvericiliyə edilmiş dəyişikliyi bu konteksdə qiymətləndirən məhkəmə qeyd edir ki, Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddi-sosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi onu deməyə əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər.
34. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.
35. Məhkəmə qeyd edir ki, məsələyə bu cür yanaşma öz əksini “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarında da tapmışdır.
36. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin xx.xx.2015-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə beş il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinə - 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər.
37. 30.12.2014-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 168-İVQD nömrəli Qanunu ilə həmin maddəyə edilmiş dəyişikliyə əsasən (dəyişiklik xx.xx.2015-ci ildə qüvvəyə minmişdir) 96-cı maddənin birinci hissənin birinci cümləsində “beş” sözü “üç” sözü ilə əvəz edilmiş, dördüncü cümləsində “həddinə” sözü “həddinədək” sözü ilə əvəz edilsin, “- 65 yaşınadək” sözləri və beşinci cümləsi çıxarılmaqla maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir.
38. “Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır.”
39. Bununla da birinci instansiya məhkəmələrinin hakimləri üçün son yaş həddi 66 yaş olaraq müəyyən edilmişdir.
40. Həmin Qanunun keçid müddəalarını tənzimləyən 2-ci maddəsində göstərilmişdir ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsi 2015-ci ilin yanvar ayının 1-dək vəzifəyə təyin edilmiş hakimlərə şamil edilmir. Bu tarixədək hakim vəzifəsinə təyin edilmiş şəxslərə münasibətdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin birinci hissəsinin bu dəyişikliklərdən əvvəlki redaksiyası tətbiq olunur.
41. Belə olan halda müəyyən olunur ki, iddiaçı xx.xx.2008-ci il tarixdə hakim təyin edildiyindən onun hakim kimi son yaş həddi 65 yaşdır. Odur ki, cavabdehin yaş həddi ilə bağlı gətirdiyi dəlil əsassızdır. İddiaçının hakim kimi pensiya almaq hüququ 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaranmışdır və ona həmin tarixdən hakim kimi pensiya təyin edilməklə hesablanıb ödənilməlidir.
42. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5976/2023 saylı, 03 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5976/2023 saylı, 03 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.