Məhkəmə qərarları › İş №2-1(103)-2889/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2889/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2889/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik barədə məlumatın alt sistemə yerləşdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (həyat yoldaşı) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik barədə məlumatın alt sistemə yerləşdirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-979/2023 saylı 04 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxxx 1963-cü il təvəllüdlüdür. İşdə olan Tibbi Sosial Ekspert Müayinəsindən (müayinə nömrəsi xxxxxxx0001) çıxarışa əsasən iddiaçıya ilk dəfə xx.xx.2003-cü il tarixdə bir il müddətinə ikinci dərəcəli əlillik verilmişdir. Sonradan həmin əlillik davam etmiş və sonuncu dəfə iddiaçıya SER TSE- 01 N 514478 nömrəli TSEK-də müayinə aktından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayonu Xidmət Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 2-ci qrup əlilliyə görə 259,78 manat xx.xx.2021-ci ilədək əmək pensiyası almışdır. Buna baxmayaraq sonradan cavabdeh qurum tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdə müddətsiz təyin edilmiş əlillik altsistemdə “bir il müddətinə” verilmə qeydi aparılmışdır. İddiaçı ona xx.xx.2014-cü il tarixdə təkrar müayinəsi ilə bağlı müddətsiz verilmiş İİ dərəcə əlilliyin altsistemdə bərpa olunması üçün Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, lakin tələbinin təmin olunmasından imtina olunaraq bildirilmişdir ki, onun ikinci dərəcə əlilliyi sonuncu dəfə 2015-ci ildə 5 il müddətinə uzadılmış və barəsində yeni göndəriş daxil olmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi barədə məlumatın Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş informasiya sistemində Tibbi- Sosial Ekspertiza və X5 (TSERA) yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2003-cü ildə əlilliyə görə pensiya təyin edilmişdir. 2003-cü ildən 2014-cü ilədək hər il olmaqla on bir dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazrliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (Tibbi-Sosial Ekspert Komissiyası) tərəfindən tibbi komissiyadan keçirilmişdir. Sonuncu dəfə xx.xx.2014-cü il tarixdə tibbi komissiyadan keçdikdən sonra ona müddətsiz əlillik verilmiş və pensiya təyin olunmuş, 30 sentyabr 2021-ci il tarixədək ikinci dərəcə əlilliyə görə 259,78 manat pensiya almışdır. xx.xx.2014-cü il tarixdə tibbi komissiyadan keçdikdən sonra ona müddətsiz əlillik təyin olunması barədə ona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən TSE01№ 514478 saylı arayış da verilmişdir. O, Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edib pensiyasının dayandırılmasının səbəbini soruşmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazrliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş məktubda qeyd olunur ki, iddiaçının ikinci dərəcə əlilliyi sonuncu dəfə xx.xx.2015-ci il tarixdə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatik olaraq uzadılmışdır. Növbəti müayinə tarixi-xx.xx.2020-ci il. Sonrakı dövrdə ərazi tibb müəssisəsi tərəfindən “Əlillik" altsisteminə göndəriş (Forma-88) daxil olmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-979/2023 saylı 04 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi barədə məlumatın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X5 (TSERAS) yerləşdirilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (həyat yoldaşı) X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Bu baxımdan məhkəmə ollegiyası hesab edir ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmədiyindən iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “ona xx.xx.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi barədə məlumatın Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və X5 (TSERA) yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. İddiaçının bu barədə tələbi inzibati orqan tərəfindən təmin olunmadığı üçün o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası idddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarına görə, İddiaçı Tibbi Sosial Ekspert Müayinəsindən (müayinə nömrəsi xxxxxxx0001) çıxarışa əsasən ilk dəfə xx.xx.2003-cü il tarixdə bir il müddətinə ikinci dərəcəli əlillik verilmişdir. Sonradan həmin əlillik davam etmiş və sonuncu dəfə iddiaçıya SER TSE-01 N 514478 nömrəli TSEK-də müayinə aktından çıxarışa əsasən xx.xx.2014-cü il tarixdə müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir. Bununla bağlı iddiaçı 2ci qrup əlilliyə görə xx.xx.2021-ci ilədək 259,78 manat əmək pensiyası almışdır. Sonradan onun pensiyası dayandırılmış və müraciəti əsasında məlum olmuşdu ki, cavabdeh qurum tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdə müddətsiz təyin edilmiş əlillik altsistemdə “bir il müddətinə” verilmə qeydi aparıldığı üçün pensiyası da dayandırılmışdır. Bu dayandırmanı cavabdeh qurum onunla izah etmişdir ki, iddiaçının ikinci dərəcə əlilliyi sonuncu dəfə 2015-ci ildə 5 il müddətinə uzadılmış və barəsində müddətin sonunda yeni göndəriş daxil olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2003-cü ildə bir il müddətinə “ümumi xəstəlik” səbəbi ilə ilkin təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2015-ci ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Şəxsin əlillik müddətinin bitdiyi xx.xx.2020-ci ildən sonra X1 sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş (Forma-088) daxil olmamışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 02 dekabr 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “X1 Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı xx.xx.2003-cü il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X1 Sisteminin Əlillik altsisteminə əsasən adıçəkilən şəxsin sonuncu əlilliyinin müddəti xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək müəyyən edilmişdir. İddiaçının əlillik müddəti X1 Sisteminin Əlillik altsistemində bərpa olunmadığı üçün əlilliyə görə əmək pensiyası ödənişi xx.xx.2021-ci il tarixində avtomatlaşdırılmış qaydada sistem tərəfindən dayandırılmışdır.” Beləliklə, məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının əlillik təyinatında fasilə yaranmış və buna görə də iddiaçı haqlı olaraq xx.xx.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyi barədə məlumatın Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və X5 (TSERA) yerləşdirilməsi ilə bağlı vəzifənin cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan mövqeyində yalnız TSERAS-da olan məlumata istinad etmiş, TSERAS yaradılmamışdan əvvəl, yəni xx.xx.2014-cü il tarixdə təyin edilmiş əlilliyin müddətinin 1 il olması ilə bağlı məlumatın sözügedən sistemə əlavə ediməsinə əsas olmuş sənədlər nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir. Halbuki iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qüvvədə olan və iddiaçının əlində olan TSEK-də müayinə aktından çıxarış mövcuddur. O cümlədən iddiaçıya 2003-cü ildən fasiləsiz olaraq əlilliyə görə pensiya ödənilmiş və pensiya təyinatı aparan orqan tərəfindən pensiya ödənilməsinə əsas olmuş müayinə aktlarından çıxarışlar məhkəməyə təqdim edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən elektron sistemdə yalnız 2003, 2014 və 2015-ci ildə təyin edilmiş əlilliklə bağlı məlumatlar mövcuddur ki, bu fakt da öz növbəsində iddiaçı barəsində sistemdə olan məlumatların həqiqəti əks etdirməsini şübhə altına alır. Bu baxımdan Kollegiya hesab edir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə müddətsiz verilmiş İİ dərəcə əlillik qüvvədə olduğu təqdirdə bu barədə qeydin deyil, əksinə iddiaçıya xx.xx.2014-cü il tarixdə bir il müddətinə, xx.xx.2015-ci ildə isə avtomatlaşdırılmış qaydada 5 il müddətinə əlilliyin verilməsi ilə bağlı qeydin aparılması zamanı aşağıda sadalanan maddi hüquq normalarının müddəalarına, yəni müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin X1 sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Tibbi Sosial Ekspertiza və X8 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (xx.xx.2016-cı il tarixədək qüvvədə olan): 1.5. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. 4.1. Şəxsləri tibbi-sosial ekspert komissiyalarda müayinəsi səhiyyə idarələrinin göndərişi əsasında icra edilir. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, kliniki proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşması və ya itirilməsi əsaslandırılır. Göndəriş səhiyyə idarəsinin nəzdində olan həkim-məsləhət komissiyasının sədri və üzvləri tərəfindən imzalanır və dairəvi möhürlə təsdiq olunur. Göndəriş tibbi-sosial ekspert komissiyasına həkim məsləhət komissiyası tərəfindən göndərilir və ya təqdim olunur. 4.11. Müayinə və kollegial müzakirədən sonra komissiya qərar qəbul edir. Qərar protokollaşdırıldıqdan və tibbi-sosial ekspert komissiyasının arayışı yazıldıqdan sonra komissiyanın qərarı müayinə olunan şəxsə (yaxud onun qəyyumuna) sədr tərəfindən elan edilir. 4.12. İlkin əlillik və sağlamlıq imkanlarının məhdudluğu barədə qərarlar TSEK-lər tərəfindən ən geci 5 gün müddətində Respublika TSEM-ə göndərilir. Ali pillə TSEK ilkin tibb-sosial ekspert komissiyalarının qərarlarını qiyabi (şəxsin öz iştirakı olmadan), yaxud əyanı (şəxs özü müayinəyə çağırılmaqla) şəkildə nəzarət qaydasında yoxlayıb müvafiq qərar qəbul edir, tibbi-sosial ekspertizası arayışına bu qərarı qeyd edərək sənədləri geri qaytarır. Nəzarət qaydasında yoxlanılması nəzərdə tutulan ilkin əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu barədə qərarlar göstərilən qaydada təsdiq edildikdən sonra qüvvəyə minir. 4.13. Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun təyin olunma tarixi ekspertiza üçün tələb olunan sənədlərin tibbi-sosial ekspert komissiyasına daxil olduğu gündən sayılır. 4.14. Müayinə başa çatdıqdan sonra tibbi-sosial ekspert komissiyaları 3 gündən gec olmayaraq aşağıdakı sənədləri müvafiq təşkilatlara göndərirlər: pensiya təyinatı aparan orqana müayinə aktından çıxarış; ... 5.1. Əlillik müddəti “Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə” yə uyğun olaraq müəyyən edilir. Əlillik müddətlə müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2. Əmək qabiliyyətinin itirilməsi 25 faizindən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda onun müddəti, sağlamlığın pozulmasının xarakteri və bərpa tədbirlərinin səmərəliliyindən asılı olaraq bir il müəyyənləşdirilir. Orqanizmin müəyyən funksiyasının itirilməsi ilə müşayiət olunan anatomik qüsurlar zamanı və ona bərabər tutulan hallarda əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə (xx.xx.2016-cı il tarixədək qüvvədə olan): 2.2. İkinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkətetmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, eyni zamanda xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş redaksiyası): 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. 4.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Tibbi Sosial Ekspertiza və X8 (bundan sonra - TSERAS) ötürülür. 4.26. Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və X9 (TSERAS) yaradılmışdır. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya müddətsiz təyin edilmiş İİ dərəcəli əlilliyin qüvvədə olduğu halda həmin əlilliyin altsistemdə müddətli olduğunun qeyd edilməsi məsələsi inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Kollegiya onu da qeyd edir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işə birinci instansiya qaydasında baxmış məhkəmə düzgün olaraq iddianın təmin edilməsi qənaətinə gəlmiş, İddiaçı xx.xx.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi barədə məlumatın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi- Sosial Ekspertiza və X5 (TSERAS) yerləşdirilməsi vəzifəsini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə etmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi qərarlarında yuxarıda qeyd olunan əsaslarla sərgilənmişdir (2-1(102)- 1445/2022 saylı xx.xx.2022-ci il tarixli qərar). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas vermir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin 2-1(112)-979/2023 saylı 04 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-979/2023 saylı 04 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar