Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2896/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı qarajın yerləşmə cizgisinin verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 mart 2022ci il tarixli, 2-1(112)-4611/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə və prosessual müddətin bərpasına dair ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər (keçmiş Orconikidze) Suraxanı rayonu X4 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14 saylı sərəncamına əsasən ünvan 1 ünvanında şəxsi avtomaşın üçün ayrılmış qaraj yerinə cizgi tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-4611/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan cavadeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh eyni zamanda apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası və ya buraxılmamış hesab edilməsi barədə ərizə verərək, birinci instansiya məhkəməsinin qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin buraxılmamış hesab edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-4611/2022 saylı qərarından apellyasiya şikayətinin verilməsi zərurəti yaransa da, rəhbər şəxsin iradəsindən asılı olmayaraq vaxtında şikayət vermək mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 ərizəni müdafiə edərək, müddətin buraxılmamış hesab edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 ərizəyə etiraz edərək, müddətin bərpa edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin prossesual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəsi təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi məsələsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İş materiallarından (iş. v. 31) görünür ki, Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-4611/2022 saylı qərarı cavabdeh tərəfindən 17 may 2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Belə olan halda cavabdeh 30 mart 2022-ci il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verməsi üçün onun məhkəmə qərarını 17 may 2022-ci il tarixdə alması nəzərə alınmaqla son müddəti qanunvericiliyin tələbinə görə 16 iyun 2022-ci il tarixi hesab olunur. Buna baxmayaraq iş materiallarından görünür ki, apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə 18 iyul 2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qanunverici müddət buraxılarkən konkret hansı halların üzrlü olmasını qeyd etməsə də, bu hamıya məlum olan hallarla əlaqədar olur (məsələn, şəxsin xəstəliyi, ailə üzvlərindən hər hansı birinin ölməsi, xidməti ezamiyyətdə olması, təbii fəlakətin baş verməsi və s.) “Üzrlü” sözünün terminoloji təhlilindən görünür ki, həmin söz leksik mənasına görə “səbəbi qəbul oluna bilən” hallarda işlədilir. Hazırki halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı rəsmi qaydada cavabdehə təqdim edildiyindən sonuncu tərəfindən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxılmışdır. Belə ki, cavabdeh ərizəsində apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin rəhbər şəxsin iradəsindən asılı olmayan səbəbindən ötürülməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, ərizə təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir, bu səbəbdən həmin şikayət üzrə apellyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-4611/2022 saylı qərarından apellyasiya şikayəti vermə müddətinin buraxılmamış hesab edilməsi barədə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-4611/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2896/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2896/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver