Məhkəmə qərarları › İş №2-1(103)-2892/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2892/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2892/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1, digər nümayəndəsi Vəkil3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-73/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı ASC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarş iddia qaldıraraq “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145543 nömrəli qərarının ləğv olunması, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli **********193333 nömrəli səyyar vergi yoxlaması aktlarının etibarsız hesab edilməsi, 2017, 2018, 2019 və yekunlaşmış 2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair qərar və **********752500 nömrəli tələbnamənin və tələbnamədən eyni zamanda qərardan irəli gələn ASC-nin bank və digər hesablarına, o cümlədən depozit hesabına yönəldilən sərəncamların icrasının dərhal dayandırılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... 2018-2019-cu illər üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilərək nəticəsinə dair xx.xx.2020-ci il tarixli **********193333 saylı tərtib edilmiş birinci aktda ASC-nin 2018-ci il üzrə Azərbaycan Respublikası ərazisində əldə etdiyi gəlirləri 74 634 020,86 manat olduğu halda, bu gəlirlər 83 721 514,10 manat göstərilmiş, xx.xx.2021-ci il tarixli **********193333 saylı tərtib edilmiş ikinci aktda isə ASC-nin 2018-ci il üzrə Azərbaycan Respublikası ərazisində əldə etdiyi gəlirləri 78 503 940 manat göstərilmişdir. Bununla Vergi Məcəlləsinin 13.2.12, 132 və 135-ci maddələrinin tələbləri pozulmuşdur. xx.xx.2020-ci il tarixli 1-ci aktla yoxlanılan 2018-2019-cu illər üzrə ümumilikdə 12 361 970,10 manat, o cümlədən 7 960 059,37 manat əlavə vergi məbləği və 4 401 910,73 manat maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması aktında dürüst olmayan və təhrif olunmuş məlumatların olduğu, qanunvericilik aktlarının tələblərinin pozulduğu və əsassız olaraq əlavə vergi və maliyyə sanksiyaları hesablandığından akt tərəflərindən imzalanmamışdır. Vergi qanunvericiliyinə uyğun olaraq Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə 139/20 nömrəli etiraz məktubu təqdim edilmişdir. Bir müddət sonra, xx.xx.2020-ci il tarixdə "Zoom" proqram təminatı vasitəsilə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin vəzifəli şəxslərinin Cəmiyyətin iştirakı ilə vergi yoxlamasının materiallarına baxılması həyata keçirildikdən sonra vergi orqanı tərəfindən “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” haqqında xx.xx.2020-ci il tarixli **********141278 nömrəli qərar qəbul edilmiş və bunun üçün 30 iş günü müəyyən edilmişdir. Lakin, əvvəlki səyyar vergi yoxlaması aktı ləğv edilmədən, faktiki olaraq yenidən əvvəlki yoxlanılan bütün vergi növləri və dövr təkrar yoxlanılaraq yeni xx.xx.2021-ci il tarixli **********1993333 nömrəli 53 vərəqədən ibarət akt tərtib edilmişdir. Hətta sonuncu yoxlamanın 30 iş günü müddəti ərzində aparılmağı ilə yanaşı, aktın tərtibi üçün əlavə olaraq daha 30 gün müddət ayrılmışdır ki, bu da yoxlamanın növü, məzmunu, dövrü, eyni olmaqla yoxlamanın təkrar olduğunu bir daha təsdiq edir. Göstərilən xx.xx.2021-ci il tarixli 2-ci aktda 3 947 842,71 manat vergilərin az hesablandığı qeyd edilmiş və cəmiyyətə 2 885 271,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə əvvəlki aktla müqayisədə xx.xx.2020-ci il tarixli aktda qeyd edilmiş ümumilikdə 12 361 970,10 manat məbləğində olan hesablamalar 5 528 696 manat məbləğində azaldılmışdır. Lakin, aktda dürüst olmayan, təhrif olunmuş məlumatların bir qismi tərtib olunan sonuncu aktla aradan qaldırılsa da, tam olaraq cəmiyyətin maliyyə illəri üzrə göstəricilərini özündə düzgün əks etdirməmişdir. Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə növbəti etiraz məktubu təqdim edilsə də, vergi orqanının vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) davam etmiş və nəhayət xx.xx.2021-ci il tarixdə “Zoom” proqram təminatı vasitəsilə Milli Gəlirlər Baş İdarəsinin aidiyyəti vəzifəli şəxslərinin və Cəmiyyətin əməkdaşlarının iştirakı ilə vergi yoxlamasının materialları müzakirəyə (baxışa) çıxarılmış, lakin iddiaçı tərəfindən etiraz məktublarında qeyd olunanlar və bütün bu müddət ərzində pozulmuş hüquqların bərpası baş vermədiyindən, düzgün qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan hallar nəzərə alınmadığından və növbədənkənar səyyar yoxlaması təyin edilmədiyindən belə bir müzakirənin aparılmasından iddiaçı tərəfindən imtina edilmişdir. Bütün bunlara baxmayaraq, 12 gündən sonra, Vergi Məcəlləsinin 39.7-ci maddəsi kobud şəkildə pozulmaqla şəxsin (hüquqi şəxs olaraq vergi ödəyicisinin) vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verilməməklə, xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli **********145543 nömrəli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın xx.xx.2021-ci il tarixində “ZOOM” proqramı vasitəsilə baş tutan görüşdə yoxlama materiallarının baxılmasından imtina etdiyimiz halda belə, yoxlama materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində qərar qəbul etməli olduğu halda buna əməl edilməmiş və 13 cü gün qərar qəbul edilmişdir. Belə olan halda, imperativ norma (konkret davranış qaydası müəyyən edir və olduğu kimi icra edilməlidir) daşıyan Vergi Məcəlləsinin 49.5-ci maddəsində göstərilmişdir ki, vergi orqanının vəzifəli şəxsləri tərəfindən Məcəllənin 49-cu maddəsinin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Qərarın verilməsində əsas olan xx.xx.2021-ci il tarixli yoxlama aktı ilə yanaşı onlara məlum olmayan “xx.xx.2021-ci il tarixli **********635000 nömrəli sənədin” də qərarda əsas əhəmiyyət kəsb etdiyi qərarda göstərilmişdir. Qərarda yoxlama materiallarına baxılmanın nəticələri üzrə xx.xx.2021-ci il tarixdə ’’Zoom"proqram təminatı vasitəsilə təyin edilmiş görüşdə müzakirədən iddiaçı tərəfindən imtina edilməsi də nəzərə alınmamışdır. Bütün bunlara baxılmayaraq, vergi orqanının “Səyyar vergi yoxlanışı aktına baxılma haqqında” xx.xx.2021-ci il tarixli Protokolunda yoxlama materiallarının baxılmasının baş tutduğu göstərilmişdir. xx.xx.2021-ci il tarixdə çıxarılmış qərardan sonra növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə isə “Vergi borclarının, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə akar edilmiş pozuntuların aradan qaldırılması barədə” cəmiyyətə **********752500 nömrəli Tələbnamə göndərilmişdir. Aparılmış 2-ci yoxlama da vergi qanunvericiliyinin tələbləri ciddi şəkildə pozulmaqla aparılmışdır. Cəmiyyət ilə bağlı obyektiv, ədalətli qərar qəbul edilməsi üçün etiraz məktublarında qeyd olunan iradlara baxılmamış, 2017-2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin zəruriliyi də nəzərə alınmamışdır. Kifayət qədər dövriyyəsi olan cəmiyyətdə növbədənkənar səyyar vergi yoxlaması keçirilmədən, ilkin yoxlamanın nəticələrinin doğru olub-olmadığını müəyyən etmək qeyri mümkündür. Buna baxmayaraq, xx.xx.2020 və xx.xx.2021-ci il tarixli aktlardan görünür ki, hər iki yoxlama eyni şəxslər-X6, X7 və X4 tərəfindən aparılmışdır ki, bu halda da qanunun tələbləri ciddi şəkildə pozulmuşdur. “Əlavə vergi yoxlaması” vergi orqanı tərəfindən təkrar yoxlama olaraq aparılmış, tərtib olunan və xx.xx.2021-ci il tarixdə müzakirəyə çıxarılan xx.xx.2021ci il tarixli akt xx.xx.2020-ci il tarixli akta əlavə yox, yeni bir akt olaraq rəsmiləşdirilmiş aktdır. Hazırda eyni yoxlama dövrünü, vergi növlərini özündə əks etdirən Cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə qüvvədə olan eyni **********193333 nömrəli iki müxtəlif tarixli (xx.xx.2020-ci və xx.xx.2021-ci il) aktlar mövcuddur ki, nəticələri bir-birindən kəskin fərqlənməklə yanaşı, hesabat illərinin maliyyə təsərrüfat fəaliyyətinin nəticələrini və dövlət büdcəsi ilə hesablaşmalarını özlərində düzgün əks etdirmirlər. Növbəti əlavə vergi yoxlamasının nəticəsi üzrə tərtib olunan aktda (xx.xx.2021-ci il tarixli 53 vərəqdə) 2018-ci il üzrə gəlirdən çıxılması nəzərdə tutulan xərc sənədlərinin təqdim edilməməsi qeyd olunaraq, mənfəət vergisi əsassız şəkildə şərti rentabellik əsasında hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Habelə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan yoxlama dövrü ərzində 8 aydan artıq bir vaxt sərf edilmiş, mütəxəssis dəvəti və rəyi ilə bağlı 7 dəfə yoxlama dayandırılmış, sonradan isə mütəxəssis rəyinə ehtiyac qalmadığı aktda əks etdirilmişdir. Cəmiyyət Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və X3 Standartına (MUBS 27) əsasən birləşdirilmiş (konsalidə edilmiş) maliyyə hesabatları tərtib etməsinə və ölkə hüdudlarından kənarda olan filial, nümayəndəlik və törəmə müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin göstəricilərini də hesabata daxil etməsinə baxmayaraq, yoxlama zamanı bu göstəricilər aktlarda göstərilən ümumi göstəricilər tərkibinə daxil edilməmişdir. İcra edilmiş layihələr X12, Yaponiya Yenidənqurma və İnkişaf Agentliyi və digər beynəlxalq maliyyə qurumları ilə imzalanmış beynəlxalq müqavilələr olduğundan bu halların və yoxlama aktlarında göstərilən hesabat illərinin maliyyə nəticələrində (o cümlədən gəlir və xərclərdə) olan göstəricilər (hesabat illəri üzrə olan uyğunsuzluqlar) Beynəlxalq maliyyə qurumlarına verilən hesabatlardan və kənar auditin nəticələrindən fərqli olduğundan bunların növbədənkənar yoxlama aparılmadan aradan qaldırılması qeyri-mümkün olacaqdır. Cəmiyyət fəaliyyət dövründə ölkə üçün əhəmiyyətli olan su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və suqəbuledici qurğularının tikintisi layihələrini həyata keçirmişdir. Cəmiyyət görülmüş işlər üzrə tərtib edilən Təhvil- təslim aktları (Forma 2-lər) üzrə qanunvericiliyə müvafiq qaydada dövlət büdcəsi qarşısında olan vergi öhdəliklərini tam olaraq yerinə yetirmişdir. İcra edilmiş layihələr beynəlxalq maliyyə qurumları ilə imzalanmış və müqavilələr olduğundan beynəlxalq müqavilələrin müddəaları ilə Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanun, qərar, vergi məcəlləsinin müddəaları arasında ziddiyyət yarandıqda beynəlxalq müqavilələrin müddəaları əsas götürülməli olsa da, yoxlama müddətində bunlar da nəzərə alınmamışdır...” Cavabdeh iddianı qəbul etməmiş, bu barədə məhkəməyə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…Səyyar vergi yoxlaması ilə 2018-ci il ərzində cəmiyyət tərəfindən Azərbaycan Respublikası ərazisində malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən və daşınmaz əmlakın icarəyə verilməsindən (forma-2, e-VHF, e-QF əsasən) dövriyyənin düzgünlüyünün yoxlanılması zamanı 2018-ci ilin hesabat dövrü üzrə mənfəət dövriyyəsinin 78503939,66 manat (ƏDV dövriyyəsi 73388004,63 manat– silinmiş ə/vəsaitin dəyəri 479120,93 manat- daxil olmuş avans 10947113,85 manat + bağlanmış avans 16542169,81 manat) məbləğində olduğu müəyyən edilmişdir. Gəlirin əldə olunması ilə bağlı xərclərinin uçotunun aparılmaması və tikinti işlərində mal materialların görülən işlərin həcminə uyğun olaraq normalara əsasən xərclərə silinmələri barədə texniki hesabatların yoxlamaya təqdim etməməsi səbəbindən cəmiyyətin 2018-cı il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9 maddəsinə və Azərbaycan Respublikasını Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı xx.xx.2023-cü il tarixli 42 saylı Qərarlarına əsasən şərti rentabellik göstəricisi tətbiq edilməklə, yoxlama ilə 1805732.99 manat əlavə mənfəət vergisi hesablanmış, həmçinin, büdcəyə hesablanmalı olan ƏDV məbləğləri ümumilikdə 1334400,35 manat azaldıldığı, idxal olunan qeyri-tikinti mal materialları üzrə (10-15% ticarət əlavəsi əlavə olunmaqla) 2019-cu ilin sentyabr ayına 656042,4 manat ƏDV-nin, həmçinin, büdcəyə hesablanmalı olan 67553,86 manat ÖMV az hesablandığı müəyyən edəilərək müəssisəyə əlavə vergilər hesablanmışdır. Eyni zamanda, Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 1.4-cü bəndinə zidd olaraq yoxlanılan dövrdə aşağıda göstərilən vergi ödəyiciləri üzrə alınmış mallara (işlərə, xidmətlərə) görə 2018-ci ilin aprel-dekabr ayı üzrə 823536,20 manat və 2019-cü ilin yanvar-sentyabr ayları üzrə 19905,88 manat məbləğinin malların (işlərin, xidmətlərin) dəyərinin malgöndərənlərə ödənildiyi gündən 2-25 gün gecikdirilmə ilə 9DV-nin depozit hesabına ödənildiyi müəyyən edilmişdir. Nəticədə Vergi Məcəlləsinin) 8.6-cı maddəsinə əsasən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50% miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-73/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli **********193333 nömrəli səyyar vergi yoxlaması aktlarının etibarsız hesab edilməsi, 2017,2018,2019 və yekunlaşmış 2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair qərar və **********752500 nömrəli tələbnamənin və tələbnamədən eyni zamanda qərardan irəli gələn ASC-nin bank və digər hesablarına, o cümlədən depozit hesabına yönəldilən sərəncamların icrasının dərhal dayandırılması barədə” hissələrində mümkün sayılmamışdır. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-73/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə işə mahiyyəti üzrə baxılan cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145543 nömrəli qərarının ləğv olunması tələbinə dair” hissədə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarı mübahisələndirmiş və ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlər təkrarlanmaqla, eyni zamanda, aşağıdakılarla əsaslandırılmışdır. «…Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən işin halları tam və obyektiv araşdırılmamışdır. Əgər təqdim edilmiş sənədlər ekspert rəyi vermək üçün kifayət etmirsə, necə ola bilər ki, həmin sənədlərdən daha az sənədlər təqdim edildiyi halda ilkin ekspertizanı aparmış ekspert tərəfindən rəy verilmiş, amma daha sonra eyni idarənin digər eksperti tərəfindən əvvəlkindən daha çox sənədlər təqdim edilməsinə baxmayaraq ekspertizanın rəyinin verilməsinin (sənədlər tam olmadığı üçün) mümkün olmadığı göstərilmişdir. Məhkəmə isə bu ziddiyyətləri və məntiqsizliyi aradan qaldırmadan, hərtərəfli, tam və obyektiv araşdırma aparmadan ilkin ekspertiza rəyini əsassız olaraq mötəbər sübut kimi qəbul etməklə həmin rəyə istinad etməklə qanunsuz qətnamə qəbul etmişdir. Halbuki, obyektiv araşdırma aparmaq, həqiqəti üzə çıxarmaq, əsaslı qərar qəbul etmək üçün qeyd olunan ziddiyyətlər məhkəmə tərəfindən tam araşdırılmalı idi. İş üzrə aradan qaldırılması mümkün olmayan şübhələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən (Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.) vergi ödəyicisinin xeyrinə həll edilməli idi. 20 oktyabr 2021-ci il tarixli müstəqil auditorun hesabatına əsasən, təqdim edilmiş sənədlər üzrə İddiaçı ASC-nin vergilər üzrə borcu 2079000,0 manat təşkil edir. Həmin məbləğdən 1986000,0 əsas (vergilər üzrə) borc 693000 manat maliyyə sanksiyası təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 9/7131 nömrəli 16 yanvar 2023-cü il tarixli mühasibatlıq ekspertizası rəyindən görünür ki, səyyar vergi yoxlaması aktında qeyd olunanlar və təqdim edilmiş iş materialları nəzərə alındıqda İddiaçı ASC üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə müəssisə tərəfindən dövlət büdcəsinə ödənilməli olan 3.947.842,71 manat məbləğində vergilərin az, 1806.86 manat məbləğində əmlak vergisinin isə artıq hesablanması müəyyən olunur, o cümlədən ƏDV üzrə - 2.076.362,72 manat; MV üzrə 1.805.732,99 manat, ÖMV üzrə 67.553,86 manat; əmlak vergisi üzrə 1806,86 (artıq hesablama). Əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert sənədlərin tam təqdim edilməməsini əsas gətirib rəy verməkdən imtina etsə də, bunun səbəbi araşdırılmamışdır. Məhkəmə yalnız vergi orqanı tərəfindən birtərəfli qaydada toplanmış sübutlara, həmin sübutlar əsasında tərtib edilmiş ziddiyyətli və əsasız ekspertiza rəyinə istinad etməklə iddiaçı tərəfindən irəli sürülmüş hallara əhəmiyyət verilməmişvə hərtərəfli araşdırma aparmamışdır…» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının istinad etdiyi halları sübuta yetirimədiyini və mübahisələnirilən halıları təsdiq edən xərc sənədlərin yoxlamaya təqdim olunmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 isə məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, tərəfindən 2018, 2019-cu ilin aprel dövrü üzrə səyyar vergi yoxlaması aparılıb. Vergi ödəyicisi tərəfindən bütün dövriyyələr düzgün göstərilməyib. Nə proses olubsa, 2018-ci ilin birinci üç ayında olub. 2018-ci ilin dövriyyəsini işə əlavə etmişdir. 2017-ci ilin noyabr-dekabr aylarında 7 milyonluq forma 2 tərtib olunub. Lakin həmin ilin dövriyyəsinə aid edilməyib, sonradan 2018-ci ilin dövriyyəsinə o, əlavə etmişdir. Müəssisənin dediyinə görə 7 milyon manatlıq dövriyyə sonrakı 14 milyonluq Forma 2-nin içərisindədir. Əgər təkrar yazılıbsa, onu yazan müəssisə "xxxx" ASC-dir. Onda, qoy, "xxxx" ASC həmin 7 milyonluq forma 2-ni ləğv eləsin. Yoxlayıcı olaraq, o, əlində olan sənədi inkar edə bilməz. Əgər dövriyyə həqiqətən səhvdirsə, yəni, dövriyyə 7 miyon təşkil edirsə, bnun təsdiqini gətirsin, yəqin ki, rəhbərlik də onu qəbul edər. İki aktın tərtibi ilə bağlı aralarındakı razılığıa əsasən əvvəlki aktda olan 11 milyonluq dövriyyə oradan çıxarılmış və dövriyyə 6 milyon 833 minə düşmüş, buna görə də sonradan akt tərtib edilmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Konkret halda, iddiaçının məhkəmədə mahiyyəti üzrə baxılan tələbi, yəni, hazırkı məhkəmə araşdırmasının predmetini - cavabdeh Milli Gəlirlər Baş İdarəsinin iddiaçının ləğv edilməsini tələb etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145543 nömrəli qərarı təşkil edir. İş materiallarından görünür ki, həmin qərar xx.xx.2021-ci il tarixdə tərtib olunmuş **********193333 səyyar vergi yoxlaması aktına əsasən qəbul olunmuşdur. İşə əlavə olunmuş həmin aktdan isə görünür ki, Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********193288 saylı qərarı əsasında İddiaçı ASC-də 2018-2019-cu illər üzrə növbədənkənar səyyar vergi yoxlaması aparlmışdır. Həmin səyyar vergi yoxlaması aktına və həmin akt əsasında qəbul edilmiş qərara əsasən isə müəyyən olunur ki, yoxlama zamanı aşağıdakı faktlar müəyyən olunmuşdur: «…2018-ci ilin hesabat dövrü üzrə mənfəət dövriyyəsinin 78503939,66 manat məbləğində olduğu müəyyən edilmiş, xərclərə dair vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya təqdim olunmadığından Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə əsasən AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarına əsasən şərti rentabellik göstəricisi təbiq edilərək həmin il üçüq cəmiyyətin mənfəəti 13083989,94 manat, mənfəət vergisi isə ******* manat müəyyən edilmiş və cəmiyyət tərəfindən hesablanmış 731319,84 manat və 79745,15 (398725,76x20%) manat məbləğində 2015-ci ilin zərəri nəzərə alınmaqla yoxlama ilə 1805732.99 (26167xx.xx- 731319.8479745.15) manat əlavə mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 faiz miqdarında, yəni 902866,49 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda, yoxlanılan dövrdə cəmiyyət tərəfindən idxal edilmiş və VHF əsasında alınmış 3644680,0 manat (2018-ci il üzrə 2723400,0 manat və 2019-cu il üzrə 921280,0 manat) məbləğində qeyri tikinti mal-materiallar təqdim edilmiş (Cəmiyyət tərəfindən yoxlama qrupunun nümayəndələrinin adına təqdim olunmuş arayışa əsasən qeyri tikinti malmateriallan 10-15% ticarət əlavəsi əlavə olunmaqla təqdim olunmuş və yoxlanılan dövrün əvvəlinə və sonuna qeyri mal-material qalığı qalmamışdır) lakin ƏDV hesablanmadığından Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələblərinə uyğun olaraq yoxlamanın sonuncu 2019-cu ilin sentyabr ayına 656042,4 manat (2723400+921280*18%) ƏDV məbləği hesablanmış, həmçinin, müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən "xxxx" MMC-dən Bilgəh qəsəbəsində "xxxx" MMC-yə icarəyə götürülmüş villaya görə ödənilmiş icarə haqqlarının sosial xarakterli xərclər olması ilə əlaqədar əvəzləşdirilmiş 11358,0 manat ƏDV məbləği (63100,0*18%) Vergi Məcəlləsinin 109-cu maddəsinə əsasən ləğv edilmiş və cəmiyyət tərəfindən GƏNCƏ CİHAZQAYİRMA ZAVODU" ASC-yə əsas məbləği 2019-cu ilin may ayında ödənilmiş və 7004,16 manat isə iyun ayında əvəzləşdirilmiş, "xxxx" MMC əsas məbləği dekabr ayında ödənilmiş və 3060,0 manat isə yanvar 2019-cu ildə və "xxxx" MMC əsas məbləğ 2018-ci ilin dekabr ayında ödənilmiş 1990,69 manat yanvar 2019-cu il tarixində əvəzləşdirilmişdir. Nəticədə Vergi Məcəlləsinin 175.1- ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə də, yoxlamanın yekununda büdcəyə əlavə olaraq 2076362,72 manat ƏDV və VM-nin 58.1-ci maddəsi ilə 1526746,87 manat (1149738,27+328021,2+37280,98+5679,0+6027,42) maliyyə sanksiyası, eyni zamanda, 2018-ci ilin aprel-dekabr ayı üzrə 823536,20 manat və 2019-cu ilin yanvar-sentyabr ayları üzrə 19905,88 manat məbləğində malların dəyərinin mal göndərənə ödənişi 2-25 gün gecikdirmə ilə ƏDV-si depozit hesaba ödənildiyindən Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 50% miqdarında cəmiyətə maliyyə sanksiyası tətbiq ololunmuşdur. Bundan əlavə, 2017-cı il üzrə təqdim edilmiş əmlak vergisi bəyannaməsində hesabat ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərlərinin (504.2-ci sətr) 2018-ci il üzrə təqdim edilmiş əmlak vergisi bəyannaməsinin (501.2-ci sətr) hesabat ilinin əvvəlinə əsas vəsaitlərin qalıq dəyərlərinin düzgün göstərilməməsi nəticəsində 2018-ci il üzrə 1806,86 manat büdcəyə əmlak vergisi artıq hesablanmış, eyni zamanda, qeyri-rezidentlərə ödənilmiş vəsaitlərin ödəmə mənbəyində vergiyə cəlb edilməməsi nəticəsində 67553,86 manat (o cümlədən 2018-cı ilin ll-rübü üzrə 20439,89 manat, lll-rübü üzrə 42166,93 manat və 2019- cu ilini-rübü üzrə 1940,52 manat, ll-rübü üzrə 56,11 manat, lll-rüb üzrə 2950,41 manat) məbləğində ÖMV az hesablanmışdır. Ümumiliklikdə, xarici dövlətlərdən alınmış mal-materialların ölkəyə gətirilməsi zamanı qeyri-qezident şirkətlərə 409378,25 manat (409378,25+6%=435508,78) nəqliyyat xərcləri və göstərilmiş müxtəlif xidmətlərə görə 372809,87 manat (372809,87/9*10=414233,18) ödənilmiş, lakin 67553,86 manat (435508,78*6% + 414233,20*10%) ÖMV hesablanmamışdır. Bununla da VM 125.1.4-cü maddəsinin tələbləri pozulmuş və nəticədə büdcəyə hesablanmalı olan 67553,86 manat ÖMV az hesablanmış, həmin azaldılmaya görə 67553,86 manat ÖMV məbləğinin 50%-i miqdarında, yəni 33776,93 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir…» Beləliklə də yoxlamanın yekununda mübahisələndirilən qərarla dövlət büdcəsinə ödənilməli olan verginin 4.926,780, 58 manat azaldılmasına görə iddiaçının 978937,87 manat məbləğində artıq ödəməsi nəzərə alınmaqla, ona 3949649,57 manat əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 faiz olmaqla, 2885271,34 manat, həmçinin, hesabatların gecikdirilməsinə görə əlavə olaraq 160 manat məbləğində (4x40) maliyyə sanksiyası tətbiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan hesablamaları əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinin tələbinə görə vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İş materialları ilə iddiaçı tərəfindən mübahisəli səyyar vergi yoxlamasının nəticələrinə əsasən cavabdehin qəbul etdiyi qərarı ilə iddiaçıya hesablanmış vergilərin düzgün olmadığı əsaslandırıcı sübutlarla təsdiq olunmur. İş materiallarından görünən odur ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə -mühasibətlıq ekspertizaı təyin olunmuş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7131 nömrəli 16 yanvar 2023- cü il tarixli ekspert rəyi verilmişdir (16-cı cild, i.v.169-173) İşə əlavə olunmuş həmin rəydən isə görünür ki, ekspertizaya təqdim olunmuş 16 cildddən ibarət tədqiqat materiallarına və əlavə qovluqda olan mühisibatlıq sənədələrinə əsasən aparılmış tədqiqatın nəticcələrinə əsasən - səyyar vergi yoxlaması aktında qeyd olunanlar və təqdim edilmiş iş materialları nəzərə alındıqda İddiaçı ASC üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə müəssisə tərəfindən dövlət büdcəsinə ödənilməli olan 3.947.842,71 manat məbləğində vergilərin az, 1806.86 manat məbləğində əmlak vergisinin isə artıq hesablanması müəyyən olunmuşdur, o cümlədən: - ƏDV üzrə 2.076.362,72 manat; MV üzrə 1.805.732,99 manat; ÖMV üzrə 67.553,86 manat; əmlak vergisi üzrə 1806,86 (artıq hesablama) - mənfəət vergisi üzrə yoxlanılan dövr 2018-ci il, ƏDV üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, ÖMV üzrə 2018-ci ilin İİ rübündən 2019-cu ilin İİİ rüb olmuşdur. Yəni yoxlanılan dövrdə vergi məcəlləsinin tələblərinə əsasən vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər və maliyyə sanksiyaların (hesabat dövrləri və məbləğləri göstərilməklə) 3 illik müddəti keçməmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfi əlavə materiallar təqdim edərək, əlavə məhkəmə ekspertizası təyin olunmasını məhkəmədən xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, lakin ekspert qarşısında qoyulmuş əlavə sualların cavablandırılması üçün təqdim olunmuş materiallar yetərli olmadığından ekspertiza icra olunmadan geri qaytarılmışdır. Belə ki, iş materillarından da görünür ki, əslində, iddiaçı tərəfin sonradan məhkəməyə təqdim etdiyi sənədlər ilkin ekapertiza tədqiqatı zamanı tədqiq olunan sənədlərələ əhatə olunur. Bundan əlavə, mübahisəli səyyar vergi yoxlamasını aparan vergi orqanının əməkdaşı, yoxlayıcı M.Məmmədovun qeyd olunan şahid ifadəsindən göründüyü kimi, hər iki səyyəar vergi yoxlaması eyni nömrəyə malikdir, əvvəlki aktın sonradan yenilənməsinin səbəi isə ondan ibarət olmuşdur ki, qarşılıqlı razılığa əsasən yoxlanılan dövr üzrə 11 milyon manatlıq dövriyyə vergi ödəyicisinin xeyrinə azaldılaraq, 6 milyon 833 min manat həcmində saxlanılmışdır (bu halı iddiaçı tərəfi mübahisələndirməmişdir) bununla bağlı eyni yoxlamaya dair xx.xx.2020-ci il tarixli akt təzələnərək eyni (**********193333) nömrəli xx.xx.2021-ci il tarixli yeni akt tərtib olunmuşdur (İ cild i.v.36,91). Yoxlama ilə iddiaçının vergi məsuliyyətinə cəlb olunmasının əsas səbəbi isə ondan ibarət olmuşdur ki, müəssisə tərəfindən 7 milyon manat həcmində dövriyyənin yoxlama ilə əhatə olunan 14 milyon manatlıq dövriyyənin içərisində olduğunu iddia etsə də, iddia edilən həmin 7 milyon manat həcmində "xxxx" ASC-yə görülən işə dair Forma 2 sənədi ləğv olunmamış və sonuncu tərəfindən həmin sənədin ləğv olunmasına dair iddiaçı tərəfindən hər hansı sənəd-sübut yoxlamaya təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, belə sənəd hazırkı anda nə iş materiallarında mövcuddur, nə də ki, məhkəməyə təqdim olunmuşdır. Qeyd olunanlar baxımdan, əlavə ekspertizanın aparılması üçün zəruri sənədlərin, o cümlədən, vergi orqanının hesablamalarının səhv olduğunu sübuta yetirə bilən sənədlərin eksppertizaya təqdim edilməsi isə məhz, vergi ödəyicisi olaraq iddiaçının vəzifəsidir. Odur ki, iş üzrə əlavə ekspertizanın təyin olunması zərurətini istisna edir. Beləliklə də tədqiq olunan sübutlarla müəyən edilən hallar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən fəaliyyətində vergi qanunvericiliyinin tələblərinə uyğun uçot aparılmamış, əldə etdiyi gəlirin əsasını təşkil edən xərc sənədləri yoxlamaya təqdim edə bilməmiş, bütün bunların nəticəsi olaraq da, yoxlanılan dövrdə aşkar olunan faktlar onun barəsində mübahisələndirilən qərarın qəbulunu zəruri etmişdir. İddiaçının özü tərəfindən xx.xx.2024-cü il tarixli 04/24 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş müstəqil auditor (E.E.İbrahimov) rəyindən də hətta görünür ki, onun tərəfindən ona təqdim edilmiş sənədlərə əsasən "xxxx" MMC tərəfindən 2018-ci ildə görülmüş işlər üzrə xərclərinin ayrılıqda uçotunun aparılılıb-aparılmadığını müəyyən etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək, 16.1.3-cü maddəsinə əsasən isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən, vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 24.1.1-ci maddəsiniə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxs, qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına məlumat verməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: - vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata (83.2.1.); -bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata. İşin tədqiq olunan sübutlarla müəyyən olunan halları onu göstərir ki, səyyar vergi yoxlamasının nəticələrinə dair cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçının vergi qanunvericiliyinin tələblərinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi əsaslı olduğu öz təsdiqini tapır. Başqa sözlə, iddiaçı tərəfindən vergi orqanının mübahisəndirilən qərarla ona hesablanmış vergilərin düzgün olmadığı sübuta yetirilmir, qərar vergi qanunvericiliyinin qeyd olunan tələblərinə uyğundur, ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Belə olan halda, həmin qərar iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 70-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd oolunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli və tam araşdırma aparılmadığnı, əsassız və qanunsuz qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 73/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-73/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar