Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-290/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1967-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(112)-188/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 13 iyun 2019-cu il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Boru- Təmiri bazası yaxınlığında yerləşən və ümumi sahəsi 600 kv. metr olan torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Quruda neft və qazçıxarma istehsalat birliyi Boru Təmir Bazasının 03 mart 1999-cu il tarixli məktubunda qeyd olunur ki, vətəndaş İddiaçı (Bakı şəhəri, 8- ci zavod küçəsi, ev № 3, mənzil 34/13) tərəfindən müraciətini və yaşayış yerini darısqal, şəraitsizliyini nəzərə alaraq Boru təmir bazasının ərazisində bazaya lazımsız olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv. metr torpaq sahəsi ayrılmasına etiraz etmirlər. İddiaçı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə qəsəbədaxili ərazidə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 49 saylı, 05 mart 1999-cu il tarixli sərəncamından çıxarışa əsasən, fərdi yaşayış evinin tikintisi üçün Boru Təmiri Bazası yaxınlığında cizgidə göstərilən ərazidə 0,06 ha torpaq sahəsi ayrılıb. Lakin bu günə qədər torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan sonra müvafiq qaydada sənədləri toplayaraq, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Boru-Təmiri bazası yaxınlığında yerləşən və ümumi sahəsi 600 kv. metr olan torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı xx.xx.2019- cu il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin ərizəsi cavabdeh tərəfindən təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim Z.Tağıyev) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinin 10/1870 nömrəli xx.xx.2020-ci il tarixli Ekspert rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının “Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Boru-Təmiri bazası yaxınlığında yerləşən və ümumi sahəsi 353 kv. metr olan torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(112)-188/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Boru- Təmiri bazası yaxınlığında yerləşən və ümumi sahəsi 353 kv. metr olan torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Boru-Təmiri bazası yaxınlığında ünvanında yerləşən və ümumi sahəsi 353 kv.metr olan torpaq sahəsinin dövlət torpağı olub-olmaması ilə bağlı müvafiq qurumlara sorğu göndərilmişdir. Sorğuya cavab olaraq qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğu bildirilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(112)-188/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” 49 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamı ilə iddiaçının adına torpaq sahəsinin ayrıldığını, həmin sərəncamın hazırda qüvvədə olduğunu, torpaq sahəsinin yerləşmə cizgisinin icra hakimiyyəti tərəfindən təsdiq edildiyini, imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 372 nömrəli Fərmanında göstərilmişdir: “4.Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. 5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər. 6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.” xx.xx.2001-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10-cu maddəsinin 4-cü bəndinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün verilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci cümləsinə əsasən xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Həmin Məcəllənin 20-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və ictimai ehtiyaclar üçün qiymətli kənd təsərrüfatı torpaqlarını (suvarılan əkin yerləri və çoxillik əkmələrin tutduğu torpaqlar), şəhərətrafı yaşıllıq zonası torpaqlarını, elmi tədqiqat idarələri və tədris müəssisələrinin təcrübə sahələri torpaqlarını, birinci qrup meşə torpaqlarını; habelə, mühafizə olunan təbii və tarix-mədəniyyət obyektlərinin yerləşdiyi, torpaqları geri almaq və vermək Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (mərkəzi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (maddə 8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunla müəyyən edilmiş qaydada müvafiq orqanlar tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə və istifadəyə verilməsi barədə qəbul olunmuş aktlar bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, Boru-Təmiri bazası yaxınlığında yerləşən, ümumi sahəsi 353 kv.metr olan torpaq sahəsinin qanuni istifadəçisi kimi yuxarıda qeyd edilən müvafiq qanunvericiliyin tələblərinə əsasən həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Torpaq sahəsinin onun qanuni istifadəsinə verilməsi isə, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısının 49 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamından çıxarışla təsdiq olunur. Belə ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” 49 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamına əsasən müəyyən edilir ki, 8-ci Zavod küçəsi, ev 3, mənzil 34.13-də yaşayan X3, Boru Təmiri bazası yaxınlığında cizgidə göstərilən sahədə 0,04 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan qeyd olunan torpaq sahəsinin dövlət torpağı olub-olmaması ilə bağlı müvafiq qurumlara göndərilmiş sorğulara əsasən torpağın dövlət mülkiyyətinə aid olmasına münasibətdə qeyd edir ki, cavabdeh bu barədə hər hansı sənəd sübut təqdim etməmişdir. Belə ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu ünvanlanaraq qeyd edilmişdir ki, “Yaranmış zərurətlə əlaqədar yazıb sizə bildiririk ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 49 №li sərəncamdan çıxarışına əsasən 8-ci Zavod küçəsi, ev 3, mənzil 34/13-də yaşayan vətəndaş İddiaçı Boru Təmiri Bazası yaxınlarında cizgidə göstərilən sahədə 0,06 ha torpaq sahəsinin ayrılması və fərdi evin tikintisinə icazə verilməsi qeyd edilmişdir. Eyni zamanda iş materiallarında olan İqtisadi İnkişaf Nazirliyinin Xətai rayon şöbəsinin xx.xx.2004-cü il tarixli, 72 №li məktubuna əsasən Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 49 №li sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı ayrılmış torpaq sahəsi xx.xx.2001-ci il tarixli, 27 saylı sərəncamla səhmdar cəmiyyətə çevrilmiş “Boru Təmiri Bazası”nın texniki pasportunda öz əksini tapmaması qeyd edilmişdir. Qeyd olunan məsələ ilə bağlı sənədlərin surətləri sizə göndərilərək iddia tələbinə və birinci instansiya məhkəməsinin qərarına dair yazılı münasibət bildirməyiniz, eyni zamanda qeyd edilən torpaq sahəsinin statusu barədə məlumat verməyiniz xahiş olunur.” Sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli,SOCAR**********30490089x00021 saylı məktubda qeyd edilmişdir ki, “kənar fiziki və hüquqi şəxslərə aid torpaq sahələrinin SOCAR- ın daimi istifadəsində, eləcə də şirkətə məxsus sənaye obyektlərinin mühafizə zonalarına aid olan torpaq sahələrinin hüdudları daxilində olub-olmamasını düzgün müəyyən etmək üçün, həmin sahələrin künc nöqtələrinin koordinatlarını özündə əks etdirən mötəbər məlumatlar təqdim edilməlidir. Müraciətlərə baxılarkən uyğunsuzluqlara yol verməmək üçün torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən çıxarış (plan və ölçü ilə birlikdə) və ya “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən torpaq sahəsinin künc nöqtələrinin koordinatları əks olunmuş yerquruluşu planı təqdim edilməklə. SOCAR tərəfindən rəy verilməsi məqsədəmüvafiq hesab olunur. Məlum olduğu kimi, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən, “daşınmaz əmlakla o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq” və 3.1 29-cu bəndə əsasən “dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin muraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatda çıxarışların və yerquruluşu planının verilməsini təmin etmək” DƏDKR-nin vəzifələrindən biridir.Odur ki, sorğu olunan torpaq sahəsi ilə bağlı rəyin verilməsi yuxarıda gostərilən sənədlərdən biri təqdim edildikdən sonra mümkün olacaqdır.” Göründüyü kimi məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən mübahisələndirilən torpaq sahəsinin hansı kateqoriya torpaq sahəsi olması barədə hər hansı məlumat verilməsi mümkün olmamışdır. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən qeyd edilən torpağın dövlət mülkiyyətinə aid olmasını hansı əsaslarla təsbit edildiyi müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(112)-188/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(112)-188/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-290/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-290/2022
07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver