Məhkəmə qərarları › İş №2-1(103)-2894/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2894/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2894/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3780/2024 saylı 25 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən cavabdehə 24 dekabr 2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsindən görünür ki, Cavabdeh təminat xərcliyi cəmi 1559,70 manat təşkil edir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X6 pensiyasının yenidən hesablanması haqqında **********5 nömrəli, 26 noyabr 2021-ci il tarixli Qərarından görünür ki, Cavabdeh hazırkı pensiya məbləği 1522,94 manat, təminat xərcliyi cəmi 2015,80 manat olmaqla, yenidən hesablanmış pensiya məbləği 1728,09 manat təşkil edir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli Aktına əsasən “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən Cavabdeh vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraat başlanılmış və Filiala dəvət olunmuşdur. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə Filiala gəlmiş və ona pensiyanın yenidən hesablanması haqqında ətraflı məlumat verilmiş və onun mülahizələri dinlənilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X6 pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-7-12227/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli Qərarından görünür ki, Cavabdeh hazırkı pensiya məbləği 2180,13 manat, təminat xərcliyi cəmi 2015,80 manat olmaqla, yenidən hesablanmış pensiya məbləği 2157,23 manat təşkil edir. Hazırda iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 706,13 manat pensiya məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən cavabdehə 24 dekabr 2008-ci il tarixindən Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Müvafiq araşdırma zamanı 2021-ci ilin noyabr ayında sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş cavabdehə dair məlumat vərəqinə əsasən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı aşkar edilib. Cavabdehin xidmət etdiyi orqan tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli məlumat vərəqinə əsasən xüsusi xidmət şəraitinə görə əlavə 10%, xx.xx.2021-ci il tarixli məlumat vərəqinə əsasən isə 50% təşkil edir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzi Filiala ünvanlandığı xx.xx.2021-ci il tarixli 21/1551 nömrəli məktubdan görünür ki, məktuba əlavə olunmuş məlumat vərəqələrindəki “xüsusi xidmət şəraitinə görə üstəlik əlavə”nin normasında olan artımlar müvafiq qərara əsasən xx.xx.2020-ci il tarixdən tətbiq edilir. Lakin, araşdırma zamanı cavabdehin pensiyası məlumat vərəqəsindəki məlumatlara əsasən yenidən hesablanarkən məktubda qeyd olunan xüsusi xidmət şəraitinə görə əlavə xx.xx.2020-ci il tarixdən tətbiq edilməli olduğu halda, ona pensiya təyin edildiyi vaxtdan tətbiq edilmişdir. Bununla əlaqədar olaraq, əmək pensiyası yenidən hesablanaraq 2157,23 manat (maddi yardım və indeksasiya məbləği ilə birlikdə) məbləğində müəyyən olub. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya artıq ödənilmiş məbləğ yenidən hesablanaraq 706,13 manata azaldılmışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3780/2024 saylı 25 aprel 2024-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzi Filiala ünvanlandığı xx.xx.2021-ci il tarixli 21/1551 nömrəli məktubdan görünür ki, məktuba əlavə olunmuş məlumat vərəqələrindəki “xüsusi xidmət şəraitinə görə üstəlik əlavə”nin normasında olan artımlar müvafiq qərara əsasən xx.xx.2020-ci il tarixdən tətbiq edilir. Lakin, araşdırma zamanı cavabdehin pensiyası məlumat vərəqəsindəki məlumatlara əsasən yenidən hesablanarkən məktubda qeyd olunan xüsusi xidmət şəraitinə görə əlavə xx.xx.2020-ci il tarixdən tətbiq edilməli olduğu halda, ona pensiya təyin edildiyi vaxtdan tətbiq edilmişdir. Bununla əlaqədar olaraq, əmək pensiyası yenidən hesablanaraq 2157,23 manat (maddi yardım və indeksasiya məbləği ilə birlikdə) məbləğində müəyyən olub. “Əmək pensiyaları haqqında” Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya artıq ödənilmiş məbləğ yenidən hesablanaraq 706,13 manata azaldılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək qərar qəbul edilməsi üçün cavabdehə 7 iyul 2023-cü il tarixində 3-17-1/2-A- 151577/2023 nömrəli məktub göndərməklə 13 iyul 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Sözügedən Qanunun tələbinə əsasən dinlənilmə hüququ təmin edilib və pensiyasının yenidən hesablanması barədə məlumat verilib, lakin cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Sonradan “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-12227/2023 nömrəli Qərar qəbul olunaraq pensiyasının məbləği 2180,33 manatdan 2157,23 manata azaldılmışdır. Daha sonra cavabdehə qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli 3- 17-1/2-A- 198906/2023 nömrəli məktub ünvanlanmışdır. Göründüyü kimi, inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmaqla aparılmış və cavabdehə qanunvericiliyin tələbləri izah olunmuşdur. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və məhkəmə qərarının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə Cavabdeh iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olub, iddia müddəti belə növ iddiaya tətbiq olunmadığından və iddia müddəti məsələsini tərəflər mübahisələndirmədiyindən iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı tələbi “cavabdehə artıq ödənilmiş 706,13 manat pensiya məbləğinin tutularaq iddiaçıya ödənilməsi” barədədir. Bununla bağlı iddiaçı inzibati orqan tərəfindən cavabdehə məktub göndərilmiş və orada artıq ödənilmiş pul vəsaitinin könüllü büdcəyə ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh həmin məbləğin geri qaytarılması ilə razılaşmamış və nəticədə iddiaçı orqan hazırki iddia ilə məhkəməyə müraciət etmiş, onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının müvafiq inzibati icraatı apararkən qanunçuluq və etimadın qorunması prinsiplərini gözləmədən qərar qəbul etməsinə, hazırkı iddia tələbinin əsassız olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarında qeyd olunanlarla razılaşaraq aşağıdakıların da diqqətə çəkilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, cavabdehə 24 dekabr 2008-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan cavabdeh inzibati orqan ona ödənilmiş pensiya məbləğinin geri qaytarılmasını tələb etmişdir. Belə ki, iddiaçı cavabdehə artıq ödənilmiş 706,13 manat artıq pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Dəlil kimi iddiaçı cavabdehə 24 dekabr 2008-ci il tarixdən təyin edilmiş pensiyaya xüsusi xidmət şəraitinə görə əlavənin xx.xx.2020-ci il tarixdən tətbiq edilməli olduğu halda, ona pensiya təyin edildiyi vaxtdan tətbiq edilməsini göstərmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın yenidən hesablanmasından öncə, iddiaçı tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni cavabdehə təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə iddiaçının istinad etdiyi hallara dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” barədə iddiasının təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı inzibati orqanın apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3780/2024 saylı 25 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elnur Həsənov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar