Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-289/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, həmin əmlak üzərində hüququn mərhum X2 məxsus olması barədə arayışın və həmin arayış əsasında bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və plan ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-1432/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21-23 fevral 2023-cü il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X8 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi, həmin əmlak üzərində hüququn mərhum X2 məxsus olması barədə arayışın və həmin arayış əsasında Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi və həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciətə rədd cavabı verilmişdir. Halbuki iddiaçının atası məhrum X4 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İddiaçının atasının ölümündən sonra iddiaçı xx.xx.2013-cü ildə vərəsə kimi tanınaraq miras əmlaka şəhadətnamə verilməsi üçün Bakı şəhəri 27 saylı notariat kontoruna müraciət etmişdir. Notariat kontoru tərəfindən xx.xx.2013-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə iddiaçıya atasından qalmış və miras əmlakın siyahısına daxil olan Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814b nömrəli bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi barədə məktub göndərilmişdir. Bundan sonra iddiaçı bağ torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması məqsədi ilə torpaq sahəsinin planı və ölçüsü sənədinin alınması üçün keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət etmişdir və Bakı şəhər şöbəsi sənədləri icra etməkdən imtina etmişdir. Buna görə də xx.xx.2014-cü ildə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 382b nömrəli bağ torpaq sahəsinin 814 nömrəli hesab edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-2425/2014 nömrəli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814b nömrəli bağ sahəsinin nömrəsinin 814 nömrəli olması müəyyən edilərək, həmin torpaq sahəsinin plan və ölçüsünün X1 adına tərtib edilməsi vəzifəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmiş, həmin qərar icra edilərək xx.xx.2014-cü ildə məhrum X1 adına Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 massivindəki 814 nömrəli sahəsi 1200 kv.m. torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin plan ölçü sənədində torpaq sahəsi 1000 kv.m. göstərilmişdir. Buna səbəb isə qonşu ilə arasında hasar inşa edilərkən hasarın səhvən onun torpaq sahəsində inşa edilməsi olmuşdur. Nəticədə torpaq sahəsinin ölçüsü 200 kv.m. azaldılmışdır. Qarşılıqlı razılıq əsasında həmin hasar sökülərək 1200 kv.m. sahəyə uyğun yeni hasar inşa edilmişdir. İmtina məktubunda qeyd olunan uyğunsuzluq aradan qaldırılmışdır. Bundan başqa, ərizəsində qonşu bağ sahəsinə gediş-gəliş üçün yol verilməsinə etiraz etmədiyi bildirmişdir. Buna baxmayaraq müraciəti müsbət həllini tapmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, sözügedən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərə əsasən torpağın sahəsi 1200 kv metr qeyd olunsa da ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə 1000 kv metr göstərilmişdir. Bağ sahələrinin bölgüsünə dair sxematik xəritəyə əsasən faktiki torpaq sahəsinin bir hissəsinin qonşu bağ sahələrinə keçid yolu kimi nəzərdə tutulduğu müəyyən edilmişdir. Həmçinin müvafiq iddia tələbi ilə bağlı məhkəmə mübahisəsi olmuş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-44/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarına əsasən iddia təmin edilməmiş, apellyasiya məhkəməsi qətnaməni qüvvədə saxlamış və Ali Məhkəmənin 2-2(102)- 1748/2017 saylı qərarı ilə apellyasiya məhkəməsinin qərarında öz növbəsində qüvvədə saxlanılmışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1432/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: M.Hacıbəyova) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, 2 saylı Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-44/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, mütəxəssis tərəfindən sənədlərin icrası ilə bağlı müəyyən yoxlama-ölçü işləri aparılmış və məlum olmuşdur ki, sözügedən bağ sahəsi bağların bölgüsü sxematik planı ilə uyğunsuzluq təşkil edir və qonşu bağ sahəsinə yol nəzərə alınmamış və bağ sahəsi mübahisəlidir. Eyni zamanda 2 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2425/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ilə müvafiq bağ sahəsinə dair reyestrdən çıxarış və pasportun verilməsi ilə bağlı Bakı şəhər Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmin qətnamədə göstərilmişdir ki, qonşu (sahəsinə gedən yol mövcud bağın ərazisindən keçir. Mübahisə predmeti aradan qaldırıldıqdan sonra hüquqmüəyyənedici sənədlərin əsillərinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X1 adına hazırlanmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatların faktiki istifadədə olan torpaq sahəsinə uyğun gəlmir. Belə ki, faktiki istifadədə 1200 kv.metr torpaq sahəsi olduğu halda həmin plan ölçü sənədində torpaq sahəsinin ölçüsü 1000 kv.m göstərilmişdir. Buna isə səbəb qonşu ilə aralarında hasar inşa edilərkən hasarın səhvən onun torpaq sahəsində inşa edilməsi olmuşdur. Nəticədə torpaq sahəsinin ölçüsü 200 kv.metr azaldılmışdr. Qarşılıqlı razılıq əsasında həmin hasar sökülərək 1200 kv.metr sahəyə uyğun yeni hasar inşa edilmişdir. Məhkəmə qətnamələrində göstərilən uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra cavabdeh orqana yenidən müraciət olunsa da, həmin orqan müraciətin müsbət həlindən əsassız olaraq imtina etmişdir. Bu səbəbdən də tərəflərindən xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsində həmin sənədin ləğv edilərək torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin həmin orqanın üzərinə qoyulması barədə iddia qaldırılmışdır. Məhkəmə araşdırması zamanı hakim tərəfindən iddia tələbi ilə bağlı iddia ərizəsinə əlavə verilməsi təklif edilmiş və tərəflərindən həmin təklif qəbul olunaraq iddia ərizəsinə əlavə verilmişdir. Lakin məhkəmə işin faktiki hallarına qiymət vermək əvəzinə yuxarıda qeyd olunan məhkəmə qərarlarına əsaslanaraq xx.xx.2022-ci il tarixli 2-1(112)-1432/2022 saylı qərardadı ilə iddia tələbini mümkün saymamışdır. Məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, sözügedən məhkəmə qətnamələrində göstərilən uyğunsuzluqlar tərəflərindən qaldırılsa da birinci instansiya məhkəməsi bu hallara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X8 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi, həmin əmlak üzərində hüququn mərhum X2 məxsus olması barədə arayışın və həmin arayış əsasında Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və planölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı hazırki iddia tələbində göstərilən Bakı şəhəri Sabunçu rayonu, Albalılıq 1 bağ massivində yerləşən 814 saylı, 0,12 ha bağ sahəsinin nömrəsinin 814 saylı olması müəyyən edilərək həmin torpaq sahəsinin plan və ölçüsünün iddiaçının adına hazırlanması və həmin torpaq sahəsinə mülkiyyət hüququnu tanınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin üzərinə qoyulması barədə iddia qaldırmış, həmin iddia tələbi 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(82)-2425/2014 nömrəli qərarı ilə təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 bağ massivində yerləşən 382b saylı bağ sahəsinin nömrəsinin 814 saylı olması müəyyən edilərək həmin torpaq sahəsinin plan və ölçüsünün iddiaçının atası X1 adına hazırlanaraq verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir. Daha sonra iddiaçı həmin torpaq sahəsinin 0,12 ha olmaqla dövlət reyestrində qeydə alınmaqla reyestrdən onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə məhkəmədə iddia qaldırmış, həmin iddia 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-44/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə rədd edilmişdir, qeyd edilən qərar Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-313/2017 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış və apellyasiya instansiyası məhkəməsinin qərarından verilən kassasiya şikayəti də Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(1020-1748/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi iddiaçının iddia tələbində göstərilən məsələlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur və həmin aktlarda iddiaçının iddia ərizəsində göstərilən məsələlərə məhkəmələr tərəfindən baxılaraq müvafiq qiymət verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə iddia ərizəsində göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarında olan qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-44/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, iddiaçı həmin torpaq sahəsinin 0,12 ha olmaqla dövlət reyestrində qeydə alınmaqla reyestrdən onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə məhkəmədə iddia qaldırmış, həmin iddia qeyd olunan qərar ilə rədd edilmişdir. Həmin qərarla müəyyən olunmuşdur ki, iddiaçının bəyan etdiyi hüquqlarla qeydiyyata alınmasını hesab etdiyi hüquqlar arasında ziddiyyətlərin mövcudluğu işin məhkəmə araşdırması ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, **********69 nömrəli mütəxəssis rəyindən müəyyən olunur mübahisəli sahənin bir hissəsi qonşu torpaq sahəsində olan yola düşür. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin torpaq sahəsi ilə bağlı imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göründüyü kimi iddiaçı artıq eyni əsasla eyni inzibati orqana qarşı iddia qaldırmış və məhkəmə qərarları ilə onun iddiası təmin edilməmişdir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1432/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-289/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-289/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver