Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2886/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (“Pro Bono” Vəkil Bürosu) və üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (01.05.1964-cü il tarixində Naxçıvan MR-in Şərur rayonunda anadan olmuş, Abşeron rayonu, Görədil qəsəbəsi, Ərazi D ünvanında qeydiyyatdadır, faktiki olaraq yaşadığı ünvan-ünvan 2avabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6652/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 03.09.2020-ci il tarixində cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz sökülmüş əmlaklarına və torpaq sahələrinə görə cavabdehlərdən 7.832.000 manat məbləğində dəymiş maddi ziyanın,100.000 manat məbləğində isə mənəvi zərərin, cəmi 7.932.000 manat məbləğində pulun dövlət büdcəsi vəsaiti hesabına Maliyyə Nazirliyindən tutularaq, ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal və Cavadxan küçələrinin kəsişməsində qanunvericiliyin tələblərinə əsasən tərəfindən inşa olunmuş mülkiyyətində olan idman-sağlamlıq və iaşə xidməti obyekti Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən 2016-cı il tarixdə sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti mülkiyyətlərində olan əmlakların dəyərində obyektlərinin yerləşdiyi, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsi Xətai rayonu, Sadıqcan küçəsi, 0,30 ha torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Ona verilən həmin torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyətinin 111 nömrəli, 14 mart 2016-cı il tarixli sərəncamı ilə yaşayış və qeyriyaşayış binalarının tikintisinin lahiyələndirilməsinə icazə verilmişdir. Həmin sərəncamın icrası ilə əlaqədar olaraq onun mülkiyyətində olan torpaq sahəsinin gələcəkdə inşa olunan yaşayış və qeyri-yaşayış binalarının tikinitisinin layihələndirilməsi həyata keçirilmişdir. Həmin lahiyələndirilmə işləri aidiyyəti üzrə bütün dövlət orqanları tərəfindən rəsmi qaydada təsdiqlənmişdir. Buna baxmayaraq, onun mülkiyyətinə verilən həmin torpaq sahəsindən qanunsuz məhrum olunmuşdur.Ona məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 0,30 ha torpaq sahəsində hazırda sifarişçisi və podratçısı məlum olmayan hər hansı şəxs tərəfindən tikinti və quraşdırma işləri başlamışdır. Həmin qeyri-qanuni aparılan tikinti işləri ilə əlaqədar mülkiyyətində olan əraziyə daxil ola bilmir. Həmin tikinti işlərinin kim tərəfindən həyata keçirilməsi barədə dəfələrlə narazılığını bildirməyinə baxmayaraq, onun bu qanuni tələblərinə məhəl qoymayaraq qanunsuz tikinti işlərini davam etdirirlər. O, yaşadığı bu cür qanunsuz hərəkətlərdən ona külli miqdarda maddi ziyan dəymiş və dəyməkdə davam edir. Onların Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal və Cavadxan kəsişməsində torpaq sahəsində tikdikləri bina, qurğu-tikili, avadanlıq və s. əşyalar onlar üçün də mühüm iqtisadi maraq kəsb edir. Həmin tikintilərin həyata keçirilməsi üçün çox miqdarda investisiya qoyulmuşdur. Bu baxımdan mülkiyyət hüququ əsasında onlara məxsus olmuş tikililər dövlət ehtiyacları üçün parkın salınması layihəsi səbəbindən sökülmüşdür. Bakı şəhəri İcra Hakimiyyəti həmin söküntünün əvəzində Xətai rayonu, Sadıqcan küçəsi, 0,30 ha torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Onlara ayrılmış Sadıqcan küçəsi, 0,30 ha torpaq sahəsində sifarişçisi və podratçısı məlum olmayan hər hansı şəxs tərəfindən tikinti və quraşdırma işləri başlamışdır. Həmin tikinti quraşdırma işlərinin dayandırılması barədə müvafiq icra hakimiyyəti orqanlarına şikayət etdikdən sonra Bakı şəhəri İcra Hakimiyyəti cavab məktubunda qeyd edilən ərazidə rayon sakinlərinin istifadəsi üçün meşə parkının salındığını göstərmişdir. 2016-cı il tarixdə mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi kəsişməsində yerləşən sahəsinin bazar qiymətinin 0,14 ha torpaq və tikili binanın dəyəri 7.818.000 (yeddi milyon səkkiz yüz on səkkiz min) manat məbləğində qiymətləndirilmişdir. Torpaq sahəsinin dəyəri 4.500.000 (dörd milyon beş yüz min) manat, tikintinin dəyəri 3.318.000 (üç milyon üç yüz on səkkiz min) manat qiymətləndirilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin 14 mart 2016-cı il tarixli, 111 saylı sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi kəsişməsində yerləşən qeyriyaşayış sahəsinin söküntüsü və torpaq sahəsinin alınması ilə bağlı əvəzində verilmiş Xətai rayonu, Sadıqcan küçəsi, 0,30 ha torpaq əvəzləşdirilməsinə dair Sərəncam hüquqi qüvvəsindədir. Buna baxmayaraq, həmin Sərəncamda qeyd edilən ərazi onlara məxsus olmasına baxmayaraq, əvvəlcədən