Məhkəmə qərarları › İş №2-1(103)-289/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-289/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-289/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Vidadi Məmməd oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Sənaye Ticarət Assosiasiyasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-545/2021 saylı 01.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı Sənaye Ticarət Assosiasiyası cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında ”20 dekabr 2019-cu il tarixli **********195063 nömrəli və həmin qərara düzəliş edilməsi barədə 25.12.2019-cu il tarixli **********195270 nömrəli qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, “...cavabdeh tərəfindən qəbul olunmuş 20.12.2019cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195063 nömrəli qərarı ilə iddiaçının 452337,01 manat məbləğində vergi borcunun yaranması müəyyən edilərək, 226168,52 manat ona maliyyə sanksiyası tətbiq edilmişdir. 25.12.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195270 nömrəli qərarı ilə **********195063 nömrəli qərara düzəliş edilərək 452.337,01 manat məbləğində vergi borcuna görə 211.947,09 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Həmin qərarların qəbul olunması əsası kimi cavabdeh tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticəsi olaraq 2016-cı il üçün mənfəət vergisinin 11320,63 manat, ƏDV-nin 29237,12 manat, aksiz vergisinin 21778,04 manat; 2017-ci il üçün mənfəət vergisinin 14917,25 manat, ƏDV-nin 78470,62 manat, aksiz vergisinn 117372,95 manat; 2018-ci il üçün mənfəət vergisinin ƏDV 113365,40 manat, aksiz vergisinin 65875 manat vergidən yayınma faktlarının olmasının müəyyən olunduğu qeyd olunmuşdur. Belə ki, cavabdeh tərəfindən keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib olunmuş 14.11.2019-cu il tarixli aktda yoxlama dövrünün 2016-2018-ci illəri əhatə etdiyi göstərilir. Səyyar vergi yoxlanılmasının keçirilməsi barədə qərar 16.10.2018-ci il tarixdə qəbul edilmiş və yoxlamanın nəticəsi barədə akt isə 14.11.2019-cu il tarixdə yoxlamanın başlanmasından 13 ay sonra tərtib olunmuşdur. Yoxlamanın mahiyyəinə gəldikdə, cavabdeh tərəfindən 10.10.2018-ci il tarixli qərara əsasən müəssisənin ərazisində nəzarət postu yaradılmış və 0,25 litr həcmində alkoqollu içkilərin istehsal edildiyi müəyyən olunmuşdur. Yoxlama zamanı təqdim olunmuş ******* ədəd 0,05 litr həcmində, 9000 ədəd 0,10 litr həcmində, 168220 ədəd 0,20 litr həcmində alkoqollu ickilər 0,25 litr həcmində alkoqollu içkilərə çevrilməklə aparılan hesablamalarla 2016-ci il üçün müəssisənin gəlirinin 419.113,3 manat, mənfəətinin birbaşa hesablanması mümkün olmadığından, mənfəətinin 69852,22 manat və bunun müqabilində mənfəət vergisinin 13.970,44 manat olduğu və 2017-ci il üçün müəssisənin gəlirinin 747.738,5 manat, mənfəətinin 124.623,08 manat olduğu müəyyən olunmuşdur. Beləliklə, təqdim olunmuş qaimə-fakturalarda göstərilən 0,5 litr həcmində, 0,10 litr həcmində, 0,20 litr həcmində alkoqollu içkilər - 0,25 litr içkilərə çevirilərək hesablamalar aparılaraq yoxlama dövründə 269154,74 manat ƏDV-nin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı müəyyən edilmişdir. Eyni zamanda, həmin qaimə-fakturalarda göstərilən 0,05 litr həcmində, 0,10 litr həcmində, 0,20 litr həcmində alkoqollu içkiləri 0,25 litr içkilərə çevirərək aparılmış hesablamalarla yoxlama dövründə ümumilikdə, 201025,99 manat aksiz vergisinin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi kimi, ümumilikdə, 513075,79 manat vəsaitin azaldılması müəyyən edilmiş və azaldılmanın səbəbi kimi təqdim olunmuş qaiməfakturada göstərilən 0,05, 0,10, 0,20 litr həcmli alkoqollu içkilər 0,25 litr içkilərə çevirilərək hesablamalar aparılması göstərilmişdir. Lakin daha kiçik tutumlardakı alkoqollu işçilərin qanunvericiliyin hansı normalarına istinad edilərək 0,25 litr həcmində olan alkoqollu içkilərə çevirilməsinin əsası göstərilməmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, səyyar vergi yoxlamasında göstərilən əsaslara istinadən, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2021 saylı 01.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20 dekabr 2019-cu il tarixli, **********195063 nömrəli və 25.12.2019-cu il tarixli, **********195270 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarları ləğv edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, “...“Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 16.10.2018-ci il tarixli, **********165968 nömrəli qərara əsasən İddiaçı STA-da 01.09.2016-cı il tarixdən 31.08.2018-ci il tarixədək olan dövr əhatə edilməklə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama dövrü 2016-2018-ci illərin mənfəət vergisi əhatə edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi faktiki olaraq distillə edilmiş və tənzimlənmiş spirtli içkilərin istesalı ilə məşğul olmuş, qaimə-fakturalar əsasında satmışdır. “Nəzarət postunun yaradılması haqqında” 10.10.2018-ci il tarixli,**********71778 nömrəli qərara əsasən müəssisədə nəzarət postu yaradılmışdır. Keçirilən operativ vergi nəzarət tədbiri zamanı vergi ödəyicisinin 0,25 litr həcmində alkoqollu içkilər istehsal etdiyi aşkar edilmişdir. Səyyar vergi yoxlaması zamanı: - vergi ödəyicisi tərəfindəın təqdim olunmuş qaimə-fakturada göstərilən ******* ədəd 0,05 litr, 9000 ədəd 0,10 litr, 168220 ədəd 0,20 litr - həcmində alkoqollu içkilər 0,25 litr həcmində alkoqollu işçkilərə çevirilərək hesablamalar aparılmış; - gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri təqdim olunmadığı üçün 2016-cı və 2017-ci illər üzrə müəssisənin mənfəətini birbaşa müəyyən etmək mümkün olmamış və vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirə əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək 26237,88 manat mənfəət vergisi hesablanmış (Vergi Məcələsi m. 83.9; Nazirlər Kabinetinin 01.03.2001-ci il 55 saylı qərarı) ; - vergi ödəyicisi tərəfindən təqdim olunmuş qaimə fakturalarda göstərilən göstərilən ******* ədəd 0,05 litr, 74000 ədəd 0,10 litr, 173220 ədəd 0,20 litr –həcmində alkoqollu içkiləri, aparılmış nəzarət postu zamanı istesal olunan 0,25 litr həcmli alkoqollu içkilərə çevrillərək hesablamalar aparılaraq, ümumilikdə, müəssisənin 221073,14 manat ƏDV-nin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı müəyyən edilmiş (Vergi Məcəlləsi m.m.159.1, 154.6); - yoxlama ilə əhatə olunan 2016-2018 dörünün aksiz vergisi üzrə müəssisə: 2016-cı ilin sentyabr ayı üzrə 1628,20 manat, oktyabr ayı üzrə 1901,20 manat, noyabr ayı üzrə 6710,40 manat, dekabr ayı üzrə 11538,24 manat; 2017-ci ilin fevral ayı üzrə 22756,0 manat, mart ayı üzrə 4914,50 manat, aprel ayı üzrə 12252,40 manat, may ayı üzrə 21100,0 manat, iyun ayı üzrə 18200 manat, iyul ayı üzrə 14400 manat, avqust ayı üzrə 13300 manat, sentyabr ayı üzrə 0,05 manat, oktyabr ayı üzrə 5450 manat, noyabr ayı üzrə 2000 manat, dekabr ayı üzrə 2000 manat; 2018-ci ilin yanvar ayı üzrə 4750 manat, fevral ayı üzrə 10425 manat, mart ayı üzrə 11600 manat, aprel ayı üzrə 7800 manat, may ayı üzrə 12600 manat, iyun ayı üzrə 3100 manat, avqust ayı üzrə 4000 manat, ümumilikdə 205025,99 manat aksiz vergisini dövlət büdcəsinə ödəməkdən yayınmış, həmin məbləğin 50% miqdarında, 102512,99 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. (Vergi Məcəlləsi m.186.1) Beləliklə də yozlama ilə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu vergiləri düzgün hesablamadığı, 452.337,01 manat məbləğində vergiləri (26237,88 manat mənfəət, 221073,14 manat ƏDV, 205025,99 manat aksiz) dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Yoxlamanın nəticələrinə dair 14.11.2019-cu il tarixli **********166009 nömrəli akt tərtib olunmuş və həmin akt əsasında 20 dekabr 2019-cu il tarixli, **********195063 nömrəli qərar qəbkl olunmuşsonradan həmin qərara düzəliş edilməsi barədə 25.12.2019cu il tarixli, **********195270 nömrəli qərar qəbul edilərək maliyyə sanksiyası hissəsində 2016-cı il üçün 14221,40 manat (o cümlədən, ƏDV üzrə 9101,5 manat və aksiz üzrə 5119,9 manat) maliyyə sanksiyasının məbləği azaldılmışdır. Məhkəmə tərəfindən qanun və məhkəmə qarşısında bərabərlik pririsipi pozularaq cavabdehə yoxlama müddətinin artırılması və dayandırılması məsələsi ilə bağlı öz mövqeyini ifadə etmək üçün imkan yaratmamışdır. Məhkəmənin iddiaçının təqdim etdiyi qaimə-fakturalara baxış keçirərərk 0,25 litr tutumluqablarda istehsal etdiyi məhsulu daha kiçik tutumlu qablarda istehsal olunan alkoqollu içki kimi tədarük etməsi faktının müəyyən edilməəməsi barədə gəldiyi nəticə əsassızdır. Belə ki, məhkəmə xüsusi bilik tələb olunan sahə üzrə həqiqətin müəyyən edilməsi üçün mütəxəssisin dəvət edilməsinin və yerində baxış keçirilməsinin zəruri olmasını nəzərə almamış və bununla əlaqədar zəruri tədbirlər görülməmişdir.Cavabdeh tərəfindən istehsal və satış həcmi barədə məlumatlar məhkəməyə təqdim edilməsinə baxmayaraq, həmin sübutlara münasibət bildirilməmişdir. Bundan əlavə, iddiaçının yayınma faktı ilə bağlı qaldırılmış cinayət işi ilə əlaqədar təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 11.01.2021-ci il tarixli 9/4815 saylı ekspert rəyi ilə 475.847,06 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsindən yayınma faktı təsdiq olunmuşdur. Həmin rəy təqdim edilməsinə baxmayraq, məhkəmə münasibət bildirməmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi L.Nəsirli apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərarı çıxarılmasını məhkəmədən xahiş etmişdir (hazırkı məhkmə iclası barədə xəbərdar edilsə də məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının 28.10.2021-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, cavabdeh tərəfindən vergi nəzarəti postu yaradıldıqdan sonra müəssisənin hesabatlarının vergi orqanı tərəfindən mübahisələndirilmədiyini, həmin posta qədər olan dövr üzrə kiçik tutumlu alkoqollu içkilərin 0,25 litr tutumlu içkilərə çerilməsin aparılmasının heç bir hüququ əsasının olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddia tələbindən göründüyü kimi, cavabdeh vergi orqanının “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” 20 dekabr 2019-cu il tarixli (No:**********195063) qərarının və həmin qərara düzəliş edilməsi haqqında 25.12.2019-cu il tarixli (No:**********195270) qərarının ləğv edilməsini tələb etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qaldırılan iddia mübahisələndirmə haqqında iddiadır, İPM-in 35-ci maddəsinin tələblərinə uyğun verilmişdir, birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq məhkəmə icraatı mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, iddia təmin edilərək cavabdehin mübahisələndirilən qərarları ləğv edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən iş materialları ilə müəyyən olunan hallara əsaslanaraq aşağıdkıları qeyd etmişdir: “...İşin faktiki hallarına əsasən hazırda iddiaçının mübahisələndirdiyi inzibati aktlar olan cavabdehin 20 dekabr 2019-cu il tarixli, **********195063 nömrəli və 25.12.2019-cu il tarixli, **********195270 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarları ilə iddiaçıya əlavə vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi iddiaçının istehsal etdiyi 0,05 litr, 0,10 litr, 0,20 litr həcmində alkoqollu içkiləri 0.25 litr həcmində alkoqollu içkilərə çevirərək hesablamalar nəticəsində həyata keçirilmişdir.Halbuki iddiaçının təqdim etdiyi qaimə fakturalara baxış keçirilən zaman iddiaçının həm 0,05 litr, həm 0,10 litr, həm 0,20 litr həcmində, həm də 0.25 litr tutumlu qablarda alkoqollu içkilər istehsal edərək tədarük etməsi müəyyən olunmuşdur.Yəni iddiaçının 0,25 litr tutumlu qablarda istehsal etdiyi məhsulu daha kiçik tutumlu qablarda istehsal olunan alkoqollu içki kimi tədarük etməsi (göstərməsi) faktı müəyyən edilməmiş, buna dair sübutlar məhkəməyə təqdim edilməmiş, belə sübutlar barədə məhkəməyə məlumat verilməmişdir. Belə olan halda cavabdehin hansı əsasla iddiaçının istehsal etdiyi 0,05 litr, həm 0,10 litr, həm 0,20 litr həcmində tutumlarda olan məhsulu 0,25 litr tutumunda olan məhsul kimi qəbul edərək hesablamalar aparmasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata;83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata;83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Göründüyü kimi vergi qanunvericiliyində vergilərin hesablanması qaydası dəqiq müəyyən edilmişdir və heç bir halda vergi ödəyicisinin istehsal etdiyi məhsulu başqa bir məhsul kimi qəbul edərək əlavə vergi hesblanmasını nəzərdə tutmamışdır. Bundan başqa Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Lakin iddiaçıda aparılan səyyar vergi yoxlamasının keçirilməsi müddəti 17.10.2018-ci ildə başlanmış, 14.11.2019-cu ildə başa çatmışdır, yoxlama 9 dəfə cəmi, 273 gün müddətinə müvəqqəti dayandırılmış və iki dəfə də 60 gün müddətinə uzadılmışdır. Cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsində səyyar vergi yoxlamasının dayandırılmasının qanunda göstərilən əsasları məhkəməyə təqdim etməmişdir ki, bu da səyyar vergi yoxlamasının Vergi Məcəlləsində nəzərdə tutulan normalar pozulmaqla aparılmasını göstərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər...” Məhkəmə kollegiyası mahiyət etibarı ilə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Birincisi, Azərbaycan Respublikasının Vergi Məcəlləsnin szügedən 37.2-ci və 37.7-ci maddələrinin tələblərindən belə anlaşılır ki, dayandırılma (təxirə salınma) da nəzərə alınmaqla, yoxlamanın ümumi müddətinin 12 aydan (yəni, yoxlama müddətinin son həddi 3 ay (yəni,90 gün) + dayındırmanın (təxirə salınmanın) son həddi 9 ay) çox ola bilməz. İş materiallarına əsasən isə müəyyən olunur ki, cavabdehin səyyar vergi yoxlanılmasının keçirilməsi barədə 16.10.2018-ci il tarixli qərarı ilə başlanmış yoxlama 20 dekabr 2019-cu il tarixdə yoxlamanın nəticələrinə dair qəbul etdiyi “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında ” qərarı ilə başa çatmışdır. Belə olan halda səyyar vergi yoxlaması keçirmənin vergi qanunvericiliyi ilə müəyyən edilən qeyd olunan son həddi (12 ay müddəti) aşılır, başqa sözlə, qanunun tələbləri pozulmaqla tamamlanmış olur. Qeyd olunanlar baxımından məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yoxlamanın müddəti, o cümlədən, dayandırılması (təxirə salınması) barədə məsələrlə bağlı məhkəmə tərəfindən ona şərait yaradılmadığını,bununla da, qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulduğunu mübahisələndirən dəlilərini formal xarakterli dəlilləri kimi qiymətləndirir. Mübahisəli səyyar vergi yoxlama ilə iddiaçıya hesablanmış vergilərə gəldikdə isə, məhkəmə kollegiyası, həmin hissədə də cavabdehin iddiaçı müəssisəni yoxlama ilə əhatə olunan dövr üzrə vergi məsuliyyətinə cəlb etməsini də əsassız sayır. Belə ki, birincisi, işə əlavə olunmuş 14.11.2019-cu il tarixli səyyar vergi yoxlaması aktına, cavabdehin işə əlavə olunmuş iddia ərizəsinə etirazına və onun hazırkı apellyasiya şiekayətinin dəlillərinə əsasən müəyyən olunur ki, müssisəyə hesablanmış mənfəət, ƏDV və aksiz vergiləri cavabdehin “Nəzarət postunun yaradılması haqqında” 10.10.2018-ci il tarixli qərarına əsasən müəssisədə keçirilən operativ vergi nəzarət tədbiri zamanı vergi ödəyicisinin 0,25 litr həcmində alkoqollu içkilər istehsal etməsinin aşkar edilməsi ilə əsaslandırılmışdır. Cavabdehin işə əlavə olunmuş səyyar vergi yoxlamasının keçirilməsi barədə 16.10.2018-ci il tarixli qərarından isə görünür ki, yoxlama ilə əhatə olunan dövr sentyabr 2016 - avqust 2018 dövrünü əhatə etmişdir. Göründüyü kimi, cavabdehin 10.10.2018-ci il tarixli qərarına əsasən müəssisədə keçirilən operativ vergi nəzarətinin hüquq nəticələri, bundan əvvəlki dövrə münasibətdə tətbiq edilərək iddiaçı müəssisə vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, həmin tədbir zamanı iddiaçının 0,25 litr alkoqollu içkilər istehsal etdiyi nəzərə alınaraq, ona bundan əvvəlki, səyyar vergi yoxlaması ilə əhatə olunan sentyabr 2016avqust 2018 dövrü üzrə 452.337,01 manat məbləğində vergilər (26237,88 manat mənfəət, 221073,14 manat ƏDV, 205025,99 manat aksiz) hesablanmış və maliyyə sanksiyası tətbiq olunmuşdur. Halbuki, vergi orqanı tərəfindən, yoxlanılan dövrün özündə, iddiaçı müəssisənin istehsal göstəricilərini əks etdirən operativ vergi nəzarəti tədbiri həyata keçirildiyi müəyyən olunmur. İkinci bir tərəfdən, yoxlama ilə əhatə olunan dövrə dair iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və işə əlavə olunmuş qaimə-fakturalardan görünür ki, müəssisə tərəfindən 0,05; 0,10; 0,20 litr, həm də 0,25 litr (qram) həcmində alkoqollu içkilərin satışı həyata keçirilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin 10.10.2018-ci il tarixli qərarına əsasən müəssisədə keçirilən operativ vergi nəzarətinin hüquqi nəticələri yalnız, həmin vaxtdan etibarən yaranmış münasibətlərə şamil oluna bilərdi. Çünki, ən azından, Vergi Məcəlləsinin 77.3-cü maddəsi də məhz onu nəzərdə tutur ki, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Beləliklə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən, yoxlanılan dövrü üzrə idiaçının istehsalını əks etdirən cədvəl göstəricilərini əsas tutması və həmin dövrdə istehsal olunan bütün içkilərin 0,25 litr tutumlarına çevrilməsi üsulu ilə hesablama aparılaraq, iddiaçıya əlavə vergilər hesablanması üçün qanuni əsaslar mövcud olmamış, deməli onun həmin dövrə görə vergi öhdəliyi də yaranmamışdır. Bu baxımdan, məhkəmə apellyasiya şikayətini həmin cədvəllərə istinad olunan dəlillərini əsassız sayır. Cavabdeh apellyasiya şikayətində eyni zamanda mübahisələndirir ki, iddiaçının vergidən yayınma faktı ilə bağlı qaldırılmış cinayət işi ilə əlaqədar təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 11.01.2021-ci il tarixli 9/4815 saylı ekspert rəyi ilə 475.847,06 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsindən yayınma faktı təsdiq olunmuşdur. İşə əlavə olunmuş həmin ekspert rəyindən isə görünür ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10.10.2018-ci il tarixli qərarı ilə müəssisənin obyektində keçirilən vergi nəzarəti zamanı əldə olunmuş vergi ödəyicisinin 0.25 litr həcmində alkoqollu içkilər istehsal etməsi aşkar olunması nəzərə alınmaqla, yoxlama ilə əhatə olunan dövrdə (sentyabr 2016-avqust 2018) vergi ödəyicisi tərəfindən təqdim olunmuş fakturalar üzrə 0,05; 0,10; 0,20 litr tutumlu bütün alkoqollu içkilərin 0,25 litr tutumlu alqollu içkilərə çevrilməsi ilə bağlı aparılmış hesablama, ekspert tərəfindən sadəcə olaraq yoxlama aktında göstərilən əsaslara istinadən, düzgün olması barədə rəy verilmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, həmin vergi nəzarəti postunun göstəricilərinin, bundan əvvəlki dövrə münasibətdə istifadə olunması vergi öhdəliyinin yaranması anına uyğun olmadığından vergi qanunvericiliyinin tələblərinə ziddir. Rəyin 4/8-ci vərəqində ekspert tərəfindən müəssisənin enerji sərfiyyatı göstəricəlrini qeyd edilməsinə gəldikdə isə ekspert, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqi C.Bayramovun “Məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi haqqında” qərarında təsbit olunan müəssisən 2016-2018-ci illlərin elektrik enerjisi sərfiyyatı göstəricilirini olduğu kimi rəyə köçürmüş, bununla bağlı heç bir tədqiqat aparmamış, həmin enerji sərfiyyatı göstəricilərinin istehsalın həcminə münasibətdə təhlilini verməmiş, ümumiyyətlə, müxtəlif tutumlu alkoqollu içkilərin həcminə münasibətdə müvafiq rəyini bildirilməmişdir. Məhkəmə kollegiyası, elektrik enerjisi sərfiyyatına görə alkoqollu içkilərin 0,25 litr tutumlu qablarda satılma həcminin hesalanmasını birincisi ağlabatan hesab etmir. İkincisi, məhkəmə praktikasında bununla bağlı elmi metodikaya əsaslanan hesablama metodunun mövcudluğuna da rast gəlinməmişdir. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası həmin ekspert rəyində gəlinən nəticənin sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməsi istisna edir. Ümumiyyətlə, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10.10.2018-ci il tarixli qərarı ilə müəssisəyə məxsus obyektdə keçirilən vergi nəzarəti zamanı əldə olunmuş göstəricilər əsasında, həmin müəssisəyə bundan əvvəlki dövrə görə vergilər hesablanması, yuxarıda qeyd edildiyi kimi, vergi qanunvericiliyinin tələblərinə zidd olması, həm də səyyar vergi yoxlamasının keçirməsi vergi qanunvericiiyi ilə müəyyən olunan müddətlərinə riayət olunmadığı baxımından, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruri hesab oluna bilməz. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin ekspert rəyinə istinad olunan dəlillərini əsassız sayır. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinein qərarı ilə iddianın təmin edilərək, cavabdeh vergi orqanının “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” 20 dekabr 2019-cu il tarixli (No:**********195063) qərarının və həmin qərara düzəliş edilməsi haqqında 25.12.2019-cu il tarixli (No:**********195270) qərarının ləğv edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dolayısı ilə həmin qərarın işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2021 saylı 01.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2021 saylı 01.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Vidadi Məmmədov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar