Məhkəmə qərarları › İş №2-1(103)-2893/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2893/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2893/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X9 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X6 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2454/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X6 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 372 nörməli sərəncamının və Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının xx.xx.2002-ci il tarixli 6 nömrəli protokolundan çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2454/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı, X6 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən 220,3 kv.metr ümumi sahəsi, 101,7 kv.metr yaşayış sahəsi və 118,6 kv.metr yardımçı sahəsi olan 1 mərtəbəli 3 otaqlı olan fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Həmin evdə 1994-cü ildən atası - X7 ailə üzvləri ilə yaşayırdı və həmin ünvana o, ailə üzvləri ilə birlikdə Binəqədi rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2- 653 saylı qətnaməsi ilə qeydiyyata alınmışdır. Qeyd edilən ünvanda onun və ailə üzvlərinin yaşaması və qeydiyyyatda olması Binəqədi RİH Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin Ev kitabı ilə və işdə olan xx.xx.2007-ci il tarixli, 695 saylı arayışı ilə təsdiqini tapır. Atasından ona miras qalan fərdi yaşayış evinə öz adına mülkiyyətə dair müvafiq çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş və ona bildirilmişdir ki, fərdi yaşayış evinə ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarış tanımadığı və hər hansı bir əlaqəsi olmayan şəxs olan cavabdeh X2 adına verilmişdir. Bundan sonra məsələ ilə bağlı xüsusatları öyrənmək üçün dəfələrlə DƏDRX Bakı şəhər Ərazi İdarəsinə şifahi və yazılı müraciətlər etmişdir. DƏDRX Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2016-cı tarixli **********26 saylı məktubunda sözügedən mübahisəli məsələ ilə əlaqədar aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı Bakı şəhəri Nərimanov rayon məhkəməsinə sözügedən çıxarışın ləğv edilməsi tələbi ilə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-571 saylı qərardadı ilə iddia ərizəsi MPM-nin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir və Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-571/2018 nomrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Eyni tələblə baglı iddiaçı yenidən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Məhkəməsinə müraciət etmişdi və məhkəmə xx.xx.2022-ci il tarixli, 2(005)-2974/2022 nömrəli qərardadı ilə MPMnin 152.1.3-cü maddəsinə əsasən iş inzibati məhkəməsində baxılmalı olduğundan iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qeri qaytarmışdır. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə eyni tələblə (çıxarışın ləğv edilməsi) xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Sözügedən 2-1(112)-10467/2022 nömrəli inzibati iş məhkəmənin hakimi M.Qarayevanın icraatında olmuşdur və hakim ona hüquqi yardım göstərərək izah etmişdir ki, mübahisələndirilən çıxarışın verilməsi üçün əsas olmuş hüquqmüəyyənedici sənədlər, yəni Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə xx.xx.2002-ci il tarixli, 373 nömrəli sərəncamının və Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə İctimai Komissiyasının xx.xx.2002-ci il tarixli 06 saylı protokolundan çıxarışın ləğv edilməsi barədə tələb irəli sürülməlidir. Ona görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2022-ci il tarixdə geri götürülmüşdür. Hakimin tövsiyələrinə əməl edərək iddiaçı təkrar Baki İnzibati Məhkəməsinə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 372 nömrəli sərəncamının və Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə ictimai komissiyasının xx.xx.2002-ci il tarixli 6 saylı protokolundan çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələsində işin hallarıının tam müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Həmçinin, məhkəmə digər hala da hüquqi qiymət verməmişdir. Belə ki, irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia haqqındadır. Həmin maddəyə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Müddəanın tələblərinə görə iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququ pozulduğu halda müraciət edə bilər. İddiaçının hüququnun pozulması haqqında hər hansı bir ehtimal mövcuddursa, bu artıq iddianın mümkünlüyünə dair şərtin yerinə yetirilmiş olması deməkdir. X2 adına olan MA seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış barədə məlumatı iddiaçı ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə müraciət etdikdən sonra əldə etmişdir. İddiaçı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə bildirmişdir ki, çıxarışda olan fərdi yaşayış evi və onun yaşadığı fərdi yaşayış evi ayrı-ayrı ünvanlarda yerləşir. Lakin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona bildirilmişdir ki, İdarədə olan elektron məlumata görə Çıxarışla qeydiyyata alınan fərdi yaşayış evinin ünvanı (olduğu yeri) Bakı şəhəri, ünvan 10 göstərilsə də, onun yaşadığı ünvan 6 ünvana (olduğu yerə) düşür. Həmçinin, çıxarışla qeydiyyata alınan fərdi yaşayış evinin əsas göstəriciləri (mərtəbəliyi, yaşayış otaqlarının sayı, yaşayış sahəsinin (kv.m), yardımcı sahənin (kv.m), ümumi sahənin (kv.m) onun yaşadığı evin göstəriciləri ilə eynilik təşkil edir. Bundan əlavə, məhkəmənin qərardadında iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinə imtina verilsə də, həmin evə dair başqa şəxsin (X2) adına reyestrdə qeydiyyatın aparıldığına istinad edilməməsi dəlili əsassıdır. İş materiallarından görünür ki, ********** Qeydiyyat nomrəsi, xx.xx.2011-ci il tarixli çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənəd - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 372 nömrəli, xx.xx.2002-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə içtimai komissiyasının 6 nömrəli xx.xx.2002-ci il tarixli protokolundan çıxarış olmuşdur. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyyəti Başçısının Aparatı xx.xx.2022-ci il tarixli, 7-6036/17 saylı məktubunda Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 372 nömrəli sərəncamına əlavə edilmiş xx.xx.2002-ci il tarixli, 6 nömrəli protokolu ilə vətəndaş X3 Binəqədi rayonu, Azadlıq pr. 7a nömrəli özbaşına tikilmiş evə pasport qeydiyyatına alınması və qeydiyyat vəsiqəsinin verilməsi barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. Baxmayaraq ki, sərəncama əlavə edilmiş protokoldan çıxarış başqa şəxsə (X4) ünvanlanıb, həmin protokoldan çıxarış iddiaçının Konstitusiyadan irəli gələn mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarıb. Bu hüquqlarının pozulmasına səbəb - inzibati orqanın mövcud olmayan sərəncama əlavə edilmiş protokol olmuşdur ki, onun sərəcamının və protokoldan çıxarışın ləğv edilməsi barədə tələb irəli sürmək hüququ vardır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X16 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, qərardadın ləğv olunmasını, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiyaya göndərilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 şikayətin təmin olunmamasını, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və digər üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinı baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı iddiaçının ərizəsinə baxılmışdır. Elektron kadastr məlumatına əsasən məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Binəqədi rayon İH-nin sərəncamı ilə "xxxx" MMC-yə ayrılmış ərazidə (çoxmərtəbəli yaşayış binasının həyətində) yerləşir və tikililərin yerləşdiyi torpaq sahəsinə digər fiziki şəxsin adına kadastr planının elektron məlumatı mövcuddur. Bundan başqa sözügedən ünvanla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X10, X14 ünvan 9 ünvanına qeydiyyatdadırlar. İş materiallarında olan DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 10 ünvanına X2 xüsusi mülkiyyət hüququ xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 14-18/15 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq küçəsi 3 ilə ünvan 11 ünvanı tam fərqli ünvanlardır və üst-üstə düşmür. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qeydiyyada olduğu və yaşadığı evə dair üçüncü şəxs X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparıldığını irəli sürərək, buna əsas olmuş hüquqmüəyyənedici sənədləri mübahisələndirir. Lakin iddiaçının qeydiyyatda olmaqla yaşadığı evin üçüncü şəxs X2 adına qeydiyyat aparılmış ev olması öz təsdiqini tapmır. Belə ki, iddiaçının istinad etdiyi ev kitabında və Binəqədi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsində evin ünvanı kimi “Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti (küçəsi) 3” göstərilsə də, üçüncü şəxsin adına olan sənədlərdə, o cümlədən çıxarışda “Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 1-ci döngə, ev 7A (Azadlıq prospekti 7A)” göstərilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 14-18/15 nömrəli məktubundan isə görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq küçəsi 3 ilə ünvan 11 ünvanı tam fərqli ünvanlardır və üst-üstə düşmür. Bundan əlavə, iddiaçının yaşadığı evə dair hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinə imtina verilsə də, həmin evə dair başqa şəxsin (X2) adına reyestrdə qeydiyyatın aparıldığına istinad edilməmişdir. Məktubda göstərilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Binəqədi RİH-in sərəncam ilə "xxxx" MMC-yə ayrılmış ərazidə (çoxmərtəbəli yaşayış binasının həyətində) yerləşir və tikililərin yerləşdiyi torpaq sahəsinə digər fiziki şəxsin adına kadastr planının elektron məlumatı mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Göründüyü kimi, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2454/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar