Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-290/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq və fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5605/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4090/94 məhəllə, 3 saylı binanın arxa hissəsində yerləşən 271,75 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikdiyi fərdi yaşayış evinə onun mülkiyyət hüququ tanınmaqla həmin torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun qeydiyyatına dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5605/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia Bakı şəhəri Cavabdeh1nə münasibətdə mümkün sayılmamışdır. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2003-cü ildə Bakı şəhəri Cavabdeh1ndən Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4090/94 məhəllə, 3 saylı binanın arxa hissəsində yerləşən 271,75 kv.m torpaq sahəsi almışdır. O, həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək hal-hazıra kimi ailəsi ilə orada yaşayır. Torpaq sahəsinin eskiz sxemi də Cavabdeh1 tərəfindən tərtib edilərək ona verilmişdir. O, həmin sahənin torpaq vergisini də ödəmiş, lakin Bakıxanov Bələdiyyəsi tərəfindən torpaq sahəsinin alqı-satqısına dair sənədlər bu günədək verilməmişdir. Sonuncu dəfə xx.xx.2007-ci ildə həmin torpaq sahəsinin alqı-satqına dair sənədlərin ona verilməsi üçün ərizə ilə Bakıxanov Bələdiyyəsinə müraciət etmiş, bələdiyyə isə xx.xx.2007-ci il tarixli məktubla həmin torpaq sahəsinin alqı-satqısını həyata keçirmək üçün bu torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə dair memarlıq baxımından rəy alınması üçün Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinə, eyni zamanda xx.xx.2007-ci il tarixli məktubla onunla qeyd olunan torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmasına münasibət bildirilməsi üçün Sabunçu rayon İcra Hakimiyyəti başçısına müraciət etmişdir. Torpaq sahəsinin və orada tikilmiş fərdi yaşayış evinin texniki posportu da çıxarılmışdır. Artıq 18 il torpaq sahəsindən istifadə edir, orada tikdiyi fərdi yaşayış evində ailəsi ilə yaşayır. xx.xx.2019-cu il tarixli məktubla onun müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakıxanov Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahələrinin şəhadətnamə və xəritəsi Bələdiyyəyə təhvil verilmədiyindən tərəflərindən hər hansı sənədləşmə işlərinin aparılması mümkün olmamışdır. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin planından görünür ki, onun istifadə etdiyi və üzərində fərdi yaşayış evi tikib yaşadığı torpaq sahəsi digər yaşayış evlərinin əhatəsində olmaqla onu ayırmaq mümkün deyildir. O, istifadə etdiyi torpaq sahəsinin torpaq vergisini tam ödəmişdir. Lakin cavabdeh qeydiyyat orqanı tərəfindən xx.xx.2021-ci il tarixli məktubu ilə qeyd olunan torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. İmtinada qeyd olunan sənədlər yoxdur. O, qeyd olunan torpaq sahəsinə və fərdi yaşayış evinə aid onda olan bütün sənədləri həm cavabdeh orqana, həm də məhkəməyə təqdim etmişdir. Hesab edir ki, həmin sənədlər mülkiyyət hüquqlarının qeydiyyatı üçün yetərlidir. Cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin hər hansı biri təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5605/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və Bakıxanov Bələdiyyəsindən alqı-satqı yolu ilə 2003-cü ildə aldığını və Bələdiyyə tərəfindən mənim istifadəmə verilmiş Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki 4090\94 məhhələdə, 3 saylı binanın arxa hissəsində yerləşən 271,75 kv.metr torpaq sahəsinə mülkiyyət hüququmun qeydiyyatının dövlət reyestrində aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatını mümkündür. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamışdır. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, qanunvericilik normalarını düzgün tətbiq etməmiş əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat vermiş, Bakıxanov Bələdiyyənin ona fərdi yaşayış evinin tikintisi üçün torpaq ayrılması barədə qərarının olmadığını və onunla torpağın alqı-satqısına dair müqavilə bağlamadığını bildirsə də, hər bir halda, iddia tələbində israrlı olmuş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə iddiaçının apellyasiya şikayətini əsassız hesab edərək, mübahisəli daşınmaz əmlakın qeydə alınması üçün qanuni əsaslar mövcud olmadığını vurğulayaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etimişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4090/94 məhəllə, 3 saylı binanın arxa hissəsində yerləşən 271,75 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikdiyi fərdi yaşayış evinə onun mülkiyyət hüququ tanınmaqla həmin torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun qeydiyyatına dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Onun iddia tələbini əsası kimi istinad etdiyi sənədlər - Bakıxanov Bələdiyyəsinin Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinə fərdi yaşayış evinin tikintisinə dair memarlıq baxımından rəy alınması üçün ünvanladığı xx.xx.2007-ci il tarixli məktubu və torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmasına münasibət bildirilməsi üçün Sabunçu rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış xx.xx.2007-ci il tarixli məktubu, eyni zamanda həmin torpaq sahəsinndə tikilmiş fərdi yaşayış evinin lisenziyalı təşkilat tərəfindən tərtib olunmuş, lakin müvafiq icra hakimyyəti orqanı tərəfindən razılaşdırılmamış eskiz layihəsi təşkil edir. İstinad olunan həmin məktublar və memarlıq bölməsi təsdiq olunmayan eskiz layihə isə mübahisləi torpaq sahəsi və evin daşınmaz əmlakın dövlət qeydiyytına əlınması və vahid çıxarışın verilməsi üçün əsas ola bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən olunmuşdur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar...; https://e-qanun.az/framework/54568.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 11.1-ci maddəsi isə tələb edir ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər sözügedən Qanunun 8-ci maddəsinin müddalarında sadalanan sənədlərdən hər hansı birinə uyğun gəlmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin maddənin 2-ci hissəsinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin maddənin 4-cü hissəsinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: “bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə...” Həmin maddənin 6-cı bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.” Eyni zamanda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. İddiaçının isə mübahisəli torpaq sahəsinə dair qanunvericiliyin qeyd olunan tələbələri qaydasında əldə olunan sənədləri mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi isə aşağıdakıları nəzərdə tutur: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının qeydə alınmasını tələb etdiyi daşınmaz əmlakla bağlı cavabdehə müraciət etdiyi hüququn qeydə alınması üçün əsaslar yoxdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin və üzərindəki evin iddiaçının adına qeydiyyata alınmasından imtina olunması, əslində, qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsindən isə görünür ki, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Konkret halda, mübahisəli torpaq sahəsinin hüquqi normaya uyğun olaraq iddiaçınının istifadəsinə verildiyi müəyyən olunmadığından, onun həmin torpağın və üzərindəki tikilinin qanuni istifadəsində sayılması istisna olunur. Beləliklə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, məhkəmənin gəldiyi nəticənin işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmadığını, qəbul etdiyi qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5605/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5605/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-290/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-290/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver