Məhkəmə qərarları › İş №2-1(103)-2890/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2890/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2890/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 sədrliyi və məruzəsi ilə, ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər X7 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi) “sərəncamın və hərracın yekun nəticələri haqqında yekun protokolun ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-5768/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək "xxxx" şadlıq sarayının özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 30 sentyabr 2016-cı il tarixli 125 nömrəli sərəncamının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib olunmuş 09 aprel 2019-cu il tarixli, 13/01 nömrəli hərracın yekunlarına dair protokolu mübahisələndirmiş və ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası Bədəl Qulamov 1992-ci ildən "xxxx" şadlıq sarayının işçisi və icarədarı olduğu, həmin obyektə külli miqdarda şəxsi vəsait qoyduğu halda Əmlak Məsələləri Dövlət Komitəsi xx.xx.2019-cu ildə keçirilən hərrac barəsində ona heç bir rəsmi məlumat verməmiş və onun məlumatı və xəbəri olmadan faktiki icarədarı və 24 avqust 1999-cu il tarixli əmək müqaviləsinə əsasən müdiri olduğu "xxxx" şadlıq sarayı hərraca çıxarılaraq qanunsuz olaraq satılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X7 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia əsassızdır və qanunvericiliyin tələblərinə zidd olaraq qaldırıldığına görə rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mərhum atası X13 "xxxx" şadlıq evinin həm icarəçisi, həm əmək kollektivinin üzvü olmuş, lakin həmin əmlakın özəlləşdirilməsi zamanı ona heç bir təklif edilməmişdir. Qeyd edilənlər yanlış məlumatlardır. Belə ki, "xxxx" şadlıq evi özəlləşdirilərkən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmaqla dövlət mülkiyyətində olmuşdur. Mübahisə predmeti olan müəssisənin Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 125 nömrəli, 30 sentyabr 2016-cı il tarixli qərar qəbul edilmiş və bu haqda Komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. X6 ilə "xxxx" şadlıq evinin əmlakına dair icarə müqaviləsi bağlanılmamışdır. Buna görə Bədəl Qulamovun həmin əmlakın icarəçisi kimi onu ilk növbədə satın almaqda üstünlük hüququ olmamışdır. Lakin mərhum Bədəl Qulamov "xxxx" şadlıq evində işlədiyinə görə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq əmək kollektivinin üzvü kimi həmin müəssisənin əmlakının 15 faizinin güzəştli qaydada satın alınması hüququna malik olmuşdur. Bu səbəbdən əmlak özəlləşdirilərkən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2016-cı il tarixli, **********38 nömrəli məktubu ilə 01-25 oktyabr 2016-cı il tarixlərində "xxxx" şadlıq evinin güzəştli satışının həyata keçiriləcəyi bildirilərək, həmin auksionda iştirak etmək üçün X11 rəsmi təklif göndərilmişdir. Lakin İddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə güzəştli satışda iştirak etmək hüququndan istifadə etməmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.4.2-ci bəndinə uyğun olaraq yuxarıda qeyd edilən əmlak özəlləşdirilməsi məqsədi ilə dəfələrlə hərraca çıxarılmış və 5-ci hərracda qiyməti 50% həcmində aşağı salınaraq 89500 manat təşkil etmişdir. Eyni zamanda bildirilir ki, sözügedən əmlakın hərrac vasitəsilə satılması barədə X11 təkrar məlumat verilmiş və **********27 nömrəli, xx.xx.2019-cu il tarixli məktub göndərilərək hərracda iştirak etməyi tövsiyə edilmişdir. Lakin həmin əmlakın satışı ilə bağlı 19 dəfə hərrac keçirilməsinə baxmayaraq, Qulamov Bədəl hərraclarda iştirak etmək hüququndan istifadə etməmiş və satışa çıxarılmış əmlak xx.xx.2019-cu il tarixində hərracın qalibi X7 tərəfindən satın alınmışdır. Qeyd edilənlərdən əlavə, X9 vəfat etməsi səbəbindən hazırkı iddia onun oğlu - İddiaçı tərəfindən qaldırılmışdır. Halbuki, İddiaçı bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, hazırkı iş üzrə iddiaçı "xxxx" şadlıq evinin işçisi olmamış və əmək kollektivinin üzvü kimi güzəştli satışda iştirak hüququna malik deyildir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi ilə dövlət əmlakının güzəştli satışında iştirak etmək hüququ olan şəxslərin dairəsi konkret olaraq müəyyən edilmişdir. Həmin normada vəfat etmiş şəxsin vərəsəsinin varisi olduğu şəxsin işlədiyi müəssisənin əmlakının güzəştli satışında iştirak etmək hüququ nəzərdə tutulmamışdır. Beləliklə, qanunvericiliyə əsasən dövlət əmlakının güzəştli şərtlərlə almaq hüququ vərəsəlik yolu ilə keçmir. Göründüyü kimi iddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüquqa da malik deyildir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs X7 tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş 30 sentyabr 2016-cı il tarixli 125 nömrəli sərəncamının, ünvan 2 şadlıq evinə aid hissə, Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli yekun protokolunun, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, iddia ərizəsində etibarsızlığın əsaslandırılmasına dair hər hansı müddəaya istinad edilməmişdir. İddia ərizəsinə, işin həqiqi hallarına nəzər yetirərkən tam bəlli olur ki, inzibati aktın etibarsızlığı üçün əsas olan halların heç biri hazırkı iddiaya şamil edilə bilməz. “İcarə haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. Belə ki, Əzizbəyov rayon Əhaliyə Xidməti İstehsalat İdarəsi ilə iddiaçının atası X13 arasında 01 iyun 1992-ci il tarixdən 31 dekabr 1992-ci il tarixə qədər mübahisəli əmlaka dair icarə müqaviləsi bağlanmışdır. Yəni tərəflər arasında bağlanmış icarə müqaviləsi qanunvericiliyin tələbinə əsasən 1993-cü il tarixə qədər uzadıla bilərdi. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd edir ki, əmlakın icarəçiyə təklif edilməsi özəlləşdirmə prosesinin tərkib hissəsidir. Belə ki, İİ Dövlət Proqramının 4.6.5-ci bəndi (əmlakın əvvəlcə icarəçiyə təklif edilməsini nəzərdə tutan müddəa) özəlləşdirmənin açıq elan edilməsindən sonra işə düşür. Başqa sözlə, özəlləşdirmənin açıq elan edilməsindən əvvəl əmlakın icarəçiyə təklif edilməsi qeyrimümkündür, qanun buna icazə vermir. İddia ərizəsinə və etiraza əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin iddiaçı X11 ünvanladığı xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2019- cu il tarixli bildirişindən də aydın görünür ki, "xxxx" şadlıq evi müəsissəsinin özəlləşdirilməsi ilə əlaqədar 01 oktyabr-25 oktyabr 2016-cı il tarixlərdə müəssisənin güzəştli satışının keçirilməsi və güzəştli satışda Qulamov Bədəlin iştirak etməsi təklif olunmuşdur. Beləliklə, iş materialları ilə tam sübuta yetirilir ki, iddianın mübahisə predimeti olan "xxxx" şadlıq evi müəssisəsi 2016-cı ildə açıq hərracda satışa çıxarılmış və qanunvericiliyin tələbinə uyğun hərracda güzəştli şərtlərlə iştirak etmək hüququ dələlərlə Qulamov Bədələ təklif edilmişdir. Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim A.Əhədova) 2-1(112)-1927/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəmsinin İnzibati kollegiyasının (hakimlər A.Hüseynov, E.Mehdiyev, A.Hüseyn) 2-1(103)-2705/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunmuş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-5768/2023 saylı qərarı ilə (hakim B.Cəlalov) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər X7 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi) “sərəncamın və hərracın yekun nəticələri haqqında yekun protokolun ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəssisə hərraca çıxarılarkən onun mərhum atasına məlumat verilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsaslılığı baxımından da məhz bu hal, yəni müəssənin hərraca çıxarılmasından onun atasının məlumatlı olub-olmamasına hüquqi qiymət verilməlidir. Hərracın keçiriləcəyi barədə bildiriş ümumiyyətlə X11 təqdim edilməmişdir. Belə ki, icraat materiallarının 102-ci səhifəsində olan X6na təkrar hərracın keçirilməsi barədə təqdim edilmiş bildirişdə olan “qəbul etdim”, tarix və imza onun tərəfindən yazılmamışdır və saxtadır. Belə ki, Bədəl Qulamovun digər sənədlərdə olan imzasına baxdıqda da əyani şəkildə görmək olur ki, orada olan imza X11 məxsus deyildir və digər bir şəxs tərəfindən çəkilmişdir. Bununla bağlı birinci instansiyası məhkəməsində məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsi və bildirişdə olan imzanın X11 aid olub-olmamasının müəyyənləşdirilməli olması ilə bağlı vəsatət təqdim etsələr də, məhkəmə bunu təmin etməmiş və əsassız olaraq qərar qəbul etmişdir. Beləliklə də, mərhum atası Bədəl Qulamov 1992-ci ildən "xxxx" şadlıq sarayının işçisi və icarədarı olduğu, həmçinin həmin obyektə külli miqdarda şəxsi vəsait qoyduğu halda Əmlak Məsəlləri Dövlət Komitəsi xx.xx.2019-cu ildə keçirilən hərrac barəsində ona heç bir rəsmi məlumat verməmiş və onun məlumatı və xəbəri olmadan faktiki icarədarı və 24 avqust 1999-cu il tarixli əmək müqaviləsinə əsasən müdiri olduğu "xxxx" şadlıq sarayı hərraca çıxarılaraq qanunsuz olaraq satılmışdır. İşin hallarından da göründüyü kimi mərhum atası Bədəl Qulamovun həm özəlləşdirilən müəssisənin əmək kollektivinin üzvü kimi, həm də, icarəyə verilmiş dövlət əmlakının icarədarı kimi qeyri-yaşayış sahəsini almaqda üstünlük hüququ olmasına baxmayaraq, hərrac qanunsuz olaraq keçirilmiş və atasının mülkiyyət hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi bu halları araşdırmamaqla düzgün olmayan qənaətə gələrək iddianı təmin etməmişdir. Buna görə də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5768/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassız qəbul edildiyindən ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-5768/2023 saylı qərarının ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2- 1(112)-5768/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin və qeyd olunan üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən "xxxx" şadlıq sarayı İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmaqla dövlət mülkiyyətində olmuşdur. Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi ilə X13 arasında bağlanmış 01 iyun 1992-ci il tarixli icarə müqaviləsinə əsasən, həmin şadlıq sarayı 01 iyun 1992-ci il tarixdən 31 dekabr 1992-ci il tarixədək İddiaçı icarəyə verilmişdir. Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin 18 yanvar 1995-ci il tarixli 2 nömrəli əmri ilə, bir qrup işçilərin xahişi nəzərə alınaraq, Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin nəzdində təsərrüfat hesablı “Ruzigar” icarə müəssisəsi təsis olunmuş, həmin müəssisə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 23 avqust 1994-cü il tarixli, 721 nömrəli sərəncamı ilə qeydiyyata alınmış və 8 nömrəli pavilyon onlara icarəyə verilmişdir. İdarənin Mərdəkan qəsəbəsindəki "xxxx" şadlıq evi, 8 nömrəli pavilyon və 5, 8, 9, 17, 23 nömrəli obyektlər əsas vəsaitləri ilə bərabər “Ruzigar” icarə müəssisəsinin balansına verilmiş və göstərilən obyektlərin işçiləri ora köçürülmüşlər. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 07 aprel 1997-ci il tarixli şəhadətnamələrə əsasən, Bakı şəhəri Əzizbəyov rayonu Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin "xxxx" şadlıq evinin avadanlıqları (dəmir qapı, kondisionerlər, televizor və s.) X1. "xxxx" şadlıq evi X3 və istifadəsində olmaqla, kommunal və digər ödənişlər onun tərəfindən həyata keçirilmiş, kommunal xidmətlərin göstərilməsinə dair müvafiq təşkilatlarla müqavilələr bağlanmışdır. Eyni zamanda, X13 "xxxx" şadlıq evi əmək kollektivinin yeganə üzvü olmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 30 sentyabr 2016cı il tarixli 125 nömrəli sərəncamı ilə təsdiq olunmuş Kiçik dövlət müəssisəsinin (obyektinin) özəlləşdirmə planına əsasən bir sıra dövlət əmlakının, o cümlədən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 247 ünvanında yerləşən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin "xxxx" şadlıq evinin start (satış) qiyməti 179.000 manat, güzəştli satışa yönəldiləcək hissəsi 15%, hərraca çıxarılacaq hissəsi 85% olmaqla hərraca çıxarılması qərara alınmışdır. Satılan obyektin əmək kollektivinin və onlara bərabər tutulan şəxslərin 1 nəfərdən ibarət olması, əmək kollektivi tərəfindən vəkil edilmiş şəxsin X13 olması qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X11 ünvanlanmış 11 noyabr 2016-cı il tarixli məktubla ünvan 2 şadlıq evinin 11 noyabr 2016-cı il tarixində keçirilən hərracda iştirak etmək hüququndan istifadə etmədiyi, göstərilən obyektin hərracının alıcı olmaması səbəbindən baş tutmaması, obyektin 06 dekabr 2016cı il tarixdə təkrar hərraca çıxarılması barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib olunmuş 09 aprel 2019-cu il tarixli, 13/01 nömrəli hərrac protokoluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X7 arasında bağlanmış 10 aprel 2019-cu il tarixli, 4333 nömrəli müəssisənin (obyektin) alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 247 ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin "xxxx" şadlıq evi 30 sentyabr 2016-cı il tarixli, 125 nömrəli Sərəncama əsasən ilkin satış qiyməti 89.500 manat olmaqla hərraca çıxarılmış və həmin qiymətə X7 tərəfindən alınmışdır. "xxxx" şadlıq evi üzərində X4 mülkiyyət hüququ 29 may 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və mülkiyyət hüquqlarına dair ********** № li Çıxarış verilmişdir. İddiaçı X13 cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, X5 qarşı (Əmlak Məsələləri Dövlət Komitəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli yekun protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 Bədəl Nəsir oğluna qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 247 ünvanında yerləşən "Aydınlıq” şadlıq evindən cavabdehin çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(005)- 2728/2019 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin edilmiş, X9 ünvan 2 şadlıq evindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq X5 təhvil verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)- 3043/2020 nömrəli qətnaməsi ilə iddiaçı X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-433/2021 saylı 22 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçı X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2020-ci il i tarixli, 2(103)-3043/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. X13 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli, 2(103)- 4555/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsi ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iddiaçı X9 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və X5, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Hazırkı iş üzrə İddiaçı X9 oğlu və vərəsəsidir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 30 sentyabr 2016cı il tarixli 125 nömrəli sərəncamı ilə təsdiqlənmiş kiçik dövlət müəssisəsinin (obyektinin) özəlləşdirmə planına əsasən "xxxx" şadlıq evinin start (satış) qiyməti güzəştli satışa yönəldiləcək hissəsi 15 faiz, hərraca çıxarılacaq hissəsi 85 faiz olmaqla, 179.000 manat olmaqla güzəşrli qiymətlə İddiaçı təklif edilmiş, lakin sonuncu güzəştli satın almaq hüququndan istifadə etməmiş, əmlak ümumi qaydalarla hərraca çıxarılmış, bir neçə dəfə hərrac keçirildikdən sonra 09 aprel 2019-cu il tarixli, 13/01 nömrəli hərrac protokoluna əsasən 89.500 manata X7 tərəfindən alınmış, bu barədə 10 aprel 2019-cu il tarixli, 4333 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı qeyd edilən Sərəncamın "xxxx" şadlıq evinə aid hissəsini və 09 aprel 2019-cu il tarixli, 13/01 nömrəli hərracın yekunlarına dair protokolu mübahisələndirmişdir. İddia tələbinin, o cümlədən apelyasiya şikayətinin yeganə faktiki və hüquqi əsası kimi o hala istinad edilir ki, müəssisə hərraca çıxarılarkən iddiaçının mərhum atasına məlumat verilməmişdir. Atasına məlumat verilməsinə dair bildirişdə olan imza atasına məxsus deyildir. Belə ki, təkrar hərracın keçirilməsi barədə təqdim edilmiş bildirişdə olan “qəbul etdim”, tarix və imza onun atası Bədəl Qulamov tərəfindən yazılmamışdır və saxtadır. Apelyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 382 nömrəli Fərmanına əsasən Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) həyata keçirir. Qanunun: 16.1-ci maddəsində dövlət əmlakının özəlləşdirilməsinin üsulları göstərilmişdir ki, onlara özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı (16.1.1-ci maddə), hərraclar vasitəsilə satışı (16.1.4-cü maddə) və icarəyə verilmiş dövlət əmlakının satışı (16.1.6-cı maddə) aid edilmişdir. 17.1-ci maddəsinə əsasən özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur. 17.2.1-ci maddəsinə əsasən özəlləşdirilən dövlət müəssisələrin səhmlərinin və ya hissələrinin satışında güzəştlər əsas iş yeri həmin müəssisə hesab edilən işçilərə aid edilir. 22.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 4.1-ci maddəsinə əsasən özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı Dövlət əmlakının özəlləşdirilməsinin üsullarından biridir. 4.6.1-ci maddəsinə əsasən İİ Dövlət Proqramı təsdiq edilənədək icarə müqaviləsinə müvafiq olaraq satınalma hüququ ilə icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi qaydaları İİ Dövlət Proqramı və digər normativ hüquqi aktlarla müəyyən edilir. İcarəyə verilmiş dövlət əmlakının satışı tərəflər arasında bağlanmış icarə müqavilələrinin şərtlərindən (satınalma hüququndan, icarə müddətindən və s.) asılı olaraq müxtəlif üsullarla həyata keçirilir. 4.6.2-ci bəndinə əsasən İİ Dövlət Proqramı qəbul edilənədək bağlanmış və müvafiq qaydada Əmlak Məsələləri Dövlət Komitəsində qeydiyyatdan keçmiş icarə müqaviləsi əsasında fəaliyyət göstərən kiçik müəssisələrin dəyərinin (obyektin start qiymətinin) 15%-i əmək kollektivinə güzəştli satışa yönəldilir, 85%-i isə ilkin start qiyməti ilə ilk növbədə icarəçiyə təklif olunur. 4.6.5-ci bəndinə əsasən özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. İddiaçının mərhum atası həm özəlləşdirilən müəssisənin əmək kollektivinin üzvü kimi (16.1.1), həmçinin də, icarəyə verilmiş dövlət əmlakının icarədarı kimi (16.1.6) hüququ olmuşdur. Müəssisənin alınması güzəştli qiymətlə İddiaçı təklif edilmişdir. Belə ki, işdə olan bildirişdən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi 04 oktyabr 2016-cı il tarixli bildirişlə X11 "xxxx" şadlıq evi müəssisəsinin özəlləşdirilməsi ilə əlaqədar 01 oktyabr - 25 oktyabr 2016-cı il tarixlərdə müəssisənin güzəştli satışının keçirilməsi, müəssisənin start satış qiymətinin 179.000 manat olması, güzəştli satışa yönələcək hissəsinin 26.860 manat olması, güzəştli satışda iştirak etdiyi halda 26.850 manatın 30% hissəsini 8055 manatı ödədikdə 70% hissəsi 18.795 manatın güzəşt edilərək bağışlanacağı, bu məbləğin müəssisənin start (satış) qiymətinin 179.000 manat dəyərindən çıxılacağı barədə məlumatlandırılmışdır. Göründüyü kimi, hərracın keçirilməsi əmək kollektivinin üzvü kimi iddiaçının atasına güzəştli şərtlərlə təklif eidlmiş lakin İddiaçı ona təklif edilən məbləği ödəyə bilmədiyindən əmlak ümumi əsaslarla (16.1.4) hərraca çıxarılmışdır. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi tərəfindən həmçinin qeyd olunmuşdur ki, iddiaçı mərhum atasının hərracın keçirilməsi barədə məlumat verilmədiyini qeyd etsə də, iş materiallarına əlavə edilmiş, iddiaçının atası tərəfindən ölkə Prezidentinə və X14 Prezidentinə ünvanlanmnış müraciətlərin məzmunundan görünür ki, Bədəl Qulamov hərrac barədə, o cümlədən əmlakın hərraca çıxarılacağı ilkin qiymət barədə məlumatlı olmuş və bu məbləğin hissə-hissə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir (iş v.121-128). Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçı verdiyi izahatında həmin məktubların atası tərəfindən yazılması faktını inkar etməmişdir. Əmlak iddiaçının atası İddiaçı tərəfindən alınmadığından ümumi əsaslarla hərraca çıxarılmışdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən dövlət əmlakının hərraclar vasitəsilə ilə satışı həmin əmlakın hər hansı bir şərt qoyulmadan alıcıya satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Dövlət əmlakının hərrac vasitəsilə satışı baş tutmadıqda (sifariş verilmədikdə və ya start qiyməti ilə satılmadıqda) növbəti hərracda dövlət əmlakının satıcısı müəyyən olunmuş qaydada start qiymətini aşağı sala bilər. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi xx.xx.2019-cu il tarixli bildirişlə X11 "xxxx" şadlıq evi müəssisəsinin özəlləşdirilməsi ilə əlaqədar keçirilən hərraclarda iştirak etməməsi, əmlakın 89.500 manat dəyəri ilə 18-ci dəfə təkrar hərrac keçiriləcəyi barədə məlumat verilmişdir. Yuxarıda istinad edilən Qanunun 25.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi barədə məlumat rəsmi mediada həmin əmlakın satışının həyata keçirilməsi gününə azı 30 gün qalmış dərc edilməlidir. İş materiallarına əlavə edilmiş kütləvi informasiya vasitələrindən çıxarışlardan müəyyən müəyyən edilir ki, (iş v 159 – 165 Mülkiyyət qəzeti) "xxxx" şadlıq evinin xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixlərdə hərraca çıxarılması ilə bağlı elanlar verilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış bütün hüquqi şəxslər və xarici hüquqi şəxslər Dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılar kimi çıxış edə bilərlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, X13 bu hüququndan istifadə edərək, əvvəllər icarəçisi olduğu əmlakı hərrac yolu ilə əldə edə bilərdi. Belə ki bu hüququnun həyata keçirilməsinə təminat yaratmaq məqsədilə cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X11 11 noyabr 2016-cı il tarixli məktub ünvanlanmış, ünvan 2 şadlıq evinin xx.xx.2016-cı il tarixdə təkrar hərraca çıxarılması barədə ona məlumat verilmiş, habelə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında“ Azərbaycan Respublikası Qanununa əsasən dövlət əmlakının hərraclar vasitəsi ilə satışı zamanı özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin iştirak edə biləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsinin haqlı olaraq qeyd etdiyi kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi belə bir öhdəlik daşımamasına baxmayaraq, iddiaçının əmlakla bağlı hərracda iştirak etmək hüququnun təmin olunması istiqamətində tədbirlər görmüş, onu məlumatlandırmış, lakin iddiaçı bu hüququndan istifadə etməmişdir. Göründüyü kimi, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hal, yəni, onun atasının "xxxx" şadlıq evinin özəlləşdirilməsindən (keçirilən hərracdan) məlumatlı olmaması iş materialları ilə öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq mübahisələndirilən qərarında qeyd olunmuşdur ki, iddiaçının vəkilinin xx.xx.2019-cu il tarixli bildirişdəki imzanın Bədəl Qulamova məxsus olmaması, həmin imzanın ona məxsus olmasının müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı dəlilini (vəsatətini) əsassız hesab edərək qeyd edir ki, ilk növbədə yuxarıda qeyd edilən işin hallarına əsasən həmin bildirişin göndərilməsi ilə eyni zamanda hərracın həmin tarixlərdə keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar dərc edilmişdir. Bədəl Qulamov şadlıq sarayının uzun müddət istifadəçisi kimi hərracın keçirilməsi vaxtından digər hərrac iştirakçılarına münasibətdə maraqlı və məlumatlı olmalı idi. Digər tərəfdən, iddiaçının atası artıq vəfat etmişdir. Ona görə də, həmin bildirişdəki imzanın həqiqətən də iddiaçının atasına məxsus olub-olmamasının müəyyən edilməsi praktiki baxımdan da mümkün deyildir (ekspertizaya Bədəl Qulamovun xətt və imza nümunələrinin təqdim edilməsinin qeyri-mümkün olması, iş materiallarında olan ödəniş qəbzlərindəki və digər sənədlərdəki Bədəl Qulamov tərəfindən icra edildiyi bildirilən imza nümumələrinin bir-birindən fərqlənməsi səbəbindən və s.). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-5768/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar