Məhkəmə qərarları › İş №2-1(103)-2894/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2894/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2894/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6052/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28 sentyabr 2022-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-6052/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.1.4.1-ci maddəsinə əsasən, əgər şəxsin doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; həmçinin, 4.1.5-ci madəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar hesab edilir. Lakin Bakı İnzibati Məhkəməsi işin hərtərəfli araşdırmamış və formal mülahizələrə əsasən qərar qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin qərarında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinə istinad edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsasdır. Halbuki, sözügedən şəxs daha əvvəl Azərbaycan vətəndaşı olmamışdır ki, başqa ölkənin vətəndaşlığına qəbul olmaqla Azərbaycan vətəndaşlığını itirmiş hesab edilsin. Sadəcə işin hallarından da görünür ki, İddiaçı valideynlərindən birininin - X1 Azərbaycan vətəndaşı olması, 20 ildən artıq Azərbaycanda yaşaması, himayəsində Azərbaycan vətəndaşı olan nənəsinin olması, 2-ci sinifdən bəri Azərbaycanda təhsil alması onun Azərbaycan vətəndaşlığı ala bilməsi üçün əsas qismində çıxış edir. Bu əsaslar məhz Azərbaycan Respublikası Konstitusiyasının 52ci maddəsi, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 11-ci və 14-cü maddələri və Nazirlər Kabinetinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 4cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd etmək zəruridir ki, İddiaçı atası X5 Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı İnzibati Məhkəməsinə bu əsaslarla iddia ərizəsi ilə müraicət edilsə də, təəssüf ki, məhkəmə bu hallara qiymət verməmiş və şəxsin özü haqqında şəxsi məlumatı səhv təqdim etməsini əsas götürərək qərar qəbul etmişdir. Bu cür səhvin ciddi olmadığından ilkin olaraq miqrasiya orqanları tərəfindən aşkar edilməməsi göstərir ki, şəxsi məlumatla əlaqəli yanlış məlumat ciddi səhv deyildir və qəbul edilmiş qərarın əsasını təşkil edə bilməz. Həmçinin, məhkəmə yuxarıda adı çəkilən qanunvericlik aktlarının İddiaçı aid olmadığını iddia edir, lakin bunun səbəbini izah etmir, sadəcə mövcud qanunvericilik normalarını sadalamaqla kifayətlənir. Bununla yanaşı, məhkəmə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 18-ci maddəsinin 1-ci, 2ci və 3-cü bəndlərinə əsaslanaraq qərar çıxarmışdır ki, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsasdır. Lakin İddiaçı Azərbaycan vətəndaşlığı yoxdur və olmayıb. Budur ki, iddiaçı ilə bağlı bu normanın göstərilməsi ziddir. Bu da göstərir ki, məhkəmə işə qərəzli yanaşmış, işin faktiki hallarını araşdırmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmənin bu qərarının qəbul edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə, Nazirlər Kabinetinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 4cü maddəsinə və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci və 14-cü maddələrinə ziddir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkiinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan əsas təhsil haqqında 2008-ci il tarixli, 715484 №li şəhadətnamənin surətindən görünür ki, 1992-ci ildə anadan olmuş İddiaçı Kamal oğlu Bakı şəhəri R.Ənnağıyev adına 141 №-li orta məktəbdə oxumuş və 2008-ci ildə əsas təhsilini bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün Ərizə - anktedən görünür ki, iddiaçı anket məlumatlarında doğulduğu yeri “Rusiya”, digər dövlət vətəndaşlığını “yox”, hazırki vaxta qədər şəxsiyyətini təsdiq edən sənədləri və onları verən orqanları “Rus”, hazırki vaxta qədər, o cümlədən 1998-ci il oktyabrın 7-nə qədər yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanı “-”, X1 vətəndaşlığını “Azərbaycan, Rusiya”, anası X4 vətəndaşlığını “Rusiya” olaraq qeyd etmişdir. İş materiallarında olan xx.xx.2011-ci ildə Rusiya Federasiyası Murmansk Vilayəti Roslyakovo şəhər tipli qəsəbəsinin bələdiyyə təhsil idarəsi tərəfindən verilmiş notarial qaydada tərcümə edilərək təsdiq edilmiş İ-DP seriyalı 704210 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdə Murmansk vilayəti, Roslyakovo qəsəbəsində doğulmuşdur. X1 milliyəti azərbaycanlı, anası X2 milliyəti isə rusdur. İş materiallarında olan 55 ******* nömrəli Rusiya Federasiyasının pasportunun surətindən görünür ki, xx.xx.1992-ci ildə Murmansk vilayətində doğulmuş İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 20 may 2022-ci il tarixli, ******* nömrəli qərarının surətindən görünür ki, 23 yanvar 1992-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28 sentyabr 2022-ci il tarixli, ******* nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 20 may 2022-ci il tarixli, ******* №-li qərar verilmişdir. Mövcud sənədlərə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı təkrar araşdırma aparılmış və onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59-cu və 68.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndi rəhbər tutularaq, 23 yanvar 1992-ci il təvəllüdlü İddiaçı barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 20 may 2022-ci il tarixli ******* №-li qərarın ləğv olunması, 23 yanvar 1992-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir. 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir). Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. Hazırki halda isə iddiaçı Rusiya Federasiyasının ərazisində doğulmuşdur və Rusiya Federasiyasının vətəndaşlığını əldə etmişdir. İddiaçı vətəndaşsızlıq halında olmamışdır. Eyni zamanda o da qeyd edilməlidir ki, iddiaçı cavabdeh inzibati orqana müraciəti zamanı anketdə səhv məlumat qeyd etmiş, digər dövlətin vətəndaşı olması faktını bildirməmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli qərarla iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanımışdır. Sonradan iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı təkrar araşdırma aparılmış və onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edildiyi üçün cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli qərar ləğv olunmuş və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Yuxarıda qeyd olunan normalardan görünür ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinə göndəriş edir və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Araşdırılmış sübutlarla da müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması üçün müraciət edən zaman Rusiya Federasiyasının vətəndaşı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Qanunun istinad edilən norması Azərbaycan Respublikası vətəndaşının sonradan başqa ölkənin vətəndaşlığını qəbul etməsi halında vətəndaşlığını itirməsinə səbəb olmasını müəyyən edirsə, bu hal müraciət edilən anda digər dövlətin vətəndaşı olması halında da Azərbaycan Respublikası vətəndaşlığının (hazırki halda mənsubiyyətinin) itirilməsi üçün birnəmalı əsasdır. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı cavabdehə müraciət edərkən başqa dövlətin vətəndaşı olması faktını gizlətmiş, cavabdehə bu barədə təhrif edilmiş məlumat vermişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6052/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar