Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2893/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlununsədrliyi ilə (məruzəçi); Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Quluzadə Arzu İsrafil qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə; İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi) qarşı “müavinətin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1073/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 190 manat məbləğin hər iki ayını-aprel və may aylarını iddiaçıya təyin olunub verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ddiaçı AA******* nömrəli, FİN xxxxxxx nömrəli şəxsiyyət vəsiqənin sahibi İddiaçı üç ildən artıqdır işsiz olduğu üçün və 190 Azn onun da haqqı olduğu üçün 9 aprel 2020-ci ildə E-SOSİAL.AZ-da Online müraciət qeydiyyatından keçmişdir. Ona cavab gəlmişdir ki, onun adına aktiv VÖEN var. Bu barədə hələ vöen açılmamış iddiaçı Vergilər Nazirliyinə şikayət yazaraq sahibkarlıq fəaliyyəti olmadığını yerindəcə araşdırılmasını xahiş etdi və 23.20.2018-ci ildə Aktla rəsmiləşdirilmişdir ki, həqiqətən də onun sahibkarlıq fəaliyyəti yoxdur. Ondan sonra guya yenidən adına VÖEN açılıb bu barədə dəfələrlə Vergilər Nazirliyinə şikayət ünvanlamış, hətta 19 mart 2020-ci il tarixində Vergilər Nazirliyindən Bakı İnzibati Məhkəməyə şikayət ünvanlamışdır ki, onun adında əsassız qanunsuz VÖEN var, ləğv olunmasını xahiş etmişdir. Nazirlikdən ona cavab gəlmişdir ki, onun adına açılmış VÖEN ləğv edilmişdir. Amma E-SOSİAL.az-da anketə keçid bölməsində onun adına onsuzda əsassız açılmış VÖEN-in aktiv qalması, Vergilər Nazirliyinin səlahiyyətində deyildir, yəni Vergilər Nazirliyi VÖEN-i onun şikayətləri əsassında ləğv edib, passivləşdirmişdir. Amma E-SOSİAL.az-da əgər aktiv qalıbsa bunun səbəbi Əmək və Əhalinin Sosial Müdafiəyisi Nazirliyinə aiddr. E-SOSİAL.az saytında adına əsassız və qanunsuz səhv açılmış VÖEN passiv olduğu halda birdəfəlik 190 aznə görə müraciətinə əsasən mesaj gəlmişdir ki, guya o, vergi ödəyicisidir. Hesab edir bu əsassızdır və səhv mesaj gəlmişdir, çünki o, nə vergi ödəyicisidir, nədə VÖEN açdırmamışdır. Vergilər Nazirliyi səhvə yol verərək adına açdığı VÖEN-i aylar öncə şikayətləri əsasında ləğv etmişdir. Eyni müraciət ərizəsinin Verigilər Nazirliyinə də müraciətinə cavabı olaraq gəlmişdir ki, o vergi uçotundan 30 mart 2020-ci ildə çıxarılmış yəni VÖEN 30 mart 2020-ci ildə passivləşdirilib. Yəni 9 aprel 2020-ci il 190 aznə görə müraciət etdiyi zaman VÖEN passiv idi. VÖEN passiv olduğu halda 18 aprel 2020-ci ildə E-SOSİAL.AZ-dan belə səhv mesajın gəlməsi qanun pozuntusudur. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmçinin həmin Qaydanın 2.3.10-cu yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina üçün əsasdır. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı iddia ərizəsində 9 aprel 2020-ci ildə e-Sosial portalından online qeydiyyatdan keçdiyini bidirmişdir. Lakin, iddiaçı 24.12.2020-ci il tarixində MAS-da İşaxtaran (işi və qazancı olan şəxs) kimi qeydiyyatdan keçmişdir. İddiaçıya “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.3-cü maddəsinə əsasən məşğul şəxs sayıldığından ona İşsiz statusu təsdiqlənməmişdir. Əsas kimi sahibkarlıq fəaliyyəti (Digər qruplara daxil edilməyən fərdi xidmətlərin göstərilməsi) ilə məşğul olması ilə əlaqədar aktiv VÖEN-in olmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat birdəfəlik ödəmə işsiz kimi qeydiyyatda olan və ya 25.04.2020-ci il tarixədək MAS-da qeydiyyatdan keçərək İssiz statusu təsdiqlənən şəxslərə şamil edilir. Beləliklə, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslər kateqoriyasına aid olmaması səbəbindən həmin Qaydaya uyğun birdəfəlik ödəməni almaq hüququ yaranmamış və ona birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2-1(112)-1073/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi) qarşı “müavinətin verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2-1(112)-1073/2021 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç vaxt sahibkarlıq fəaliyyəti olmasa da adına əssasız VÖEN açılmışdır. Vergilər Nazirliyinə şikayət ünvalamış və faktlar təqdim edərək, onu narahat etməmələri və onun heç bir sahibkarlıq fəaliyyətinin olmadığını bildirmişdir. Vergiler Nazirliyinin Tədqiqat və Təhlükəsizlik bölməsində araşdırılaraq iddiaçının xeyirinə qərar çıxarılmış yəni, sahibkarlıq fəaliyyətinin olmaması təsdiqlənmişdir. İddiaçı və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati 2-1(112)-1073/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı mövcud qanunvericiliyə uyğun olaraq birdəfəlik ödəmənin alınması üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınması üçün “esosial” portalında qeydiyyatdan keçmək məqsədilə müraciət etmiş, lakin vergi ödəyicisi olması səbəbi ilə ona imtina cavabı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin **********374700 nömrəli “Vergi uçotunun ləğv olunması barədə” Xidməti məktubundan görünür ki, İddiaçı (VÖEN: **********) vergi uçotunun ləğv olunması ilə bağlı göstəriş məktubunun icrası ilə əlaqədar 03.04.2020-ci il tarixli **********312900 nömrəli xidməti məktubla vergi uçotunun ləğvi prosesinə başlanılmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İddiaçı vergi ödəyicisi (VÖEN 03.04.2020-ci il tarixdə ləğv edilmişdir) olması səbəbi ilə 01.04.2020ci il tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmaması iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia əsassızdır və təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ... 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara. Həmin Qaydaya əsasən şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir (3.1-ci bənd). İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur (3.2-ci bənd). İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır (3.3-cü bənd). MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir (3.4-cü bənd). Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur (3.5-ci bənd). Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının sahibkarlıq fəaliyyəti (Digər qruplara daxil edilməyən fərdi xidmətlərin göstərilməsi) ilə məşğul olması ilə əlaqədar aktiv VÖEN-in olmasıdır. Həmçinin iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxs olmasını təsdiq edən sənəd hər hansı sənəd-sübutu iş materiallarına əlavə edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiqlənmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nda qeyd edilən şərtlərə uyğun olmadığından onun hazırkı iddia tələbi əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati 2-1(112)- 1073/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati 2-1(112)-1073/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2893/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2893/2021
06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver