Məhkəmə qərarları › İş №2-1(103)-2886/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2886/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2886/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-4795/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının rəisinə qarşı əmrlərin ləğv edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi müddət ərzində heç bir əsas və səbəb göstərilmədən 01 oktyabr 2021-ci il tarixli və 18 dekabr 2021-ci il tarixli əmrlərlə rüblük mükafatdan məhrum edilmişdir. İddiaçı hesab edir ki, həmin əmrlər inzibati icraatla bağlı qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş, əmrlər qəbul edilərkən inzibati icraat aparılmamış, qərəzli münasibət göstərilmiş, bununla bağlı rəsmi məlumat verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-4795/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, iddia tələbi mülki xarakterli əmrlərin (iddiaçı iddia edir ki, 01 oktyabr 2021-ci il tarixli və 18 dekabr 2021-ci il tarixli əmrlərlə rüblük mükafatdan məhrum edilmişdir.) ləğv edilməsi barədə olsa da, iddiaçı belə əmrin verilməsi ilə bağlı cavabdeh inzibati orqanın qanunsuz hərəkətlərini mübahisələndirir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmədiyindən, belə ki, əmək, hüququnun müdafiəsi ilə əlaqədar yaranmış hüquq münasibəti publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanını da mövcud deyil. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2- ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati akta anlayış verilmişdir. Qərarda qeyd edilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır Yəni, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Ümumilikdə həmin əmrlərdən görünür ki, Hərbi Hospitalın rəisi tərəfindən qəbul edilmiş hər iki əmr hərbi rütbə daşıyan hərbi qulluqçular barədə olmamış, orada işləyən mülki işçilər barəsində olmuşdur ki, mübahisələndirilən hissədə həmin əmrlər mülki işçi olan iddiaçıya münasibətdə pul mükafatından məhrum edilmə barədədir. Məhkəmə hesab edir ki, həmin hallar əmr formasında olsa da cavabdehin qəbul etdiyi qərarların publiklik əlaməti daşımaması, inzibati akt xüsusiyyətlərinə malik olmaması üçün yetərlidir. Belə ki, həmin əmrlər hərbi qulluqçu barədə yox, mülki işçi barədə olmuşdur ki, bu zaman tərəflər arasında yaranmış mübahisənin həlli Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəaları ilə tənzimlənməlidir. İddiaçının özünün də maraqlarının pozulduğunu iddia etdiyi hüquq münasibəti mülki xarakterlidir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı əlavə olaraq bildirmişdir ki, iddia tələbi mülki xarakterli əmrlərin (iddiaçı iddia edir ki, 01 oktyabr 2021-ci il tarixli və 18 dekabr 2021-ci il tarixli əmrlərlə rüblük mükafatdan məhrum edilmişdir.) ləğv edilməsi barədə olsa da, iddiaçı belə əmrin verilməsi ilə bağlı cavabdeh inzibati orqanın qanunsuz hərəkətlərini mübahisələndirir. İddiaçı istər mübahisələndirilən əmrlərin qanunsuzluğuna, istərsə də əmrin verilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuzluğuna istinad etsə də, məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən normalardan çıxış edərək qeyd edir ki, hər bir halda mübahisənin kökündə duran münasibətlər inzibati xarakterli deyildir. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçının hazırkı mübahisələndirdiyi əmrlərə görə rüblük mükafatdan məhrum edilməsi ilə bağlı mülki xarakterli mübahisəyə Bakı şəhəri Nərimanov rayon məhkəməsində baxılaraq həmin məhkəmənin e-2(005)-3713/2022saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə iddia rədd olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddiaçının hazırki tələbi üzrə iddianın mümkünlük şərtləri ödənilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-4795/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar