Məhkəmə qərarları › İş №2-1(103)-2898/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2898/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2898/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3846/2023 saylı, 26 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşından, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ümumi iş stajı 25 ildən çox, güzəştli iş stajı isə 13 il, 06 ay, 12 gün təşkil edir. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarının kod 22900000, XXVİİ bəndinin (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”) b yarımbəndindəki (kod 2290000b) Rəhbərlər və mütəxəssislər, 22900000-24441 iş icraçıları vəzifələri eynidir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı 57 yaşından, yəni pensiya hüququ yarandığı xx.xx.2017-ci il tarixindən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/97 nömrəli xx.xx.2022-ci il tarixli arayışında qeyd edilir ki, 2010-cu il il tarixdə trestin inzibati binası satıldıqdan sonra mühasibat sənədləri həmin binada qalmış və yeni mülkiyyətçi tərəfindən mühasibat sənədləri atılmışdır. Lakin iddiaçıya məxsus əmək kitabçasının dublikatı xx.xx.2020-ci il tarixdə açılmışdır. Göründüyü kimi iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi əmək kitabçasının surətindən məlum olur ki, sözügedən əmək kitabçası sonradan doldurulmuşdur. Beləliklə: 1. Sözügedən əmək kitabçasının hansı sənədlər əsasında doldurulması məlum olmaması; 2. Həmçinin müəssisənin mövcudluğu vətəndaşın həmin müəssisədə işləməsi faktını sübut etməməsi səbəbindən vətəndaşın məhkəməyə təqdim etdiyi yeganə sübut olan əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3846/2023 saylı, 26 may tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı 4.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASC-nin iddiaçıya dair 6 yanvar 2021-ci il tarixli 01/01 nömrəli və 15 sentyabr 2022-ci il tarixli 01/97 nömrəli arayışlarında xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində 2 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri "xxxx" ASC-də çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (16 il 8 ay 19 gün (xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1991-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər və 2007-2020-ci il tarixləri arasındakı dövr üzrə cəmi 6 il 6 ay)), güzəştli iş stajı isə 12 il 6 aydan az (2 il 9 ay 29 gün (xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Belə ki, 2007-2020-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə 87 ay (2010-cu il üzrə, 2011-ci ilin 11 ayı üzrə, 2014-cü ilin 1 ayı üzrə, 2015-ci ilin 7 ayı üzrə, 2016-cı ilin 11 ayı üzrə, 2017-2019-cu illər üzrə və 2020-ci ilin 9 ayı üzrə) sığorta ödənişi öz əksini tapmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/97 nömrəli xx.xx.2022-ci il tarixli arayışında qeyd edilir ki, 2010-cu il il tarixdə trestin inzibati binası satıldıqdan sonra mühasibat sənədləri həmin binada qalmış və yeni mülkiyyətçi tərəfindən mühasibat sənədləri atılmışdır. Lakin iddiaçıya məxsus əmək kitabçasının dublikatı xx.xx.2020-ci il tarixdə açılmışdır. Göründüyü kimi iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi əmək kitabçasının surətindən məlum olur ki, sözügedən əmək kitabçası sonradan doldurulmuşdur. Beləliklə: 1. Sözügedən əmək kitabçasının hansı sənədlər əsasında doldurulması məlum olmaması; 2. Həmçinin müəssisənin mövcudluğu vətəndaşın həmin müəssisədə işləməsi faktını sübut etməməsi səbəbindən vətəndaşın məhkəməyə təqdim etdiyi yeganə sübut olan əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq, obyektiv səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Belə olan halda iddia tələbinin qanuni əsasını qeyd edilən Qanunun 9.8-ci maddəsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 2 nömrəli siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-ci ildə doğulmuş, onun 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin mübahisəli halı tələb olunan ümumi iş stajının və güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Cavabdeh tələb olunan ümumi iş stajının olmaması ilə bağlı apellyasiya şikayətində qeyd etmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASC-nin iddiaçıya dair 6 yanvar 2021-ci il tarixli 01/01 nömrəli və 15 sentyabr 2022-ci il tarixli 01/97 nömrəli arayışlarında xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində 2 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri "xxxx" ASCdə çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. İşin hallarından göründüyü kimi, mübahisələndirilən dövr iddiaçının xx.xx.1995xx.xx.2005-cü il tarixləri arasında "2 saylı Tikinti Quraşdırma İdarəsində" işlədiyi dövrlərdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus ИТ-İ 195661 nömrəli əmək kitabçasında onun xx.xx.1991- xx.xx.2005-cü il tarixləri arasında "2 saylı Tikinti Quraşdırma İdarəsində" iş ustası və iş icraçısı vəzifəsində işləməsinə dair qeydlər mövcuddur. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən iddiaçının işlədiyi "xxxx" ASC-nin xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 28 fevral 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Xəzər dəniz neft sosial tikinti tresti (2003-cü ildən "xxxx" Açıq Səhmdar Cəmiyyəti) 05 iyun 1996-cı il tarixindən qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 fevral 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 92 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Xəzərdənizneftsosial tikinti” trestinin bazasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 23 fevral 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 18, qanuni təmsilçisi (rəhbəri) X3r. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Xəzərdənizneftsosial tikinti” trestinin bazasında yaradılmışdır. İddiaçının əmək kitabçası məlumatlarına əsasən o, xx.xx.1995-ci ildə Xəzər dəniz neft sosial tikinti trestində işləmiş, həmin müəssisə “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 92 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Xəzərdənizneftsosial tikinti” trestinin bazasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Göründüyü kimi, cavabdehin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmaması barədə dəlili əsassızdır, heç bir sübuta əsaslanmır. Bundan əlavə cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/97 nömrəli xx.xx.2022-ci il tarixli arayışında qeyd edilir ki, 2010-cu il il tarixdə trestin inzibati binası satıldıqdan sonra mühasibat sənədləri həmin binada qalmış və yeni mülkiyyətçi tərəfindən mühasibat sənədləri atılmışdır. Lakin iddiaçıya məxsus əmək kitabçasının dublikatı xx.xx.2020-ci il tarixdə açılmışdır. Qeyd edilən dəlilə münasibətdə də nəzərə çatdırılmalıdır ki, sözügedən arayışda ASC mühasibatlıq sənədlərinin atıldığını qeyd etmişdir. Bu isə o anlama gəlməməlidir ki, iddiaçıya dair ASC-də heç bir məlumat saxlanılmamışdır. Bundan əlavə cavabdeh inzibati orqan əmək kitabçasındakı digər dövrləri, "2 saylı Tikinti Quraşdırma İdarəsində" iddiaçının işlədiyi xx.xx.1991- xx.xx.1995-ci illər arasındakı dövrü mübahisəsiz qəbul etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, xx.xx.1991xx.xx.2005-cü il tarixləri arasında "2 saylı Tikinti Quraşdırma İdarəsində" işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, aparılan qeydlərdə şübhəli məqam mövcud olmadığından, qeydlərdə ardıcıllıq pozulmadığından və əmək kitabçasının mötəbərliyi şübhə doğurmadığından, həmçinin, cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisələrdə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlərin iddiaçının əmək stajına daxil edilməli olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. - 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür): - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin güzəştli iş stajının mövcud olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 22900000 Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölmə XXVİİ, 2290000a a)fəhlələr, 2290000b—23419 (yeni tikinti və quraşdırma işlərinin ustaları) 2290000b— 24441 - iş icraçıları vəzifələri yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1960-cı ildə anadan olmuş, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilə kimi “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində iş icraçısı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarının kod 22900000, XXVİİ bəndinin (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”) b yarımbəndindəki (kod 2290000b) Rəhbərlər və mütəxəssislər, 22900000-24441 iş icraçıları vəzifələri ilə eynidir... Qeyd: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən “Xəzərdənizneftsosialtikinti” trestinin və onun struktur bölməsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan artıq (13 il, 6 ay, 14 gün) təşkil edir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi iş yerinin arayışı ilə təsdiq edilir. Həmin arayışa əsasən iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcud olduğundan ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdə yaransa da, ona pensiya ödənişinin həmin tarixdən deyil, cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün hesablanmaqla ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3846/2023 saylı, 26 may tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3846/2023 saylı, 26 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar