Məhkəmə qərarları › İş №2-1(103)-2900/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2900/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2900/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı X8 3-cü şəxs qismində inzibati icraata cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi barədə” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2019 saylı, 07 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının X5 fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin ayrılması barədə 29 iyun 2001-ci il tarixli 455 və 465 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının X5 fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri Suraxanı rayonu Qaracuxur qəsəbəsi Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin ayrılması barədə 29 iyun 2001-ci il tarixli 455 saylı sərəncamın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2021saylı, 07 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın etibarsız hesab edilməklə ləğv olunması” barədə iddiası mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1641/2021saylı, 07 sentyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirdiyi sərəncamı hazırkı iş üzrə üçüncü şəxs X8 əsas götürüb iddiaçıya qarşı Suraxanı Rayon Məhkəməsində iddia irəli sürmüşdür. Sərəncamı mübahisləndirdiyi üçün Suraxanı Rayon Məhkəməsində həmin iş üzrə üçün icraat dayandırılmışdır. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 2001-ci ilin 29 iyun tarixində fərdi yaşayış evinin tikinitisi üçün torpaq sahəsi ayırmaq səlahiyyəti olmamışdır. Belə ki, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə və Torpaq Məcəlləsinin 59 -cü maddəsinə əsasən 01 yanvar 2001-ci il tarixdən bələdiyyələr vasitəsilə vətəndaşlara əvəzi ödənilməklə ayrılır. Cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti mübahisələndirilən 29.07.2001-ci il tarixli 465 nömrəli Sərəncamı qəbul edərkən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayırmaq səlahiyyəti olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2.- ci maddələrinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Suraxanı rayon İcra hakimiyyəti baçşısının 29.07.2001-ci il tarixdə mübahisələndirdiyim sərəncamı qəbul etmək səlahiyyəti olmadığı üçün sərəncam etibarsız sayılmalıdır. İş üzrə üçüncü şəxs X8 iddiaçının mübahisələndirdiyi sərəncamı əsas göstərərək Suraxanı rayon Məhkəməsinə müraciət edərək qanunsuz zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması barədə ona qarşı iddia qaldırdığından onun Suraxanı Rayon İcra hakimiyyəti Başçısının 29 iyun 2001ci il tarixli 465 nömrəli sərəncamını mübahisələndirmək üçün sübyektiv hüquq yaranmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X8 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin və üçüncü şəxsin izahatlarını dinləyərək və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İşin faktiki hallarından görünür ki, X10 ilə İddiaçı arasında bağlanmış AN-İ ******* №-li Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı X10 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 23.07.2010-cu il tarixli 11/17228 nömrəli forma arayışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən, mülkiyyətində olan 0,0729 ha torpaq sahəsində olan yaşayış sahəsi 28,8 kv. metr, yardımçı sahəsi 23.5 kv. metr, ümumi sahəsi 52.3 kv.metr olan 2 (iki) otaqlı 46 saylı fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında, 0,0729 ha mülkiyyətdə olan torpaq sahəsində yerləşən 46 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi 31.07.2013-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 143 nömrəli reyestr kitabının 13066 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1632/2020 saylı iş üzrə qəbul etdiyi 17.02.2020-ci il tarixli qərardadın surətindən görünür ki, X1 Taleh Tapdıq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” yaşayış massivində, 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinin onun (iddiaçının) qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22.07.2021-ci il tarixli 10/1252 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 iyun 2021-ci il tarixli, **********80 nömrəli rəyinə əsasən, elektron kadastr bazasında mübahisələndirilən ərazidə üçüncü şəxs X4 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumatın aşkar edilmədiyi, eyni zamanda mübahisələndirilən ərazidə İddiaçı adına reyestr nömrəsi **********91-10301 olan çıxarışla verilmiş 0,0729 hektar torpaq sahəsinin qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq hesab etmişdir ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyildir. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının X5 fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin ayrılması barədə 29 iyun 2001-ci il tarixli 465 saylı sərəncamının mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyildir. Belə ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət kimi 31.07.2013-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 143 nömrəli reyestr kitabının 13066 nömrəli vərəqində qeydiyyata alınmış ünvan 1 ünvanında, 46 saylı evin yerləşdiyi 0,0729 ha mülkiyyətdə olan torpaq sahəsinin koordinatları ilə Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının “Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi, ev 9, mənzil 10-da yaşayan vət. X5 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” 465 №li 29 iyun 2001-ci il tarixli Sərəncamı ilə üçüncü şəxs X5 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin Şərq hissəsində, “Q” yaşayış massivində 285 №-li məktəbin arxa hissəsində ayrılmış 300 kv. metr torpaq sahəsinin koordinatlarının üst üstə düşüb-düşmədiyini müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza təyin olunmasına baxmayaraq, keçirilən ekspertiza zamanı elektron kadastr bazasında mübahisələndirilən ərazidə üçüncü şəxs X4 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumatın aşkar edilməməsi müəyyən olunmuşdur. Belə olan halda RX ******* saylı Çıxarışa əsasən iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi ilə, üçüncü şəxsə mübahisələndirilən 465 №li 29 iyun 2001-ci il tarixli Sərəncamla ayrılmış torpaq sahələrinin üst-üstə düşüb-düşməsini müəyyən etmək mümkün olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və qeyd edir ki, iddiaçı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının hazırki iş üzrə üçüncü şəxs qismində keçən X5 Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsi ayrılması haqqında 29 iyun 2001-ci il tarixli 465 saylı sərəncamını mübahisələndirmək hüququna malik olduğundan iddianın mümkün sayılmamasına dair qərardad ləğv edilməli və icraatın davam etdirilməsi üçün müvafiq inzibati məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi üçüncü şəxs qismində keçən X2 Rayon İcra Hakimiyyəti başçısının 465 saylı sərəncamını əsas kimi göstərərək iddiaçıya qarşı Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış və qanunsuz zəbt olunmuş torpaq sahəsinin qaytarılmasını tələb etmişdir. İddiaçi həmin Sərəncamı mübahisləndirdiyi üçün Suraxanı Rayon Məhkəməsində iş üzrə icraat dayandırılmışdır. İddiaçı hesab edir ki, üçüncü şəxsə ayrılmış torpaq sahəsinin sxemi yoxdur və Suraxanı Rayon İcra Hakimiyyəti başçısının həmin vaxtı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsini ayırmaq səlahiyyəti olmamışdır. Ona görə də iddiaçının həmin sərəncamı mübahisələndirmək üçün subyektiv hüququ yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən torpaq sahəsinə mülkiyyət hüququ olmaqla ona qarşı məhkəmədə torpaqdan cıxartma iddiası qaldırmış üçüncü şəxsin adına verilmiş sərəncamı mübahisələndirmək üçün subyektiv hüquqa malik oldugundan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2019 saylı, 07 sentyabr 2021-ci il tarixli qərarı ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunsun. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı X8 3-cü şəxs qismində inzibati icraata cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi barədə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2019 saylı, 07 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar