Məhkəmə qərarları › İş №2-1(103)-2900/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2900/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2900/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-647/2022 saylı, 27 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı 2000-ci ilin sentyabr ayından hal-hazıradək ona verilməli olan pulun hesablanaraq indeksasiya edilməklə və qərar qəbul edildiyi tarixdən sonra hər ay ixtisas dərəcəsinə görə minimum əmək haqqını iki misli olaraq pensiyasına əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 22 iyul 1988-ci il tarixdən 03 sentyabr 2000-ci il tarixədək Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. Hazırda 22 iyul 2019-cu il tarixdən yaşa görə pensiyaya çıxmışdır. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1996-cı il tarixli, 85-18QR saylı qərarına əsasən “Azərbaycan Respublikasının Məhkəmə Quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 93cü maddəsiə, “Azərbaycan Respublikası Məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq ona dördüncü ixtisas dərəcəsi verilmişdir. “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq ona verilmiş dördüncü ixtisas dərəcəsinə görə hər ay minimum əmək haqqının (şərti maliyyə) vahidinin iki misli miqdarında pul ödənilməsi nəzərdə tutulmuşdur. Həmin pulun ödənilməsi ömürlük nəzərdə tutulmuşdur. Yalnız məhkəmə qaydasında geri alına bilər. Buna baxmayaraq, 2000-ci ilin sentyabr ayından bu günə kimi həmin pul ona verilməmişdir. 1993-cü ilin yanvar ayının1-dən tətbiq edilən “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli, 364 saylı Qərarının 1-ci bəndinə əsasən, 4-cü ixtisas dərəcəli hakimə minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq verilməlidir. Bundan başqa qeyd edilənin məcburiliyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarından da irəli gəlir. Belə ki, sözügedən Qərarda qeyd edilmişdir ki, “Hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş, hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.” Buna baxmayaraq, cavabdeh onun müraciətinə cavab verərək qeyd etmişdir ki, ərizəsində göstərdiyi və istinad etdiyi qanunvericilik aktları qüvvədən düşmüşdür və buna görə də, ərizədə qeyd edilən əlavələrin ona ödənilməsi mümkün deyil. Göstərilən cavab rəsmi olaraq, ona xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” xx.xx.1992-ci il tarixli, 250 saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Əsasnamənin 7-ci bəndinin tələbinə görə ixtisas dərəcələri hakimlərə ömürlük verilir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.1996-cı il tarixli, 85-18QR nömrəli Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinə, “Azərbaycan Respublikası məhkəmələri ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq X1 verilmiş dördüncü ixtisas dərəcəsinə görə əmək haqqının iki misli miqdarında verilən əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-647/2022 saylı, 27 aprel 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilərək, xx.xx.1996-cı il tarixli, 85-18QR nömrəli Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 93cü maddəsinə, “Azərbaycan Respublikası məhkəmələri ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq İddiaçı verilmiş dördüncü ixtisas dərəcəsinə görə əmək haqqının iki misli miqdarında verilən əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati icraat materıallarından müəyyən olunur ki iddiaçıya hakim işlədiyi dövrdə ödənılən əmək haqqına dair arayışda ixtısas dərəcəsınə görə əlavəsinin ödənilməsi ilə bağlı hər hansı məlumat mövcud deyildir. Belə olan halda hesab edirik ki, iddiaçıya vaxtilə işlədiyi hakim vəzifəsində aldığı əmək haqqının tərkibinə daxıl olmayan artımların, yəni işlədiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması, həmçınin qeyd etdiyi qanunvericilik aktları qüvvədən düşdüyündən ərizədə göstərilən əlavələrin ona münasıbətdə əmək pensıyasına tətbıq edılməsi qanunvencıliyin tələblərı baxımından mümkün hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya pensiya təyin edilərkən ardıcıl gələn 60 ay yəni, 1995-2000-ci illər ərzində əmək haqqının orta aylıq məbləği nəzərə alınmaqla pensiya təyin olunduğunu, ixtisas dərəcəsi ilə bağlı iş materiallarında olan arayışda əlavələrin 1996-2000-ci illərdə alındığını, lakin iddiaçı tərəfindən həmin arayış idarəyə təqdim edilmədiyi üçün pensiya təyin edilərkən nəzərə alınmadığını bildirdi və apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. Sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaq, 1970-ci ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1988-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışmışdır. Ona xx.xx.2009-cu il tarixdən 2 qrup əlilliyə görə sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2939/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarına əsasən İddiaçı hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı və səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün aylıq vəzifə maaşının 15 faizi məbləğində verilən pul təminatı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə X5 həvalə edilmişdir. İddiaçının hazırki tələbi Azərbaycan Respublikası Milli Məclisinin 24 may 1996-cı il tarixli, 85 nömərli Qərarı ilə ona verilmiş dördüncü ixtisas dərəcəsinə görə əlavənin ona pensiya hesablanması zamanı nəzərə alınması və pensiyasının yenidən hesablanmasından ibarətdir. Cavabdehin iddiaçının tələbinin əsassız olması ilə bağlı dəlili isə ondan ibarətdir ki, “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanunu Azəbraycan Respublikasının 5 oktyabr 2001-ci il tarixli, 190-İİQD nömrəli Qanunu ilə, “Arəbyacan Respublikası məkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamə isə Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş sabiq hakimlərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzində əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da, nəzərə alınmaqla müəyyən edilir. Göstərilənləri nəzərə alaraq, ona hakim kimi işlədiyi dövrdə ödənilən əmək haqqına dair arayışda ixtisas dərəcəsinə görə əlavənin ödənilməsi ilə bağlı hər hansı məlumat mövcud olmadığından, həmçinin qeyd etdiyi qanunvericilik aktları qüvvədən düşdüyündən ərizəsində göstərilən əlavələrin ona münasibətdə əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutları nəzərdən keçirir: Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1996-cı il tarixli, 85-İ QR saylı qərarından çıxarışdan görünür ki, Şəmkir rayon Xalq Məhkəməsinin hakimi X1 4-cü ixtisas dərəcəsi verilmişdir. İddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən 2 qrup əlilliyə görə sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. İddiaçı 2014-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona hakim kimi təyin edilmiş əmək pensiyasının müavinət və pul təminatları nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmiş, cavabdeh tərəfindən müraciəti təmin olunmadığından müvafiq iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2-1(81)- 2939/2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməklə, İddiaçı hakimlər məzunyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı və səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün aylıq vəzifə maaşının 15 faizi məbləğində verilən pul təminatı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə X3 üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8/293 nömrəli məktubdan görünür ki, İddiaçı hakim işlədiyi dövrdə ixtisas dərəcəsi verilməsi ilə əlaqədar arxiv sənədlərinə baxış keçirilərərək məlum olmuşdur ki, Azərbaycan Respublikası Milli Məclisinin 24 may 1996-cı il tarixli, 85 nömrəli Qərarı ilə ona dördüncü ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli 364 nömrəli “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Qərarı ilə dördüncü ixtisas dərəcəli hakimlərə 1993-cü il yanvarın 1dən minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. Həmin Qərara əsasən 24 may 1996-cı il tarixdən xx.xx.2000-ci ilədək ona əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvədən düşmüş hesab edilməsi barədə 5 oktyabr 2001-ci il tarixli, 190-İQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanun qüvvədən düşmüşdür. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə kollegiyasının iclasına təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçıya 12 il 01 ay 29 gün qulluq stajı nəzərə alınmaqla ardıcıl gələn 60 ay -1995-2000 -ci illər ərzində əmək haqqının orta aylıq məbləği nəzərə alınmaqla pensiya təyin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, “Azərbaycan Respublikası məhkəmləri hakimlərinin ixtisas dərəcləri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli, 364 nömrəli Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Qərarı ilə dördüncü ixtisas dərəcəli hakimlərə 1993-cü yanvarın 1-dən minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 5 oktyabr 2001-ci il tarixli, 190-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanun qüvvədən düşmüşdür. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə əsasən, hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.7-ci maddəsinin redaksiyasına görə bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olumaqla; 10 ildən yxuarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ldən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin, həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020c- il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin hallarından göründüyü kimi, iddiaçı sabiq hakim kimi 12 il 01 ay 29 gün qulluq stajı nəzərə alınmaqla ardıcıl gələn 60 ay -1995-2000-ci illər ərzində əmək haqqının orta aylıq məbləği nəzərə alınmaqla pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1996-cı il tarixli, 85-İ QR saylı qərarından çıxarışdan görünür ki, Şəmkir rayon Xalq Məhkəməsinin hakimi X1 4-cü ixtisas dərəcəsi verilmiş, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilmişdir. Apellyasiya şikayəitinin digər bir dəlili əlavədən məcbur dövlət sosial sığortasının ödənilməməsi dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normaya əsasən Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dövlət qulluqçusu kimi işlədiyi və əmək pensiyası təyin edilərkən nəzərə alınan 60 ay daxilində sözügedən əlavələri aldığı xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlə bağlı alınan əlavələrdən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə, tələb olunmamalıdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-647/2022 saylı, 27 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar