Məhkəmə qərarları › İş №2-1(103)-2893/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2893/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2893/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər - X8, X15, X10 və X9) qarşı iş üzrə (Açar sözlər: kompensasiyanın ödənilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər - X8, X15, X10 və X9) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-731/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən sahəsi 189,6 kv.m təşkil edən yaşayış evinin sökülməsi nəticəsində iddiaçının 2/6 payına uyğun olaraq 158000 (yüz əlli səkkiz min) manat dəymiş ziyanın dövlət vəsaiti hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsində yerləşən 13 saylı evin 2/6 hissəsi onun mülkiyyətindədir. Həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadır. Evin ümumi sahəsi 189,5 kv.m təşkil edir. Evin digər paylı mülkiyyətçiləri X8 və X12r. Mülkiyyətində olan evdə bir neçə ailə yaşamış və ev həyət tipli olmuşdur. Həmin evdə uzun müddət yaşasa da, sonradan kommunal şəraitin yaxşı olmaması səbəbindən evdən köçərək başqa evdə yaşamağa davam etmişdir. Evin mülkiyyətində olan hissəsini isə yaşamaq üçün qohumlarına vermişdir. 2023-cü ilin əvvəllərində ona məlum olmuşdur ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti həmin ərazidə söküntü işlərinə başlamaq istəyir və bu səbəbdən vətəndaşları dəvət edib onlara kompensasiya təklif edirlər. Mülkiyyətindəki evin yerləşdiyi ərazinin dövlət ehtiyacları üçün alınaraq sökülməsi planlaşdırılsa da, bu vaxtadək evin yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasını təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarı onlara təqdim edilməmişdir. Mülkiyyətində olan evə görə kompensasiya almaq üçün 64 saylı MKİS-ə dəvət edilmiş və orada Zülfəli adlı şəxslə görüşmüşdür. Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi kimi özünü təqdim edən Zülfəli ona bildirmişdir ki, mülkiyyətində olan evdə yaşamadığı üçün və həmin həyətdə onun evi olmadığı üçün, ona hər hansı kompensasiya ödənilməyəcək. Bundan sonra mülkiyyətində olan yaşayış evi sökülmüş və ona hər hansı kompensasiyanın verilməsindən imtina edilmişdir. Dəfələrlə 64 saylı MKİS gedərək Zülfəli adlı şəxslə görüşüb mülkiyyətçi kimi pozulmuş hüquqlarının bərpa edilməsini və ona da kompensiyanın ödənilməsini tələb etsə də, imtina etmişlər və bildirmişlər ki, onun daşınmaz əmlaka mülkiyyət hüquqlarının olmasının hər hansı rolu yoxdur. Kompensasiya yalnız həmin evdə yaşayan sakinlərə verilir və mülkiyyətçinin olması həmin kompensasiyanın verilməsi üçün əsas deyil.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-731/2025 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.

4. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

5. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına verilmiş çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində 2/6 hissə İddiaçı, 2/6 hissə X3 və 2/6 hissə X11 mülkiyyət hüququ qeydiyyata alınmışdır.

9. Daşınmaz əmlak paylı mülkiyyətçilərə məxsus olsa da, evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir.

10. X15 ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən A.Cəfərova ünvan 2 ünvanda yerləşən və ümumi sahəsi 145,9 kv.m olan fərdi yaşayış evinin ona məxsus olan 2/6 hissəsini 144500 manata S.Dostuməliyevə satmışdır.

11. X8 ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən A.Hüseynova ünvan 2 ünvanda yerləşən və ümumi sahəsi 145,9 kv.m olan fərdi yaşayış evinin ona məxsus olan 2/6 hissəsini 99000 manata S.Dostuməliyevə satmışdır.

12. İddiaçı mübahisəli yaşayış evinin sökülməsinə görə kompensasiya tələbi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “…Yasamal rayonu, 2-ci ünvan 3 ünvanında yaşayan sakinlər razılaşdırılaraq dövlət tərəfindən müəyyən edilmiş kompensasiyalarını alaraq köçürülmüşdür. Sizin həmin ünvana çıxarışınız olmağına baxmayaraq həmin ünvana yaşayış sahəniz olmadığından kompensasiyanın ödənilməsi mümkün olmamışdır”. İmtinaya əsas kimi xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “…ünvan 2 ünvanda yerləşən torpaq sahəsi dövlət mülkiyyətində olduğundan söküntü mərhələsində Sizə Dövlət mülkiyyətində olan torpaq sahəsinə dair kompensasiyanın ödənilməsi mümkün deyildir”.

13. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsində yerləşən 0,021536 ha torpaq sahəsinin üzərində olan 2 ədəd bir mərtəbəli, 9 otaqlı, 119,6 kv.m yaşayış, 44,3 kv.m köməkçi sahəsindən ibarət 13 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə mənə məxsus 2/6 hissəsinə daxil olan yaşayış sahəsindən 12 kv.m hissəsinə sərəncam vermək hüququna dair X6 xx.xx.2014-cü il tarixdə etibarnamə vermişdir. Gələcəkdə sözügedən ərazi plana düşərsə, satılarsa və digər hallar baş verərsə iddiaçının həmin hissəyə görə X6 qarşı heç bir iddiası olmayacaq və bununla əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. - xx.xx.2014-cü il tarixli 326099 №-li etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı X6 AR DƏDRX-nin xx.xx.2007-ci il ********* qeydiyyat nömrəli MH0102148 seriyalı çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi ünvanında yerləşən 13 saylı fərdi yaşayış evindən ona məxsus 2/6 hissəsindən 12 kv.m hissəsinə dair sənədləri toplamağı lazımi sənədləri təqdim edib qəbul etməyi, idarə və təşkilatlarda ƏMDK yanında DƏDRX-də və DT və XK-də onu təmsil etməyi, kadastr planı almağı, ƏMDK yanında DƏDRX-dən çıxarış, texniki pasport, Forma 1 arayışını və Forma 2 arayışını almağı, gələcəkdə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pul almağı, buna dair müqavilə imzalamağı, müqaviləni ləğv etməyi, notariusun depozit hesabından pul qəbul etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi, imza etməyi və digər hərəkətləri etibar etmişdir. - 67№-li xx.xx.2024-cü il tarixli AR Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 64 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Cavabdehnə sorğuya cavab məktubundan müəyyən olunur ki, 2-ci Nərimanov küçəsi ev 13 çıxarış əsasında 3 paydan ibarətdir. Araşdırma zamanı məlum olmuşdur ki, Seyidova (Mirzəyeva) Sevda Əli qızı 2/6 hissə paya məxsusdur və vərəsəlik payınıalmış və orada yaşamamışdır. Ona məxsus çıxarış əsasında 2/6 hissədə yaşamamışdır. Həmin hissədə İddiaçı qızı Mirzəyeva Nigar və onun həyat yoldaşı Mirzəyev Abbas ilə birlikdə anasının razılığı ilə 27,3 kv.m payını almışlar. Payın qalan hissəsində də Sadıqov Elşad 22,5 kv.m, Süleymanova Vüsalə 8,0 kv.m paylarını müqavilə bağlayaraq notariusda təsdiq olunmuş əmlaklarının pulunu almışlar. Seyidova (Mirzəyeva) Sevda Əli qızı göstərilən ünvanda heç vaxt yaşamamışdır. Onlar pullarını razılaşma yolu ilə almışlar. - Apellyasiya baxışı zamanı verilmiş sorğuya əsasən Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli, 5-21/2-1848/2025 nömrəli məktubu ilə bildirilmişdir ki, ünvan 1 evin dövlət ehtiyacları üçün satın alınması ilə əlaqədar Rayon İcra Hakimiyyətində alqı-satqı müqavilələri aşkar edilməmişdir.Eyni zamanda bildirimişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 19 saylı notariat ofisinə sorğu göndərilmiş, sorğuya cavab olaraq ünvan 1 evin alqı-satqı müqavilələri təqdim edilmiş və elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

15. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. 16.İşin mübahisələndirilməyən hallarına görə, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 2/6 hissədə iddiaçıya, 2/6 hissədə X13 və 2/6 hissədə X7 məxsus olmuşdur. Fərdi yaşayış evi paylı mülkiyyətçilərə məxsus olsa da, evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Asya Cəfərova və Aygün Hüseynova özlərinə məxsus olan paylarını notarial qaydada təsdiq edilmiş qaydada alqı-satqı müqavilələrinə əsasən X1. 17.İş materiallarında bu barədə sənədlər olmasa da, tərəflərin izahatlarına əsasən işin mübahisələndirilməyən halı kimi müəyyən edilmişdir ki, fərdi yaşayış evi Bakı şəhəri Yasamal rayonunun ayrı-ayrı hissələrində sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrı-ayrı hissələrinin fəsadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha yaxşılaşdırılması məqsədi daşıyan abadlaşdırma tədbirləri çərçivəsində sökülmüşdür. 18.İddiaçı hazırkı tələbində 189,6 kv.metr olan sökülmüş fərdi yaşayış evinin paylı mülkiyyətçisi olmasına istinad edərək cavabdeh tərəfindən onun 2/6 hissə payına uyğun olaraq 158000 manat kompensasiya ödənilməsini tələb edir. Cavabdeh iddiaçının həmin evdə yaşamamasına və evin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olmasına istinad edərək iddiaçıya kompensasiya verilməsindən imtina edir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, şikayət qismən əsaslıdır. Odur ki, birinci instansiya məhkəməsi maddi-prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: - 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; - 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: - 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 9.1. Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Maddə 20.1. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən: - 20.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; Maddə 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: - 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; - 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Maddə 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: - 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; - 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Maddə 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Maddə 56.1. Bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: - 56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; - 56.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya; - 56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti; - 56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; - 56.1.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; - 56.1.6. alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. Maddə 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Maddə 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Maddə 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Maddə 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Maddə 74. Bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 98.1. Tikintiyə texniki nəzarət sifarişçi tərəfindən təmin edilir və müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir. Maddə 98.2. Tikintiyə texniki nəzarətin həyata keçirilməsi qaydaları şəhərsalma və tikintiyə dair normativ sənədlərlə tənzimlənir. Maddə 98.3. Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər

21. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Yuxarıda istinad olunan normalarda dövlət ehtiyacları mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. Buna rəğmən, torpaqların dövlət ehtiyacları üçün alınması ilə əlaqədar hallarda da mülkiyyətə müdaxilə ilə bağlı istinad olunan normalarda nəzərdə tutulmuş tələblərə əməl olunması zərurəti nəzərə alınmalıdır. Mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə əmlakın mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalar, tələblər və şərtlərlə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunması zəruridir. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiliklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Cavabdeh tərəfindən sözügedən torpaq sahəsinin ictimai maraqlar və ictimai rifah naminə alınması belə, ədalətli kompensasiyanı istisna edən və ya onun məbləğinə təsir edən (azaldılmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz. Qeyd olunmalıdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Qanunvericinin istinad olunan normada ifadə olunmuş iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Başqa sözlə, vurulmuş ziyanla bağlı hüquqi müdafiə vasitələrinin tətbiqi baxımından inzibati orqanın fəaliyyət formaları arasında hər hansı fərqləndirilmə aparılmamalıdır. Beləliklə, inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da faktiki hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması.

22. Beləliklə, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 2/6 hissədə iddiaçıya, 2/6 hissədə X13 və 2/6 hissədə X7 məxsus olmuşdur. Lakin payçılar A.Cəfərova və A.Hüseynova müvafiq qaydada paylarının qarşılığında müəyyən edilmiş məbləğdə kompensasiya əldə etsələr də, iddiaçı bu kompensasiya məbləğindən məhrum olmuşdur. Halbu ki, payçılar bərabər hüquqa və statusa malik olan şəxslərdir.

23. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 146 kv.m təşkil edirdi. Bu sahə payçılar arasında bərabər şəkildə bölünərsə, hər payçıya 48,6 kv.m (146÷3=48,6 kv.m) sahə düşür və həmin payçılardan A.Cəfərova 144500 manata, A.Hüseynova isə 99000 manata öz paylarını satmışlar, yəni bu məbləğdə kompensasiya almışlar. İş materiallarına əsasən belə nəticəyə gəlmək olar ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 97,2 kv.m üçün cəmi 243500 manat, 1kv.m üçün isə 2505 manat ((144500 manat+99000 manat)÷97,2 kv.m(iki payçının yaşayış sahəsi)=2505 manat) ödənmişdir.

24. İş materiallarında olan (səh. 159-160) ərizə və etibarnaməyə əsasən müəyyən edilir ki, İddiaçı özünə məxsus payın bir hissəsindən(12 kv.m) X4 xeyrinə imtina etmişdir və gələcəkdə həmin hissəyə dair hər-hansı tələbinin olmadığını qeyd etmişdir.

25. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən qeyd edir ki, iddiaçıya 36,6 kv.m üçün kompensasiyya ödənilməlidir. Belə ki, iddiaçının payına düşən 48,6 kv.m sahənin 12 kv.m hissəsindən iddiaçı E.Sadıqovun xeyrinə imtina etmişdir. Məhkəmə kollegiyası sadə riyazi hesablama qaydasında müəyyən edir ki, 36,6 kv.m üçün (36,6 kv.m x 2500 manat=91500 manat) 91500 manat kompensasiya məbləği müəyyən edilməlidir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Odur ki, 91500 manat pul məbləğinin 20%-ni 18300 manat təşkil edir. Beləliklə, ümumilikdə iddiaçıya ödənilməli olan kompensasiya məbləği (91683 manat +18300 manat= 109800 manat) 109800 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, kompensasiyanın məbləği 109800 manat müəyyən edilməklə bazar qiymətinə uyğun və ədalətlidir.

27. Məhkəmə kollegiyası cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, cavabdeh iddiaçıya verilməli olan kompensasiyanı iddiaçının qızı N.Mirzəyevaya və onun həyat yoldaşı A.Mirzəyevə ödəsə də (sonuncular həmin pul məbləğini almalarını etiraf etmişlər) cavabdehin bu hərəkəti qanunsuz və əsassız olmuşdur. Çünki iddiaçının adından rəsmi qaydada onlara hər-hansı səlahiyyətin (etibarnamə və s.) verilməsi iş materiallarından müəyyən edilməmişdir. Lakin cavabdeh tərəfindən E.Sadıqova ödənilmiş kompensasiya məbləğini məhkəmə kollegiyası əsaslı hesab edir. Belə ki, həmin prosedur hüquqi baxımdan qanunvericiliyin tələbinə uyğun qaydada həyata keçirilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilməklə yanaşı qərarda heç bir maddi hüquq normasına istinad olunmamışdır.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

30. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025 il tarixli, 2-1(112)-731/2025 saylı qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 109800 manat məbləğində kompensasiya tutularaq iddiaçının xeyrinə ödənilməlidir. 31.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-731/2025 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdehndən 109800 ( yüz doqquz min səkkiz yüz) manat məbləğində kompensasiya tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar