Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2889/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli müddətli əlillik təyin edilməsinə dair qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçıya müddətsiz (ömürlük) əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)- 7225/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli müddətli əlillik təyin edilməsinə dair qərarı qanunsuz hesab edərək ləğv edilməsi və ona müddətsiz (ömürlük) əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitunda tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, o, həmin tarixdə İnstitutda komissiya tərəfindən müayinə olunmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X9 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd etmişdir ki, İddiaçı xəstəlik vəziyyətinin təyin edilməsi ilə bağlı “Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X9də yenidən müayinə olunmuş və onun barəsində xx.xx.2023-cü il tarixli, ********** AB9873-2023 saylı Arayış tərtib edilmişdir (Diaqnoz: Hər iki bud sümüyünün orta 1/3-nin kobud döyənəkli yerdəyişən bitişmiş sınığı. Hər iki bud sümüyünün postravmatik qövsvari Varus deformasiyası. Hər iki diz oynağının postravmatik İİİ-İV mərhələ deformasiyaedici artrozu. Hər iki oynağın kəskin kontrakturası (bükmə-110°, açma-150°). Sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol aşıqdaban oynağının ankilozu. Hər iki aşıq sümüyünün qeyri düzgün bitişmiş sınığı. Hər iki aşıq-baldır oynağının İİİ-İV mərhələ deformasiya edici arttrozu. Hər iki aşıq- baldır oynağının kəskin kontrakturası (bükmə-100°, açma-85°). Hər iki aşağı ətrafın funksiya pozğunluğu.Yerişin pozulması. Axsama. Dayaq-hərəkət funksiyasının pozulması. Ağrı sindromu. S72.3; М21.8; S92.1; M26.7; M24.5; M84.0; S92.0; M17.; M84.1; M19; R26.0; R26.2; R26.8.). Azərbaycan Respublikasinin Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X9 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd etmişdir ki, İddiaçı xəstəlik vəziyyətinin təyin edilməsi ilə bağlı “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X9də yenidən müayinə olunmuş və onun barəsində ********** AB9873- 2023 saylı, xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. Arayışda hər iki bud sümüyünün orta 1/3-ə sınıqdan sonrakı kobud döyənəyi və qeyri-düzgün bitişmiş sınıq və varus deformasiyası, bud çanaq oynaqlarının kontrakturası İV dərəcə-ankilozu. Hər iki diz oynaqlarının post travmatik artrozu (ankilozu). Hərəkət məhdudluğu və yerişin pozulması. Hər iki aşıq-baldır oynaqlarının qeyri-düzgün bitişmiş sınığından sonrakı kontrakturası 111-İV mərhələ ankilozu, hərəkət və dayaq funksiyasının pozulması. Sol aşıq aşağı ətrafın gödəkliyi 3-4 sm müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi xx.xx.2023-cü ildə qərardada uyğun olaraq İddiaçı sağlamlıq vəziyyətinin təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 tərtib etdiyi T 223/2023 saylı ekspert rəyində İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma № 088 göndərişlərində qeyd olunan diaqnozların onun barəsində xx.xx.2022-ci il tarixdə X2 və Ortopediya İnstitutunda komisiyya tərəfindən müayinəsi zamanı müəyyən edilmiş diaqnozlarla eynilik təşkil edilməsi, yəni onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsi nəticəsinə gəlinmişdir. Göründüyü kimi ona xx.xx.2013-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin olunmuş, həmin dövrdə alınmış olduğu xəsarətlər, səhhətində olan problemlərdə heç bir dəyişiklik olmamış, almış olduğu xəsarətlər travmatik, ömürlük və sağalmaz, müalicə və müayinələrlə aradan qaldırılması mümkün olmayan xəsarətlər olduğundan ona təyin edilmiş diaqnozda müsbət dəyişiklik olmamış, əksinə daha da ağırlaşmışdır. Qeyd olunan hal həm birinci instansiya məhkəməsi, həm apellyasiya instansiya məhkəməsi, həm də Ali Məhkəmənin qərarlarında öz əksini tapmışdır. xx.xx.2013-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ilkin ikinci dərəcəli əlilliyin ona təyin edilməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının qəbul edilməsi tarixinə kimi davam etməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh orqan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmiş halları və qanunvericiliyin tələblərini heçə sayaraq, ona müddətsiz, yəni ömürlük əlillik təyin etməli olduğu halda, heç bir əsas olmadan müddətli, 5 il müddətinə əlillik təyin edilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qəbul etmiş etmiş, növbəti müayinənin tarixini xx.xx.2026-ci il müəyyənləşdirmişdir. Məhkəmə qərarlarından görünür ki, 2021-cü il tarixində etmiş olduğum müraciət 3 ildən sonra 2024-cü il tarixində Ali Məhkəmənin qərarının qəbul edilməsi ilə sonlandırılmışdır. Cavabdeh orqanın qeyd olunan hərəkətləri mənəvi sarsıntı və iztirablar çəkməyinə, sağalmaq əvəzinə səhhətinin daha da pisləşməsinə səbəb olmuş və olacaqdır. 2013-cü il tarixində ona 2-ci qrup əlillik təyin edilsə də, əslində işin mübahisəsiz halı olaraq, sənədlərdən görünür ki, həmin xəsarətləri 2011-ci il tarixində keçirmiş olduğu yol nəqliyyat hadisəsi zamanı almış və həmin xəsarətlərin fəsadları daha da ağırlaşmış və 2011-ci il tarixindən 2025-ci il tarixinə kimi həmin xəsarətlərdən əziyyət çəkir, almış olduğu xəsarətlər müddətsiz olaraq, 10 ildən artıq davam etdiyi halda ona müddətsiz əlillik təyin edilməli idi. Bu səbəbdən cavabdeh orqanın ona müddətli əlillik təyin edilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qanunsuz hesab edilərək ləğv edilməli və ona müddətsiz, ömürlük əlillik təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə vəzifə kimi qoyulmalıdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-7225/2025 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında məhkəməyə bildirmişdir ki, ekspert rəyi əsasında da müəyyən edilir ki, ona 2013-cü ildən əlillik təyin edilsə də, o, 2011-ci ildən xəsarət almışdır. Həmin dövrdə yataq xəstəsi olduğu üçün ona 2 il sonra əlilik təyin edilmişdir. Sağalmaz xəstəliyi olduğuna görə səhətindəki problemlər daha da ağırlaşmışdır. Ekspertizanın nəticəsinə əsasən ona olan xəstəliklər müddətin keçməsi ilə sağala biləcək xəstəliklər deyil. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarı düzgün icra edilməmişdir. Ona 2013-cü ildə əlillik təyin edilmişdir. Hazırkı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı isə 2024-cü ildə qanuni qüvvəyə minmişdir. Deməli, 11 il ərzində əlilliyi davam etmişdir. Cavabdeh inzibati orqanın ona müddətli əlilliklə bağlı qeyd etdiyi diaqnozun onun sağlamlıq vəziyyəti ilə əlaqəsi yoxdur. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiyi” X8n nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirmişdir ki, qanunvericiliyə əsasən şəxs o zaman əlil hesab edirilir ki, bununla bağlı inzibati orqan tərəfindən müvafiq inzibati akt qəbul olunsun. 2023cü ildə iddiaçı yenidən Forma 88 arayışını göndərib, iddia tələbində müddətsiz əlliyin təyin olunmasını tələb etsə idi, bu halda tələbi əsaslı olardı. İnzibati akt 30 gün müddətində mübahisələndirilməlidir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsaslıdır və təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-7225/2025 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2406/2024 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 1. İddiaçıya aid xx.xx.2013-cü il tarixli 24 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən “Hər iki bud sümüklərinin orta 3/1-nin qapalı-qəlpəli, sol daban sümüyünün sınıqlarına görə (2011) aparılmış ekstramedulyar osteosintez əməliyyatlarından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı, sol bud sümüyünün qeyridüzgün bitişmiş sınığı, sol diz oynağının bükücü-açıcı, sağ diz oynağının bükücü kontrakturaları, sol aşağı ətrafın 3 sm qısalığı və ətrafda funksiyanın pozulması ilə” travmasının səbəb əlaqəsi “Travma DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyən olunmuşdur.
2. İddiaçıya “Hər iki bud sümüyü orta sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedulyar osteosintezden sağ bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol diz oynağının bükücü açığı. Sağ diz oynağının bükücü konstrakturası. Sol aşağı 3 sm qısalığı” diaqnozu ilə xx.xx.2013-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin olunmuşdur.
3. xx.xx.2014-cü tarixdən “Hər iki bud sümükləri orta 1/3 qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedulyar osteosintezdən əməliyyatından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı. Sol bud sümüyünün qeyridüzgün bitişmiş sınığı. Sol aşağı 3 sm qısalığı” diaqnozu əsasında hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur.
4. Daha sonra eyni diaqnoz və eyni səbəb əsasında xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin olunmuşdur. 5. xx.xx.2021-ci il tarixli müayinə nəticəsində “Bud sümüyü cisminin (diafizinin) sınığı, hər iki bud sümüklərinin orta 1/3-nin qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə (2011) aparılmış ekstramedulyar osteosintez əməliyyatlarından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı, sol bud sümüyünün qeyridüzgün bitişmiş sınığı, sol diz oynağının bükücü-açıcı, sağ diz oynağının bükücü kontrakturası, sol aşağı ətrafın 3 sm qısalığı və ətrafda funksiyanın pozulması” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyin olunmasından imtina verilmişdir.
6. Əlilliyin qiymətləndirilməsindən verilmiş şikayət üzrə TSEK-in xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
7. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik təyin edilməməsi barədə qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və əlilliyin təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. ... 20. Sonradan iddiaçı məhkəməyə “2021-ci ilin may ayından əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və ərizəsi xx.xx.2023-cü il tarixində icraata qəbul edilmişdir. ... 22. Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 223/2023 nömrəli ekspert rəyi ilə 1985-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir:
1. İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma №088 göndərişlərində qeyd olunan diaqnozlar onun xx.xx.2022-ci il tarixdə X3 və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinəsi zamanı müəyyən edilmiş diaqnozlarla eynilik təşkil edir, yəni o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. ... 26. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-227/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2021-ci ilin may ayından əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
27. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının müvafiq həkim komissiyasının qərarına əsasən ömürlük, yəni bərpası mümkün olmayan xəsarətlər aldığı müəyyən edildiyindən, əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən müəyyən edilən xəstəlik diaqnozu ilə əvvəl əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəssisəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda da (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. ... 29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1900/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-227/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. ... 47. Belə olan halda, əvvəlki müayinələrdə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliyin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. ... 49. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu müəyyən edilmişdir. ... 56. Beləliklə, əlillik müayinənin nəticəsi olaraq təyin edilməli olduğundan, hazırkı məhkəmə araşdırmasının predmetini sonuncu göndəriş əsasında keçirilmiş müayinə nəticəsində verilmiş xx.xx.2021-ci il tarixli imtina qərarı təşkil etdiyindən və apellyasiya instansiyası məhkəməsi də məhz həmin imtinanın əsassız olduğu nəticəsinə gəldiyindən, iddiaçıya əlillik xx.xx.2021-ci il tarixdən təyin edilməlidir”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Göründüyü kimi, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: konkret fakt bir iş üzrə prosesin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Beləliklə, qanuni qüvvəyə minmiş və hazırkı iş üzrə preyudisial olan məhkəmə akt(lar)ı ilə aşağıdakılar müəyyən edilmişdir: - xx.xx.1985-ci il təvəllüdlü İddiaçı xx.xx.2013-cü il tarixdə ilkin müayinədə olmuş X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79- Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72- Bud sümüyünün sınığı => S72.3- Bud süm...; Diaqnozun mətni: hər iki bud sümüyü orta, sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedulyar osteosintezdən sağ bud sümüyünün qeyridüzgün bitişmiş sınığı. Sol diz oynağının bükücü açıcı, sağ diz oynağını bükükü kontrakturası. Sol aşağı 3 sm qısalığı. Meyar: ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.1985-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdə təkrar müayinədə olmuş X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79- Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72- Bud sümüyünün sınığı => S72.3- Bud süm...; Diaqnozun mətni: hər iki bud sümüyü orta 1/3 qapali qəlpəli, sol daban sümüyünin siniqalarina görə aparilan eksrtamedulyar osteosintezdən əməliyyatdan sağ bud sümüyünün orta 1/3 solbud sümüyünün aşağı 1/3 qeyri düzgün bitişmiş sınığı. Kontraktura. Meyar: ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.1985-ci il təvəllüdlü İddiaçı qiymətləndirmə məlumatlarından görünür ki, “Müayinə tarixi: xx.xx.2021-ci il; Akt N: xxxxxxx0005; Müvəqqəti əmək qabiliyyətini itirməmişdir. X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79- Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72- Bud sümüyünün sınığı => S72.3- Bud süm...; Diaqnozun mətni: Bud sümüyü cisminin (diafızinin) sınığı. Hər iki bud sümüklərinin orta 1/3-nin qapalı-qəlpəli, sol daban sümüyünün sınıqlarına görə (2011) aparılmış ekstramedulyar osteosintez əməliyyatından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı, sol bud sümüyünün qeyri düzgün bitişmiş sınığı kobud döyənəkli yerdəyişən bitişmiş sınığı, sol diz oynağının bükücü- açıcı, sağ diz oynağının bükücü kontrakturası, sol aşağı ətrafın 3sm qısalığı və ətrafda funksiyanın pozulması. Meyar: imtina edilir. İddiaçının müvafiq həkim komissiyasının qərarına əsasən ömürlük, yəni bərpası mümkün olmayan xəsarətlər aldığı müəyyən edildiyindən, əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən müəyyən edilən xəstəlik diaqnozu ilə əvvəl əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil etməsi qanuni qüvvəyə minmiş məhkəmə aktında öz təsdiqini tapmış və cavabdehin üzərinə iddiaçıya xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi qoyulmuşdur. Həmin iş üzrə məhkəmə aktı xx.xx.2024-cü il tarixdə - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2406/2024 saylı qərarı qəbul edildikdən sonra icra edilmiş və iddiaçıya xx.xx.2021-ci il tarixdən (*fasiləsizlik meyarı təmin olunur) 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi, ən azından xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçının faktiki olaraq fasiləsiz ikinci dərəcəli əlilliyi mövcud olmuşdur. Bu xüsusat cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən, əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bəhs edilən sənədlərdə ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün “Forma 88”-in tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, “... 2023-cü ildə iddiaçı yenidən Forma 88 arayışını göndərib, iddia tələbində müddətsiz əlliyin təyin olunmasını tələb etsə idi, bu halda tələbi əsaslı olardı”. Halbuki, cavabdehin bu dəlili hər hansı normativ sənədlə təsdiq olunmur. Odur ki, cavabdehin dəlili əsaslı sayıla bilməz. Belə ki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə səhvdir, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-7225/2025 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-7225/2025 saylı qərarı ləğv edilsin. İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli müddətli əlillik təyin edilməsinə dair qərar ləğv edilsin və İddiaçı xx.xx.2021-ci il tarixdən müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov