Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-289/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmaqla hesablanaraq ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4329/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi şəhər (rayon) şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 1392 saylı xx.xx.2009-cu il tarixli qərarına əsasən İddiaçı yaşa görə (qocalıq) – 3 uşaq anası olaraq xx.xx.2009cu il tarixdən 75,00 manat pul məbləğində pensiya təyin edilmişdir.
2. AZ-İ seriyalı 095624 saylı xx.xx.2004-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2004-cü il tarixdə ölmüşdür.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən iddiaçıya təqdim edilmiş 05/Q-995/69 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı dair xx.xx.2022-ci il tarixədək aparılmış yoxlamaya əsasən onun mərhum əri – X2 xx.xx.2004 cu il tarixdə ölmüşdür. İki uşağı – qızı X5 (xx.xx.1980) və oğlu X7 (xx.xx.1983) var.
4. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək bildirmişdir ki, onun əri hərbçi olmuşdur. 2004-cü ildə qəza nəticəsində faciəvi şəkildə vəfat etmişdir. Vəfat etmədən öncə pensiyaya çıxmışdır. Ona 3 il bundan öncə yaşa görə pensiya təyin edilmişdir. Pandemiya dövrünə düşdüyünə və onlayn sistemlə işləməyi bacarmadığına görə vaxtında müraciət edərək ailə başçısını itirməyə pensiyanı dəyişdirərək ala bilməmişdir. 2022-ci ilin aprel ayında müraciət etmişdir və ona ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Lakin əvvəlki 3 ilin pensiyasını və qulluq stajına görə 10% hər ay maddi yardımı ona vermirlər. Bu barədə köməklik göstərilməsi xahiş edilmişdir.
5. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçıya təqdim edilmiş 05/Q- 129/70 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı dair xx.xx.2022-ci il tarixədək aparılmış yoxlamaya (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında olan məlumata) əsasən, o, xx.xx.1979-cu il tarixdə (akt qeydi nömrə - 32), Şərur rayon Dərvişlər icra nümayəndəliyində X3 ilə nikaha daxil olmuş və sonuncunun xx.xx.2004cü il tarixdə ölməsi ilə bağlı həmin nikaha xitam verilmişdir (ölüm xx.xx.2004-cü il tarixdə 461 saylı akt qeydi ilə Nəsimi rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır). xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində İddiaçı nikahı haqqında akt qeydi aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2019cu il tarixdən təyin olunmaqla hesablanaraq ödənilməsi, habelə xx.xx.2022-ci il tarixdən başlayaraq 2022ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1958-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuşdur. Onun əri X2 hərbi qulluqçu olmuş və 2004-cü il tarixdə vəfat etmişdir. O, 2009-cu ildən başalayaraq yaşa görə əmək pensiyası hüququ əldə etmiş və 2019-cu ilin iyun ayının 20dən etibarən qanunvericiliyin tələblərinə əsasən onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmışdır. 2019-cu ilin mart ayından başlayaraq Azərbaycanda COVİD-19 pandemiyası ilə əlaqədar elan olunmuş qapanmalar ilə bağlı iddiaçı əmək pensiyasının təyin edilməsi ilə bağlı vaxtında müraciət edə bilməmiş, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə cavabdehə 31 mart 2022ci il tarixdə müraciət etmişdir. Buna müvafiq olaraq, cavabdeh ona 01 aprel 2022-ci il tarixdən başlayaraq müvafiq təminat xərcliyinin (822,75 manat) 80 faizi - 658,20 manat məbləğində pensiya məbləği təyin etmişdir. Bundan sonra, 19 sentyabr 2022-ci il tarixdə cavabdehə müraciət edərək əmək pensiyası məbləğinin 10 faizi miqdarında aylıq maddi yardımın və əmək pensiya hüququnun yarandığı dövrdən başlayaraq pensiya məbləğinin ödənilməsini tələb etmişdir. Cavabdehin **********8 saylı 12 sentyabr 2022-ci il tarixli məktubu ilə müraciətinin təmin edilməsindən imtina olunmuşdur.
8. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Sözügedən Qanunun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun bu normasından aydın olur ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün müəyyən kriteriyalar mövcuddur. 543- VQD nömrəli 10 mart 2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qəbul edilmiş Azərbaycan Respublikasının Qanununa, həmin Qanununun 01 iyul 2017-ci il tarixdə qüvvəyə minməsindən sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. **********8 nömrəli, 12 sentyabr 2022-ci il tarixli “əmək pensiyası məbləğinin 10 faizi miqdarında aylıq maddi yardımın ödənilməməsi haqqında” məktubda iddiaçının 31 mart 2022-ci il tarixdə Mərkəzi Filiala mərhum X1 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün müraciət etməsi qeyd olunmuşdur. Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 18 aprel 2022-ci il tarixli **********1 nömrəli məktubunda iddiaçıya yaşa görə əmək pensiyasının 31 mart 2022-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarının 13 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Eyni zamanda, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 04 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım 01 yanvar 2022-ci il tarixədək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası və əmək pensiyasına qulluq stajına görə əlavələr 01 yanvar 2022-ci il tarixdən əvvəl deyil, 01 aprel 2022-ci il tarixdən təyin edildiyindən müraciətdə göstərilən maddi yardımın iddiaçıya ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən cavabdehin imtinası qanunidir.
9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi iddiaçının nümayəndə və vəkilinin ərizəsinə əsasən “ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən təyin olunmaqla hesablanaraq ödənilməsi” kimi dəyişdirilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4329/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi və İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən təyin olunmaqla hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-4329/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. “ 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan -18 yaşına çatmamış övladları; -18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; -təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək); 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına (hazırda qadınlar üçün 62 il 6 ay) çatmış, yaxud İ və ya İİ dərəcə əlil atası, anası, əri (arvadı); -həmçinin, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
21. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
22. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində 2009-cu ildən haşalayaraq yaşa görə əmək pensiyası hüququ əldə etdiyini və 2019-cu ilin iyul ayının 20-dən etibarən qanunvericiliyin tələblərinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yarandığını iddia edir. İddiaçı eyni zamanda 2020-cu ilin mart ayından başlayaraq, Azərbaycanda COVİD-19 pandemiyası ilə əlaqədar elan olunmuş qapanmalar ilə bağlı əmək pensiyasının təyin edilməsi ilə bağlı vaxtında müraciət edə bilmədiyini əsas gətirərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə cavabdeh Mərkəzi Filiala 31 mart 2022-ci il tarixdə müraciət etdiyini qeyd etmişdir. Buna müvafiq olaraq, cavabdeh iddiaçıya 01 aprel 2022-ci il tarixdən başlayaraq müvafiq təminat xərcliyinin (822,75 manat) 80 faizi-658,20 manat məbləğində pensiya məbləği təyin etmişdir. Bundan sonra, iddiaçı 19 sentyabr 2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək əmək pensiyası məbləğinin 10 faizi miqdarında aylıq maddi yardımın və əmək pensiya hüququnun yarandığı dövründən başlayaraq pensiya məbləğinin ödənilməsi tələb etmişdir. Cavabdeh orqanın **********8 nömrəli, 12 sentyabr 2022-ci il tarixli məktubu ilə iddianın tələbindən imtina olunmuşdur.
23. Məhkəmə Kollegiyası qeyd edir ki, Bu Qərarın 16-cı bəndində istinad olunan hormaların təhlilindən aydın olur ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün müəyyən kriteryalar mövcuddur.
24. Məhkəmə Kollegiyası qeyd edir ki, Mərkəzi Filial tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialına ünvanlanmış sorğuya 18 aprel 2022-ci il tarixli **********1 nömrəli məktubla cavab verilərək iddiaçıya yaşa görə əmək pensiyasının 31 mart 2022-ci il tarixədək ödənildiyi qeyd olunmuşdur.
25. “Əmək pensiyaları haqqında” Qanunun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1- dən ayrılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarının 20 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə, yeni növ pensiya növbəti ayın 1-dən ödənilir.
26. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 34.2-ci maddəsinə uyğun olaraq, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır.
27. Həmin Qanunun 34-cü maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaçısının yasa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır
28. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.4- cü bəndində göstərilmişdir ki, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən aparılır.
29. Həmin Qaydaların 6.4-cü bəndinin 17 fevral 2023-cü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılır.
30. Göründüyü kimi, iddiaçıya 2022-ci ilin mart ayının 31-nə qədər, yəni ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması ilə bağlı müraciət etdiyi tarixə qədər yaşa görə əmək pensiyası ödənildiyindən Mərkəzi Filialın iddiaçıya ödənilməli olan hər hansı məbləğ, həmçinin iddianın təmin olunması üçün hər hansı faktiki və ya hüquqi əsas yoxdur.
31. Eyni zamanda məhkəmə Kollegiyası oxşar mübahisələr üzrə mövcud məhkəmə praktikasını da qeyd etməyi lazım bilir.
32. Belə ki, oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(103)- 1293/2023-cü il saylı, xx.xx.2023-cü il tarixli Qərarında hüquqi mövqe olaraq göstərilmişdir ki,”29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının müraciət etdiyi tarixdə mövcud olmuş qanunvericilik normaları tətbiq edilməlidir. 30. Belə ki, əmək pensiyaları haqqında qanunvericiliyə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmçinin əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 31. İşin hallarına görə iddiaçının xx.xx.2007-ci il tarixdə həm yaşa görə əmək pensiyası həm də əlilliyə görə əmək pensiyası hüququ mövcud olmuşdur. Lakin iddiaçı yaşa görə pensiya hüququndan istifadə etməyərək əlilliyə görə əmək pensiyası almaqda davam etmişdir. Daha sonra iddiaçının əlillik müddəti bitdiyindən əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Daha sonra iddiaçı cavabdeh orqana müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 32. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün apellyasiya instansiyası məhkəməsi xx.xx.2007-ci il tarixdə qüvvədə olan qanunvericiliyə deyil, iddiaçının müraciət etdiyi tarixdə, yəni hüquqdan istifadə etmək istədiyi tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7 və 8-ci maddələrinə uyğun araşdırma aparmalı, həmin qanunvericiliyə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin mövcudluğu yoxlanılmalıdır”.
33. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə Kollegiyası hеsаb еdir ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmamışdır.
34. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 4329/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunaraq iddia rədd edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4329/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.