dəyəri ödənilmədən qeyri-qanuni tikinti-quraşdırma işləri aparılır. Bu tikintinin aparılması Bakı şəhəri İcra Hakimiyyətinin 07 iyul 2020-ci il tarixli, M-426-148 saylı məktubundan görünür ki, qeyd edilən tikinti işlərinin aparılmasını Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırmaqla həyata keçirilir. Belə olan halda həmin ərazinin Bakı şəhər İcra Hakimiyyətinin 14 mart 2016-cı il tarixli, 111 saylı torpaq sahəsinin əvəzləşdirilməsi haqqında sərəncamı ilə onlara məxsusdur. Onlar həmin ərazidə inşa ediləcək 38.000 kv.m həcmində çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsinə kv.m görə 3 manat ödəməklə 114.000 manat ödənilmişdir ki, həmin layihələndirmə müvafiq icra hakimiyyəti orqanlarından keçərək təsdiq edilmişdir. Lakin Bakı şəhər İcra Hakimiyyəti reallıqda həmin ərazinin istifadəsini başqa şəxslərə vermiş onlara əvvəlcədən yazılı məlumat və ya dəyəri ödənilməsi barədə hər hansı razılaşma təklifləri həyata keçirməmişdir. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6244/2020 saylı qərardadı ilə (hakim A.Oruczadə) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və həmin işə yenidən mahiyyəti üzrə baxılması üçün işin yenidən Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-769/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər A.Hüseyn,A.Nuriyeva,V.Ağayev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-6244/2020 saylı qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra 01 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım olunmuşdur. 01 sentyabr 2021-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə daxil olmuş, ərizədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iş üzrə cavabdeh qismində, Bakı Şəhər İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilməsi xahiş olunmuşdur. 01 sentyabr 2021-ci il tarixli qərardad ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və Bakı Şəhər İcra Hakimiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6652/2021 nömrəli qərardadı ilə (hakim A.Oruczadə) İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Bakı Şəhər İcra Hakimiyyəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı 15.10.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6652/2021 nömrəli qərardadının ləğv edilməsini və həmin işə baxılması üçün işin yenidən Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini və onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək, apellyasiya şikayətini qəbul etmədiyini və onun təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı sökülmüş əmlaklarına və torpaq sahələrinə görə cavabdehdən 7.832.000 manat məbləğində dəymiş maddi ziyanının, 100.000 manat məbləğində isə mənəvi zərərin, cəmi 7.932.000 manat məbləğində pulun dövlət büdcəsi vəsaiti hesabına Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsini xahiş edir. İddiaçı iddia ərizəsində ona məxsus idman-sağlamlıq və iaşə xidməti obyektinin Bakı şəhəri İcra Hakimiyyəti orqanı tərəfindən söküldüyünü qeyd etsə də, iddia tələbini Azərbaycan Respublikası Maliyyə Nazirliyinə yönəltmiş və cavabdeh qismində sonuncunu qeyd etmişdir. İşin birinci instansiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilsə də , cavabdeh kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyini qeyd etmiş və cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizəsini təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi cavabdehlik daşıyan inzibati orqan deyildir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi ona cavab vermək səlahiyyəti olmayan cavabdehə qarşı irəli sürüldüyündən birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işin apellyasiya icraatı zamanı məhkəməyə vəsatət təqdim edərək, Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsaslanaraq iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində və Bakı şəhər İcra Hakimiyyətinin isə cavabdeh qismində əvəz edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı işin birinci instansiya icraatı zamanı göstərilən məzmunda ərizə təqdim etməmiş, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmiş, hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verməmişdir. Eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası İPM-nin 54cü maddəsinin təsir dairəsinə düşsə də, iddiaçı tərəfindən İPM-nin 28.1-ci maddəsinə istinad edilmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6652/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2886/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2886/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver