Məhkəmə qərarları › İş №2-1(103)-2899/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2899/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2899/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1638/2021 saylı 01.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07-10 dekabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyi ilə bağlı müayinə sənədlərinin “Əlillik” Alt Sistemində etibarsız hesab olunmasının qanunsuz hesab edilməsi və 31 yanvar 2020-ci il tarixdən dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ona 09 fevral 2018-ci il tarixdən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə pensiya təyin olunmuşdur. Lakin cavabdeh **********8 N-li 15 may 2020-ci il tarixli məktubunda əlilliyi ilə bağlı müayinə sənədlərinin “Əlillik” Alt Sistemində etibarsız hesab olunması ilə əlaqədar ona ödənilən əmək pensiyasının dayandırılması və artıq ödənilmiş vəsaitlərin büdcəyə bərpa edilməsi barədə idarəyə verildiyini, bununla əlaqədar ona pensiya ödənişinin 31 yanvar 2020-ci il tarixindən dayandırıldığını göstərmişdir. Lakin əlilliyi ilə bağlı müayinə sənədlərinin hansı əsasla “Əlillik” Alt Sistemində etibarsız hesab olunması göstərilməmişdir. Hesab edir ki, cavabdehin hərəkəti əsassızdır. Bakı İnzibati Məhkəməsinin 28.10.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir Bakı İnzibati Məhkəməsinin 16.11.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, həmçinin iddiaçının “31.01.2020-ci il tarixdən təyin edilmiş əlilliyin etibarsız hesab edilməsinin qanunsuz sayılması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1638/2021 saylı 01.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.(hakim: E.Əliyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərarında iddianın təmin edilməməsinin əsası kimi əlilliyin təyin edilməsinə əsas olmuş göndəriş, həmin göndərişi verən orqan, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən daxili işlər orqanlarında xidmət etməməsi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmamağı səbəbindən əsassız hesab edildiyindən, cavabdeh inzibati orqanın ona təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi ilə bağlı müvafiq hərəkətlərinin qanunsuz sayıla bilinməməsi göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2.6-cı bəndində nəzərdə tutulan və ikinci dərəcə əlillik təyin edilməsi üçün əsas olan xəstəliyinin olması işin mübahisələndirilməyən halıdır. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə, “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Eyni zamanda, səhiyyə müəssisəsinin - Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 09 fevral 2018-ci il tarixli göndərişi əsasında xəstəliyi ilə bağlı qiymətləndirilmə aparılmış və ona İİ dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 28 oktyabr 2017-ci il tarixli qərarında onun 2002-ci ildə hərbi xidmət keçərkən xəstələndiyi, MN Mərkəzi Hərbi Klinik Hospitalında “Xroniki eroziv duodenitin kəskinləşməsi” diaqnozu ilə müalicə olunduğu və “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" göstərilmiş və bunu təsdiq edən sənədlər, o cümlədən 2002-ci ilin epikrizi və xəstəlik tarixindən çıxarışlar sadalanmışdır. Bir daha bildirir ki, qeyd olunan xəstəlik onda xroniki olduğu üçün mütəmadi müalicə olunur. Buna dair müvafiq sübutlar da iş materiallarında vardır. Bu baxımdan, məhkəmə qətnaməsində DİN poliklinikalarında əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişləri (Forma 88) tərtib edən məsul şəxslərin hər hansı qanunsuz hərəkətlərinə görə onun əlilliyinə dair göndərişinin əsassız hesab edilməsinə istinad olunması hüquqlarını pozur. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 31.01.2020-ci il tarixdən təyin edilmiş əlilliyin etibarsız hesab edilməsinin qanunsuz sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçıya əlilliyin təyin edilməsinə əsas olmuş göndəriş, həmin göndərişi verən orqan, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən İddiaçı daxili işlər orqanlarında xidmət etməməsi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmaması səbəbindən əsassız hesab edildiyindən, cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi ilə bağlı müvafiq hərəkətləri qanunsuz sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin m əhkəməyə ünvanlanmış 13.08.2021-ci il tarixli 029-2336-1221 nömrəli sorğuya cavab məktubdan görünür ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının X1 tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində göndərişlər tərtib etdikləri üçün daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olmuş siyahıda qeyd olunan vətəndaş İddiaçı daxili işlər orqanlarında xidmət etmədiyi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmadığı üçün barəsində tərtib edilmiş göndəriş əsassız hesab edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq hesab edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 3.7-ci yarımbəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEKin qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İş materialları ilə müəyyən olunur ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 13.08.2021-ci il tarixli 029-2336-1221 nömrəli məktubla bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının X1 tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində göndərişlər tərtib etdikləri üçün daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olmuş siyahıda qeyd olunan vətəndaş İddiaçı daxili işlər orqanlarında xidmət etmədiyi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmadığı üçün barəsində tərtib edilmiş göndəriş əsassız hesab edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən İddiaçıya əlillik dərəcəsinin təyin edilməsinə əsas olmuş göndərişin etibarsız hesab edilməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin cavabdeh inzibati orqan tərəfindən etibarsız hesab edilməsi ilə bağlı hərəkəti qanunsuz sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1638/2021 saylı 01.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar