Məhkəmə qərarları › İş №2-1(103)-2901/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2901/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2901/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun şəhid ailəsi və uşaqlıqdan əlil olması nəzərə alınmaqla 01.01.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Təqaüdü”nün verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (qəyyumu) X1, onun nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun şəhid ailəsi və uşaqlıqdan əlil olması nəzərə alınmaqla 01.01.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Təqaüdü”nün verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1730/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. 11 saylı Şəhər poliklinikasının 93 saylı 21.01.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı imbesillik dərəcəsində dioqnozu ilə 1992-ci il tarixdən poliklinikada psixiatr qeydiyyatındadır. AA seriyalı 266059 saylı 06.06.2012-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. 0019462 saylı 08.09.1999-cu il tarixli vəsiqəyə əsasən İddiaçı şəhid ailəsi üzvüdür. İİİ-JQ saylı saylı 461463 saylı 14.11.1991-ci il tarixli ölüm haqqında şhadətnamədən görünür ki, X7 22 oktyabr 1991-ci ildə ölmüş, ölümün səbəbi kimi “erməni terrorçuları tərəfindən avtomat silahı ilə güllələnmişdir” göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya dioqnozu ilə 12.10.1992-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edlmiş və əlilliyin səbəbi “anadangəlmə” kimi göstərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti başçısının 213 saylı 24.10.2019-cu il tarixli sərəncamı ilə Ağdam rayonu, Başgüney kəndində qeydiyyatda olan vətəndaş X1 fəaliyyət qabiliyyəti olmayan bacısı İddiaçı üzərində qəyyum təyin edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 916 saylı 18.02.2021-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qullquçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli 1 №li Fərmanının 8-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və aidiyyəti digər orqanlar bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər. Belə ki, Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsi tərəfindən təqdim edilmiş “1997ci ilin avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda mərhum X3 adı keçmir. Ağdam rayon Məhkəməsinin 2(103)-844/2019 saylı 08.04.2019-cu il tarixli qətnaməsi ilə Həmzə Ələkbərovun 22.10.1991-ci il tarixdə N saylı hərbi hissədə, 2(013)-844/2019 saylı 13.11.2019-cu il tarixli qərardadı ilə isə 22.10.1991-ci il tarixdə N saylı hərbi hissədə həlak olması faktı müəyyən edilsə də, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş bölgələrində olan hərbi hissələrin siyahısı qovluğu”na əsasən N saylı hərbi hissə 28.12.1991-ci ildə, N saylı hərbi hissə isə 13.03.1992-ci ildə yaradılmış (mövcud olmuş) və döyüş əməliyyatlarında iştirak etmişdir. Bu səbəbdən yuxarıda göstərilən Fərmanla nəzərdə tutulmuş ümumi siyahıya X3 adının daxil edilməsi mümkün olmamışdır. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının İ müavininin Ə-22G saylı 02.12.2004-cü il tarixli məktubundan görünür ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş X4 oğlu X6 şəhid ailəsi kimi İcra Hakimiyyətində qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3223/2019 saylı 23.08.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.1963-cü ildə Ağdərə rayonu, Çldran kəndində doğulmuş, Ağdam rayonu, Başgüney kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, ev 121, 1 saylı ETK-nın stadion sahəsində yaşayan İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti tərəfindən verilmiş 1/702 saylı 14.04.2021-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı şəhid ailəsi olması ilə bağlı Sabunçu rayon İcra hakimiyyətində hər hansı məlumat mövcud deyil. İddiaçı (qəyyumu) onun əlil olması nəzərə alınmaqla ona (iddiaçıya) şəhid ailəsi üçün Prezident təqaüdünü almaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müracəit etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********2 saylı 21.08.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Alt Sisteminin 049942 saylı arayışında ikinci dərəcə əlillik müddətsiz 12.10.1992-ci il tarixdən təyin edilmişdir. Bu zaman vətəndaşın əlillik müddəti 29 yaşı tamam olduğu dövrə istinad edilir, yəni 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlil uşaqlarına əlilliyini təsdiq edən TSERAS-ın arayışı təqdim olunmamışdır. Bununla əlaqədar olaraq, sözügedən vətəndaşın “Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında” Əsasnaməyə uyğun olaraq 18 yaşı çatanadək uşaqlıqdan əlil olma faktını təsdiq edən sənəd təqdim olunarsa ona şəhid ailəsi üçün Prezident təqaüdünü almaq hüququna yenidən baxılacağı bildirilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı (qəyyumu) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun şəhid ailəsi və uşaqlıqdan əlil olması nəzərə alınmaqla 01.01.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Təqaüdü”nün verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdı ki, İddiaçı xx.xx.1963-cü ildə Ağdərə rayonu, Çldran kəndində doğulmuş, Ağdam rayonundan məcburi köçkün düşmüş və hazırda ünvan 3 ünvanında yerləşən 1 saylı ETK-nın stadionunda məskunlaşmış, onun atası X7 22.10.1991-ci il tarixdə erməni hərbiçiləri tərəfindən avtomat silahı ilə Ağdərə (keçmiş Mardakert) rayonunda güllələnmişdir. O, 12.10.1992-ci ildən müddətsiz ikinci qrup əlildir, əlilliyinin səbəbi kimi uşaqlıqdan “imbesilik dərəcəsində kəmağıllılıq” qeyd olunmuşdur. Ona Sabunçu rayonu Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 08.09.1999-cu il tarixdən “Şəhid ailəsi” kimi vəsiqə verilmişdir. Hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən müraciəti təmin olunmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” ilə şəhid ailə üzvlərinin siyahısı tənzimlənir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: arvadı (əri) (2.1.1.); valideynləri (2.1.2.); 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları (2.1.3.); qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar (2.1.4.); babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa (2.1.5.); 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər (2.1.6.). İddiaçının iddia ərizəsində və Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin arayışında da qeyd edildiyi kimi, İddiaçı 12.10.1992-ci tarixdən (29 yaşında) əlillik qrupu təyin edilmişdir. Qaydaların 2.1.3-cü bəndində şəhid ailə üzvü kimi 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları qeyd edilməsinə baxmayaraq İddiaçı əlillik qrupu 29 yaşında təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi, şəxsin əlil hesab edilməsi əlilliklə bağlı qərarın qəbul edildiyi tarixlə birbaşa əlaqəlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1730/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona hal-hazırda qüvvədə olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Qanuna əsasən Sabunçu rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 09.09.1999-cu il tarixdə vəsiqə təqdim edilmiş və həmin vəsiqədə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququnun olduğu bildirilmişdir. Vəsiqə verilən tarixdə qeyd olunan qanunun 1-ci maddəsinə əsasən şəhid ailəsinin üzvləri qismində ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın mağstratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın mağstratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr nəzərdə tutulmuşdur. Daha sonra 13 iyun 2008-ci il tarixli 648-İİİQD nömrəl Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanununa əsasən 1ci maddənin ikinci hissəsinin ikinci abzasında "və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar” sözləri “uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar” sözləri ilə əvəz edilmişdir. Ona "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" vəsiqə verilən zaman onun şəhid ailəsinin üzvü olması müəyyən edilmişdir. Lakin, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının qanununa deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli və 16 yanvar 2020-ci il tarixli qərarlarına istinad edilmişdir. Halbuki, artıq həmin qərarlardan əvvəl onun qeyd olunan hüququ mövcud olmuşdur. Bundan başqa cavabdehin yazılı etirazında qeyd etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü i tarixli “şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" 2.1-ci bəndinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxslər dedikdə əlilliyin nə vaxt rəsmiləşdirilməsi deyil, vaxtından asılı olmayaraq onun 18 yaşınadək əlil olması faktının müəyyən olunması başa düşülməlidir. Onun sağlamlıq imkanlarının məhdudluğunun təsdiq edilməsi 18 yaşına çatdıqdan sonra, yəni 29 yaşına təsadüf etsə də, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncuya dair məlumatı ilə onun anadangəlmə qüsurlu doğulması təsdiq edilir, sadəcə əlil statusunun ona verilməsi 29 yaşında rəsmiləşdirilmişdir. Belə olan halda cavabdeh tərəfindən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması qanunsuzdur. İstər inzibati icraat qaydasında, istərsə də inzibati məhkəmə icraatı zamanı cavabdeh inzibati orqanın müraciətdən imtinanın səbəbi yalnız əlilliyin təyin edilmə tarixi olmuşdur. Lakin məhkəmə özü mübahisələndirilməyən hissəni araşdırmağa təşəbbüs göstərmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (qəyyumu) X8, onun nümayəndəsi və vəkili X9 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 21.08.2020-ci il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması barədə sübut iş materiallarında mövcud deyildir. İddiaçı isə iddia ilə məhkəməyə 15.09.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı (qəyyumunun) cavabdeh inzibati orqana qarşı tələbi “onun şəhid ailəsi və uşaqlıqdan əlil olması nəzərə alınmaqla 01.01.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Təqaüdü”nün verilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu ona əlilliyin 12.10.1992-ci il tarixdən, yəni 29 yaşından təyin edilməsinə, eləcə də onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğuna dair TSERAS-nın arayışının təqdim olunmamasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə İddiaçı 12.10.1992-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin olunmasına, İddiaçı mərhum atasının şəhid statusunun tanınmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın rədd edilməsi” barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1-ci bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qaydaların 1.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin Qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 1-ci bəndinə əsasən bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Həmin qaydaların 7-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir. Həmin Qaydaların 8-ci bəndinə əsasən müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddsəinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 36 saylı 5 fevral 2016-cı il tarixli Qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin Qərarın 1.4-cü bənədinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Qərarın 4.1-ci bənədinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Qərarın 4.2-ci bənədinə əsasən göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Həmin Qərarın 4.8-ci bənədinə əsasən TSEK-ə göndərişin forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir. Həmin Qərarın 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Qanunvericiliyin sadalanmış normalarının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda İddiaçı əlilliyinin səbəbi “anadangəlmə” kimi göstərilsə də, ona ikinci dərəcəli əlillik 12.10.1992-ci il tarixdən, yəni 29 yaşdan təyin edlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı yuxarıda qeyd olunan Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş şəxslər sırasına (18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaq) aid edilə bilməz. Ona görə də iddiaçının “əlilliklə bağlı hüququnun “anadangəlmə” səbəbinə görə 1992-ci ildən, yəni 29 yaşdan əvvəl, 18 yaşına çatanadək yaranması” barədə dəlili əsassızdır. Nəzərə alınmalıdır ki, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 36 saylı 5 fevral 2016-cı il tarixli Qərarının 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığı üçün və hazırki işdə də iddiaçının ilk dəfə əlillik alması 1992-ci il tarixdən müəyyən edildiyindən onun 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş şəxs kimi qəbul edilməsini qeyri-mümkün edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olmaqla yanaşı, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1730/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı (qəyyumu) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1730/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar