Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-289/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1452/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismar Birliyi ilə İddiaçı arasında bağlanmış Şüvəlan ərazisindəki 10/3161 saylı bağın istifadəyə verilməsinə dair 37705 saylı Müqavilə əsasında ona məxsus Bakı şəhəri, Əzizbəyov rayonu Şüvəlan ərazisində yerləşən 10/3161 nömrəli 0,06 ha torpaq (bağ) sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh tərəfindən verilmiş iımina qanunsuz və əsassızdır və həqiqətləri əks etdirmir. 10/3161 saylı torpaq (bağın) istifadəyə verilməsinə dair 37795 saylı Müqavilənin qanuniliyi cavabdeh tərəfindən mübahisələndirilmir və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Bundan başqa, imtina məktubundan göstərilən digər hallar da Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikasının Qanun 15-ci maddəsində göstərilən imtinanın əsaslan kimi müəyyən edilməmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1452/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismar Birliyi ilə İddiaçı arasında bağlanmış Şüvəlan ərazisindəki 10/3161 saylı bağın istifadəyə verilməsinə dair 37705 saylı Müqavilə əsasında Bakı şəhəri, Əzizbəyov rayonu Şüvəlan ərazisində yerləşən 10/3161 nömrəli 0,06 ha torpaq (bağ) sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1452/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış xx.xx.2006-ci il tarixli, 37795 saylı “bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha, 10/3161 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsi ayrıc aktından kənarda yerləşir. Həmçinin torpaq sahəsinin yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir:
1. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsi ayrıc aktından kənarda yerləşir.
2. Torpaq sahəsinin yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir.
3. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.
4. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur.
5. İddiaçı tərəfindən təqdim edilmiş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində bağın nömrəsi 11 qeyd edilmişdir. “Tarixçi” bağçılıq-yoldaşlıq nəzdində 11 saylı bağ sahəsi digər fiziki şəxsin (X4) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır Qeyd edilməlidir ki, işin birinci instansiya icraatı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirlyiinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli rəydə qeyd edilmişdir ki: “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağları massivində yerləşən 10/3161 nömrəli, 0.06 ha bağ sahəsinin Bölgü sxeminə əsasən aparılmış tədqiqat nəticəsində coğrafi yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Bağ sahəsi qərb tərəfdən yol ilə, cənub və şərq tərəfdən qonşu torpaq sahələri ilə, şimal tərəfdən isə X3 faktiki istifadəsində olan 39/3180 saylı bağ sahəsi ilə əhatə olunmuşdur. İddiaçı istifadəsində olan 10/3161 saylı, 0.06 ha bağ sahəsinin WGS-84 (UTM=39) koordinat sistemində olan coğrafi məkan göstəriciləri (koordinatlar) aşağıdakı kimidir: X Y 434626.525 4482358.965 434660.107 4482380.633 434668.664 4482367.939 434636.879 4482347.094 İddiaçı faktiki istifadəsində olan 0.06 ha bağ sahəsinin ölçüləri-şimalda uzunluğu 39.9 metr, cənubda 38 metr, şərqdə eni 15.3 metr, qərbdə isə 15.75 metr təşkil edir. Naturada coğrafi yerləşmə yeri müəyyənləşdirilən 10/3161 saylı 0.06 ha bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və ərazinin elektron məlumat bazasına əsasən digər şəxslərə məxsus bağ sahələri ilə üst-üstə düşmə halı qeydə alınmamışdır. Naturada coğrafi yerləşmə yeri müəyyənləşdirilən 10/3161 saylı 0.06 ha bağ sahəsi təqdim edilmiş Bölgü sxemində qeyd olunan bağ sahəsi ilə ( 5 nömrəli ərazi) uyğunluq təşkil edir. Tədqiq olunan bağ sahəsi “Tarixçi” bağçılıq yoldaşlıq cəmiyyətinə ayrılmış torpaq sahəsinin Ayrıc aktı daxilində yerləşmir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi tərəfindən təqdim olunan 19 iyun 2006-cı il tarixli 37795 saylı müqaviləsinə əsasən tərtib olunan Bölgü sxemi “Tarixçi” bağçılıq yoldaşlıq cəmiyyətinə aid deyildir. Bağ sahəsinin qərb yol hissəsində mövcud daş hasardan 7.2 metr məsafədə bağ sahəsinə paralel olaraq 10 kvluq iki dövrəli elektrik xətti keçir. 103 nömrəli qərara əsasən 6-10 kv-luq elektrik xəttinin mühafizə zonası 10 metr təyin edilmişdir. Bağ sahəsinin yoldan elektrik xəttinə paralel 2.8 metr eni x 15 metr uzunluğu olan hissəsi 6-10 kv-luq elektrik xəttinin mühafizə zonasına düşür. Bağ sahəsinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaqlar olmaqla Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi tərəfindən üavilə üzrə vətəndaşlara xüsusi mülkiyyətinə verilməsi nəzərdə tutulan bağ sahələridir. Ərazi yaşayış məntəqələrinin torpaqları kateqoriyasında olmaqla, bağ evinin tikintisi üçün nəzərdə tutulmuşdur” Cavabdeh tərəfindən verilmiş imtinanın birinci dəlili ilə bağlı qeyd edilməlidir ki, cavabdeh imtina məktubunda və etiraz ərizəsində torpaq sahəsinin ayrıc aktından kənarda yerləşdiyini qeyd etsə də, məhkəmənin torpaq sahəsinin hansı bağçılığın ayrıc katında kənarda yerləşməsi barədə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubunda, bağ sahəsinin heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmədiyini qeyd etmişdir. Kollegiya qeyd edir ki, əgər iddia edilən torpaq sahəsi konkret olaraq hər hansı bağçılıqyoldaşlığa ayrılmış torpaq sahələrindən (konkret olaraq hər hansısa BTK), o zaman cavabdehin imtinasını əsaslı hesab edilə bilərdi. Hazırkı halda torpaq sahəsinin heç bir bağçılığın ayrıc aktı daxilində yerləşməməsi hüququn qeydə alınmasından imtina üçün əsas deyildir. Cavabdehin ikinci imtina dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin ilkin dəlili ilə ikinci dəlili ziddiyyət təşkil edir. Belə ki, cavabdeh həm torpaq sahəsinin heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşməməsini bildirir, digər tərəfdən isə torpaq sahəsinin yerləşməsinin bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil etdiyini qeyd etmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Sxematik xəritə ilə bağlı uyğunsuzluq olduğu dəlilinə münasibətdə ilk növbədə qeyd edilməlidir ki, cavabdeh bildirdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Məhkəmə imtinanın üçüncü dəlili ilə bağlı qeyd edir ki, bu hal torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. İmtinanın dördüncü dəlili ilə bağlı qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş eksert rəyində torpaq sahəsinin yerləşməsini əks etdirən koordinatlar rəyə əlavə edilmişdir. Eyni zamanda məhkəməyə təqdim edilən mütəxəssis rəyində torpaq sahəsinin faktiki yerləşməsini əks etdirən fotoşəkil, ortofoto görüntüsü və kordinatlar rəyə əlavə edilmişdir. Cavabdehin beşinci dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən iddiaçınn iddia etdiyi torpaq sahəsinin “Tarixçi” Bağçılıq Yolşdalıq ilə əlaqəsinin olmadığı müəyyən edilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı bağçılıqyoldaşlıq tərəfindən ona torpaq sahəsinin ayrılmasına, onun hər hansı bağçılığın üzvü olmasına istinad etmir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi tərəfindən təqdim olunan 19 iyun 2006-cı il tarixli 37795 saylı müqaviləyə istinad edir. Digər tərəfdən təqdim edilmiş rəylərə “Tarixçi” Bağçılıq Yolşdalığın ayrıc aktının hüdudlarını əks etdirən cizgilər əlavə edilmişdir. Təqdim edilən rəylərdən müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi “Tarixçi” Bağçılıq Yolşdalığın ayrıc aktından kənarda yerləşir. Bu hal cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab məktubunda da öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçının adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində bağın nömrəsinin 11 qeyd edilməsi və torpaq sahəsinin “Tarixçi” bağçılıq-yoldaşlıq nəzdində olmasını qeyd edilməsi iddiaçının təqsiri deyil. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1452/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1452/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.