Məhkəmə qərarları › İş №2-1(103)-29/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-29/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-29/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1966-cı il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər X21 oğluna və X7rşı “torpaq sahəsinin baza məlumatlarının bərpa olunması və yerinin göstərilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2-1(82)-58/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 27.12.2017-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) Bakı şəhər Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin baza məlumatlarının bərpa olunması və yerinin göstərilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 2006-cı ildə X6 ilə notarial qaydada alıqsatqı müqaviləsi bağlayaraq, Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsini almışdır. O, daima həmin torpaq sahəsinə getmiş və sahə onun nəzarətində olmuşdur. Müqavilə bağlandıqdan sonra onun torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə 15 avqust 2006-cı il tarixdə MH seriyalı, **********190 reyestr nömrəsi olan reyestrdən çıxarış verilmişdir. Bundan sonra o, güman etmişdir ki, onun həmin torpaq sahəsinə mülkiyyət hüquqları qanunla üzərinə düşən dövlət orqanları və qanunların aliliyinə riayət edən üçüncü şəxslərin qəsdlərindən qorunacaqdır. O, ailə vəziyyəti ilə əlaqədar bir müddət həmin torpaq sahəsi ilə maraqlana və ora gedə bilməmişdir. Lakin o, əmin olmuşdur ki, mülkiyyəti kimi qeydiyyata alınmış həmin torpaq sahəsinə hüquqları hər hansı şəxs tərəfindən pozulmayacaqdır. Lakin torpağa aid olan kadastr məlumatları məhv edilmiş, onların üzərində qanunsuz dəyişiklik olunmuş, onun mülkiyyətində olan həmin torpaq sahəsi heç bir əsas olmadan üçüncü şəxslərin mülkiyyətinə verilmişdir. Artıq 8 ildir ki, torpağının qaytarılması ilə bağlı mübarizə aparır. İlk növbədə o, məsələ ilə bağlı Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə şikayət etmişdir. Lakin müsbət nəticə alınmamışdır. Sonradan o, digər dövlət orqanlarına müraciət etməyə məcbur olmuşdur. Ona bildirilmişdir ki, mülkiyyət hüquqlarının pozulması faktı ilə bağlı aidiyyəti hüquqmühafizə orqanına müraciət olunmalıdır. Nəhayət iddiaçı faktla bağlı Bakı şəhəri Xəzər rayon prokurorluğuna müraciət etmişdir. Onun ərizəsi Bakı şəhəri Xəzər RPİ-yə göndərilmiş və İdarə tərəfindən 2-ci Polis Bölməsinə yönəldilmişdir. Araşdırma aparılmış və torpaq sahəsinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və izahatlar alınmışdır. Bundan sonra torpaq sahəsinin qanunsuz zəbt olunması faktı müəyyənləşdirilərək cinayət işinin başlanması məqsədilə toplanmış materiallar Bakı şəhəri Xəzər RPİ-nin İstintaq və Təhqiqat şöbəsinə göndərilmişdir. Araşdırma aparan müstəntiq məsələnin məhz mülki mübahisəyə aid olduğunu qeyd edərək cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul etmişdir. Həmin qərardan narazı qaldığından o, məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə şikayət təmin olunaraq qərar ləğv olunmuş, müstəntiqə bir sıra tapşırıqlar verilmişdir. Bunlardan biri onun mülkiyyəti kimi qeydiyyata alınaraq barəsində çıxarış verilmiş torpaq sahəsinin dəqiq yerinin müəyyənləşdirilməsi məqsədilə ekspertizanın keçirilməsi, eləcə də torpaq sahəsinin hansı şəxs tərəfindən zəbt olunmasının (ələ keçirilməsinin) müəyyən olunması idi. Lakin müstəntiq əlavə araşdırma aparmamış və yenidən həmin qərarı qəbul etmişdir. Bundan sonra iddiaçı Bakı şəhəri Xəzər rayon prokurorluğuna şikayət etmişdir. Prokurorluq həmin qərarı qanunsuz sayaraq ləğv etmişdir. Araşdırmanın aparılması digər müstəntiqə həvalə olunmuşdur. Müstəntiq cavabdehə müxtəlif sorğular ünvanlamış, lakin sorğuların cavabları kimi tələb olunan məlumatların verilməsindən imtina olunmuşdur. Beləliklə cavabdehin bütün işlərdə maraqlı olması müəyyən edilmişdir. Nəhayət sonuncu araşdırma “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarın qəbul olunması ilə nəticələnmişdir. Bundan sonra iddiaçı və onun vəkili tərəfindən cavabdehə sorğular yazılsa da, cavabdeh üzərinə düşən vəzifələrin icrasından qəsdən yayınmış, onun mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına nail olmuşdur. Belə ki, polis orqanında araşdırma gedən zaman iddiaçı hazırkı cavabdehə müraciət etmişdir. Müraciətdə qeyd olunan torpaq sahəsi yerli baxış zamanı cavabdehin nümayəndələrinə göstərilərkən torpağın digər şəxsə məxsus olması bildirilmiş və bu səbəbdən ərizənin təmin olunması qeyri-mümkün hesab olunmuşdur. Sonradan hüquq məsləhətxanasının sorğusuna cavab olaraq cavabdehin 25 oktyabr 2017- ci il tarixli məktubunda göstərilmişdir ki, ona məxsus torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında X8 adına keçmişdir və hazırda da onun mülkiyyyətindədir. Bunları nəzərə alaraq iddiaçı tərəfindən yenidən cavabdehə müraciət olunmuş və onun mülkiyyətindəki torpaq sahəsinin müəyyən edilmiş kadastr məlumatlarına əsasən yerinin müəyyən edilməsi xahiş olunmuşdur. Lakin cavabdeh orqan bu dəfə də qanunla müəyyənləşdirilmiş vəzifələrinin yerinə yetirilməsindən qərəzli boyun qaçıraraq qaldırılan məsələnin həllinin təmin olunmasından qanunsuz olaraq imtina etmişdir. Hesab olunur ki, onun mülkiyyətində olan torpaq sahəsinin üçüncü şəxsin adına qeydiyyata alınması, eləcə də kadastr məlumatlarının itirilməsi və bu səbəbdən də torpaq sahəsinin yerinin dəqiq göstərilməsinin mümkünsüz olması da qanunsuzdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1- ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Hesab olunur ki, cavabdehin bu hərəkətləri qanunsuzdur və heç bir əsas olmadan onun (iddiaçının) alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsinin digər şəxslərin mülkiyyətinə verilməsinə də heç bir əsas yoxdur. Maraqlı odur ki, müxtəlif müraciətlərə verilən cavab məktubları çaşdırıcıdır, əsassızdır və ən əsası da nə məntiqə, nə də ki qanuna sığır. Bu da özlüyündə yolverilməzdir. İddiaçı torpaq sahəsinin dəqiq yerinin müəyyənləşdirilməsi məqsədilə cavabdehə 17 iyun 2017-ci il tarixdə müraciət etmişdir. Müraciətə 4 iyul 2017-ci il tarixli məktubla cavab verilmişdir. Cavab məktubunda bildirilmişdir ki, əvvəlki mülkiyyətçinin adına verilmiş və hazırda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN-22109D saylı şəhadətnamənin elektron baza məlumatı olmadığından, torpaq sahəsinin yerini təyin etmək mümkün deyil. Halbuki, alqı-satqı müqaviləsinə əsasən bu torpaq sahəsi onun (iddiaçının) adına reyestrdə MH seriyalı, ******* nömrəli, **********190 reyestr nömrəsi olan, 15 avqust 2006-cı il tarixli reyestrdən çıxarışla yenidən qeydiyyata alınmışdır. Bu da absurd bir vəziyyətə gətirib çıxarır. Yaxşı məlumdur ki, ona (iddiaçıya) məxsus torpaq sahəsi harada yerləşir, cavabdehin saxta, qanunsuz hərəkətləri nəticəsində həmin əmlak mənimsənilmiş və qanunsuz olaraq üçüncü şəxsin mülkiyyətinə verilmişdir. Göstərilənlərə və İPM-in 2-ci, 4-cü, 34-cü, 68-ci, 69-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci, 12.2ci, 13.3-cü, 13.4-cü maddələrinə əsaslanaraq, daşınmaz əmlakın dövlət reyestrində MH seriyalı, ******* nömrəli, **********190 reyestr nömrəsi olan, 15 avqust 2006-cı il tarixli rəsmiləşdirilmiş Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin bütün baza məlumatlarının (toplanmış yazı üsulu ilə kağız üzərində (yazılı sənədlər) və elektron daşıyıcılar üzərində) bərpa olunması və həmin torpaq sahəsinin yerinin göstərilməsi öhdəliyinin cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmənin 19 mart 2019-cu il tarixli qərardadı ilə X15 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2-1(82)- 58/2019 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində MH seriyalı ******* nömrəli (**********190 reyestr nömrəsi olan) 15 avqust 2006- cı il tarixli reyestrdən çıxarışla qeydiyyata alınmış Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin bütün baza məlumatlarının bərpa olunması və həmin torpaq sahəsinin yerinin göstərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. 18.07.2019-cu il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2-1(82)-58/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, **********90 reyestr nömrəli çıxarış ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN22109D saylı şəhadətnamə əsasında verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN-22109D saylı şəhadətnamənin elektron baza məlumatı olmadığından torpaq sahəsinin yerini təyin etmək mümkün deyildir. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi digər fiziki şəxsin mülkiyyətindədir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, ərizəçi torpaq sahəsinin dəqiq yerləşdiyi yeri bilmir. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti (indiki Xəzər Rayon İcra Hakimiyyəti) tərəfindən ayrılmış torpaq sahəsinin cizgisi İdarənin elektron kadastr məlumat bazası ilə uyğunsuzluq təşkil edir. İşin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 noyabr 2019-cu il tarixli, 2-1(103)-2107/2019 saylı qərardadı ilə İddiaçı «torpaq sahəsinin baza məlumatlarının bərpa olunması və yerinin göstərilməsi» üzrə müraciətinə yenidən baxılaraq iddiaçıya 15 avqust 2006-cı il tarixli, MH seriyalı, **********190 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər və torpaq sahəsinin koordinatları (yerləşmə sxemi) barədə məlumatın verilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə üçüncü şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab etmişdir Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2-1(82)-58/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 2 ünvanlanmış 25.10.2017-ci il tarixli, **********41 №-li məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ş-105 saylı torpaq sahəsi 7 saylı DNK-nın 4Ə-403 reyestr nömrəli 23.07.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 05.08.2014-cü il tarixdə X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 876 saylı torpaq sahəsi 7 saylı DNK-nın 4Ə-404 reyestr nömrəli 23.07.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 adına 05.08.2014cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 24.11.2017-ci il tarixli, **********14 №-li məktubda qeyd edilmişdir ki, təqdim etdiyi surət olan sənədlər araşdırılarkən məlum olmuşdur ki, **********90- reyestr nömrəli çıxarış ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN-22109D saylı şəhadətnamə əsasında verilmişdir. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən tərəfindən göstərilən torpaq sahəsi digər fiziki şəxslərin mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 04.07.2017-ci il tarixli, **********50 №-li məktubda qeyd edilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN-22109D saylı şəhadətnamənin elektron baza məlumatı olmadığından torpaq sahəsinin yerini dəqiq təyin etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 21.07.2016-cı il tarixli, **********10 № li məktubda qeyd edilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən Bakı şəhər Ərazi İdarəsinin mütəxəssislərinə göstərilən torpaq sahəsi digər fiziki şəxsin mülkiyyətindədir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* №-li seriya və nömrəli çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 0.12 ha sahəsi olan torpaq sahəsi üzərində İddiaçı hüquqları daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 687 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinin Başçısının İ müavini tərəfindən iddiaçıya ünvanlanmış 19.05.2016-cı il tarixli, M-100-128 №-li məktubda qeyd edilmişdir ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Torpağın planı və ölçüsü” (kadastrı) sənədini təqdim etdikdən sonra mülkiyyətinə verilmiş torpaq sahəsi ilə əlaqədar sorğusuna qanun müvafiq məlumat veriləcəkdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 16.01.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeyd edilmişdir ki, ünvan 6 ünvanında yerləşən 0.12 ha sahəsi olan torpaq sahəsi üzərində X2 hüquqları daşınmaz əmlakın dövlət reyestrində 468 nömrəli reyestr kitabının 44251 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 05.08.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeyd edilmişdir ki, ünvan 6 ünvanında yerləşən 0.12 ha sahəsi olan torpaq sahəsi üzərində X8 hüquqları daşınmaz əmlakın dövlət reyestrində 468 nömrəli reyestr kitabının 44251 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 05.03.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeyd edilmişdir ki, ünvan 7 ünvanında yerləşən 0.12 ha sahəsi olan torpaq sahəsi üzərində X13 hüquqları daşınmaz əmlakın dövlət reyestrində 474 nömrəli reyestr kitabının 44791 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya icraatı zamanı 30.03.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlayaraq işin obyektiv və hərtərəfli araşdırılması üçün iş materiallarında olan 09.09.2020-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının (akt Xəzər rayon Şöbəsinin müdiri S.Kazımov və mühəndis E.Hüseynov tərəfindən imzalanmışdır) surətinə əsasən aktda qeyd edilən ********** və ********** nömrəli çıxarışların verilməsinə əsas olmuş sənədlərin surətlərini, eyni zamanda X2 adına verilmiş 16.01.2014-cü il tarixli, **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlərin surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab olaraq ünvanladığı **********63 №-li, 29.04.2021-ci il tarixli məktubu ilə müvafiq sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Həmçinin cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubda MH seriyalı, ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş 7 saylı DNKnın 4Ə/2-229 reyestr nömrəli, 08.06.2006-cı il tarixli alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətini və torpaq sahəsinə dair koordinatlar məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş AN-İ № ******* seriya və nömrəli 08.06.2006-cı il tarixdə X3 X11 verdiyi 7B/İİ-3484 saylı etibarnamə və 08.04.2005-ci ildə verilmiş 7E/5- İ690 saylı etibarnaməyə əsasən çıxış edən X9 ilə İddiaçı arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən satıcı Daşınmaz Əmlakın DRX-in 31.05.2006-cı il tarixli, İİ № 726 saylı arayışına əsasən Şüvəlan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən 4/40 saylı torpaq sahəsini Alıcının mülkiyyətinə verir. Satılan daşınmaz əmlak DTXK-nin 17.06.2005-ci il tarixli şəhadətnaməsi, JN-22109D, kod -005000016 əsasında satıcıya məxsusdur. Məktuba aşağıdakı koordinarlar əlavə edilmişdir: X Y 0 432494.070 4480415.998 1 432578.613 4480411.328 2 432565.620 4480306.140 3 432528.710 4480314.120 4 432482.888 4480318.941 İşin apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 23.11.2020-ci il tarixli, 925 №-li cavab məktubu ilə Əzizbəyov RİH-nin arxiv fondu üzrə 22.11.1995-ci il tarixli, 789 saylı və 03.02.1999-cu il tarixli, 86 saylı sərəncamlarının təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmiş, həmin sərəncamların ləğv edilməsi barədə Dövlət Arxivinin Bakı filialında hər hansı bir məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Məktuba əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 22.11.1995-ci il tarixli, 789 saylı sərəncamına əsasən Bakı şəhəri, Şüvəlan qəsəbəsi, M.Qorki küçəsi, döngə 5, ev 7a yaşayan, heç yerdə işləməyən, ailə tərkibi bir nəfərdən ibarət olan X4 4/40 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Məktuba əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 03.02.1999-cu il tarixli, 86 saylı sərəncamına əsasən Şüvəlan qəsəbəsi, Tolstoy küçəsi ev 20-də yaşayan 7 nəfər ailə tərkibindən ibarət olan, X5 Şüvəlan qəsəbəsində Ş-105 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinası qanunsuz olmuşdur. Belə ki, hazırkı iş üzrə iddiaçının iddia tələbinin mahiyyətini torpaq sahəsi üzərində onun hüquqları qeydiyyata alınmış torpaq sahəsinin yerinin ona göstərilməsi təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, qeyd edilən torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 22.11.1995-ci il tarixli, 789 saylı sərəncamı ilə X4 ayrılmış, 7 saylı DNK-nın 4Ə/2-229 reyestr nömrəli 08.06.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın DRX-in 31.05.2006-cı il tarixli, İİ № 726 saylı arayışına əsasən Şüvəlan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən 4/40 saylı torpaq sahəsi alıcı İddiaçı mülkiyyətinə verilmiş, MH № ******* seriya və nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində 0.12 ha sahəsi olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarını tanımış və bu barədə müvafiq çıxarış vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmış Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin bütün baza məlumatları bərpa olunmalı və həmin torpaq sahəsinin yeri iddiaçıya göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2-1(82)-58/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2-1(82)- 58/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar