Məhkəmə qərarları › İş №2-1(103)-29/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-29/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-29/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-257/2022 saylı, 19 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və X6 bağlar sahəsindəki 205 saylı kooperativinin 27 saylı orderinə əsasən sahəsi 0,12 ha olan 1209b saylı bağ sahəsinə aid plan ölçünün tərtib edilməsi və dövlət reyestrindən onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 1209 b saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və Torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və X6 bağlar sahəsindəki 205 saylı kooperativinin 27 saylı orderinə əsasən İddiaçı sahəsi 0.12 ha olan 1209 b saylı bağ sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İlkin imtinanın əsası kimi sözügedən ünvanda yerləşən bağ sahəsinə dair çöl ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmaması, son imtinanın əsası kimi isə qeyd olunan torpaq sahəsinə dair sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmaması və həmin torpaq sahəsinin Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağının altına düşməsini göstərilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-257/2022 saylı, 19 may 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, bağ sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusun məktubu) təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən şərti olaraq göstərilən sahə Bilgəh- Nardaran (Bakı-dairəvi) yolunun qumsallıq ərazisidir, hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı ərazinin bir hissəsi Xəzər dənizinin mühafizə zolağında yerləşir (Xalq çimərliyi üçün ayrılmış ərazilərdir). Müvafiq torpaq sahəsi rayon icra hakimiyyəti tərəfindən metal məhəccərlərlə hasarlanaraq mühafizə və nəzarət edilir və həmin əraziyə giriş-çıxış yoxdur. Bundan başqa, dənizkənarı qumsallıq ərazidə hər hansı bir digər bağ sahəsi faktiki olaraq yoxdur və sözügedən torpaq sahəsi indiyədək iddiaçının faktiki olaraq istifadəsində olmamışdır. Əlavə olaraq bildiririk ki, İdarənin arxiv məlumatlarında iddiaçı tərəfindən təqdim olunan orderin arxiv nüsxəsi aşkar olunmamışdır. Həmçinin ərizəyə əlavə olunmuş sənədlərdə iddiaçının ata adı “Həşim” qeyd olunsa da, İdarənin arxiv əsaslarında mövcud olan siyahıda “Həsən” göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -- 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/290 saylı qərarına əsasən 205 nömrəli Nardaran massivində bağtikinti kooperativi üzvlərinə bağ sahələri ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və X6 bağlar sahəsindəki 205 saylı kooperativi tərəfindən verilmiş 27 saylı orderə əsasən İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli, 6/290 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1209b saylı bağ ayrılmışdır. İddiaçı həmin bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh apellyasiya şikayətində aşağıda qeyd olunan hallara istinad etmişdir: - bağ sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusun məktubu) təqdim edilməmişdir. -iddiaçı tərəfindən şərti olaraq göstərilən sahə Bilgəh- Nardaran (Bakı-dairəvi) yolunun qumsallıq ərazisidir, hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı ərazinin bir hissəsi Xəzər dənizinin mühafizə zolağında yerləşir (Xalq çimərliyi üçün ayrılmış ərazilərdir). Müvafiq torpaq sahəsi rayon icra hakimiyyəti tərəfindən metal məhəccərlərlə hasarlanaraq mühafizə və nəzarət edilir və həmin əraziyə giriş-çıxış yoxdur. Bundan başqa, dənizkənarı qumsallıq ərazidə hər hansı bir digər bağ sahəsi faktiki olaraq yoxdur və sözügedən torpaq sahəsi indiyədək iddiaçının faktiki olaraq istifadəsində olmamışdır. -idarənin arxiv məlumatlarında iddiaçı tərəfindən təqdim olunan orderin arxiv nüsxəsi aşkar olunmamışdır. -ərizəyə əlavə olunmuş sənədlərdə iddiaçının ata adı “Həşim” qeyd olunsa da, İdarənin arxiv əsaslarında mövcud olan siyahıda “Həsən” göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci və üçüncü dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik imperativ qaydada bağ sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsi üçün aşağıdakı sənədlərdən birinin olmasını şərtləndirmişdir: - İcarə müqavilələri; - Sərəncamlar; - Orderlər; - Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və İstismar Birliyinin (Nardaran bağlar sahəsindəki 205 saylı kooperativ) 27 saylı orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli, 6/290 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1209b saylı bağ ayrılmışdır. İddiaçı tərəfindən orderin cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, onun müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Belə ki, həmin order ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Həmçinin, həmin orderin arxiv nüsxəsinin saxlanılmamasına görə iddiaçı təqsirli hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus hüquqmüəyyənedici sənəd qismində orderin mötəbərliyini təkzib edən hər hansı sübut təqdim edilmədiyindən, sözügedən sənədin mötəbərliyi məhkəmə üçün şübhə doğurmur. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən order olduğu təqdirdə, həmin orderin arxivdə aşkar edilməməsi əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Belə ki, müvafiq orderin əvvəlki qurum tərəfindən cari cavabdeh orqana təhvil edilməmiş olması iddiaçının hüquqlarının pozulmasına əsas olmamalıdır. Məhkəmə kollegiyası həmçinin, cavabdehin ərizəyə əlavə olunmuş sənədlərdə iddiaçının ata adı “Həşim” qeyd olunsa da, İdarənin arxiv əsaslarında mövcud olan siyahıda “Həsən” kimi göstərilməsi dəlilini də əsassız hesab edir. Belə ki, İdarə tərəfindən təqdim edilmiş arxiv qovluğundakı siyahıda iddiaçının ata adı “Həsən” kimi qeyd edilsə də, üzərinə xətt çəkilərək “Həşim” kimi göstərilmişdir. Bu Siyahını da iddiaçı deyil, eyni zamanda arxiv saxlayıcı qismində çıxış edən cavabdeh inzibati orqan təqdim etmişdir. Göründüyü kimi, cavabdehin arxivində saxlanılan siyahıda düzəliş edilmişdir. Bu hala da məhkəmə kollegiyası texniki səhvin vaxtilə müvafiq qurum tərəfindən aradan qaldırılması kimi yanaşaraq, iddiaçının qeyd edilən halla birbaşa bağlılığının və təqsirinin olmaması qənatindədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ikinci dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı qeyd olunan halların araşdırılması məqsədilə iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1444 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin (Bakı şəhər Soveti İcraiyyə Komitəsi) xx.xx.1990-cı il tarixli, 6/290 saylı qərarına əsasən İddiaçı ayrılmış (Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və X4 bağlar sahəsindəki 205 saylı kooperativi, 27 saylı order) Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 1209b saylı bağ sahəsinin koordinatları müəyyən edilmişdir və qeyd olunan torpaq sahəsinin yaşayış məntəqələrinin hüdudları daxilində yerləşməklə Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağına düşmədiyi, eyni zamanda həmin torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Eyni zamanda rəyin əsaslandırıcı hissəsində qeyd edilir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli mütəxəssis arayışına əlavə edilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, torpaq sahəsi yaşayış məntəqələrinin hüdudları daxilində yerləşməklə Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağına düşmür. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının iddia etdiyi Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və X6 bağlar sahəsindəki 205 saylı kooperativinin 27 saylı orderinə əsasən 1209b saylı bağ sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazidə hasar yoxdur, qumsallıqdır. İddia olunan yerin şimalşərq istiqaməti dənizdir, cənub-qərb istiqamətindən isə Bilgəh-Kürdəxanı yolu keçir. İddia olunan yerin kənarından kanalizasiya xətti keçir. Mütəxəssis tərəfindən isə qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi bağ sahəsinin yerləşdiyi ərazi cihazlarla ölçüləcək və müayinə aktında ölçülər qeyd ediləcəkdir. Cavabdeh inzibati orqanın xx.xx.2023-ci il tarixli məktubuna əlavə edilmiş Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 1209b saylı bağ sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surətinə əsasən, faktiki olaraq kənardan şərti göstərilən ərazi Bilgəh-NardaranKürdəxanı yolunun sağ tərəfində, dəniz sahili qumsallıq yerlərin bir hissəsidir. Ümumi ərazinin çox hissəsi dənizin mühafizə zonasıdır və dövlət tərəfindən dəmir məhəccərli hasarla təcrid olunmaqla giriş-çıxış yol tərəfdən məhdudlaşıdırılıb. Bağların bölgüsünə dair sxematik xəritədə 1209b saylı bağ nömrəsi yoxdur. Dövlət mülkiyyəti torpağıdır. Həmçinin, bağ sahəsinin hasarı və va çəpəri yoxdur, mərzçəkmə isləri aparılmayıb. Tikili yoxdur, iddia olunan şərti sahə digər şəxs tərəfindən yol boyunca metal qəfəsliklərlə çəpərə alınmış ümumi ərazi daxilində yerləşir. İddiaçının nümayəndəsinin bildirdiyinə əsasən, bağ sahəsinin əvvəllər hasarı və mişar daşları düzülmüş sərhədi olub, lakin sonra digər, səxs tərəfindən sökülüb. Bağ sahəsinin şimal-şərq istiqaməti dənizdir, cənub-qərb istiqamətindən isə Bilgəh - Kürdaxanı yolu keçir. Bağ sahəsinin sərhədləri olmadığından, ara məsafələrini dəqiq təyin etmək mümkün olmamışdır. Bağ sahəsinə dair hüquq müəyyənedici sənəd təqdim edilməyib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-468/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində yuxarıda qeyd edilən ziddiyyətli məqamın aradan qaldırılması, həmçinin, iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin naturada harada yerləşməsinin, həmin bağ sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə (hüquqi şəxs) məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, həmçinin, Xəzər dənizinin mühafizə zolağına düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumun mütəxəssisləri cəlb olunmaqla iş üzrə əlavə məhkəmə-torpaqşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmış, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Bakı Şəhər İcra Hakimiyyətinin (Bakı şəhər Soveti İcraiyyə Komitəsi) xx.xx.1990-cı il tarixli 6/290 saylı qərarına əsasən İddiaçı ayrılmış (Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X1 və X4 bağlar sahəsindəki 205 saylı kooperativi, 27 saylı Order) Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0.12 ha sahəsi olan 1209b saylı bağ sahəsinin koordinatları müəyyən edilsin. - Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 6/290 saylı qərarına əsasən İddiaçı ayrılmış Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0.12 ha sahəsi olan 1209b BTK-nin sxematik xəritəsinə uyğun olaraq naturada harada yerləşir? - İddiaçının iddia etdiyi sahə Nardaran bağlar sahəsinə aiddirmi? - İddiaçının iddia etdiyi bağ sahəsi Xalq çimərliyi üçün ayrılmış ərazidirmi? əgər belədirsə qeyd edilən ərazidə yerləşən Xalq Çimərliyinin ərazi hüdudları müəyyən edilsin. - İddiaçı iddia etdiyi Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0.12 ha sahəsi olan 1209b saylı bağ sahəsinin ölçüsü, təyinatı (dövlət və ya bələdiyyə torpağı olub-olmaması) müəyyən edilsin. - İddiaçı iddia etdiyi Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0.12 ha sahəsi olan 1209b saylı bağ sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşürmü və müəyyən olunacaq yer başqa şəxsin adına qeydiyyatdan keçmişdirmi? Həmin ərazi Xalq çimərliyi adlanan ərazi ilə üstüstə düşürmü, kəsişirmi? - İddiaçının iddia etdiyi bağ sahəsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.2-1-ci maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik mühafizə zolağına düşürmü, əgər düşürsə, hansı hissədə düşür? - İddiaçının iddia etdiyi bağ sahəsinin yerləşdiyi ərazinin səthi (relyefi) barədə məlumat verilsin (qumsallıq, daşlıq, qayalıq və s. olması barədə). 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində qərardadda qoyulmuş suallarla əlaqədar aşağıdakılar qeyd edilmişdir: Birinci sual üzrə: Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından və həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən bağ sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmadı. İkinci sual üzrə: Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından və həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən bağ sahəsinin koordinatlarını təyin etmək mümkün olmadı. İddiaçı tərəfindən şərti olaraq göstərilən sahə vahid elektron kadastr baza məlumatlarına əsasən Bilgəh-Nardaran (dairəvi) yolunun dənizkənarı qumsallıq ərazisidir. Hasarlanma və mərzçəkmə işləri aparılmamış ərazinin bir hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşir (xalq çimərliyi üçün ayrılmış ərazidir). Üçüncü sual üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən İddiaçı tərəfindən şərti olaraq göstərilən sahə Bilgəh-Nardaran (dairəvi) yolunun dənizkənarı qumsallıq ərazisidir. Hasarlanma və mərzçəkmə işləri aparılmamış ərazinin bir hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşir (xalq çimərliyi üçün ayrılmış ərazidir). Dördüncü sual üzrə: İddiaçı tərəfindən şərti olaraq göstərilən sahə vahid elektron kadastr baza məlumatlarına əsasən Bilgəh-Nardaran (dairəvi) yolunun dənizkənarı qumsallıq ərazisidir. Hasarlanma və mərzçəkmə işləri aparılmamış ərazinin bir hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşir (xalq çimərliyi üçün ayrılmış ərazidir). Beşinci sual üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən şərti olaraq göstərilən sahə Bilgəh-Nardaran (dairəvi) yolunun dənizkənarı qumsallıq ərazisidir. Hasarlanma və mərzçəkmə işləri aparılmamış ərazinin bir hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşir (xalq çimərliyi üçün ayrılmış ərazidir). Müvafiq torpaq sahəsi Rayon İcra Hakimiyyəti tərəfindən metal məhəccərli hasarla hasarlanaraq mühafizənəzarət edilir. Həmin əraziyə giriş-çıxış yoxdur. Bu ərazidə ümumiyyətlə digər bağ sahələridə yoxdur. Sahə dövlət mülkiyyətindədir. Altıncı sual üzrə: Yuxarıda qedy olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən şərti olaraq göstərilən sahə Bilgəh-Nardaran (dairəvi) yolunun dənizkənarı qumsallıq ərazisidir. Hasarlanma və mərzçəkmə işləri aparılmamış ərazinin bir hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşir (xalq çimərliyi üçün ayrılmış ərazidir). Müvafiq torpaq sahəsi Rayon İcra Hakimiyyəti tərəfindən metal məhəccərli hasarla hasarlanaraq mühafizə-nəzarət edilir. Həmin əraziyə giriş-çıxış yoxdur. Bu ərazidə ümumiyyətlə digər bağ sahələridə yoxdur. Yeddinci sual üzrə: İddiaçı tərəfindən şərti olaraq göstərilən sahə vahid elektron kadastr baza məlumatlarına əsasən Bilgəh-Nardaran (dairəvi) yolunun dənizkənarı qumsallıq ərazisidir. Hasarlanma və mərzçəkmə işləri aparılmamış ərazinin bir hissəsi Xəzər dənizinin (gölünün) ə zonasında yerləşir (xalq çimərliyi üçün ayrılmış ərazidir). Səkkizinci sual üzrə: Yuxanda qeyd olunduğu kimi iddiaçı tərəfindən şərti olaraq göstərilən sahə vahid elektron kadastr baza məlumatlarına əsasən Bilgəh-Nardaran (dairəvi) yolunun dənizkənarı qumsallıq ərazisidir. Hasarlanma və mərzçəkmə işləri aparılmamış ərazinin bir hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşir (xalq çimərliyi üçün ayrılmış ərazidir). AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3440 nömrəli ekspert rəyindən görünür ki, ekspert qərardadda qoyulan suallar üzrə aşağıdakı qeyd olunan nəticələrə gəlmişdir: Qərardadın birinci, ikinci və üçüncü sualları üzrə: -Bakı Şəhər İcra Hakimiyyətinin (Bakı şəhər Soveti İcraiyyə Komitəsi) xx.xx.1990-cı il tarixli 6/290 saylı qərarına əsasən İddiaçı ayrılmış ( Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X1 və X4 bağlar sahəsindəki 205 saylı kooperativi, 27 saylı order) Nardaran bağlar sahəsində 205 saylı ВТК nəzdində 0.12 ha sahəsi olan 1209b saylı bağ sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsi Nardaran bağlar massivinin hüdudları daxilində yerləşməklə, yaşayış məntəqələrinin torpaqların aid olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X Y 415166.44 4493230.44 415192.97 4493254.65 415220.19 4493239.05 415184.42 ********.62 Qərardadın dördüncü və altıncı sualları üzrə: -Bakı Şəhər İcra Hakimiyyətinin (Bakı şəhər Soveti İcraiyyə Komitəsi) xx.xx.1990-cı il tarixli 6/290 saylı qərarına əsasən İddiaçı ayrılmış (Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X1 və X4 bağlar sahəsindəki 205 saylı kooperativi, 27 saylı order) Nardaran bağlar sahəsində 205 saylı ВТК nəzdində İddiaçı ayrılmış və iddiaçı tərəfindən təqdim olunmuş, faktiki ölçüsü 1200 kv.metr olan torpaq sahəsinin boş torpaq sahəsi olduğunu və faktiki olaraq iddiaçının istifadəsində olduğunu nəzərə alaraq, digər şəxslərə məxsus torpaq sahələri ilə və Xalq çimərliyinə ayrılmış sahə ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə: -Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarına əsasən (kadastrportali.az) sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla, dövlət mülkiyyətindədir. Qərardadın yeddinci sualı üzrə: -Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, **********18 mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planına əsasən, İddiaçı 1209 b saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağından kənarda yerləşdiyi müəyyən edilmişdir. Qərardadın səkkizinci sualı üzrə: -Qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazinin səthi (relyefi) qumsallıqdır. Göründüyü kimi ekspert rəyi ilə bir daha müəyyən edilir ki, İddiaçı 1209 b saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağından kənarda yerləşir və Xalq çimərliyinə ayrılmış sahə ilə üst-üstə düşmür. Cavabdehin nümayəndəsi məhkəmə iclasında ekspert rəyinə etiraz edərək qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzi apellyasiya instansiya məhkəməsinin öz qərardadında verilməsini zəruri hesab etdiyi 1 saylı Bakı Ərazi idarəsinin mütəxəssis rəyini əldə etmədən ekspertiza fəaliyyətini həyata keçirmiş, məhkəməyə ilkin təqdim edilmiş mütəxəssis rəyləri əsasında ekspert rəyini məhkəməyə təqdim etmişdir. Halbuki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin (sifariş) edilir yə onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir. Göründüyü kimi, apellyasiya instansiyası möhkəməsi tərəfindən ziddiyyətli məqamların araşdırılması üçün yeni mütəxəssis rəyi alınmaqla ekspertizanın keçirilməsi tapşırılmasına baxmayaraq Məhkəmə Ekspertiza Mərkəzi göstərilən xüsusatları gözləmədən ekspert rəyi vermişdir. Məhkəmə kollegiyası tərəfindən işin obyektiv araşdırılması məqsədilə Məhkəmə Ekspertizası Mərkəzinə məktub ünvanlanaraq ekspert X3 və 1 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlanaraq rəyi tərtib edən mütəxəssisin məhkəmə iclasında iştiraklarının təmin edilməsi xahiş edilmişdir. 24 noyabr 2023-cü il tarixli məhkəmə iclasında iş üzrə verilmiş rəyə dair izahat verməsi üçün ekspert qismində dəvət edilmiş X7 izahatında bildirmişdir ki, Mərkəzdə olan bağ sahələrinin xəritəsinə əsasən həmin ərazi Nardaran bağ sahələrinin ərazisinə uyğun gəlir. Həmçinin əraziyə baxış keçirilən zaman müəyyən olundu ki, həmin ərazi Xəzər dənizindən 70 metr kənarda yerləşir. Xəzər dənizinin mühafizə zonası isə dənizdən 50 metrədək olan məsafədir. Həmin ərazinin Xalq Çimərliyinin ərazisinə düşməsindən söhbət gedə bilməz. Xalq Çimərliyinin ərazisi qeyd edilən ərazidən kənarda yerləşir və bu əraziyə heç bir aidiyyəti yoxdur. Bu bizdə olan kadastrdan çıxarışdan da aydın müəyyən edilir. Həmin kadastrdan çıxarışı növbəti məhkəmə iclasında təqdim edə bilər. İş üzrə verilmiş rəyə dair izahat verməsi üçün mütəxəssis qismində dəvət edilmiş X8 izahatında bildirmişdir ki, qeyd edilən ərazinin bağ sahəsinə heç bir aidiyyəti yoxdur. İdarədə olan vahid elektrin kadastr baza məlumatlarına əsasən həmin ərazidə, yaxud həmin ərazinin yaxınlığında qeydiyyatdan keçmiş bağ sahələri yoxdur. Sadəcə Bilgəh dairəvi yolu tərəfində yerləşən ərazidə, yəni həmin ərazinin əks tərəfində bağ sahələri kimi qeydiyyatdan keçən ərazilər vardır. İddiaçı tərəfindən faktiki göstərilən sahə qumsallıqdır, Xalq çimərliyinin yaradılması üçün nəzərdə tutulan ərazidir. Sədrlik edənin sualına cavab olaraq mütəxəssis torpağın yaşayış təyinatlı torpaq sahəsi olduğunu, Xalq çimərliyinin təsdiq edilmiş koordinatları barədə hüquqmüəyyənedici sənədlərə istinadən məlumat verə bilmədiyini, yalnız elektron kadastr məlumatlarına istinad etdiyini bildirmişdir. Növbəti məhkəmə iclasında ekspert Teymur Məmmədov tərəfindən təqdim edilmiş iddia edilən torpaq sahəsinə dair kadastr məlumatlarından və torpaq sahəsinin yerləşmə cizgisindən və sxematik xəritədən də görünür ki, iddia olunan torpaq sahəsi Nardaran bağlar massivinin hüdudları daxilində yerləşir, Xalq Çimərliyinin ərazisi isə qeyd edilən ərazidən kənarda yerləşir və iddia olunan əraziyə heçbir aidiyyəti yoxdur. Cavabdeh inzibati orqan isə sonuncu məhkəmə iclasınadək uzun müddət məhkəmə araşdırmaları zamanı dənizlə sərhəd zonada bağ sahələrinin yerləşmədiyini, bağ sahələrinin yoldan əks tərəfdə yerləşdiyini iddia edirdi. Ekspert tərəfindən təqdim edilmiş sxematik xəritəyə diqqət yetirildikdə isə aydın görünür ki, bağ sahələri dənizlə sərhəddə yerləşir. Sonuncu məhkəmə iclasında isə cavabdehin nümayəndəsi ortofotogörüntü təqdim edərək izahatında qeyd etmişdir ki, qeyd edilən bağ massivində yerləşən bağlarla bağlı dövlət reyestrində qeydiyyata alınma vardır. Sxematik xəritəyə əsasən şəxsə məxsus olan ərazi faktiki göstərilən ərazidən yuxarı hissədə yerləşir. Həmin hissədə də qeydiyyatdan keçən bağ sahələri vardır. Həmin hissədə qeydiyyatdan keçən sonuncu bağ sahəsi isə 1209 saylı bağ sahəsidir. 1209 v ilə bağlı isə sxematik xəritədə hər hansı məlumat yoxdur. Beləliklə, bağ sahəsinin Xəzər dənizinin mühafizə zolağında yerləşməsi və Xalq çimərliyi üçün ayrılmış ərazi ilə üst-üstə düşməsi ilə bağlı imtina dəlili ortadan qalxmışdır. Cavabdehin nümayəndəsinin istinad etdiyi “torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi”-nə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının idarəsindən asılı olan hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır. Cavabdeh qeyd olunan hallarla əlaqədar mötəbər sübutları da məhkəməyə təqdim edə bilməmişdir. İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-257/2022 saylı, 19 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar